Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3733/2022 25.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Binəqədi rayon Polis İdarəsinə (üçüncü şəxs: 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi, X1) qarşı orderin etibarsız hesab edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Binəqədi rayon Polis İdarəsinə (üçüncü şəxs: 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi, X1) qarşı orderin etibarsız hesab edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinin məzmunundan göründüyü kimi iddiaçı hesab edir ki, mübahisələndirilən order saxta və əsassız olaraq verilmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iddia ərizəsini və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Belə ki, iddia tələbindən görünür ki, iddiaçı “orderin etibarsız hesab edilməsi” ilə bağlı iddiasını iki cavabdehə qarşı irəli sürmüşdür:
1. "xxxx" ASC-yə
2. Binəqədi rayon Polis İdarəsinə Məhkəmə qeyd edir ki, hər bir cavabdehə münasibətdə iddia mümkünlük şərtlərini ödəmir. Məhkəmə ilk öncə birinci cavabdehə ("xxxx" ASC-yə) münasibətdə gəldiyi nəticəni əsaslandırır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 4 saylı Qərarının 2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndinə görə xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin Qərarın 3.2-ci bəndinə görə inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı qərarının 17-ci hissəsinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Plenum Qərarlarının mahiyyətindən də aydın olur ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan işlər üzrə iddia tələbi ilə müraciət edən və ya iddiaya cavab verməli olan tərəflərdən ən azı biri inzibati orqan olmalı, tərəflər arasında yaranmış münasibətlər xüsusi hüququn nizamasalma predmetinə aid olmayıb, publik hüquq münasibətləri olmalıdır. Hazırkı iş üzrə isə qeyd olunan şərtlər ödənilmədiyindən, yəni tərəflərdən heç biri inzibati orqan olmadığından, hüquqi şəxs tərəfindən verilmiş orderin mübahisələndirilməsi isə publiklik əlamətlərini daşımadığından hazırkı iş üzrə verilmiş iddia tələbinə inzibati məhkəmə tərəfindən inzibati məhkəmə icraatı qaydasında baxılma imkanından da söhbət gedə bilməz. Tərəflərdən birinin inzibati orqan olub-olmaması ilə bağlı inzibati icraat barədə qanunvericiliyin aşağıdakı normalarının sadalanması və mahiyyətinin aydınlaşdırılması zərurəti yaranmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan dedikdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür. Göründüyü kimi nəinki dövlət qurumlarının, hətta hüquqi şəxslərin inzibati orqan qismində çıxış etməsi istisna olunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın V bölməsindən də göründüyü kimi hüquqi şəxslərin inzibati orqan kimi çıxış etməsi istisna edilməmişdir. Lakin, sadalanan qanunvericilik aktlarında hüquqi şəxslərin inzibati orqan qismində çıxış etməsi onun inzibati akt qəbul etməyə səlahiyyətli olub-olmamasından asılı edilmişdir. Belə ki, qanuna əsasən yalnız inzibati akt qəbul etmək səlahiyyətinə malik olan hüquqi şəxslər inzibati orqan qismində çıxış edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt dedikdə inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri başa düşülür. Hazırkı iş üzrə cavabdeh isə inzibati akt, yəni ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri barədə akt qəbul etmək səlahiyyətinə malik olan hüquq şəxs hesab edilmədiyindən ona yönəlmiş iddia tələbi də hazırkı qaydada, yəni inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan tələb hesab edilə bilməz. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarını məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respubikasının Ali Məhkəməsinin bir çox saylı qərarlarından (Bax: 2(102)-2247/2020 saylı, 03.07.2020-ci il tarixli; 2(102)-2638/2020 saylı, 23.06.2020-ci il tarixli; 2(102)-4192/2020 saylı, 28.07.2020-ci il tarixli; 2(102)-3544/2020 saylı, 04.08.2020-ci il tarixli) göründüyü kimi, oxşar işlər üzrə, yəni hüquqi şəxs tərəfindən verilmiş orderin etibarsız hesab edilməsi ilə bağlı iddialara mülki məhkəmə məhkəmə tərəfindən baxılır. Göründüyü kimi formalaşmış məhkəmə təcrübəsinə əsasən, bu qəbildən olan işlərdə hüquqi şəxs tərəfindən verilmiş orderin etibarsız hesab edilməsi ilə bağlı iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə cavabdehlik qismində çıxış edən Binəqədi rayon Polis İdarəsinə münasibətdə isə bildirir ki, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü ilə bağlı isə qeyd edilməlidir ki, AR İPM-nin 30-cu maddəsinə əsasən bir iş üzrə bir neçə birgə cavabdehin iştirakının mümkünlüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 30.1. Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. 30.2. Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Adıçəkilən Məcəllənin:
37. Bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Göründüyü kimi inzibati prosessual qanunvericiliklə hansı hallarda birgə cavabdehlərin bir iddia tələbində qeyd edilməsinin, bundan əlavə bir-neçə iddia tələbinin iddiaçı tərəfindən bir iddiada birləşdirilməsinin mümkünlüyünə qiymət verilmişdir ki, mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən, həmçinin mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da birgə cavabdeh qismində prosessual həmiştirakçılığı, eyni zamanda, birbiri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbinin iddiaçı tərəfindən bir iddiada birləşdirilməsi mümkün hesab edilir. X3:
11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.
12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.
17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Göründüyü kimi tələbin inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrlə əlaqədar olması, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olmaması inzibati icraat qaydasında işə baxılmasını mümkün edir. Eyni zamanda, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, iş üzrə mümkünlük şərtlərinin ödənilib-ödənilməməsinin müəyyən edilməsi üçün önəmlidir. İddia tələbindən də göründüyü kimi yuxarıda adları çəkilən prosessual qanunvericilik normalarının tələblərinə zidd olaraq iddia tələbində iddiaya mahiyyəti üzrə qiymət verilməsinə mane olan mümkünlük şərtlərinə riayət edilməmiş, cavabdeh qismində "xxxx" ASC ilə yanaşı, inzibati orqan (Binəqədi rayon Polis İdarəsi) da qeyd edilmiş, “orderin etibarsız hesab edilməsi” ilə bağlı tələbi hər iki cavabdehə münasibətdə irəli sürmüşdür. Halbuki, bu tələb üzrə Binəqədi rayon Polis İdarəsi cavabdehlik daşımır. Çünki, mübahisələndirilən order Binəqədi rayon Polis İdarəsi tərəfindən deyil, "xxxx" ASC tərəfindən verilmişdir. Bundan başqa, məhkəmə diqqətə çatdırır ki, iddiaçı iddia ərizəsinin başlığında tələbin “orderin etibarsız hesab edilməsi və pasport qeydiyyatdan çıxarılması” kimi göstərsə də, xahiş etdim hissəsində yalnız orderin etibarsızlığını xahiş etmiş, qeydiyyatdan çıxarılma ilə bağlı tələb irəli sürməmişdir. Məhkəmə tərəfindən bu hissədə iddiaçıya hüquqi yardım göstərilmiş, formal xətanın aradan qaldırılması məqsədi ilə iddia tələbinin dəqiqləşdirilməsinə zərurət yarandığı bildirilmiş, lakin sonuncu tərəfindən formal xəta aradan qaldırılmamışdır. Məhkəmə qeyd edir ki, hətta iddiaçı tərəfindən yol verilmiş formal xəta aradan qaldırılsa idi belə, iddiaya cavabdeh Binəqədi rayon Polis İdarəsinə münasibətdə baxılması mümkün olmazdı. Belə ki, “qeydiyyatdan çıxarılma” ilə bağlı iddia növ etibarı ilə AR İPM-nin 2.2.3-cü maddəsində göstərilən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia (öhdəliyin icrası haqqında iddia)tələbinə dair hesab edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan növ iddialar üzrə mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının inzibati orqana qarşı məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi tələb olunur. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı qərarının 9-cu hissəsinə əsasən İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Beləliklə, öhdəliyin icrası haqqında iddialarda tələb olunan mümkünlük şərti kimi inzibati orqana əvvəlcədən müraciət edilməsi zəruridir. Lakin, iddiaçının “qeydiyyatdan çıxarılma” ilə bağlı tələb üzrə cavabdehə müraciət edilməsi müəyyən olunmamışdır. Bundan əlavə, yardım etmə vəzifəsinin icra edilməsi ilə bağlı Məhkəmə AR İPM-nin 13 və 48-ci maddələrinin, eləcə də “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 3.1-3.4-cü bəndlərində nəzərdə tutulmuş tələblərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Adıçəkilən maddə və bəndlərin məzmunundan göründüyü kimi məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir (13 və 48-ci maddələr). İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. (3.1-3.4-cü bəndlər). Məhkəmə də qeyd olunan istiqamətdə yardım etmək vəzifəsinin mühüm elementi kimi iddianın mümkün sayılmamasına səbəb ola biləcək halları, o cümlədən iddia tələbinin bir hissəsi üzrə cavabdehin hüquqi şəxs olduğu işə baxmağa səlahiyyətli olan məhkəmənin hazırki, yoxsa işin ümumi məhkəmə olmasının müəyyən edilməsinə, digər cavabdehə münasibətdə isə iddia tələbində formal xətanın aradan qaldırılmasına münasibət bildirilməsi, Binəqədi rayon Polis İdarəsi tərəfindən iddiaçının pozulduğu iddia etdiyi hüquq və mənafelərinin cavabdehin konkret olaraq hansı hərəkət və hərəkətsizliyindən meydana gəldiyini müəyyən edilməsi üçün iddia tələbinin dəqiqləşdirilməsi təklif olunmuşdur. Sözügedən hüquqi yardım məktubu iddiaçının iddia ərizəsində göstərildiyi ünvana göndərilmiş və poçt xəbərnaməsinə əsasən çatdırılmışdır. Buna baxmayaraq, iddiaçı məhkəmə iclasında müzakirələrin aparılması və mümkünlüyə baxılacağını bildiyi təqdirdə məhkəmə iclasında iştirak etməmiş, iddianın mümkünlüyü şərtlərinin ödənilib-ödənilməməsinə münasibət bildirməmişdir. Məhkəmə hesab edir ki, İPM-nin tələbləri baxımından iddiaçıya zəruri olan hüquqi yardım göstərilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia mümkün sayılmasın. İddiaçıya hazırkı iddia tələbi ("xxxx" ASC-yə qarşı olan hissəsi) ilə aidiyyəti üzrə mülki məhkəmə icraatı qaydasında baxılması üçün səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilir. Digər cavabdehə (Binəqədi rayon Polis İdarəsi) münasibətdə isə məhkəmə izah edir ki, iddiaçı öhdəliyin həvalə edilməsi (qeydiyyatdan çıxarılma) ilə bağlı cavabdeh inzibati orqana müraciət etdiyi təqdirdə, o, eyni tələblə bağlı məhkəməyə müraciət edə bilər. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Həsənov Orxan