Məhkəmə qərarları › İş №2-1(112)-375/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-375/2021

16.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-375/2021 16.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı, Laçın rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi tələbinə tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1990-1992-ci illərdə Laçın rayonun Quşçu kənd könüllü özünmüdafiə dəstələrinin tərkibində, erməni qəsbkarlarına qarşı aparılan döyüş əməliyyatlarında iştirakına görə ona "Müharibə veteranı” adı verilməsini cavabdehin üzərinə öhdəlik kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1970-cu ildə Azərbaycan Respublikası Laçın rayon Quşçu kəndində anadan olmuşdur. Orta məktəbi bitirib hərbi xidmətə yollanmışdır. Xidmətdən sonra döğma rayonuna qayıdıb, rayon Hərbi Komisarlığında ehtiyatda olan hərbi mükəlləfiyyətli şəxs kimi qeydiyyata alınmışdır. Bir müddət Laçın rayon kənd orta məktəbində ilkin hərbi hazırlıq fənnləri üzrə müəllim vəzifəsində işləmişdir. 1988/89-cu illərin məlum hadisələri zamanı yaşadığı Laçın rayon Quşçu kəndi Ermənistanla həmsərhəd ərazidə yerləşdiyindən düşmən tərəfdən tez-tez silahlı basqınlara məruz qalırdı. Həmin vaxtlar Respublikada vahid ordu formlaşmadıgından, o da rayonun qeyrətli övladlarından biri kimi hərbi xidmətdən qayıtdıqdan sonra silaha sarılaraq, könüllülər tərəfindən yaradılan dəstələrə daxil olub torpaqları müdafiə edir, düşmənin silahlı basqınlarından qoruyurdular. Onlar düşmənlə həmsərhəd ərazilərdə mühafizə postları və müdafiə istehkamları qurur, ərazi icra nümayəndəliyində tərtib olunmuş siyahılar üzrə postlarda növbə ilə keşik çəkir, düşmən təxribatlarının qarşısını alırlar. Yaşadığı Quşçu kəndindən əlavə qonşu Sadınlar, Mirik və s. ərazilərdə torpaqları qorunması uğrunda gedən ağır döyüşlərdə iştirak etmişdir. 1992-ci ilin may ayında Laçın rayonunun işğalı nəticəsində öz ata-baba yurdundan məcburi didərgin düşüb Ağcabədi rayonunda məskunlaşmış, sonra oradan köçüb hazırda yaşadığı Xəzər rayon Buzovna qəsəbəsinə gəlmişlər, ailəlikcə “Qaçkınkom” tərəfindən qeydiyyata götürülmüşdür. Ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş şəxslərə hərtərəfli qayğı və diqqət göstərilir, bunun nəticəsidir ki, həmin vaxtlarda onunla bərabər döyüşərdə iştirak etmiş, döyüşçü yoldaşlarının çoxu “müharibə veteranı” adını almışlar. O də bununla bağlı illərdir ki, cavabdeh orqana müraciətlər etmişdir. Hər dəfə də həmin idarəninin əməkdaşları onu müxtəlif bəhanələrlə aldadırlar. Sonda isə bildirmişlər ki, könüllü özünmüdafiə dəstələrinin tərkibində, erməni qəsbkarlarına qarşı aparılan döyüşlərdə iştirakına dair, Rayon İcra Hakimiyyətindən döyüş əməliyyatları aparılan illərə aid arxiv sənədləri (əmrdən çıxarış və digər sənədlər) və ya müvafiq məhkəmə qərarı olmadığı üçün ona “müharibə veteranı” adı verilməsi mümkün deyildir. Göstərilənlərə əsaslanaraq müvafiq tələbi ilə bağlı Bakı şəhər Xəzər rayon məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx xxxxx 2019-cu il tarixli qənaməsilə tələbi təmin edilərək, 1990-cı ildən 1992-ci ilə kimi Laçın rayonunda könüllü özünmüdafıə dəstələrinin tərkibində erməni qəsbkarlarına qarşı aparılan döyüş əməliyyatlarında iştirak etməyi faktının, müəyyən edilmiş hesab olunması qət olunmuşdur. Lakin bundan narazı olan tərəf müvafiq apelyasiya şikayəti vermiş və Bakı Apelyasiya Məhkəməsinin müvafiq qərarı ilə apelyasiya şikayəti qismən təmin olunmuş və ona izah olunmuşdur ki, cavabdeh tərəfin hərəkətsizliyi ilə bağlı İnzibati-İqtisad Məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikası Laçın rayon İcra Hakimiyyəti Başçısı Aparatı tərəfindən xx xxxxxx 2017-ci il tarixli, N-9/603 saylı arayışında onun 1990-ci ilin noyabr ayından 1992-ci ilin may ayına kimi Laçın rayonunda könüllü özünmüdafıə dəstələrinin tərkibində, erməni qəsbkarlarına qarşı gedən döyüşlərdə birbaşa iştirakı göstərilmişdir. Lakin buna baxmayaraq həmin sənədlə əsassız olaraq razılaşmayan cavabdeh, hələ də uzun müddətdir ki, ondan hazırda mövcud olmayan və işğal altında olan bir rayonun İdarəsinini taparaq, arxiv arayışları almağını mütləq şərt kimi qarşıya qoyur ki, faktiki olaraq buda mümkün deyildir. Göründüyü kimi cavabdeh tərəf üzərinə düşən vəzifəni yerinə yetirmək əvəzinə, çoxsaylı müraciətlərinə baxmayaraq ona “müharibə veteranı” adı verməkdən müxtəlif bəhanələrlə yayınır. Cavabdehin qanuna zidd əməlləri nəticəsində qanunla qorunan hüquq və mənafeləri pozularaq məhdudlaşır və bu hal davam etməkdədir. Cavabdeh iddia tələbinə qarşı etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı iddia tələbinin əsası kimi Laçın Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli, N-9/603 müvafiq arayışa istinad edir. Həmin arayışdan başqa iddiaçının döyüşlərdə iştirakını sübut edən hər hansı digər sənəd mövcud deyildir. Həmin arayış isə icra Hakimiyyəti tərəfindən tərtib olunmuş adlı siyahıya əsasən, 2017-ci ildə arxiv sənədləri mövcud olmadan və arxiv sənədlərinə istinad edilmədən tərtib edilmişdir. İddiaçının 1990-cl ilin noyabr ayından 1992-ci ilin may ayına kimi döyüşlərdə iştirak etməsini, məlum hadisələrdən 25 il sonra, yəni 2017-cı ildə tərtib edilmiş siyahı ilə müəyyən edilməsi məhkəmə tərəfindən əsas və sübut kimi götürə bilməz. Həmin siyahı iddiaçının həqiqətən də qeyd etdiyi dövrdə döyüşlərdə iştirak etməsini təsdiq edən mötəbər sübut kimi hesab edilə bilməz. İddiaçı Laçın rayon özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını sübut edən sənədlər olmadığından iddia tələbi təmin edilə bilməz. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: -Azərbaycan Respublikası vətəndaşının AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1970-ci ildə Laçın rayonu, Quşçu kəndində doğulmuşdur, yaşayış yeri Laçın rayonu, Quşçu kəndidir. - Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti Başçısının Buzovna qəsəbəsi üzrə nümayəndəliyinin 1396 №-li, xx.xx.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Naxçıvan küçəsi, döngə 1, sahə evdə qeydiyyatsız yaşayır. - Laçın rayonu İcra Hakimiyyəti başçısı aparatının 9/603 №-li, xx.xx.2017-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən 1990-cı ilin noyabr ayından 1992-ci ilin may ayına kimi Laçın rayonunda könüllü özünümüdafiə dəstələrinin tərkibində erməni millətçi dəstələrinə qarşı gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Əsas: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-cı ilin fevralın 1-dən 1992-ci il mayın 18dək erməni millətçi dəstələrinə qarşı Laçın rayonu ərazisində aparılan doyuş əməliyyatlarında Quşçu Kənd özünümüdafiə dəstəsinin tərkibində iştirak etmiş müharibə veteranı adı və vəsiqəsi almamış vətəndaşların xx.xx.2017-ci il tarixli adlı siyahısı (sıra nömrəsi 8 ). - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon Bölməsi tərəfindən iddiaçıya ünvanlanan 157 №-li, xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, “Müharibə veteranı” adı və vəsiqəsi verilməsi üçün təqdim etdiyi sənədlərə SHXÇDX-nin nəzdində fəaliyyət göstərək “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi komissiyası”nda baxılmışdır. Könüllü özünümüdafiə dəstələrinin tərkibində iştirak etməyinə dair Rayon İcra Hakimiyyətindən döyüş əməliyyatları aparılan illərə aid arxiv sənədlər (əmrdən çıxarış və ya digər sənədlər) və ya müvafiq məhkəmə orqanının qərarı olmadığı üçün təqdim etdiyi sənədlər geri qaytarılır. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon Bölməsi tərəfindən məhkəməyə ünvanlanan 1310 №-li, xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, 1970-ci il təvəllüdlü Laçın rayon Quşçu kənd sakini İddiaçı Quşçu kənd könüllü özünmüdafiə dəstəsinin tərkibində iştirak edibetməməsi, döyüş əməlliyatları aparan hərbi hissənin və ya orqanın tərkibində xidmətdə olub-olmaması, eləcə də könüllü dəstədə iştirak edən şəxslərin siyahısının, həmçinin hərbi hissənin şəxsi heyətinin siyahısına salınması və silah-sürsatla təmin edilməsi haqqında komandirin əmrlərindən çıxarış barədə SHXÇDX-nin Laçın rayon bölməsində məlumat yoxdur. - Bakı şəhəri Xəzər rayon Polis İdarəsi məhkəməyə ünvanlanmış 05525451-1219 №-li, xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, xx.xx.1970-ci il təvəllüdlü İddiaçı şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edilməsi, əvvəllər məhkumluğunun olması və ona məcburi tibbi xarakterli tədbirlərin tətbiq edilməsi barədə Xəzər RPİ-də hər hansı bir məlumat müəyyən olunmamışdır. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon Bölməsi tərəfindən məhkəməyə ünvanlanan 1032 №-li, xx.xx.2020-ci il tarixli məktubdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, 1966-cı il təvəllüdlü X3 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsi tərəfindən «Müharibə veteranı» adı və vəsiqəsi verilməmişdir. Əlavə olaraq məlumat verilmişdir ki, 1971-ci il təvəllüdlü X1 və 1970-ci il təvəllüdlü X2 «Müharibə veteranı» adı və vəsiqəsi verilmişdir. - Azərbaycan Respublikasının Müdafiəsi Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış 1/vət-16589 №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, X1 və İbrahimov Şahin-Balay oğluna “Müharibə veteranı" adı və vəsiqəsi Müdafiə Nazirliyinin aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya" tərəfindən verilməmişdir. Vətəndaş (istefada olan gizir) xx.xx.1950-ci il təvəllüdlü X2 N nomrəli hərbi hissədə xidmət zamanı xx.xx.1999-cu il tarixli, 35 nömrəli protokol ilə "Muharibə veteranı" adı və M/V-002744 nömrəli vəsiqə verilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli, 216 №-li qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırışı üzrə Dövlət Xidmətinə etdiyi müraciəti ilə bağlı "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarına müvafiq olaraq aparılmalı olan inzibati icraat cavabdeh inzibati orqan tərəfindən tam aparılmamış, iddiaçının izahatı, şahid ifadələri alınmamış, post kitabında adları qeyd olunan digər şəxslərə “müharibə veteranı adı və vəsiqəsi” verilib-verilməməsi, verilmişsə eyni vəziyyətlə bağlı olub-olmaması əsasları araşdırılmamışdır. Həmçinin məhkəmə qeyd edir ki, İddiaçı onunla birlikdə hərbi əməliyyatlarda iştirak etdiklərini və bunu təsdiq edə biləcəklərini iddia etdiyi X1, X2 “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi iş materialları ilə öz təsdiqini tapmışdır. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. - 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. - 22.1-ci maddəsinə əsasən inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. - 28.1.1-ci maddəsinə əsasən iddiaçının ərizəsi inzibati icraatın başlanması üçün əsas kimi çıxış etmişdir. - 28.2-ci maddəsində təsbit edilmişdir ki, bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. - 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. - 45.2-ci maddəsinə əsasən inzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən: sənədlərdən; tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından; şahid ifadələrindən; müvafiq müayinələrin aparılmasından; ekspert rəylərindən; hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan; işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər. - 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. - 47.2-ci maddəsinə əsasən maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. - 52.1-ci maddəsinə əsasən səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh orqan tərəfindən yuxarda qeyd olunan qanunvericiliyin normalarına uyğun inzibati icraat aparılmadığından, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı müvafiq inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. - 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, İddiaçı “Müharibə Veteranı" adı və vəsiqəsi verilməsinə dair müraciəti ilə bağlı müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırışı üzrə Dövlət Xidmətinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi qismən təmin edilsin. İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsi verilməsinə dair müraciəti ilə bağlı müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırışı üzrə Dövlət Xidmətinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar