Məhkəmə qərarları › İş №2-1(112)-3743/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3743/2023

06.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3743/2023 06.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının nümayəndəsi Nümayəndə, İddiaçının vəkili X1, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 1630/2022 saylı, xx.xx.2022-ci il tarixli bildirişini əsas götürərək Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şossesi, 58-ci km ünvanında yerləşən 110B saylı qeyri-yaşayış binası üzərinə cavabdeh tərəfindən məhdudiyyət qoyulmasının qanunsuz hesab edilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şossesi, 58-ci km ünvanında yerləşən 110B saylı qeyri-yaşayış binası üzərinə cavabdeh tərəfindən qoyulmuş məhdudiyyətin götürülməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şossesi, 58-ci km ünvanında yerləşən 227,9 kv.m sahəsi olan qeyriyaşayış binası mülkiyyətindədir. Ona dair cavabdeh tərəfindən xx.xx.2019-cu il qeydiyyat tarixli 19084267 qeydiyyat nömrəli çıxarış verilmişdir. Həmin qeyri-yaşayış sahəsini Güləliyev Güləli Mehbulla oğlu qanunsuz zəbt edərək istifadə etdiyindən Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Qaradağ Rayon Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli, 2(002)-157/2020 saylı qətnaməsi ilə iddiası təmin edilmişdir. G.Güləliyev həmin qətnamədən apellyasiya və kassasiya şikayətləri vermiş, şikayətləri təmin edilməmişdir. Qətnamə qanuni qüvvəsini almış və icra olunmuşdur. Bundan sonra G.Güləliyev mübahisəli ünvanla bağlı hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi, müqavilənin və çıxarışın ləğv edilməsi tələbi ilə bağlı müraciət etmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2115/2022 saylı qərarı ilə ərizəsi təmin edilməmişdir. Həmin qərardan G.Güləliyev apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1630/2022 saylı qərarı ilə şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasında işə baxılarkən ona məlum olmuşdur ki, mülkiyyətində olan qeyri-yaşayış binasının üzərinə məhdudiyyət qoyulmuşdur. Bununla bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Məlum olmuşdur ki, məhdudiyyət məhkəmə tərəfindən deyil, cavabdeh tərəfindən qoyulmuşdur. Məhdudiyyətin götürülməsi ilə bağlı cavabdehə rəsmi ərizə ilə müraciət etmişdir. Cavabdeh tərəfindən ona ünvanlanmış **********31 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1630/2022 saylı inzibati işi ilə bağlı sözügedən qeyriyaşayış binası üzərində müvafiq qeydlər aparılmışdır. Qeyd olunan məhkəmə mübahisəsinin yekunlaşması barədə məlumat idarəyə daxil olacağı təqdirdə müraciətinə qanunamüvafiq qaydada baxılacaqdır. Məhkəmənin 06 mart 2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1630/2022 saylı, xx.xx.2022-ci il tarixli bildirişini əsas götürərək Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şossesi, 58-ci km ünvanında yerləşən 110B saylı qeyri-yaşayış binası üzərinə cavabdeh tərəfindən məhdudiyyət qoyulmasının qanunsuz hesab edilməsi” kimi dəyişdirilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********31 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1630/2022 saylı inzibati işi ilə bağlı sözügedən qeyri-yaşayış binası üzərində müvafiq qeydlər aparılmışdır. Qeyd olunan məhkəmə mübahisəsinin yekunlaşması barədə məlumat idarəyə daxil olacağı təqdirdə müraciətinizə qanunamüvafiq qaydada baxılacaqdır. Cavabdeh iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı müvafiq tələblə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1630/2022 saylı inzibati işi ilə bağlı sözügedən qeyri-yaşayış binası üzərində müvafiq qeydlər aparılmışdır. Qeyd edilən məhkəmə işləri üzrə qanuni qüvvəyə minmiş yekun məhkəmə aktları (əsli və ya təsdiq edilmiş surəti) və bu barədə məlumat rəsmi qaydada məhkəmədən 1 saylı Bakı Ərazi idarəsinə daxil olacağı təqdirdə ərizəyə qanunamüvafıq qaydada yenidən baxılacağı ilə bağlı iddiaçıya **********28 saylı, xx.xx.2022-ci il və **********31 saylı, xx.xx.2022-ci il və tarixlərdə cavab məktubları ünvanlanmışdır. ünvan 1i qərarı ilə iddiaçı Güləliyev Güləli Mehbulla oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi, İddiaçı və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla hərracın nəticələrinə dair protokolun etibarsız hesab olunması, müqavilənin və çıxarışın ləğv olunmasına dair iddiası Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şossesi, 58-ci km, 110B ünvanında yerləşən 227,9 kv. metr olan 5/2 saylı dükana dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə Aksion Mərkəzinin 26/1 saylı 09 iyul 2019-cu il tarixli hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (“Satıcı”) ilə İddiaçı (“Alıcı”) arasında bağlanmış 10 iyul 2019-cu il tarixli 4377 saylı müqavilənin ləğv edilməsi hissələrində təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1630/2022 saylı 19 avqust 2022-ci il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, ünvan 1i qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1630/2022 saylı 19 avqust 2022-ci il tarixli qərarından Güləliyev Güləli Mehbulla oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. Bununla əlaqədar, Azərbaycan Respublikasının Ali Məhkəməsindən 2- 1(102)-2248/2022 saylı xx.xx.2022-ci il tarixli bildiriş daxil olmuş, lakin yekun məhkəmə aktı 1 saylı Bakı Ərazi İdarəsinə daxil olmamışdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.5-ci maddəsinə əsasən daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 21.2-ci maddəsinə əsasən daşınmaz əmlaka dövlət qeydiyyatına alınmış hüquqlar barədə məhkəmədə mübahisə olduqda, bu barədə dövlət reyestrində iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi haqqında məhkəmənin arayışı əsasında müvafiq qeydlər edilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il) əsasən Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi, Salyan şossesi 58-ci km ünvanında yerləşən 110B saylı qeyri-yaşayış binası İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şossesi, 58-ci km ünvanında yerləşən 110B saylı qeyri-yaşayış binasına dair xx.xx.2019-cu il tarixdə olan vəziyyətinə əsasən texniki pasport tərtib edilmişdir. AZ-İ seriyalı 081883 saylı xx.xx.2003-cü il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, Nümayəndə və İddiaçı nikaha daxil olmuşlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5508/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə Güləliyev Güləli Mehbulla oğlunun kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2-1(103)- 3967/2020 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-2115/2022 saylı qərarı ilə Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Salyan şossesi 58-ci km 110B ünvanında yerləşən 227.9 kvşmetr olan 5/2 saylı dukana dair xx.xx.2019-cu il tarixli 26/1 nömrəli hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi barədə iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1630/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Güləliyev Güləli Mehbulla oğlunun apellyasiya şikayəti təmin edilməyərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2115/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2(102)-78/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Güləliyev Güləli Mehbulla oğlunun kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1630/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2-2883/2023 **********83 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, xx.xx.2023-cü il tarixinə olan məlumata əsasən qeyd olunan qeyri-yaşayış binasına dair Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 1630/2022 saylı, xx.xx.2022-ci il tarixli bildirişi idarəyə daxil olmuş və bağlı sözügedən qeyri-yaşayış binası üzərində müvafiq qeydlər aparılmışdır. Bakı Apellyasiya 19 avqust 2022-ci il tarixli 2-1 (103)-1630/2022 saylı qərarından iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Bununla əlaqədar, Azərbaycan Respublikası Ali Məhkəməsindən 2-1(102)-2248/2022 saylı, xx.xx.2022-ci il tarixli bildiriş daxil olmuş, lakin yekun məhkəmə aktı 1 saylı Bakı Ərazi İdarəsinə daxil olmamışdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 21.2-ci maddəsinə əsasən daşınmaz əmlaka dövlət qeydiyyatına alınmış hüquqlar barədə məhkəmədə mübahisə olduqda, bu barədə dövlət reyestrində iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi haqqında məhkəmənin arayışı əsasında müvafiq qeydlər edilir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən iddiaçıya ünvanlanmış 67/43981 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, iddiaçı Güləliyev Güləli Mehbulla oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi, İddiaçı və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla hərracın nəticələrinə dair protokolun etibarsız hesab olunması, müqavilənin və çıxarışın ləğv olunması tələbinə dair Bakı İnzibati Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 2-1(112)-2115/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılan zaman Qobustan qəsəbəsi, Salyan şossesi 58-ci km 110B ünvanda yerləşən ümumi sahəsi 227.9 kv. metr olan 5/2 saylı dükana dair hər hansı bir məhdudiyyət qoyulmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının vəkili və nümayəndəsi iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın təmin edilməməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü İddianın növü müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddiadır. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.4-cü maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkündür. III. Məhkəmənin mövqeyi X4 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland). X4 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 14.5-ci maddəsinə əsasən daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən daşınmaz əmlaka dövlət qeydiyyatına alınmış hüquqlar barədə məhkəmədə mübahisə olduqda, bu barədə dövlət reyestrində iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi haqqında məhkəmənin arayışı əsasında müvafiq qeydlər edilir. Həmin qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; [29] 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmə qeyd edir ki, iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şossesi, 58-ci km ünvanında yerləşən 110B saylı qeyri-yaşayış binası üzərinə məhdudiyyətin qoyulmasına dair qanunvericiliklə müəyyən edilmiş əsaslar və ya bu barədə məhkəmənin qərarı olmadığından cavabdeh tərəfindən iddiaçının mülkiyyətdən maneəsiz istifadə, sahiblik və sərəncam vermək hüquqlarına qanunsuz müdaxilə edilmiş və iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.2-ci maddəsinə əsasən müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1630/2022 saylı, xx.xx.2022-ci il tarixli bildirişini əsas götürərək Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şossesi, 58-ci km ünvanında yerləşən 110B saylı qeyri-yaşayış binası üzərinə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhdudiyyət qoyulması qanunsuz hesab edilməlidir. Həmin Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1630/2022 saylı, xx.xx.2022-ci il tarixli bildirişini əsas götürərək Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şossesi, 58-ci km ünvanında yerləşən 110B saylı qeyri-yaşayış binası üzərinə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhdudiyyət qoyulması qanunsuz hesab edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar