Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3734/2023 20.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdehlər Əmlak Məsələləri Dövlət Xidmətinə, Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracın Təşkili üzrə Auksion Mərkəzinə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə, Cavabdeh4 qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Əmlak Məsələləri Dövlət Xidmətinə, Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracın Təşkili üzrə Auksion Mərkəzinə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə, Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən ümumi sahəsi 183 kv.m obyektinin altında yerləşdiyi torpaq sahəsi 320 kv.m olan 15 saylı bazarın Qızıldaş filialına dair Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 18 avqust 2020-ci il tarixli, 07/01 nömrəli hərracın nəticəsinə dair protokolun etibarsız hesab edilməsi, göstərilən əmlakın alqısatqısına dair xx.xx.2020-ci il tarixli, 1 nömrəli müqavilənin və bu sənədlərə əsasən həmin ünvana Cavabdeh4 adına verilmiş çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 2.3 bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Subyektiv hüquq və ya başqa sözlə «subyektin hüququ» - bu konkret şəxsə məxsus olan hüquq olur. Subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. Hazırki iş materiallarından görünür ki, iddiaçı iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik olmamışdır. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli Hərrac protokoluna əsasən Cavabdeh4 hərrac vasitəsilə İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi, keçmiş “Azərsutikinti” X1 Birliyinin 15 saylı bazarının Qızıldaş filialını almışdır. Daha sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh4 arasında 15 saylı bazarın Qızıldaş filialının alqı-satqısına dair xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlanılmışdır. Göründüyü kimi İddiaçı 15 saylı bazarın Qızıldaş filialının satılmasına dair təşkil olunmuş hərracda iştirak etməmişdir. Bu səbəbdən də Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbinin irəli sürmək üçün subyektiv hüququda olmamışdır. Eyni zamanda Məhkəmə qeyd edir ki, hazırki iddia forma baxımından eynilik təşkil etməsə də, məzmun-mahiyyət etibarı ilə eyni olan iddiaçının “əmlakın hərracda satılmasına dair protokolun və alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə baxılmış, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamış, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmələr hesab etmişdirlər ki, iddiaçı əmlakın hərracda satılmasına dair protokolun və alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olmamışdır. Göründüyü kimi həmin mübahisənin predmeti hazırki iddianın predmeti ilə eynilik təşkil etməsə də, göstərilən halların hər biri hazırki mübahisədə nəzərə alınmalıdır. Başqa sözlə desək Məhkəmə hesab edir ki, necə ki yuxarda adı çəkilən məhkəmə aktlarında iddianın mümkünlük şərtlərinin ödənilməməsi subyektiv hüquq əsası ilə olduğundan, eləcə də hazırki iddia üzrə həmin əsaslar olduğundan, iddia mümkünlük şərtlərini ödəmir. Son olaraq Məhkəmə qeyd edir ki, iddia mümkünlük şərtlərini ödəsəydi belə, iddia hazırki formada formal xətalar olmaqla tərtib edilmiş, cavabdeh qismində fiziki şəxs göstərilmiş ki, göstərilən bu halların hər biri iddianın mümkün sayılmaması üçün əsasdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-3734/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3734/2023
20.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver