Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3741/2025 28.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə qarşı “pensiyanın yenidən hesablanması üçün yeni məlumat vərəqəsinin göndərilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının hərbi xidmət dövründə hər il aldığı birdəfəlik ödəniş formasında aylıq vəzifə maaşı və rütbə maaşının iki mislinə qədər pul mükafatı və aylıq vəzifə maaşının bir misli miqdarında məzuniyyət pulunun nəzərə alınmaqla pensiya məbləğinin yenidən hesablanması üçün yeni məlumat vərəqinin tərtib edilərək Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1998-2024-cü illlər dövründə həqiqi hərbi xidmətdə olmuş və xx.xx.2024-cü il tarixdə xidmət müddətinin yaşa görə başa çatması ilə əlaqədar ehtiyata buraxılmışdır. O, hal hazırda əmək pensiyaçısıdır. Cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilən iddiaçının adına tərtib edilmiş məlumat vərəqinə əsasən ona yaşa görə əmək pensiyası təyin edilib. Cavabdeh tərəfindən iddiaçıya əmək pensiyası təyin edilməsi üçün məlumat vərəqində məcburi sosial sığortası ödənilən bütün əlavələr tam göstərilməyib. Belə ki, hərbi qulluqçulara hər il birdəfəlik ödənişlər formasında aylıq vəzifə və rütbə maaşının 2 mislinə qədər birdəfəlik pul mükafatı və aylıq vəzifə maaşının 1 misli miqdarında məzuniyyət pulu ödənilir və bu ödənişlər 2020-ci il tarixdən etibarən məcburi dövlət sosial sığorta haqqı hesablanan gəlir növlərinə aid olduğuna görə onlardan məcburi dövlət sosial sığorta haqqı tutulmuşdur. Lakin cavabdeh iddiaçının aylıq pul təminatına məcburi dövlət sosial sığorta haqqı hesablanan gəlir növünə aid olunmuş birdəfəlik pul mükafatının və məzuniyyət pulunun hesablanmış orta aylıq məbləğini daxil etməmişdir. İddiaçı cavabdehə müraciət edərək pensiya təminatının məbləği hesablanan zaman birdəfəlik pul mükafatı və məzuniyyət pulu məbləğlərinin orta aylıq hissəsinin nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh cavab məktubu ilə imtina vermişdir. Cavabdeh təminat xərcliyinin hesablanması zamanı iddiaçının məcburi sosial sığorta haqqı birdəfəlik pul mükafatı və məzuniyyət pulunun məbləğlərinin orta aylıq hissəsini nəzərə almamışdır. Cavabdehin iddiaçıya ünvanlanmış cavab məktublarından görünür ki, cavablar qanunla əsaslandırılmayıb və öz hərəkətsizliyi ilə təminat xərcliyinin hesablanması zamanı birdəfəlik pul mükafatı və məzuniyyət pulunun məbləğlərinin orta aylıq hissəsini təminat xərcliyinə əlavə etməkdən qanunsuz olaraq imtina etmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etirazda göstərilmişdir ki, “qoşunların yüksək döyüş hazırlığının təmin edilməsi və qüsursuz əsgəri intizam üçün birdəfəlik verilən pul mükafatı” ödəniş növü, adında da qeyd edildiyi kimi, aybaay deyil, birdəfəlik ödəniş xarakteri daşıyır. “Hərbi qulluqçulara birdəfəlik verilən məzuniyyət pulu” və “qoşunların yüksək döyüş hazırlığının təmin edilməsi və qüsursuz əsgəri intizam üçün birdəfəlik verilən pul mükafatı" ödəniş növləri hərbi qulluqçuların aylıq təminat xərcliyinə, o cümlədən vəzifə maaşından hesablanan digər əlavələrə daxil deyildirlər və aybaay ödənilmirlər. Belə olan halda, bu birdəfəlik ödəniş növlərinin 12 aya bölünərək hərbi qulluqçuların aylıq təminat xərcliyinə daxil edilməsi qanuna ziddir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinin müddəalarına görə hərbi qulluqçuların pensiyası hər hansı bir dövrün (son 12 ayın, son 24 ayın və ya istənilən ardıcıl gələn 60 ayın) təminat xərcliyinin orta aylıq məbləğindən deyil, məhz sonuncu ayın təminat xərcliyindən hesablanır. Pensiyaların son 24 ayın və ya istənilən ardıcıl gələn 60 ayın əməkhaqqının orta aylıq məbləğindən hesablanması Qanunun 20.7-ci maddəsinə əsasən hakimlərə, 20.8-ci maddəsinə əsasən prokurorluq işçilərinə, 20.10-cu maddəsinə əsasən deputatlara, 20.11-ci maddəsinə əsasən dövlət qulluqçularına, 20.19-cu maddəsinə əsasən ədliyyə işçilərinə, 20.26-cı maddəsinə əsasən miqrasiya işçilərinə, 20.28-ci maddəsinə əsasən fövqəladə hallar orqanları işçilərinə, pensiyaların son 12 ayın əmək haqqının orta aylıq məbləğindən hesablanması isə Qanunun 20.25-ci maddəsinə əsasən Hesablama Palatasının üzvlərinə münasibətdə nəzərdə tutulmuşdur. Belə ki, hərbi qulluqçuların əmək pensiyaları iki hissədən: sığorta hissəsi və qulluq stajına görə əlavədən ibarətdir. Məcburi sosial sığorta haqları hesabına toplanaraq və müvafiq qaydada hesablanaraq sığorta hissəsini təşkil edən pensiya məbləğləri Dövlət Sosial Müdafiə Fondunun büdcəsindən, qulluq stajına görə əlavəni təşkil edən pensiya məbləğləri isə dövlət büdcəsindən maliyyələşdirilərək ödənilir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi. O, həmçinin bildirdi ki, məcburi dövlət sosial sığortasına cəlb edilən bütün gəlirlər əmək pensiyası təyin edilərkən nəzərə alınmalıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin müvafiq qərarı da var. İddia ərizəsində göstərilən ödənişlərdən məcburi dövlət sosial sığortası tutulmuşdur. Bu səbəbdən onlar pensiya təyini zamanı nəzərə alınmalıdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya yazılı etirazı müdafiə etdi və onunla oxşar məzmunlu izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1976-cı ildə anadan olmuşdur və Bakı şəhəri, Xətai rayonu, X2 küçəsi, 9 Heydər Əliyev adına Hərbi İnstitut ünvanında qeydiyyatdadır. İddiaçı barəsində cavabdeh tərəfindən tərtib olunaraq Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmiş “Əmək pensiyası təyinatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında” xx.xx.2024-cü il tarixli məlumat vərəqində iddiaçının vəzifə maaşı 925 manat, rütbə maaşı 154 manat, xidmət illərinə görə əlavə (40 %) 431,60 manat, ərzaq payı əvəzinə kompensasiya 64 manat, “usta” məharət dərəcəsinə görə (35%) 323,75 manat, Prezident əlavəsinə görə (20%) 185 manat göstərilmişdir. Məlumat vərəqəsində olan “digər növ əlavələr” qrafaları isə boş qoyulmuşdur. İddiaçının müraciətinə cavabdeh tərəfindən verilmiş imtina məktubunda bildirilmişdir ki, müraciətdə qeyd edilən birdəfəlik ödəniş növləri “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsində öz əksini tapmadığı üçün tərtib olunmuş məlumat vərəqəsində həmin ödəniş növlərinin göstərilməsi qanuna müvafiq hesab olunmur. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində hərbi xidmət dövründə hər il aldığı birdəfəlik ödəniş formasında aylıq vəzifə maaşı və rütbə maaşının iki mislinə qədər pul mükafatı və aylıq vəzifə maaşının bir misli miqdarında məzuniyyət pulunun nəzərə alınmaqla pensiya məbləğinin yenidən hesablanması üçün yeni məlumat vərəqinin tərtib edilərək Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Bu səbəbdən iddia mahiyyətcə öhdəliyin icrası barədə iddiadır. İddiaçı müvafiq tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Əmək pensiyaları haqqında” Azərbaycan respublikası Qanununa əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir (1.0.1.). Hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir (1.0.3.). Təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir (1.0.5.). Hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur (9.6.). Qanunun qeyd edilən müddəalarından görünür ki, hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları pul təminatları onların təminat xərcliyinə daxildir. Bura büdcədənkənar vəsaitlər hesabına əlavələr istisna olmaqla vəzifə maaşından hesablanan digər əlavələr də aiddir. “Hərbi qulluqçuların pul təminatı haqqında” əsasnaməyə əsasən hərbi qulluqçuların pul təminatı əsas pul təminatı və əlavə pul təminatından ibarətdir. Əsas pul təminatına hərbi qulluqçuların vəzifə rütbə maaşları, əlavə pul təminatı növlərinə isə üstəlik pul təminatları daxildir. Yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi hərbi qulluqçuların aylıq pul təminatına vəzifə və rütbə maaşı və vəzifə maaşından hesablanan aylıq əlavə pul təminatları aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün aylıq maaşlara nisbətən 1992-ci il yanvarın 1-də olan faiz miqdarı ilə müəyyən edilmiş normaları məbləğində üstəlik verilən pul təminatı növləri təsdiq edilsin. Həmin qərarda üstəlik pul təminatları sırasında “qoşunların yüksək döyüş hazırlığının təmin edilməsi və qüsursuz əsgəri intizam üçün birdəfəlik verilən pul mükafatı” nəzərdə tutulmuşdur. “Hərbi qulluqçuların statusu haqqında” Qanunda göstərilmişdir ki, hərbi qulluqçulara təminat xərcliyi verilməsinin qaydası və bu xərcliyin normalarının dəyişdirilməsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunur (10.1). Hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) hər il növbəti məzuniyyətə çıxarkən onlara əlavə olaraq bir aylıq vəzifə maaşı məbləğində pul təminatı verilir (10.7). İşdən göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarında göstərilmiş “qoşunların yüksək döyüş hazırlığının təmin edilməsi və qüsursuz əsgəri intizam üçün birdəfəlik verilən pul mükafatı” və hər il növbəti məzuniyyətə çıxarkən aldığı bir aylıq vəzifə maaşı məbləğində pul təminatının da məcburi dövlət sosial sığorta haqlarına cəlb edildiyi üçün onların əmək pensiyası təyin edilərkən nəzərə alınması üçün məlumat vərəqəsinə daxil edilməsini istəyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdi olunması Qaydaları”nın 2-ci bəndində göstərilmişdir ki, bu Qayadaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə uyğun hesablanır. Göründüyü kimi “Qaydalar”da hərbi qulluqçuların təminat xərcliyinin məhz “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinə əsasən hesablanması nəzərdə tutulmuşdur. Həmin maddədə isə hərbi qulluqçuların məhz hərbi xidmətdən buraxıldığı günə aldıqları pul təminatlarının onların təminat xərcliyinə daxil olduğu təsbit edilmişdir. Yəni, hərbi qulluqçuların hər ay aldığı pul təminatı (vəzifə maaşı, rütbə maaşı və digər əlavələr) ona əmək pensiyası təyin edilərkən nəzərə alına bilər. İldə bir dəfə və ya müxtəlif dövlər üzrə hərbi qulluqçulara ödənilən əlavə təminatlar onların əmək pensiyasının təyini zamanı nəzərə alınmır. İddiaçı öz tələbinin əsası kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli Qərarına əsaslanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli Qərarı hərbi qulluqçuların pensiyaya çıxdıqdan sonra onların təminat xərcliyində baş vermiş artımların onların əmək pensiyasına təsir edib-etməməsi məsələlərini tənzimləyir. Həmin Qərarda belə bir hüquqi mövqe ifadə olunmuşdur ki, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Göründüyü kimi Konstitusiya Məhkəməsinin həmin Qərarında əmək pensiyası təyin edilmiş hərbi qulluqçunun yalnız hərbi xidmətdə olduğu dövrdə almış olduğu və məcburi dövlət sosial sığorta haqlarına cəlb edilmiş pul təminatlarının məbləğində artımlar olduğu təqdirdə, bunun həmin hərbi qulluqçunun əmək pensiyasının artımına səbəb ola biləcəyi qeyd olunur. Yəni, həmin Qərar hazırkı tərəflər arasında olan münasibətlərə aid deyildir. Belə ki, hərbi qulluqçulara pensiya təyin edilərkən onların təminat xərcliklərinin hesablanması qaydası “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinə əsaslanır ki, Konstitusiya Məhkəməsinin həmin Qərarı Qanunun qeyd olunan maddəsində nəzərdə tutulmuş məsələni, yəni hərbi qulluqçuların pensiya təminatının yalnız onun sonuncu təminat xərcliyinə əsasən hesablanmasını istisna etmir. Beləliklə məhkəmə qeyd edilənləri ümumiləşdirərək aşağıdakı nəticəyə gəlir ki, “qoşunların yüksək döyüş hazırlığının təmin edilməsi və qüsursuz əsgəri intizam üçün birdəfəlik verilən pul mükafatı” və hər il növbəti məzuniyyətə çıxarkən aldığı bir aylıq vəzifə maaşı məbləğində pul təminatı hərbi qulluqçuların aylıq pul təminatına aid deyil. Həmin təminatlar hərbi qulluqçulara ildə bir dəfə ödənilir. Yəni, həmin ödənişlər hərbi qulluqçunun hərbi xidmətdən buraxıldığı gün aldığı təminata aid deyildir və hərbi qulluqçulara pensiya təyini zamanı nəzərə alının təminat xərcliyinə daxil edilə bilməz. Bu səbəbdən iddia əsaslı sayıla və təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə qarşı “pensiyanın yenidən hesablanması üçün yeni məlumat vərəqəsinin göndərilməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-3741/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3741/2025
28.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver