Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3743/2024 28.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi X5, üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs “Malbi” firması, X4) qarşı plan və ölçünün verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Salyan şossesi 32 ünvanda yerləşən 1200 kv.m torpaq sahəsinə plan və ölçünün verilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bələdiyyənin sərəncamı əsasında ona torpaq sahəsi ayrılmışdır. Plan və ölçünün verilməsi barədə müraciət etsə də, müraciətin təmini barədə məlumat verilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-105/14 nömrəli iş üzrə 06 mart 2014-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Sonradan ərizəçi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinin ərizəsi üzrə həmin qərarın ləğv edilməsi, iş üzrə icraatın təzələnməsi və Bakı Şəhər Ərazi İdarəsinin üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. Məhkəmənin qərardadı ilə 1200 kv.m torpaq sahəsinə plan və ölçü sənədinin verilməsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə həvalə edilməsi formasında iddiaya dəqiqləşmə ərizəsi icraata qəbul edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-8/2017 nömrəli iş üzrə qəbul etdiyi 20 aprel 2017-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin edilmiş, iddia rədd edilmişdir Həmin qərardan verilmiş kassasiya şikayətinə əsasən işə baxan Ali Məhkəmənin qərarı ilə şikayət qismən təmin edilərək baxılması üçün iş apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qərardadı ilə apellyasiya şikayətinin geri götürülməsi barədə ərizə təmin edilərək, apellyasiya icraatına xitam verilmişdir. Sonradan “Malbi” firması üçüncü şəxs qismində icraata cəlb edilmə və qərarın ləğv edilərək mahiyyətin təzələnməsi barədə ərizə vermişdir. Bakı İnzibati Məhkəməsinin 22 may 2023-cü il tarixli qərardadı ilə 2-1(81)-8/2017 saylı inzibati mübahisəyə dair iş üzrə icraata “Malbi” firması üçüncü şəxs qismində cəlb edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-8/2017 saylı saylı, 20 aprel 2017-ci il tarixli qərarı ləğv edilməsi, hazırki işə mahiyyəti üzrə baxılması təzələnməsi qərara alınmışdır. Məhkəmə iddia ərizəsini və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan: Səbail Bələdiyyəsinin 30 dekabr 2004-cü il tarixli sərəncamından görünür ki, Bakı ş, Salyan şossesi 32 ünvanda 1200 kv.m torpaq sahəsi iddiaçıya ayrılmışdır. Ekspert rəyində qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsi dövlət mülkiyyəti torpaqlarına aiddir. Çıxarışdan görünür ki, iddiaçıya plan və ölçünün verilməsi barədə iddiası üzrə çıxarılmış məhkəmə qərarı əsasında Salyan şossesi 32 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinə mülkiyyət hüquqları qeydiyyata alınmışdır. İcarə müqaviləsindən görünür ki, Şahinbağ yaşayış sahəsində Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 30000 kv.m torpaq sahəsi “Malbi” firmasının icarəsinə verilmişdir. DTXK-nin kadastr planından görünür ki, adıçəkilən torpaq sahəsinə sərəncam və müqavilə əsasında kadastr planı tərtib edilmişdir. Alqı-satqı müqaviləsi və çıxarışdan görünür ki, 1200 kv.m torpaq sahəsinin 600 kv.m hissəsi X1, həmin hissədə onun adına qeydiyyata alınmışdır. Digər iş üzrə verilmiş ekspert və mütəxəssis rəylərində qeyd edilmişdir ki, “Malbi” firmasına icarəyə verilmiş torpaq sahəsi ilə iddiaçıya verilmiş torpaq sahəsi üst-üstə düşür. Ali Məhkəmənin 18 iyul 2024-cü il tarixli qərarından görünür ki, üçüncü şəxs tərəfindən verilmiş mübahisəli torpaq sahəsinə dair bələdiyyə qərarının ləğv edilməsinə dair iddianın təmin edilməsi barədə qərarın qüvvədə saxlanılması barədə Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv edilmiş, iş baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). Nəzərə alınmalıdır ki, hər hansı bir iddiaya mahiyyəti üzrə baxılması üçün iddiaçının iddia tələbinin təmin olunmasında hüquqi marağı olmalıdır. Hüquqi maraq şəxsin çatmağı arzuladığı məqsədin nədə ifadə edilməsini ehtiva edir. Məhkəmə qeyd edir ki, iddiaçının hüququ marağının mövcud olub-olmamasının müəyyən edilməsi iddianın mümkün olubolmamasının müəyyən edilməsi ilə birbaşa asılılıqdadır. Yəni, iddiaçının iddia qaldırmaqda hər hansı hüquqi marağı mövcuddursa, başqa sözlə qaldırılan iddia onun hüquq və mənafelərinin müdafiəsi ilə bağlı qaldırılmışdırsa iddia mahiyyəti üzrə qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, mübahisəli 1200 kv.m torpaq sahəsi üzrə iddiaçının mülkiyyət hüququnun mövcudluğu barədə mübahisə üzrə qərar qəbul edilmədən, plan və ölçünün verilməsi üzrə hüquqi marağın mövcudluğundan söhbət gedə bilməz. Plenum Qərarının açıq tələbindən də göründüyü kimi iddianın təmin edilməsinin nəticəsi, hüquqi müdafiəyə ehtiyac, düzgün hüquqi müdafiə vasitəsi, əlverişli iddia növü, onun çatmaq istədiyi məqsədlə əlaqədardır. Əgər verilmiş iddianın uğurlu olması halında belə iddiaçının çatmaq istədiyi məqsədə nail olmaq mümkün olmursa, iddia uğurlu olsa belə düzgün hüquqi müdafiə vasitəsi, o cümlədən əlverişli iddia növü hesab edilmirsə, həmin iddianın mahiyyəti üzrə qiymətləndirilməsi istisna edilməlidir. Hazırkı işin faktiki hallarından da göründüyü kimi inzibati mübahisə plan və ölçü sənədinin verilməsi ilə əlaqədardır. Nəzərə alınmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınması, ümumiyyətlə mülkiyyət hüququna dair qeydlər üzrə hazırkı inzibati məhkəmə praktikasında mövcud iddialardan fərqli olaraq, plan və ölçünün verilməsi üzrə iddialar Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə qarşı qaldırılırdı. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 6 sentyabr tarixli, 576 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq məhkəmə qərarının qəbul edildiyi dövr üzrə plan və ölçü sənədinin verilməsi üzrə səlahiyyətli qurum kimi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi çıxış etməkdə idi ki, iş materiallarından da göründüyü kimi həmin qurumun ləğvi ilə əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi sonradan həmin işə qoşulmuş, son nəticədə məhkəmə tərəfindən plan və ölçünün verilməsi vəzifəsi həmin cavabdehə həvalə edilmişdir ki, göstərilən ləğv edilmə nəzərə alınmaqla plan və ölçünün verilməsinə dair təmin edilən iddianın qərarının icrası faktiki olaraq mülkiyyət hüququna dair qeydin aparılması və mülkiyyət hüququna dair çıxarışın verilməsi ilə yekunlaşılmışdır. Lakin, hazırkı halda, adıçəkilən iddianın təmini barədə qərar ləğv edilmiş, icraya dönüş məsələsi yekun qərar qəbul edilmədiyi səbəbindən həll edilməsə belə, mülkiyyət hüququn qeydinə əsas olmuş məhkəmə qərarı ləğv edilmişdir ki, məhkəmə hazırkı tələbin məhz mülkiyyət hüququna dair qeydlə bağlı olmalı olmasını, plan və ölçünün verilməsi formasında texniki sənədin verilməsinə dair tələbin təmin edilsə belə hüquqi marağa uyğun olmaması iddiaçının diqqətinə çatdırılmışdır ki, iddiaçı tərəfindən hüquqi marağına uyğun olmayan iddianın mahiyyəti üzrə baxılmasında israr edilməsi, məhkəmə hesab edir ki, iddianın mümkün sayılmaması ilə nəticələnmişdir. Nəzərə alınmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 6.1.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı ilə bağlı hərəkətlər: 6.1.1.1. daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının (o cümlədən vərəsəlik nəticəsində əldə edilmiş hüquqların) dövlət qeydiyyatına alınması barədə çıxarışın təqdim olunması;[18] 6.1.1.2. daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi. Göründüyü kimi daşınmaz əmlaka dair texniki sənədlərin verilməsi Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı ilə bağlı hərəkətlərin tərkib hissəsi kimi hüququn qeydiyyatından doğan nəticədir. Hüququn mövcudluğu müəyyən edilmədən, hər hansı sahəyə texniki sənədin verilməsi formasında iddianın düzgün iddia hesab edilməsindən söhbət gedə bilməz. Mövcud inzibati praktikadan da müəyyən edildiyi kimi mülkiyyət hüququnun və ya hər hansı digər hüququn dövlət qeydiyyatına alınmasından sonra çıxarış və plan və ölçü sənədinin verilməsi barədə cavabdehə hər hansı vəzifənin həvalə edilməsi formasında iddialara baxılmaqda və yekun nəticəyə gəlinməkdədir. Hazırkı halda isə, iddiaçı faktiki olaraq mülkiyyət hüququna dair qeydin taleyini qeyri-müəyyən saxlamaqla, həmin hissədə iddia irəli sürməməklə mülkiyyət hüququnun mövcudluğu müəyyən edilməyən torpaq sahəsinə texniki sənədin verilməsini xahiş edir. Bu səbəbdəndir ki, həmin iddianın düzgün iddia növü hesab edilməsindən, iddiaçının hüquqi marağına uyğun iddia xüsusiyyətindən söhbət gedə bilməz. Qeyd olunmalıdır ki, MPM-nin: 236-1.1. İcra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır. 236-1.2. Məhkəmə öz təşəbbüsü ilə icrada dönüş haqqında məsələyə baxmalı və iş üzrə icraatın yekunlaşdığı yeni qətnamədə, yaxud qərardadda onu həll etməlidir. 236-1.3. Məhkəmə ləğv edilmiş qətnamənin icrasında dönüş haqqındakı məsələni həll etməzsə, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin ləğv edilmiş qətnamə və ya qərardad əsasında aparılmış icra onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin icrada dönüş haqqında ərizəsi üzrə məhkəmə qərardad qəbul edir. Bu ərizəyə işdə iştirak edən şəxslər xəbərdar edilməklə, məhkəmə iclasında baxılır. Lakin həmin şəxslərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələni həll etməyə mane olmur. 236-1.4. İcrada dönüş haqqında məsələ üzrə məhkəmə qərardadından şikayət verilə bilər. Nəzərə alınmalıdır ki, dövrün məhkəmə praktikasına uyğun olaraq plan və ölçünün verilməsinə dair iddia üzrə qəbul edilmiş məhkəmə qərarının icrası üzrə İddiaçı Bakı ş, Salyan şossesi 32 ünvanda yerləşən 1200 kv.m torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatı aparılmışdır ki, məhkəmənin göstərilən qərarı ləğv edildiyindən, eləcə də, iddianın təmini halına dair hər hansı qərar da mövcud olmadığından, hazırkı verilmiş iddia mümkün sayılmadığından, icraya dönüş edilməsi barədə tədbir görülməli, mülkiyyət hüququna dair iddiaçının adına aparılmış qeyd ləğv edilməlidir. Lakin, nəzərə alınmalıdır ki, alqı-satqı qaydasında torpaq sahəsinin bir hissəsinə mülkiyyət hüququ digər şəxsin adına qeydiyyata alınmışdır ki, qeydin əsasında alqı-satqı müqaviləsi dayandığından mülki icraat qaydasında qiymət verilməli olan E.Səfərovun adına aparılmış qeydin qüvvəsi məsələsi, hazırkı mübahisə üzrə qərardada və icraya dönüş üzrə qiymətləndirilməməkdədir. Hal-hazırda iddianın qeyri mümkün sayılması alqı-satqı müqaviləsindən əvvəl aparılmış İddiaçı 1200 kv.m torpaq sahəsinə dair aparılmış mülkiyyət hüququna dair qeydlə əlaqədardır ki, məhkəmə hesab edir ki, icraya dönüş üzrə həmin qeyd ləğv edilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. İcrada dönüş üzrə Bakı ş, Salyan şossesi 32 ünvanda yerləşən 1200 kv.m torpaq sahəsinə dair İddiaçı adına aparılmış mülkiyyət hüququna dair qeydin ləğv edilməsi cavabdehə həvalə edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-3743/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3743/2024
28.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver