Məhkəmə qərarları › İş №2-1(112)-3740/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3740/2021

24.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3740/2021 24.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi İddiaçı, cavbdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı «cavabdehin imtinasının qanunsuz sayılması və xüsusi karantin rejiminin tətbiq olunduğu dövr üzrə aylıq birdəfəlik ödəmənin verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı « cavabdehin imtinasının qanunsuz sayılması və xüsusi karantin rejiminin tətbiq olunduğu dövr üzrə aylıq birdəfəlik ödəmənin verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı işsiz kimi qeydiyyata alınması və buna müvafiq olaraq C0VİD19 padnemiyası ilə əlaqədar yardım verilməsi barədə müraciətinə SMS vasitəsi ilə imtina olunmuşdur. İmtinaya səbəb kimi onun torpaq mülkiyyətçisi olduğu göstərilmişdir. Lakin bu hal həqiqətə uyğun deyil. O, torpaq mülkiyyətçisi deyil. Bununla bağlı cavabdehə müraciəti nəticəsiz qalmışdır. Cavabdehin hərəkətləri qanunsuz hesab edilməli və onun üzərinə pandemiya ilə əlaqədar 190 manat məbləğində maddi yardımın verilməsi vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planı əsasında ölkəmizdə pandemiya ilə əlaqədar 4,8 milyon vətəndaşı əhatə edən məşğulluğa və sosial rifaha dəstək tədbirləri həyata keçirilib. Bu çərçivədə işsizlərdən və xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal çalışan şəxslərdən ibarət aztəminatlılara aprel-may aylarında aylıq 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi proqramı icra olunub, həmçinin işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə, ünvanlı dövlət sosial yardımının verilmə müddəti bitənlərə, peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə, əlillik müddəti başa çatan əlilliyi olan şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlara müvafiq ödənişlərin verilməsi müddətinin uzadılması təmin edilib. Azərbaycan dövlətinin pandemiya dövründə öz vətəndaşlarına ardıcıl sosial dəstəyinin davamı olaraq Nazirlər Kabinetinin 07 aprel və 23 iyun 2020-ci il tarixli qərarlarına əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron. Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə eyni məbləğdə ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilməsi nəzərdə tutulmuşdur. İddiaçı həmin Qaydalara uyğun olaraq müraciət etmiş, lakin imtina olunmuşdur. Halbuki, imtina üçün qanuni əsaslar olmamışdır, əsas qanunsuz olmuşdur. «Məşğulliq haqqinda» AR Qanununun 4.1.3-cü maddəsinə əsasən sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri məşğul şəxs sayılır. İddiaçı həmin kriteriyalara tam uyğun olmuşdur. Göstərilənlərə əsaslanaraq, COVİD-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 aprel və 23 iyun 2020-ci il tarixli qərarlarına uyğun təyin edilən aylıq 190 manat müavinatın verilməsindən cavabdehin imtinasının qanunsuz hesab edilməsi və müəyyən edilmiş qaydada qeydiyyatın aparılaraq həmin müavinatın bütün aylar üzrə ödənilməsi öhdəliyinin cavabdehjin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi (Ş.Məmmədova) İPM-in 47-ci maddəsinə uyğun olaraq, məhkəməyə iddiaya qarşı aşağıdakı məzmunda yazılı münasibət təqdim etmişdir: - İddiaçı iddiası əsassız olduğundan, rədd edilməlidir. Belə ki, koronavirus (COVİD- 19) xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, onun Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədi ilə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 19 mart 2020-ci il tarixində 1950 nömrəli Sərəncam qəbul edilmişdir. Həmin Sərəncamın icrası olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planında «Məşğulluq haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq, «Məşğulluq haqqında»AR Qanununa uyğun olaraq birdəfəlik ödəmə işsiz kimi qeydiyyata alınmış və sözügedən Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə qeydiyyat tarixindən asılı olaraq təyin olunur və ödənilir. Həmin Qaydanın 3-cü hissəsinə uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Məşğulluq” altsistemində (MAS-da) birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin sözügedən Qaydaya uyğun olaraq, hüquqlarının müəyyən edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı, nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının, qurumların informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla yoxlanılır. «Məşğulluq haqqında» AR Qanununun 4.1-ci maddəsinə uyğun olaraq, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar məşğul şəxs hesab edilirlər. Həmin Qanunun 5.12ci maddəsinə uyğun olaraq, məşğul şəxslərə aid edilənlərin işsiz kimi qeydiyyata alınmasına yol verilmir. Beləliklə, müvafiq dövlət orqanlarının və digər qurumların apardığı elektron informasiya sistemləri vasitəsilə əldə olunan məlumatlara əsasən İddiaçı torpaq mülkiyyətçisi olduğuna görə məşğul şəxs hesab edilir və onun işsiz kimi qeydiyyata alınmasına yol verilmir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s nömrəli Sərəncamı ilə “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağh bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı təsdiq edilmişdir. Tədbirlər Planının ll hissəsinin (işsiz və işdən azad olunmuş şəxslərin məşğulluğu və sosial müdafiəsi istiqaməti) 4-cü hissəsində Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Tədbirlər Planının ll hissəsinin 4-cü hissəsinin icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və Qaydası”na uyğun olaraq birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. Həmin Qaydaya əsasən birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq «Məşğulluq haqqında» AR Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan aşağıdakı şəxslərə ödənilir: 1) 2020-ci il 1 aprel tarixinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Məşğulluq” altsistemində (MASda) işsiz kimi qeydiyyata alınmış şəxslərə; 2) pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə. Eyni zamanda, «Məşğulluq haqqında» AR Qanununa uyğun olaraq, işsiz şəxs – işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir. İddiaçı «Məşğulluq haqqında» AR Qanununa əsasən işsiz şəxsin əsas meyarlarından biri olan işə başlamağa hazır olan şəxs kateqoriyasına aid olmamışdır. Belə ki, MEİS-dən aldığımız məlumata əsasən, iddiaçı indiki dövrədək ümumiyyətlə əmək münasibətlərində olmamışdır. İddiaçı X2nə yalnız pandemiya dövründə müraciət etmişdir, beləliklə onun müraciət etməkdə məqsədi yalnız ödəmə ilə bağlı olmuşdur. Birdəfəlik ödəmə ünvanlılıq prinsipi əsas götürülərək pandemiya dövründə zərərçəkən işsizlər, yəni xüsusi karantin rejiminin tətbiq olunmasının təsiri ilə bağlı işindən məhrum olmuş şəxslərə, həmçinin 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış və məşğulluq tədbirlərinə cəlb olunmuş, lakin xüsusi karantin rejiminin tətbiq olunduğuna görə tədbirlərin dayandırılması ilə bağlı zərərçəkən şəxslərə verilir. İddiaçı «Məşğulluq haqqında» AR Qanununa uyğun olaraq məşğul şəxs olduğu üçün işsiz şəxs hesab edilmədiyindən, həmçinin pandemiya dövrünün mənfi təsirindən zərərçəkən işsizlər sırasına aid olmadığından, onun birdəfəlik ödəmənin almaq hüququ yaranmamışdır. Göstərilənlərə və İPM-in tələblərinə əsaslanaraq, iddianın rədd edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin digər nümayəndəsi (T.Vəliyev) məhkəməyə iddiaya qarşı aşağıdakı məzmunda yazılı münasibət təqdim etmişdir: - İddiaçı iddiası əsassız olduğundan, rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq X2 orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Həmin qaydaya əsasən birdəfəlik ödəmə «Məşğulluq haqqında» AR Qanununa uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Məşğulluq” altsistemində” (MAS) işsiz kimi qeydiyyata alınmış və sözügedən Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin həmin Qaydaya uyğun olaraq, hüquqlarının müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının, qurumların informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla araşdırma aparılmışdır. İddiaçı (FİN: xxxxxxx) barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli qərarına əsasən nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının, qurumların informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla araşdırma aparılan zamanı onun aztəminatlılıq meyarına uyğun gəlmədiyi müəyyən edilərək haqlı olaraq qanuni əsaslar çərçivəsində imtina olunmuşdur. Analoji mübahisəyə dair Ali Məhkəmənin 22 sentyabr 2021-ci il tarixli, 2-1(102)- 1632/2021 saylı Qərarının 29-cu paraqrafına əsasən nikahın pozulması barədə qeydin müvafiq qeydiyyat orqanı tərəfindən sistemdə vaxtında aparılmaması hazırkı halda cavabdeh inzibati orqanın təqsirliliyi kimi qəbul edilə və cavabdehin üzərinə iddiaçının tələbinin təmin olunması barədə müvafiq öhdəliyin qoyulması üçün əsas ola bilməz. Hər nə qədər də qeyd edilən mübahisə nikahla bağlı olsa belə, yaranmış təcrübə ondan ibarətdir ki, araşdırma aparılan zaman məlumat alınan elektron informasiya sistemində yanlış qeydin olması Nazirliyin yanlış araşdırma aparması kimi qiymətləndirilməməsi istiqamətindədir. Qeyd edilməlidir ki, istinad edilən qərar da məhz 190 manat birdəfəlik ödənişin ödənilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzərinə qoyulması ilə bağlı olmuşdur. Beləliklə, İddiaçı barədə AR Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli qərarına əsasən nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının, qurumların informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla araşdırma aparılan zaman onun aztəminatlılıq meyarına uyğun gəlmədiyi üçün iddiaçıya birdəfəlik ödəmənin verilməsindən haqlı olaraq qanuni əsaslar çərçivəsində imtina olunmuşdur. Göstərilənləri nəzərə alaraq, iddianın rədd edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddia tələbi dəqiqləşdirilərək 2020-ci ilin aprel, may, iyun, avqust və dekabr ayları üzrə aylıq birdəfəlik ödəmənin verilməsini xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazında göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. AR Nazirlər Kabineti AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda olan şəxslərə koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmə verilməsi və «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»nın təsdiq edilməsi barədə 7 aprel 2020-ci il tarixli 127 nömrəli qərar qəbul etmişdir. «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»nda nəzərdə tutulmuşdur ki: - (1.1-ci bənd) Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Məşğulluq” altsistemində (MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin verilməsi şərtlərini və qaydasını tənzimləyir; - (1.2-ci bənd) Birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir; - (1.3-cü bənd) Birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir; - (1.4-cü bənd) Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir; - (2.1-ci bənd) Birdəfəlik ödəmə «Məşğulluq haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir; - (2.3-cü bənd) Dövlət qurumlarından aşağıdakı ödənişləri alan, habelə bu bənddə göstərilən meyarlara cavab verən işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: (2.3.1) ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə, (2.3.2) əmək pensiyaçılarına, (2.3.3) aylıq müavinət alanlara, (2.3.4) aylıq təqaüd alanlara, (2.3.5) özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə, (2.3.6) işsizlikdən sığorta ödənişi alanlara, (2.3.7) peşə hazırlığına görə təqaüd alanlara; (2.3.8) 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə, (2.3.9) əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara, (2.3.10) bu Qaydanın 2.3.1-2.3.8-ci, 2.3.11-ci, 2.3.12-ci və 2.3.15-ci yarmbəndlərində göstərilən şəxslərin əri və ya arvadı, (2.3.11) mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara, (2.3.12) mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara, (2.3.13) birdəfəlik ödəmə üçün müraciət tarixində xaricdə olanlara, (2.3.14) yaşı 18-dən aşağı olanlara, (2.3.15) AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olanlara; - (2.4-cü bənd) Birdəfəlik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödənilir. İlk növbədə məhkəmə vurğulayır ki, cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi “Sığortaedənlərin reyestri”ndən çıxarışda torpaq mülkiyyətçisi kimi “İddiaçı”nın adı göstərilsə də, adıçəkilən şəxsin FİN nömrəsi 1E1LSFG, doğum tarixi 08.03.1984-cü il, yaşayış yeri Şəki rayonu, Suçma Ərazi Dairəsi, Dərəcənnət kəndidir. Halbuki hazırkı iddiaçının FİN nömrəsi 43AOOJV, doğum tarixi xx.xx.1966-cı il, yaşayış yeri isə Bakı şəhəri, Nərimanov rayonu, Çaykovski küçəsi, 2, mənzil 33-dür. Bununla da müəyyən olunur ki, mülkiyyətində torpaq sahəsi olan həmin şəxslə hazırkı iddiaçı fərqli şəxslərdir, Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh inzibati orqan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iddiaçının ona işsiz kimi xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmə verilməsi ilə bağlı müraciətinə baxılmış və məsələnin həllindən onun xüsysi karantin rejimin tətbiqi ərəfəsində “işsiz kimi qeydiyyat alınsa da, az təminatlı sayılmaması”nı əsas gətirərək imtina etmişdir. Lakin məhkəmə icraatında cavabdeh inzibati orqan iddiaçının “az təminatlı sayılmaması” qənaətinin konkret əsaslarını bildirmədən, müvafiq sistemin məlumatlarına formal olaraq istinad etmişdir. Halbuki, belə hal «İnzibati icraat haqqında» AR Qanununun 12, 13, 17, 19, 24-cü maddələrinin pozulmasıdır – 1) eyni statusda və vəziyyətdə olan şəxslərə münasibətdə “bərabərlik prinsipi”nə və “mövcud inzibati praktika”ya ziddir; 2) müvafiq normativ aktla (AR Nazirlər Kabinetinin 127 nömrəli 7 aprel 2020-ci il tarixli qərarı ilə təsdiqlənmiş Qaydalar) müəyyən edilən “birdəfəlik ödəmənin məqsədi”nə mütənasib deyil; 3) iddiaçının işsiz və aztəminatlı olmasını bəyan etdiyi halda, bunun əksini sübut edən tutarlı dəlil təqdim edilməməsi “mötəbərlilik” xüsusatını inkar etmir; 4) işin tam və hərtərəfli araşdırılmasının aparılması təmin edilməmişdir. İddiaçının karantin rejiminin tətbiq edildiyi müvafiq tarixdən əvvəl hansı tarixdə işsiz kimi qeydiyyata alınması həmin qeydiyyat əsasında onun əldə etdiyi güzəştlərdən yararlanmasına təsir etmir. Odur ki, məhkəmənin qənaətinə görə iddiaçıya həmin ödəmənin veriməsindən cavabdehin imtinası qanuna zidd sayılmalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə 2020-ci ilin aprel, may, iyun, avqust və dekabr alları üzrə aylıq 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə 2020-ci ilin aprel, may, iyun, avqust və dekabr alları üzrə aylıq 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar