Məhkəmə qərarları › İş №2-1(112)-375/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-375/2022

15.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-375/2022 15.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı3, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X4 iştirakı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Bakı Şəhər İcra Hakimiyyətinə və Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, "xxxx" MTK və "xxxx" MTK) «sərəncamların ləğv edilməsi və qanunsuz sərəncamların nəticəsində yaranmış hüquqi nəticələrin aradan qaldırılması»na dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 qızının cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı "xxxx" MTKnın sifarişi ilə hazırlanmış layihənin razılaşdırılmasının və təsdiq olunmasının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İddiaçı5 qızının ərizəsinə əsasən məhkəmənin qərardadı ilə onun işdə iddiaçı kimi prosessual iştirakına xitam verilmişdir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 28.1-ci maddəsinə görə iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. İPM-in 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsinin məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirilməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçılar məhkəməyə iddianın və cavabdehin dəyişdirilməsi barədə əlavə ərizə təqdim etmişlər. Ərizədə cavabdehlər kimi Bakı ŞİH, Bakı şəhəri Nərimanov RİH, üçüncü şəxslər qismində AR Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, həmin İdarənin Tikinti və Şəhər Ərazisinin Planlaşdırma Tikinti İdarəsi, AR Fövqəladə Hallar Nazirliyi X1 Baş İdarəsi, X6 Xidməti, "xxxx" MTK, "xxxx" MTK göstərilməklə iddia tələbi aşağıdakı kimi qeyd olunmuşdur: - Bakı şəhəri Nərimanov RİH-in 27 dekabr 2016-cı il tarixli 439 saylı, 13 fevral 2017ci il tarixli 75 saylı və 20 oktyabr 2017-ci il tarixli 422 saylı sərəncamlarının (əlverişsiz sayılaraq) ləğv edilməsi və qanunsuz sərəncamların nəticəsində yaranmış hüquqi nəticələrin aradan qaldırılması; - Bakı Şəhər İcra Hakimiyyəti başçısının 26 dekabr 2014-cü il tarixli 642 saylı və 18 iyul 2017-ci il tarixli 342 saylı sərəncamlarının (əlverişsiz sayılaraq) ləğv edilməsi və qanunsuz sərəncamların nəticəsində yaranmış hüquqi nəticələrin aradan qaldırılması. Məhkəmənin 28 yanvar 2022-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmiş, Bakı ŞİH və Bakı şəhəri Nərimanov RİH inzibati məhkəmə icraatına cavabdeh qismində cəlb edilmiş, AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin işdə cavabdeh qismində prosessual iştirakına xitam verilmiş, AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, "xxxx" MTK və "xxxx" MTK inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. İş üzrə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə və üçüncü şəxslərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı3, iddiaçının nümayəndəsi və cavabdeh Bakı şəhəri Nərimanov RİH-in nümayəndəsi gəlmişlər, digər iddiaçılar, cavabdeh Bakı ŞİH və üçüncü şəxslər (nümayəndələri) gəlməmişlər. Məhkəmə İPM-in müddəalarını rəhbər tutaraq, iclasın onların iştirakı olmadan keçirilməsini mümkün saydı. İş materiallarından görünür ki, cavabdeh Bakı şəhəri Nərimanov RİH-in nümayəndəsi iddianın mümkün sayılmaması barədə məhkəməyə yazılı vəsatət təqdim etmişdir. Vəsatət mübahisə predmeti olan sərəncamlarla bağlı iddia müddətinin ötürülməsi ilə əsaslandırılmışdır. İş üzrə iki cavabdeh inzibati orqandan “iddianın mümkün sayılmaması” barədə vəsatəti yalnız onlardan biri təqdim etsə də, məhkəmə öz təşəbbüsü ilə məsələnin həll edilməsini məğbul bilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 vəsatətin əsassız olduğunu bildirdi və təmin olunmamasını xahiş etdi. O, qeyd etdi ki, cavabdeh tərəfin istinad etdiyi məhkəmə qərarı üzrə mübahisədə hazırkı iddiaçılardan yalnız biri – İddiaçı1 iştirak etmiş, qərarlarda da təkcə onun adı göstərilmişdir. Cavabdeh orqan nəzərdə tutulan müddətdə bina sakinlərini məlumatlandırmamışlar. Bundan başqa, iddia müddətinin tətbiq üçün qarşı tərəfin yazılı müraciəti olmalıdır. Hesab olunur ki, iddia mümkündür. Məhkəmə iclasında iştirak edən İddiaçı3 iddianın mümkün sayılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Bakı şəhəri Nərimanov RİH-in nümayəndəsi X7 bildirdi ki, iddia müddəti buraxıldığından iddia mümkün sayılmamalıdır. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İPM-in 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İPM-in 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İPM-in 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Hazırkı işdə iddia bir neçə tələbdən ibarət olmaqla həmiştirakçılar kimi bir neçə iddiaçı iki cavabdeh inzibati orqana qarşı çıxış edir və tələblər “mübahisələndirmə haqqında” iddiaya uyğundur. Bu qəbildən olan iddialarda isə, mövcud qanunvericilik iddia müddətini nəzrdə tutur və bu müddət kriteriyasına riayət olunmaması mümkünlük şərtinin mövcud olmaması nəticəsini yaradır. Mübahisə predmet olan sərəncamlar 26 dekabr 2014-cü il, 27 dekabr 2016-cı il, 13 fevral 2017-ci il, 18 iyul 2017-ci il və 20 oktyabr 2017-ci il tarixlərdə qəbul olunmuşdur, lakin hazırkı iddiaçılar bu sərəncamları 2022-ci ilin fevral ayında (iddianın dəyişdirilməsi barədə ərizə təqdim edilən vaxt), yəni sərəncamların qəbul olunduğu vaxtdan müvafiq olaraq 7 il, 5 il, 4 il 11 ay, 4 il 7 ay və 4 il 4 ay sonra mübahisələndirmişdir. Mübahisələndirilən sərəncamların iddiaçı tərəfə məlum olması vaxtına gəldikdə isə, sərəncamlarla bağlı tikinti işlərinin aparılması həmin ərazidə yaşayan hazırkı iddiaçılara elə o dövrdə də (2014 – 2017-ci illərdə) məlum idi. Ona görə də, inzibati aktlar onlara “elan” olunmuş sayılmalı və bu səbəbdən də iddia müddətləri buraxılmış kimi qiymətləndirilməlidir. Hətta iddiaçılardan biri müvafiq tikililərlə əlaqədar mülki məhkəmə icraatında baxılan ayrıca işdə proses iştirakçısı kimi çıxış etmişdir. Digər iddiaçılar da hazırda onunla birlikdə iddia qaldırdıqlarından, onların mübahisə predmeti baxımından hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykəndiyindən, sərəncamlardan məlumatsız olmasını təsdiqləyən tutarlı dəlil və sübut gətirilmədiyindən, iddia sərəncamlara münasibətdə iddia müddəti ötürülməklə qaldırılmışdır. İddia müddətinin bərpası ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfin ifadəsindən, müzakirə olunan vəsatətə münaasibətindən və iddia ərizəsindən prosessual müddətin buraxılmasının səbəblərinin üzürlü sayılması üzrə dəlillər təqdim olunmamış kimi qiymətləndirilir. Belə olan halda, iddia müddəti 1 ildən artıq vaxt buraxıldığından, məhkəmə buraxılmış prosessual müddətin bərpası barədə ərizə təqdim olunmasını iddiaçı tərəfə tövsiyə edilməsini məqsədəuyğun saymır. Nəzərə alınmalıdır ki, İPM-in 24.4-cü maddəsində sadalanan “istisna” hallarının mövcudluğu barədə iddiaçının dəlili olmadığından, mübahisənin halları üzrə buraxılmış iddia müddətinin bərpası barədə ərizənin verilməsi də mümkün deyil. Həmçinin nəzərə alınmalıdır ki, mübahisə predmeti olan sərəncamların qanunla müəyyən edilmiş vaxtlarda mübahisələndirilməməsi, təkcə cavabdeh inzibati orqan üçün deyil, üçüncü şəxslər üçün də əlavə nəticələr yaranmasına şərait yaratmış olur. Müvafiq vaxtda mübahisənin qaldırılması isə, başqa şəxslər qarşısında öhdəliklərin genişlənməməsinə səbəb ola bilər. Bununla da, işin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, hər iki cavabdehin mübahisələndirilən sərəncamları üzrə iddia müddətləri buraxılmışdır. Odur ki, məhkəmə hazırkı iddianın mümkün sayılmaması qənaətinə gəlir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar