Məhkəmə qərarları › İş №2-1(112)-3736/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3736/2022

17.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3736/2022 17.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 62 yaş 6 ay yaşının tamam olduğu 11.10.2021-ci ildən ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 62 yaşının tamam olduğu 11.04.2021-ci ildən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, xx.xx.1959-cu ildə doğulmuşdur, Azərbaycan Respublikasının vətəndaşıdır, O, 1974, 1975, 1976, 1978, 1979-cu illərdə Goranboy rayonu Qatır Məmməd adına kolxozda kolxozçu kimi işləmişdir. Bu, Milli Arxiv İdarəsinin Goranboy rayon icra Hakimiyyəti Goranboy rayon Dövlət Arxivinin 123 nömrəli, 05.07.2021-ci il tarixli arayışı ilə təsdiqlənir. O, 10 iyul 1980-cı ildən 10 iyul 1983-cü ilə qədər “Azərelektrikşəbəkə” zavodunda, 19.07.1985-ci ildən 17.01.2006-cı ilə qədər Bakı Uşaq Paltarları İstehsalat birliyində işləmiş, həmin İstehsalat Birliyinin əsasında 13.10.1997-ci ildə Dövlət Əmlak Komitəsinin sərəncamına əsasən “Zövq-MTB" yaradılmışdır. Onun əmək kitabçasına əsasən əmək stajı 23 il 6 ay, arxiv arayışlarına əsasən 5 il təşkil edir, ümumi iş stajı 28 il 6 aydır. O, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etdikdə cavabdeh təqdim etdiyi arxiv arayışında göstərilən əmək stajını nəzərə almaqdan imtina etmişdir, halbuki o, arxiv arayışında göstərilən illərdə kolxozda işləmişdir. Onun qızlıq soyadı Hacıyeva olmuşdur, nikaha daxil olduqdan sonra yoldaşının Məmmədova soyadını götürmüşdür ki, bu da nikah haqqında şəhadətnamə ilə təsdiqlənir. Cavabdeh 22.09.2021-ci il tarixli imtina məktubu ilə ona yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. O, həmin imtina məktubunu qanunsuz hesab edir. Arxiv arayışı və əmək kitabçasına əsasən onun ümumi əmək stajı 28 il 5 ay təşkil edir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 izahatında bildirdi ki, iddiaçı 1974-cü il tarixdən 1976-ci il tarixədək və 1978-ci il tarixdən 1979-cu il tarixədək Goranboy rayonu “Qatır Məmməd adına kolxoz”da işlədiyini və əmək haqqı aldığını iddia edir. Lakin iddiaçı qeyd olunan tarixlərdə “Qatır Məmməd adına kolxoz”da işlədiyini iddia etdiyi dövrlərə dair əmək kitabçası olmaması səbəbindən pensiya təyin edilməsi mümkün olmamışdır. Cavabdeh orqan tərəfindən mübahisələndirilən dövrlər, yəni 1974-1976 və 1978-1979-cu illər sosial sığorta stajına daxil edilməmişdir. Belə ki, arxiv arayışı o halda əsaslı sübut olaraq nəzərə alına bilər ki, həmin dövrlər əmək kitabçası və digər sənədlərdə (əməkhaqqı cədvəlləri, işə daxilolma, işdən azad edilmə əmrləri və s.) qeyd olunsun. Lakin təqdim olunan əmək kitabçasında və sadalanan sənədlərdə iddiaçının qeyd etdiyi dövrlərdə “Qatır Məmməd adına kolxoz”da işləməsinə dair qeydlər mövcud deyil. Belə olan halda, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və bu maddədə göstərilən sığorta stajı olmadığından iddia tələbi təmin edilə bilməz. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, İddiaçı xx.xx.1959cu il tarixdə doğulmuşdur. İş materiallarında olan Goranboy rayon Zeyvə kənd Soveti tərəfindən 17.11.1978-ci ildə verilmiş İ-JQ seriyalı 389967 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X7 17.11.1978-ci ildə nikahlarını bağlamışlar, nikah bağlanandan sonra ərə Mamedov, arvada Mamedova soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 22.09.2021-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı “DOST” mərkəzindən daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda qadınların pensiya yaşı 62 yaş 6 ay müəyyən edilmişdir. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyiniz 16.07.1980-ci il tarixində tərtib edilmiş İT-İ №0354500 saylı əmək kitabçanızın surətinə əsasən Sizin ümumi sığorta stajınız əyani təhsil müddəti nəzərə alınmaqla 23 il 5 ay olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır və eyni zamanda fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalınız 23 il 5 ay sığorta stajına uyğun olaraq 17528,02 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Eyni zamanda 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.1-ci yarımbəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə X1 Sisteminin Pensiya altsisteminə daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Sözügedən Qaydaların 3.2.2-ci yarımbəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müəyyən edilir. Əlavə olaraq bildiririk ki, təqdim etdiyiniz arxiv arayışında göstərilən 1974-cü il tarixindən 1976-cı il tarixinə qədər və 1978-ci il tarixindən 1979-cu il tarixinə qədər qeyd edilən dövrlər əmək kitabçanızda öz təsdiqini tapmadığından həmin dövrlər sığorta stajınıza əlavə edilməmişdir. Qeyd olunanlara əsasən Sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildiririk ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən Sizə 11.04.2021-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Goranboy rayon İcra Hakimiyyəti Goranboy rayon Dövlət Arxivi tərəfindən Məmmədova (Hacıyeva) Ayna Zahid qızına ünvanlanmış 05.07.2021-ci il tarixli 123 saylı arxiv arayışının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Goranboy rayonu (keçmiş Qasım İsmayılov rayonu) Qatır Məmməd adına kolxozun Goranboy rayon Dövlət Arxivində mühafizə olunan şəxsi heyət üzrə əməkhaqqı cədvəllərində xx.xx.1959-cu ildə anadan olmuş Məmmədova (Hacıyeva) Ayna Zahid qızının 1974-1976, 1978-1979-cu illərdə kolxozda işləməklə, aşağıdakı qaydada adam günü və əmək haqqı alması aşağıdakı kimi qeyd olunur: - 1974cü il, vəzifəsi kolxozçu, adam günü 84, əmək haqqı 193,20; - 1975-ci il, vəzifəsi kolxozçu, adam günü 118, əmək haqqı 186,83; - 1976-cı il, vəzifəsi kolxozçu, adam günü 68, əmək haqqı 132,60; - 1978-cü il, vəzifəsi kolxozçu, adam günü 121, əmək haqqı 340,73; - 1979cu il, vəzifəsi kolxozçu, adam günü 148, əmək haqqı 275,12. Qeyd: Uçot kitablarında İddiaçı X7 adı və soyadı ilə qeyd olunmuşdur. Əsas: Fond № 97, siyahı 3 şəxsi heyət üzrə əməkhaqqı cədvəlləri. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Goranboy rayon İcra Hakimiyyəti Goranboy rayon Dövlət Arxivinin 27.12.2021-ci il tarixli 100/1 saylı arxiv arayışının surətindən görünür ki, Goranboy rayonu (keçmiş Qasım İsmayılov rayonu) Qatır Məmməd adına kolxozun Goranboy rayon Dövlət Arxivində mühafizə olunan şəxsi heyət üzrə əməkhaqqı cədvəllərində xx.xx.1959-cu ildə anadan olmuş Məmmədova (Hacıyeva) Ayna Zahid qızının 1974-1976, 1978-1979-cu illərdə kolxozda kolxozçu vəzifəsində işləməklə, aşağıdakı qaydada adam günü və əmək haqqı alması aşağıdakı kimi qeyd olunur: - 1974-cü il, vəzifəsi kolxozçu, adam günü 84, əmək haqqı 193,20; - 1975-ci il, vəzifəsi kolxozçu, adam günü 118, əmək haqqı 186,83; - 1976-cı il, vəzifəsi kolxozçu, adam günü 68, əmək haqqı 132,60; - 1978-cü il, vəzifəsi kolxozçu, adam günü 121, əmək haqqı 340,73; - 1979-cu il, vəzifəsi kolxozçu, adam günü 148, əmək haqqı 275,12. Qeyd: Uçot kitablarında İddiaçı X7 adı və soyadı ilə qeyd olunmuşdur. Qeyd: Uçot kitablarında İddiaçı X7 adı və soyadı ilə qeyd olunmuşdur. Kolxozun protokol kitablarında (1974-1979cu illər) İddiaçı işə daxil olma, işdən azad edilmə və məzuniyyət əmirləri aşkar olunmamışdır. 1974-1979-cu illər qadınlar üçün Q.Məmməd adına kolxozda minimum adam gün norması 180 gün müəyyən edilmişdir. Əsas: Fond № 97, siyahı 3, şəxsi heyət üzrə əməkhaqqı cədvəlləri. İş materiallarında olan iddiaçı X4 məxsus İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş və tərcümə edilmiş surətindən görünür ki, X7 10.07.1980-cı ildə Bakı “Azerelektroset” Zavoduna avtomobil lampaların istehsalatı üzrə lehimləyici-nasosçunun tələbəsi kimi sexə qəbul edilmiş, 11.08.1980-cı ildə avtomobil sexinin tədarükçüsünə 1-ci dərəcə verilmiş, 01.01.1983-cü ildə həmin sexə 2-ci dərəcəli lehimləyici kimi keçirilmiş, 10.07.1983-cü ildə tutduğu vəzifədən öz istəyi ilə azad edilmiş, 19.07.1985-ci ildə Bakı uşaq paltarları İB-də dərzinin tələbəsi kimi işə qəbul edilmiş, 01.11.1985-ci ildə dərziyə 1-ci dərəcə təyin edilmiş, 02.02.1987-ci ildə briqadir kimi keçirilmiş, 01.08.1989-cu ildə 2-ci dərəcəli dərzi kimi keçirilmiş, 12.03.1992-ci ildə dərziyə 3-cü dərəcə təyin edilmiş, 15.07.1993-cü ildə 4-cü dərəcə verilmiş, 25.10.1994-cü ildə briqadir kimi keçirilmiş, 21.01.1997-ci ildə usta kimi keçirilmiş, Dövlət Əmlak Komitəsinin 847 saylı 13.10.1997-ci il tarixli sərəncamına əsasən Bakı uşaq paltarları İB-nin əsasında 09.11.1999-cu il tarixdən «Zövq MTB» ATSC yaradılmışdır, 17.01.2006-cı ildə öz xahişi ilə işdən azad edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydində göstərilir: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi» Qaydalarının 4.1.2-ci bəndinə əsasən Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci ilin iyulun 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il altı ay artırılaraq aşağıdakı qaydada müəyyənləşdirilir: dövr 01.07.2020 - 30.06.2021, qadınlar üzrə pensiya yaşı 62 yaş. Həmin Qaydaların 2 nömrəli əlavəsinin 1-ci bəndinə əsasən növündən asılı olmayaraq pensiya təyin edilməsi üçün aşağıdakı sənədlər tələb olunur: şəxsiyyət vəsiqəsinin və ya ümumvətəndaş pasportunun surəti; ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. O, 10.07.1980-cı ildə Bakı “Azerelektroset” Zavoduna avtomobil lampaların istehsalatı üzrə lehimləyici-nasosçunun tələbəsi kimi sexə qəbul edilmiş, 11.08.1980-cı ildə avtomobil sexinin tədarükçüsünə 1-ci dərəcə verilmiş, 01.01.1983-cü ildə həmin sexə 2-ci dərəcəli lehimləyici kimi keçirilmiş, 10.07.1983-cü ildə tutduğu vəzifədən öz istəyi ilə azad edilmiş, 19.07.1985-ci ildə Bakı uşaq paltarları İB-də dərzinin tələbəsi kimi işə qəbul edilmiş, 01.11.1985-ci ildə dərziyə 1-ci dərəcə təyin edilmiş, 02.02.1987-ci ildə briqadir kimi keçirilmiş, 01.08.1989-cu ildə 2-ci dərəcəli dərzi kimi keçirilmiş, 12.03.1992-ci ildə dərziyə 3-cü dərəcə təyin edilmiş, 15.07.1993-cü ildə 4-cü dərəcə verilmiş, 25.10.1994-cü ildə briqadir kimi keçirilmiş, 21.01.1997-ci ildə usta kimi keçirilmiş, 17.01.2006-cı ildə öz xahişi ilə işdən azad edilmişdir. Əmək kitabçası üzrə əmək stajı 23 il 6 ay təşkil edir. Eyni zamanda iddiaçı Goranboy rayonu (keçmiş Qasım İsmayılov rayonu) Qatır Məmməd adına kolxozda kolxozçu vəzifəsində işləmişdir, adam günü 1974-cü ildə 84, 1975-ci ildə 118, 1976-cı ildə 68, 1978-ci ildə 121, 1979-cu ildə 148. 1974-1979-cu illər qadınlar üçün həmin kolxozda minimum adam gün norması 180 gün müəyyən edildiyi nəzərə alınarsa, iddiaçının həmin kolxozda iş stajı 1974-cü ildə 5 ay, 1975-ci ildə 8 ay, 1976-cı ildə 4 ay, 1978-ci ildə 8 ay, 1979-cu ildə 10 olmaqla cəmi 35 ay, yəni 2 il 11 ay təşkil edir. Göründüyü kimi, əmək kitabçası və arxiv arayışı üzrə iddiaçı ümumilikdə 26 il 5 ay staja malikdir. İddiaçının xx.xx.1959-cu il tarixdə doğulduğu nəzərə alındıqda, onun onun 62 yaşının tamam olduğu vaxtdan - 11.04.2021-cu il tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İş materiallarından görünür ki, iddiaçının iş stajı iddiaçıya məxsus əmək kitabçası və arxiv arayışı ilə təsdiqlənir, öz növbəsində nəzərə almaq lazımdır ki, əmək kitabçasında və arxiv arayışında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qeyd olunan müddətlər iddiaçının sosial sığorta stajına əlavə edilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən olundu ki, iddiaçı hazırda pensiyaçı deyil və yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçının tələb olunan sığorta stajı az olduğu üçün iddiaçıya yaşa görə pensiya təyin edilməsindən imtina etmişdir. Halbuki iddiaçıya məxsus əmək kitabçasından və arxiv arayışından görünür ki, iddiaçı 25 ildən artıq sığorta stajına malikdir. Göründüyü kimi, iddiaçının pensiya hüququ yaranmışdır və iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələb etdiyi minimum sığorta stajına malikdir. Ona görə də cavabdehin imtinası əsaslı hesab edilə bilməz və məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçıya qeyd olunan dövrdən pensiya hesablanarkən müvafiq dövr üçün aldığı müavinət məbləği nəzərə alınmalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 11.04.2021-ci il tarixdən (62 yaş) yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar