Məhkəmə qərarları › İş №2-1(112)-3740/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3740/2022

26.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3740/2022 26.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, məhkəmə iclas katibi Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əahilinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı şəhid ailəsi vəsiqəsinin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əahilinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona şəhid ailəsi vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, 16.12.1991-ci il tarixdə X11 ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan uşaqları olmamışdır. X11 Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən 288 və 139 saylı tam orta məktəblərdə kimya-biologiya müəllimi işləmişdir. X11 1992-ci ildə könüllü olaraq hərbi xidmətə getməklə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Ağdərə, Kəlbəcər rayonu və Kəlbəcər rayonu Yanşaq kəndi uğrunda gedən döyüşlərdə iştirak etmiş, 04.01.1994-cü il tarixdə Kəlbəcər rayonu Yanşaq kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. X11 Azərbaycan Respublikasının ərazi bütövlüyü gedən döyüşlərdə qəhrəmancasına həlak olduqdan sonra onun nəşi uzun müddət Kəlbəcər rayonu Yanşaq kəndində qalmış, yalnız 27.01.1994-cü il tarixdə sözügedən ərazi Azərbaycan döyüşçüləri tərəfindən işğaldan azad edildikdən sonra oradan götürülmüş və 28.01.1994-cü il tarixdə həmin dövrdə fəaliyyət göstərən Qaradağ Rayon Hərbi Komissarlığına gətirilmişdir. Daha sonra X9 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olduğu üçün şəhid statusu verilmiş, eyni zamanda Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən 139 saylı tam orta məktəb onun adına əbədiləşdirilmişdir. X11 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olduğu tarixdə o, onun rəsmi nikahlı arvadı statusunda olmuşdur. Qaradağ Rayon Qeydiyyat Şöbəsinin arayışından da göründüyü kimi hal-hazırda “Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində onun hər hansı bir şəxslə nikahı haqqında akt qeydi aşkar olunmamışdır. O, şəhid ailəsi statusunun verilməsi ilə bağlı Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinə müraciət etmiş və sözügedən inzibati orqan tərəfindən yazılı müraciətinə verilmiş əsaslandırılmış cavabda inzibati icraat zamanı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ Rayon İdarəsindən daxil olmuş 05.08.2020-ci il tarixli, 936 nömrəli məktubuna əsasən mərhum əri X7 ehtiyatda olan baş leytenant olduğu üçün ona şəhid ailəsi statusunun verilməsinin həmin qurumun səlahiyyətləri xaricində olduğu qeyd edilmiş və bu səbəbdən də göstərilən məsələ ilə əlaqədar Azərbaycan Respublikası Miidafiə Nazirliyinə müraciət etməyi tövsiyyə olunmuşdur. Daha sonra o, göstərilən məsələ ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş və həmin inzibati orqan tərəfindən müraciətinə verilmiş cavabda X8 Şəhid hesab edilməsi qeyd olunaraq ona “Şəhid ailəsi statusu”nun verilməsi üçün yaşadığı ərazi üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi yanında Dövlət Sosial Müdafıə Fondunun müvafıq rayon şöbəsinə müraciət etməyi tövsiyə edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məktubuna müvafiq olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin tabeliyində olan Dost Agentliyinin 1 saylı Bakı Dost Mərkəzinə müraciət etsə də 1 saylı Bakı Dost Mərkəzi müraciətini ətraflı araşdırmadan, bu məsələni birbaşa və dəqiqliklə tənzimləyən müvafiq bir normaya istinad etmədən ona şəhid ailəsi vəsiqəsinin verilməsindən əsassız olaraq imtina etmişdir. Həmin imtinadan Məhkəməyə iddia ərizəsi ilə müraciət etsə də aidiyyat məsələsi üzrə anlaşılmazlıq olmuş və cavabdeh düzgün olmadığına görə Bakı İnzibati Məhkəməsi iddia baxılmasını mümkünsüz hesab etmişdir. Nəzər çatdırmışdır ki, dövlət orqanları arasında bu bir-birinə yönləndirmələrdən bezdiyi üçün o, ərizə ilə birbaşa Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək bu məsələ üzrə səlahiyyətli aidiyyatı qurumun hansı olduğunu ona bildirmələrini xahiş etmişdir. Nazirliyə göndərdiyi müraciətə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi tərəfindən baxılmış və müraciət aidiyyatı üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə yönləndirilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi müraciətini ətraflı araşdırmadan, bu məsələni birbaşa və dəqiqliklə tənzimləyən müvafıq bir nonnaya istinad etmədən ona şəhid ailəsi vəsiqəsinin verilməsindən əsassız olaraq imtina etmişdir. Belə ki, Sosial Xidmətlər Agentliyi imtina məktubunda konkret norma göstərmədən Azərbaycan Respublikası Ailə Məcəlləsinə istinad edərək onun ikinci dəfə nikaha daxil olmağını (sonradan ikinci nikahına xitam verilsə belə) əsas gətirərək bu halın ona şəhid ailəsi statusunun verilməsinə əngəl olduğunu qeyd etmişdir. Halbu ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 14.1-ci maddəsinə əsasən ər (arvad) öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elan edildikdə nikaha xitam verilir. Yəni ki, əgər bu normalara istinad edilsə o zaman zəhid olmuş şəxslərin hamısının nikahına avtomatik xitam verilmiş sayılır və onların arvadları (ərləri) yenidən nikaha daxil olub-olmamasından asılı olmayarq həmin şəhidin arvadı (əri) sayılmamalıdır artıq. X11 şəhid olduğu zaman o onun rəsmi nikahlı arvadı ilə və əgər dövlət orqanları Ailə Məcəlləsinin müvafiq normalarına bu şəkildə istinad edərək ona şəhid ailəsi vəsiqəsinin verilməsindən imtina edirlərsə, onda bütün şəhidlərin arvadlarına şəxs ər öldüyü üçün nikahın xitam olunmasını əsas gətirərək imtina verməli idilər. Göründüyü kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin bu mövqeyi əsassız və ədalətsiz yanaşmadır. Bu məsələdə heç bir qanuni normaya istinad etmədən ona imtina verildiyinə görə hesab edir ki, bu ona qarşı mənfi diskriminasiyadır və onun hüquqlarını pozmuşdur. Məhz bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək verdiyi izahatında bildirdi ki, iddiaçının 16 dekabr 1991-ci il tarixində X11 ilə nikahı qeydə alınmış və E.Həsənov 03 yanvar 1994-cü ildə Kəlbəcər uğrunda gedən döyüşlərdə həlak olmuşdur. İddiaçı 05.09.1995-ci il tarixində X10 ilə növbəti nikaha daxil olmuş və 15 mart 2013-cü il tarixində isə həmin nikah pozulmuşdur. İddiaçı yeni nikaha daxil olduğundan birinci dəfə nikahda olduğu şəxsə aid imtiyazlardan istifadə etmək hüququnu itirmişdir. Buna görə də iddiaçıya şəhid ailəsi vəsiqəsinin verilməsindən imtina qanuni və əsaslı olmuşdur. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1971-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. - Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 826/69 №-li, 18.09.2020-ci il tarixli arayışdan görünür ki, X11 və X2 nikahı haqqında 16.12.1991-ci il tarixdə 604 №-li akt qeydi tərtib edilmişdir. Ərə Həsənov arvada isə Həsənova soyadı verilmişdir. Qeyd: X8 ölümü 04.03.1994-cu il tarixli 48 №-li aktla Bakı şəhər Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən qeydiyyata alınmışdır. - Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 073105 №-li, 18.03.2020ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X11 03.01.1994-cü il tarixdə ölmüşdür. - Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 828/69 №-li, 18.09.2020-ci il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı 03 avqust 1971-ci il tarixdə Azərbaycan Respublikası Bakı şəhərində anadan olmuş İddiaçı ailə vəziyyətinin müəyyən edilməsi məqsədi ilə 18 sentyabr 2020-ci ilədəl “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, İddiaçı nikahı haqqında akt qeydi aşkar olunmamışdır. Qeyd: X10 ilə Qaradağ rayon qedyiyyat şöbəsində 05.09.1995-ci il tarixli, 181 saylı aktla nikah və həmin şəxslə nikahın pozulması Qaradağ rayon qeydiyyat şöbəsində 15.03.2013-cü il tarixli, 55 saylı aktla qeydə alınmışdır. - Bakı şəhəri, Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Birinci müavini tərəfindən iddiaçıya ünvanlanmış 17.08.2020-ci il tarixli, Ö-1-055 №-li məktubdan görünür ki, ona şəhid statusu haqqında arayışın verilməsi barədə rayon icra hakimiyyətinə ünvanlanmış müraciətinə tərəflərindən baxılmışdır. Müraciəti ilə bağlı araşdırma aparılmış və məlum olmuşdur ki, onun mərhum həyat yoldaşı X11 04 mart 1994-cü ildə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuşdur. Bildirilir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.01.1994-cü il tarixli, 10 saylı Qərarının 4.1-ci bəndinə əsasən şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizlik Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Lakin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ rayon İdarəsindən daxil olmuş 05.08.2020-ci il tarixli, 936 nömrəli məktubuna əsasən onun mərhum həyat yoldaşı E.N.Həsənov ehtiyatda olan baş leytenant olduğu üçün o şəhid statusu haqqında arayış verilməsi rayon icra hakimiyyətinin səlahiyyətləri xaricindədir. Şəhid statusu haqqında arayışın verilməsi ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməyi tövsiyyə olunur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 14.09.2020-ci il tarixli, 1/Ö-12095 №-li məktubdan görünür ki, Müdafiə Nazirliyində tərtib edilmiş “1997-ci ilin avqust ayının 2-nədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş zabit və gizirlərin ümumi Siyahısı”nda olan məlumata əsasən (98-ci bənd) mərhum həyat yoldaşı, N nömrəli hərbi hissənin motoatıcı bölük komandirinin şəxsi heyət üzrə müavini vəzifəsində, leytenant rütbəsində xidmət keçmiş X8 3 yanvar 1994-cü il tarixində Kəlbəcər döyüş zonasında xidməti vəzifələrinin icrası zamanı həlak olmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.01.1994-cü il tarixli, 10 saylı Qərarına əsasən X11 Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olduğuna görə şəhid hesab edilir. Həmin Qərarın 4-cü bəndinə əsasən “Şəhid ailəsi statusu”nun verilməsi üçün yaşadığı ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinə müraciət etməyi xahiş olunur. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanaqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi tərəfindən iddiaçıya ünvanlanmış **********1 №-li, 28.09.2021-ci il tarixli məktubdan görünür ki, şəhid ailəsi üzvü vəsiqəsinin verilməsi ilə bağlı müraciəti 24 sentyabr 2020-ci il tarixində **********7 qeydiyyat nömrəsi ilə 1 saylı Bakı DOST Mərkəzində qeydiyyata alınmışdır. Müraciətində təqdim etdiyi sənədlər əsasında müəyyən olunmuşdur ki, onun 16 dekabr 1991-ci il tarixində X11 ilə nikahı qeydə alınmış və E.Həsənov 03 yanvar 1994-cü ildə Kəlbəcər uğrunda gedən döyüşlərdə həlak olmuşdur. E.Həsənov şəhid olduqdan sonra 05.09.1995-ci il tarixində X10 ilə növbəti nikaha daxil olmuş və 15 mart 2013-cü il tarixində isə həmin nikah pozulmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalan”nın təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı Qərarının 2.1-ci bəndinə əsasən şəhidin arvadı (əri), valideynləri, 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları (əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər), uşaq evlərində tərbiyə olıınan qardaşları və bacıları (əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər), qanunla onları saxlayan şəxs yoxdursa babaları və nənələri şəhid ailəsi üzvü hesab olunurlar. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********2 №-li, 23.09.2021-ci il tarixli məktubdan görünür ki, müraciətinə baxılmışdır. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 2-ci yarımbəndinə əsasən şəhidin ailə üzvü, onun arvadı (əri); valideynləri; 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş, 18 yaşından yuxarı əlilliyi olan övladları; qardaşları və bacıları-uşaq evlərində tərbivə olunanlar; babalar və nənələr (qanunla onları saxlayan şəxs yoxdursa) hesab olunur. Eyni zamanda bildirilmişdir ki, yuxarıda qeyd olunan qanunvericilik aktlarına əsasən güzəştlər yalnız şəhidin ailə üzvünə şamil edilir. Belə ki, Ailə Məcəlləsinin tələbinə əsasən ər(arvad) hüquqi statusu yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınmış nikah olduqda yaranır. Tərəfindən edilmiş müraciətin araşdırılması nəticəsində onun ikinci dəfə rəsmi nikahda olmağı və ayrılmağı faktı müəyyən edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən qanunvericilikdə onun ikinci nikahının pozulubpozulmadığından asılı olmayaraq birinci dəfə nikahda olduğu şəxsə aid imtiyazlardan istifadə etmək hüququ nəzərdə tutulmamışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı 16.12.1991-ci il tarixdə X11 ilə rəsmi nikaha daxil olmuşdur. X11 04.01.1994-cü il tarixdə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş və ona “şəhid” statusu verilmişdir. İddiaçı 05.09.1995-ci il tarixdə X10 ilə nikaha daxil olmuş və aralarında olan nikah 15.03.2013-cü il tarixdə pozulmuşdur. İddiaçı Ceyran X3 arvadı kimi ona şəhid ailəsi üzvü vəsiqəsinin verilməsi ilə bağlı müraciəti cavabdeh inzibati orqan tərəfindən ikinci dəfə rəsmi nikahda olması əsas gətirilməklə təmin edilməmişdir. "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikası Qanunun: - 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ərarvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlar, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi" Qaydalarının: -1.1-ci bəndinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir; - 4.1-ci bəndinə əsasən şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. - 4.2-ci bəndinə əsasən şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1-ci bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. - 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Ailə Məcəlləsi nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini müəyyən edir, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir, habelə valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəyə götürülməsi qaydalarını müəyyən edir. - 14.1-ci maddəsinə əsasən ər (arvad) öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elan edildikdə nikaha xitam verilir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə görə şəhid ailəsinin üzvləri ərarvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlar, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar, qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr hesab olunurlar. İddiaçı şəhid X8 vaxtı ilə ailə üzvü hesab olunsa da, 05.09.1995-ci il tarixdə X10 ilə rəsmi nikaha daxil olduğundan onun Elxan Həsənova münasibətdə arvadı statusu itirilərək Elmixan Ömərovun arvadı olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, “Normativi hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun: - 13.1-ci maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. - 13.5-ci maddəsinə görə cinayət, inzibati xətalar və vergi qanunvericiliyində, məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz. Qanunvericilikdə birbaşa hüquq norması müəyyən edilməsə də, oxşar münasibətləri nəzərdə tutan Azərbaycan Respublikası Ailə Məcəlləsinin 113.2.5-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad yeni nikaha daxil olduqda məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə xitam verilir. Göründüyü kimi yeni nikaha daxil olma əvvəlki nikah öhdəlikləri ilə bağlı yaranmış münasibətlərə xitam verir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı hazırda şəhid X8 arvadı hesab edilmədiyindən cavabdeh inzibati orqanın iddiaçının müraciətindən imtinası qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar