Məhkəmə qərarları › İş №2-1(112)-3742/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3742/2024

24.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3742/2024 24.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan-ölçünün verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2023-cü il tarixdə ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 433 saylı bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman torpaq sahəsinin bir hissəsinin ümumi ərazidə yerləşdiyi, bir hissəsinin isə (530 kv.m.) digər fiziki şəxs tərəfindən hasarlanaraq istifadə olunduğu məlum olmuşdur (torpaq sahəsi istifadəsində deyil). Həmçinin sahənin daxilindən torpaq yol keçir. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən ümumi ərazidə hasarlanma bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmadığından göstərilən torpaq sahəsinin yerləşməsini müəyyənləşdirmək mümkün olmamışdır. Qeyd olunanlarla yanaşı, təqdim edilmiş X1 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, 0.12 hektar torpaq sahəsindən ibarət 433 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0.12 hektar torpaq sahəsi olan 433 saylı bağ sahəsi 203 nömrəli bağ tikinti kooperativi nəzdində xx.xx.1992-ci il tarixli, 179 nömrəli order əsasında mərhum atası X3 ayrılmışdır. Daha sonra atası X2 vəfatından sonra sözügedən bağ sahəsi xx.xx.2005-ci il tarixli ərizəsi əsasında xx.xx.2005-ci il tarixli, 02 nömrəli orderlə onun adına keçirilmişdir. Qeyd edilən faktlar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 321-3-30/2-R-0101- 8/**********704233 nömrəli məktubu ilə də öz təsdiqini tapır. İddiaçıya məxsus 433 saylı bağ sahəsinin yanında 432 saylı bağ sahəsi yerləşir və həmin bağ sahəsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə X4 adına qeydə alınmışdır. Yanaşı (qonşu) torpaq sahələri olduğu halda torpaq sahəsinin ümumi ərazidə yerləşməsi, sahənin daxilindən torpaq yol keçməsi, ümumi ərazidə hasarlanma bağlarının bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmadığından torpaq sahəsinin yerləşməsini müəyyənləşdirməyin mümkün olmaması 432 saylı bağ sahəsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində X4 adına qeydə alınması üçün mane olmayır, ancaq 433 saylı bağ sahəsinin dövlət reyestrində qeydə alınması zamanı mane olur. Cavabdeh iddiaya dair yazılı etirazı məhkəməyə təqdim edərək iddianın təmin olunmamasını xahiş etmiş və bildirmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin sərhədləri şərti olduğu müəyyən edilmiş və torpaq sahəsinin bir hissəsi (530 kv.m.) digər fiziki şəxs tərəfindən hasarlanmış ərazi daxilindən göstərilmişdir. (torpaq sahəsi iddiaçının istifadəsində deyil). Həmçinin sahənin daxilindən torpaq yol keçir. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən ümumi ərazidə hasarlanma bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmadığından göstərilən torpaq sahəsinin yerləşməsini müəyyənləşdirmək mümkün olmamışdır. Qeyd olunanlarla yanaşı, təqdim edilmiş X1 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir. İddiaçının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə təqdim edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia daşınmaz əmlaka mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Belə ki, iddiaçı Ş.Əliyevin nümayəndəsi qismində müraciət etsə də, təqdim etdiyi sənədlər Biləcəri bələdiyyəsinin xx.xx.2008-ci il tarixli qərarı olmuş və torpaq sahəsi həmin sənədlər əsasında adına qeydə alınmasını xahiş etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 6/265 nömrəli qərarından görünür ki, həmin qərarla Ləiş 203 saylı Bağ Tikinti Kooperativinin üzvlərinin siyahısı təsdiq edilmiş, kooperativin 55 üzvü olmuş, siyahıda İddiaçıağa Fərzəli oğlunun adı 6-cı sırada qeyd olunmuşdur. - Azərbaycan SSR Bakı şəhər icraiyyə komitəsinin X1 və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 203 nömrəli kooperativ tərəfindən verilmiş 6 nömrəli orderdən görünür ki, Bakı şəhər icraiyyə komitəsinin 04 sentyabr 1990-cı il tarixli 6/265 nömrəli qərarına əsasən İddiaçıağa Fərzəli oğluna Ləhiş bağlar sahəsində 203 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 433 saylı bağ ayrılmışdır. - xx.xx.1991-ci il tarixli 323371 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, İddiaçıağa Fərzəli oğlu xx.xx.1991-ci il tarixdə ölmüşdür. - X2 Bağlar idarəsinə ünvanladığı xx.xx.1992-ci il tarixli ərizədən görünür ki, mərhum atası İddiaçıağa Fərzəli oğlu rəhmətə getdiyinə görə onun adına olan bağın öz adına keçməsi barədə sərəncam verilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Bakı şəhər icraiyyə komitəsinin X1 və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 203 nömrəli kooperativ tərəfindən verilmiş 179 nömrəli orderdən görünür ki, Bakı şəhər icraiyyə komitəsinin 23 mart 1992-ci il tarixli 55 saylı protokoluna əsasən Ləhiş bağlar sahəsində 203 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 433 saylı bağ X3 ayrılmışdır. - İddiaçı Bakı şəhəri X1 və istismarı birliyinə ünvanlanmış xx.xx.2005-ci il tarixli ərizəsindən görünür ki, İddiaçı xx.xx.2005-ci ildə vəfat etmiş mərhum atası X2 istifadəsində olmuş Ləhiş bağlar sahəsində yerləşən 0.12 ha-dan ibarət 433 nömrəli bağ sahəsinin onun istifadəsinə verilməsini xahiş etmiş, ərizənin üzərində daxili pr. 196/2 barədə qeyd aparılmışdır. - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyətinin X1 və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 203 nömrəli kooperativ tərəfindən verilmiş 2 nömrəli orderdən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin 13 iyul 2005-ci il tarixli 1962 saylı protokoluna əsasən İddiaçı Ləhiş bağlar sahəsində 203 saylı BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 433 saylı bağ ayrılmışdır. İddiaçı hazırda bu sənədlərə istinadən 433 saylı bağa dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə həmin Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə isə bu əsaslara icarə müqavilələri, sərəncamlar və orderlər aid edilmiş, bu sənədlərin hər üçünün deyil, birinin təqdim edilməsi şəxsin hüququnun qeydə alınması üçün yetərli hesab olunmuşdur. İşdən görünür ki, iddiaçı bu sənədlərdən bağ sahəsinin ona verilməsi ilə bağlı müvafiq orderi təqdim etmişdir. Həmin sənəd ləğv edilməmişdir və hazırda qüvvədədir. Belə olan halda aydındır ki, iddiaçının qanuni əsaslarla ona ayrılmış və istifadəsində olan bağ sahəsinə hüquqlarının qeydə alınmasını tələb etmək hüququ mövcuddur. İşdən görünür ki, cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən təqdim edilmiş X1 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsinin İdarənin arxivində aşkar edilmədiyinə istinad etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının təqdim etdiyi order arxivə təhvil verilməsə belə, 433 saylı bağ sahəsinin iddiaçıya verilməsi iş materialları ilə tam təsdiq edilir. Belə ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 233 saylı sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində icarəyə, bağ-tikinti koorperativlərinin və bağçılıq yoldaşlıqlarının tərkibində bağ sahəsi götürmək istəyən vətəndaşların növbəyə götürülmələri və bağ sahələri ilə təmin edilmələri barədə” Əsasnamənin 1-ci hissəsində qeyd olunmuşdur ki, icarəyə, bağ-tikinti koorperativlərinin və bağçılıq yoldaşlıqlarının tərkibində bağ sahəsi götürmək istəyən vətəndaşlar X1 və istismarı birliyində növbəyə götürülürlər. Bu məqsədlə Bağlar təsərrüfatı birliyinin nəzdində komissiya təşkil olunur. Komissiya vətəndaşlar tərəfindən Birliyə tədqim olunmuş sənədlərə baxır və vətəndaşların bağ növbəsinə götürülmələri barədə müvafiq Protokol imzalayır. Protokol imzalanan vaxtdan həmin protokolda qeyd edilmiş vətəndaşlar bağ növbəsinə götürülmüş hesab edilirlər. Həmin Əsasnamənin 2-ci bəndinə əsasən Bakı şəhərində bağ sahələrinin verilməsi hazırkı Əsasnamə ilə həyata keçirilir. Vətəndaşlara bağ sahələri ya idarəyə, ya da bağtikinti koorperativlərinin və bağçılıq yoldaşlıqlarının tərkibində ayrılır. Dövlət imtiyazlı vətəndaşlar bağ sahələri ilə təmin edilmələrində müəyyən üstünlüklərə malikdirlər. Qeyd edilən Əsasnamənin 3.1-ci maddəsinə əsasən, qanuni bağ sahələrinin bir hissəsini və ya bütünlüklə ailə üzvlərinin, yaxud qohumlarının adlarına keçirmək istəyən vətəndaşların sənədlərinə Bağlar təsərrüfatı birliyinin komissiyasında baxılır və müvafiq Protokol imzalanır. Bunun üçün Bağlar Təsərrüfat birliyinə aşağıda qeyd olunan sənədlər təqdim edilir: -Qanuni bağ sahəsi olan vətəndaşın və onun yetkinlik yaşına çatmış ailə üzvlərinin təsdiq edilmiş qaydada rəsmi razılıqları, -Qanuni istifadəsində olan bağ sahəsinin sənədinin əsli, -Bağ sahəsinin bir hissəsini və ya bütünlüklə adına sənədləşdirmək istəyən vətəndaşın ərizəsi, -Yaşayış yerindən 2№-li forma arayışı, -İş yerindən arayış, -Ailə üzvü olduğunu yaxud qohumluq əlaqələrini təsdiq edən sənədlərin surəti və ya kserosurəti. Göründüyü kimi, 1997-ci ildən qüvvəyə minmiş qanunvericiliyə əsasən bağ sahəsi yaxın qohumların adına keçdikdə, bu məsələ protokolla rəsmiləşdirilir. İşin sadalanan hallarından görünür ki, mübahisəli 433 saylı bağ sahəsi iddiaçının babasına, daha sonra atasına, sonuncunun vəfatı ilə bağlı 2005-ci ildə iddiaçının adına rəsmiləşdirilmiş, bu barədə 196/2 saylı daxili protokol tərtib edilmiş və iddiaçının adına 2 saylı order verilmişdir. Deməli, 433 saylı bağ sahəsi həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq iddiaçıya ayrılmışdır. Cavabdeh imtina məktubunda və etirazında həmçinin ünvana texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin sərhədlərinin şərti olduğunu, torpaq sahəsinin bir hissəsinin (530 kv.m.) digər fiziki şəxs tərəfindən hasarlanmış ərazi daxilindən göstərildiyini, yəni torpaq sahəsinin iddiaçının istifadəsində olmadığını bildirsə də, mübahisəli bağ sahəsinə dair iddiaçının adına verilmiş hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğunu, onların ləğv edilməsi ilə bağlı hər hansı bir sübut olmadığını nəzərə almamışdır. Sahənin daxilindən torpaq yol keçməsinə gəldikdə, işdən görünür ki, cavabdeh mübahisəli bağ sahəsinin qonşuluğunda eyni yerləşmə mövqeyinə malik olan torpaq sahəsinə hüququ qeydə almış, bununla da “İnzibati icraat haqqında” Qanunun 12.2-ci maddəsinin tələbini pozmuşdur. Belə ki, həmin normaya əssasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. İşin yuxarıda istinad olunan hallarından isə müəyyən olunur ki, iddiaçı bu əsası, orderi cavabdehə təqdim etmişdir. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı qüvvədə olan etibarlı hüquqmüəyyənedici sənədləri təqdim etməklə istifadəsinə olan bağ sahəsinə yaranmış mülkiyyət hüququnun qeydə alınmasını tələb etməkdə haqlı, cavabdeh isə bu hüququn qeydə alınmasından imtina etməkdə haqsız olmuşdur. Buna görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən sahəsi 0,12 ha olan “433” saylı bağ sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə iddiaçıya dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar