Məhkəmə qərarları › İş №2-1(112)-3739/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3739/2022

28.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3739/2022 28.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Xətai rayon İcra Hakimiyyətinə qarşı “mənzil kirayə müqaviləsi bağlanması barədə sərəncam verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək ünvan 1 ünvana (orderin dublikatının) kirayə müqaviləsi barədə sərancam verilməsi öhdəliyinin Bakı şəhər, Xətai rayon icra Hakimiyyətinin üzərinə qoyulması tələbini irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı Baş Tikinti idarəsi tərəfindən ünvan 2 ünvanındakı mənzil ona order əsasında verilmişdir. Həmin ildən, yəni 1993-cü ildən ailəsilə birlikdə sözü gedən 81 saylı mənzildə yaşayır. Onunla bir vaxtda həmin idarədən mənzil alan qonşular öz mənzillərini özəlləşdirmişlər. İdarə dağıldıqda həmin idarə tərəfindən 1 otaqdan ibarət 81 saylı ailəvi mənzilin orderi 20 saylı yataqxananın Komendatına verilmişdir. İdarə ləğv olunduqdan sonra həmin 2 saylı yataqxanın orderlər komendant tərəfindən 122 saylı Mənzil Komunal İstismarı Sahəsinə verilməli idi. Hal-hazırda o 1993cü ildə verilmiş mənzili özəlləşdirmək üçün 122 saylı Mənzil Komunal İstismarı sahəsindən orderi tələb etdikdə bildirdilərlər ki, 1992-ci ildən 3 nəfər ailə üzvü kimi ona verilmiş mənzilin orderi 20 saylı yataqxananın komendatı tərəfindən onlara təhvil verilməmişdir. Yaşadığı mənzilin orderinin dublikatını arxiv arayışını Bakı mərkəzi arxivində olmadığı barədə ASAN xidmət tərəfindən ona izah edilmişdir. Eyni zamanda o, Daşınmaz Əmlakın Dövlər Reyesrti Xidmətinin Bakı şəhər 1 saylı Ərazi idarəsinə müraciət edib, ona bildirmişlər ki, mənzillərin orderi həmin idarədə olmur, ancaq özəlləşdirilmiş mənzillərin çıxarışı mövcuddur.

3. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 122 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən iddiaçıya verilmiş arayışda qeyd olunur ki, o, həqiqətən Gəncə pr. 50, mənzil 81-də yaşayır. 01.10.1993-cü ildən qeydiyyatdadır, order təhvil-təslim vaxtı komendant tərəfindən təhvil verilməyib.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, mübahisələndirilən Xətai rayonu Gəncə prospektində yerləşən 50 nömrəli evin 81 saylı mənzili xüsusi təyinatlı Mənzil Kommunal İstismar Sahəsinin balansında olduğundan (əsas kimi 122 saylı Mənzil Kommunal İstismar Sahəsinin 29.11.2021-ci il tarixli, 492 nömrəli arayışı məktuba əlavə olunur) Xətai rayon İH-ti iş üzrə cavabdeh şəxs kimi cəlb edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən, Bakı Şəhəri Xətai rayonu Gəncə prospektində yerləşən 50 nömrəli evin 81 saylı mənzili Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansında olduğundan, aidiyyəti üzrə müraciət olunması tövsiyə olunmuşdur.

5. 122 saylı Mənzil Kommunal İstismar Sahəsinin 29.11.2021-ci il tarixli, 492 nömrəli arayışına əsasən, həmin bina 2003-cü ildən 122 saylı MKİS-in balansındadır.

6. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti tərəfindən bildirilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 50 üvanında yerləşən keçmiş yataqxana binasının 81 saylı mənzilində İddiaçı 5 nəfər ailə üzvü ilə (özü, arvadı, qızı və 2 oğlu) qeydiyyatdadırlar. Hal-hazırda həmin mənzildə kirayənişin yaşayır. Qeyd edilən mənzilə dair binaya xidmət göstərən mənzil istismar sahəsində hər hansı hüquqmüəyyənedici sənəd (order, sərəncam və s.) mövcud olmadığından müvafiq məlumatın məhkəməyə təqdim edilməsi mümkün olmamışdır.

7. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 Saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyi tərəfindən bildirilmişdir ki, Birliyin balansında olan Xətai rayonu, Gəncə prospekti 50 saylı binanın 81-ci mənzilə dair orderin verilib-verilməməsi barədə Bakı şəhəri İcra Hakimiyyətinə göndərdiyiniz sorğuya əsasən mühəndislər tərəfindən məsələ ilə bağlı araşdırılma aparılmışdır. Gəncə prospekti 50 saylı bina 2003cü ildə 122 saylı MKİS-nin istismarına verildiyi vaxt inventarizasiya zamanı 81-ci mənzildə yaşayan İddiaçı adına order olmadığı, 01.10.1993-cü ildən qeydiyyatda olduğu araşdırma zamanı məlum olmuşdur.

II. İddianın mümkünlüyü

8. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

9. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 04 nömrəli Qərarına əsasən: İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır.

10. Azərbaycan Respublikasının Mənzil Məcəlləsindəndən: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 62.1. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. 62.2. Yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

11. Məhkəmə müəyyən edir ki, cavabdeh inzibati orqan olsa belə, ümumi (publik) hüquq sahəsindəki fəaliyyətindən, yaxud cavabdehin hakimiyyət səlahiyyətlərinin subyekti kimi yalnız ona xas olan fəaliyyəti həyata keçirməsindən irəli gəlmir. Bina Xətai rayon icra hakimiyyəti orqanının balansında deyil (iddiaya cavab verməli olan şəxs deyil), Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 Saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır və qeyd edilən inzibati orqan həmin münasibətlərdə (kirayə müqaviləsinin bağlanması) xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak edir.

12. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

13. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar