Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3746/2022 28.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı1 (ünvan 1 ünvanında qeydiyyatda olan) iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehə qarşı “adın dəyişdirilməsinə icazə verilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21 fevral 2016-cı il tarixdə Bakı şəhərində anadan olmuş X3 aid AZ-111 seriyalı, 721333 №-li doğum haqqında şəhadətnamədə düzəliş edilməsi, “Emilya” adının “Emiliya” adı ilə əvəz edilməsi vəzifəsinin cavabdehin üzərinə bir vəzifə kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək məhkəmədən, 21 fevral 2016-cı il tarixdə Bakı şəhərində anadan olmuş X2 “Emilya” adının “Emiliya” adı ilə dəyişdirilməsinə icazə verilməsi öhdəliyinin Cavabdehin üzərinə bir vəzifə kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, onlar 26 aprel 2011-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Həmin nikahdan iki övladları var, 16 fevral 2012-ci il təvəllüdlü Yusif və 21 fevral 2016-cı il təvəllüdlü Emilya. Kiçik övladları Emilya üçün 3 saylı Bakı "ASAN Xidmət" markəzindən doğum haqqında şəhadətnamə alarkən valideynlərin hər ikisi təklikdə uşağın adının Emiliya qoymaq istədiklərini bildirmiş, lakin, mərkəzin əməkdaşı həmin adın Azərbaycan dilində Emilya yazıldığını qeyd etmişdir. Bu yaxınlarda iddiaçıların qızlarının 6 yaşı tamam olur və valideynlər başa düşürlər ki, övladlarının adı Emilya deyil, Emiliya yazılmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən Bakı şəhəri Cavabdehə müraciət etmişlər, lakin Nərimanov RİH başçısı tərəfindən iddiaçıların müraciətlərinin təmin edilməsindən imtina edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İşdə iştirak edən şəxslərə şifahi məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh nümayəndəsini məhkəmə iclasına göndərməmiş, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normalarına əsasən tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçıya verilmiş xx.xx.2021-ci il tarixli, A- 148-164 saylı imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış, bildirilmişdir ki, iddiaçıların azyaşlı övladlarının adının onun mənafeyinə zidd olduğu barədə Komissiyaya əsaslı sübutlar təqdim edilmədiyindən Komissiya, sözügedən məsələnin həllini məqsədəmüvafiq hesab etmir. İşdə olan AZE******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1989-cu il tarixdə anadan olmuşdur. İşdə olan AZE14346087 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1989-cu il tarixdə anadan olmuşdur. İşdə olan AZ-İ № 657803 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 ilə X1 arasında 26 aprel 2011-ci il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Ağayev, arvada Ağayeva soyadı verilmişdir. Beləliklə işin hallarından görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X3 valideynlərinin “Emilya” adı verilmişdir. Hazırki iddia tələbi üzrə iddiaçılar övladlarının adının “Emilya”dan “Emiliya”ya dəyişdirilməsinə icazə verilməsi ilə bağlıdır. Bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciətin təmin edilməsindən əsassız olaraq imtina edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin İİ hissəsinə əsasən qanunla nəzərdə tutulmuş hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Mülki Məcəllənin 26.1 və 26.4-cü maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” xx.xx.2000-ci il tarixli 279 №li Fərmanının 2.9-cu bəndinə müvafiq olaraq həmin Məcəllənin 53.4, 54.1-54.3-cü maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının həyata keçirildiyi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.1-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 53.4-cü maddəsinə əsasən valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. İş materiallarına münasibətdə məhkəmə qeyd edir ki, uşağın anası İddiaçı2 16 noyabr 2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizə verərək, xx.xx.2016-cı il təvəllüdlü azyaşlı qızı X2 adının “Emilya” adından “Emiliya” adına dəyişdirilməsinə razı olduğunu bildirmişdir. Göründüyü kimi uşağın anası olaraq İddiaçı2 da uşağın atası İddiaçı1 ilə birlikdə uşağın adının dəyişdirilməsinə razıdır. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçıların övladlarının dəyişdirmək istədikləri “Emiliya” adı gülünc səslənməyən ad olmaqla, onun cinsinə, şəxsiyyətinə uyğun gəlir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının müddəalarına görə: 1.3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin adı addan, ata adından və soyaddan ibarətdir; 1.5. Adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər; 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir; 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir; 6.18. Adın, ata adının və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə, qeydiyyat şöbəsi və ya konsulluq bundan imtina edilməsi barədə bu Qaydaların 1.5-ci bəndində nəzərdə tutulan qərarı çıxarır, 5 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün həmin qərarın bir nüsxəsini təqdim etdiyi sənədlərlə birlikdə ona qaytarır. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. Məhkəmə ilk növbədə qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarına istinadla qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyi adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı məsələdə qanuni bir marağı olduğu halda hər kəsin prinsip olaraq bu hüquqa malik olduğu ilə bağlı tənzimləmə gətirmişdir. Buna görə, sözügedən məsələdə qanunvericiliklə təsbit edilmiş qayda ondan ibarətdir ki, hər kəs qanunvericilikdən irəli gələn konkret hallar istina olmaqla adın, ata adının və soyadın dəyişdirilməsi hüququna malikdir. Şəxsin bu hüququnun reallaşdırılmasından imtina edən dövlət orqanları buna maneə təşkil edən konkret halların mövcudluğuna istinad etməli və imtina qərarlarını qanunvericiliyin konkret müddəalarına istinadla əsaslandırmalıdırlar. Məhkəmə həmçinin qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən sözügedən məsələyə şəxsi həyata və ailə həyatına hörmət hüququnu tənzimləyən 8-ci maddənin kontekstindən yanaşılır. Avropa Məhkəməsinin yerləşmiş presedent hüququna görə bir şəxsi adını (soyadını) dəyişdirməyə sövq edən ciddi səbəblər ola biləcəyini diqqətə alan AİHM, dövlət öz təşkilati sisteminin normal fəaliyyətini təmin etməyə yönəlmiş legitim marağa sahib olduğundan çıxış edərək əhalinin dürüst qeydiyyatının aparılması, şəxsi kimliyin müəyyən olunması və/və ya müəyyən bir adı (soyadı) daşıyanların müəyyən bir ailə bağılılıqlarının qurula bilməsi kimi ictimai marağın tələbləri nəzərə alındığında ad (soyadı) dəyişdirmə imkanına qanuni məhdudiyyətlər gətirilə biləcəyini qeyd etmişdir. Bununla belə, AİHM-in dəfələrlə ifadə etdiyi kimi, 8-ci maddənin əsl məqsədi qoruma altına alınan hüququn istifadə olunmasında dövlət orqanlarının istədiyi kimi müdaxilə etməsinə qarşı şəxsi qorumaqdır. Bu zaman dövlətlər əlavə olaraq həm də şəxsi həyatın qorunmasına “hörmət” göstərilməsini təmin edəcək pozitiv öhdəliklər də daşıyırlar. Bununla yanaşı, bu sahədə razılığa gələn Dövlətlər hər nə qədər geniş mülahizə səlahiyyətinə sahib olsalar da, AİHM şəxsi həyata və ailə həyatına hörmət hüququna gətirilən məhdudiyyətin “zəruriliyinin” inandırıcı olub-olmadığını dəyərləndirmək üçün xüsusilə yerli hakimiyyət orqanları tərəfindən təqdim olunan və yerli məhkəmələr tərəfindən müraciəti rədd etmək üçün istinad olunan əsası rəhbər tutmaqdadır. Beləliklə, AİHM adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı şəxslərin müraciətlərinin təmin edilməsindən dövlət orqanları tərəfindən imtina edilməsi məsələsinə yanaşmada onların şəxsi həyata hörmət göstərilməsi hüquqlarını istifadə etmələrinə müdaxilə təşkil etdiyi prinsipindən hərəkət edir. Müvafiq olaraq AİHM-in yerləşmiş presedent hüququna görə bu cür bir müdaxilə bir məqsəd ya da məqsədlərə çatmaq üçün “qanunla nəzərdə tutulduğu”, 8-ci maddənin 2-ci bəndi baxımından bir və ya birdən çox qanuni (legitim) məqsədə yönəlmiş olduğu və bu məqsədlərə çatmaq üçün “demokratik bir cəmiyyətdə zəruri olduğu” halda Konvensiyaya zidd hesab edilmir. Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə qeyd edir ki, adın dəyişdirilməsi ilə bağlı məsələ şəxsi həyata və ailə həyatına hörmət hüququ çərçivəsindən qiymətləndirilməli olan konstitusion hüquqdur. Ona görə də, həmin hüququn məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, gətirilmiş məhdudiyyət qanunda konkret göstərilmiş legitim məqsədlərə nail olmağa yönəlməli, arzu edilən nəticə ilə tətbiq edilən vasitə mütənasib olmalı və belə məhdudiyyət konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. İş materiallarından da görünür ki, uşağın hər iki valideyni onun adının “Emilya” adından “Emiliya” adına dəyişdirilməsinə razılıqlarını ifadə etmişlər. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçıların məqsədi əslində övladlarının adının başqa ada dəyişdirilməsi deyil, məhz əvvəlki ada hərf əlavə edilməsindən, yəni “Emilya” adının “Emiliya” adına düzəldilməsindən ibarətdir. Başqa sözlə məqsəd adın düzgün ifadə tərzi ilə, o cümlədən düzgün səslənməsi ilə bağlıdır ki, bu qəbildən olan dəyişikliyin edilməsi üçün qanunvericiliklə hər hansı qadağa nəzərdə tutulmamışdır. Beləliklə məhkəmə hesab edir ki, 21 fevral 2016-cı il tarixdə Bakı şəhərində anadan olmuş X2 “Emilya” adının “Emiliya” adı ilə dəyişdirilməsi işin hazırkı vəziyyətində mümkün olduğundan, bununla bağlı müvafiq qərar qəbul edilməsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 33.1, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. 21 fevral 2016-cı il tarixdə Bakı şəhərində anadan olmuş X2 “Emilya” adının “Emiliya” adı ilə dəyişdirilməsinə icazə verilməsi öhdəliyi Cavabdehin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-3746/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3746/2022
28.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver