Məhkəmə qərarları › İş №2-1(112)-3752/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3752/2020

15.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3752/2020 15.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X7 Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı “ünvanlı sosial yardımın yenidən hesablanması” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X7 Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, son iki il ərzində 2018-ci il fevral ayının 1-dən ailəsinə təyin olunmuş ünvanlı dövlət sosial yardımının məbləği məhkəmə yolu ilə yenidən hesablanması və düzgün hesablanmayan məbləğin ailəsinə ödənilməsinin cavabdehə həvalə edilməsi və 2020-ci il fevral ayının 1-dən ailəsinə təyin olunacaq ünvanlı dövlət sosial yardımın adı çəkilən VEMTAS tərəfindən deyil, Məhkəmə yolu ilə hesablanmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı tək ailə başçısıdır. Uşaqları məktəb yaşındadırlar. 2018-ci ilin fevral ayının 1-dən ailəsinə 2 il müddətinə 231 manat 53 qəpik ünvanlı Dövlət Sosial yardımı təyin olunub. Təyinatın düzgün aparılmamasına görə X1 qəbulunda olub. Həmin şəxs bildirib ki, hec kimə 50 manatdan artıq pul təyin etmir. Nazirlikdən ona müraciət etdiyi məktubların tam əksinə olaraq cavab gəlmiş ki, ünvanlı sosial dövlət sosial yardımı almaq üçün köməklik məqsədi ilə Azərbaycan Respublikası Prezident Administrasiyasına məktubla müraciət etmisiz. Daha sonra yenə Nazirlikdən yazdığı məktubun tam əksi olaraq cavab gəlmiş ki, ünvanlı dövlət sosial yardımı almaq üçün köməklik məqsədi ilə Azərbaycan Respublikasının birinci vitse prezidenti Mehriban xanım Əliyevaya məktubla müraciət etmisiniz. Əmək və X6 Nazirliyinin işçiləri ya məktubları oxumurlar, yada o şikayət məktublarını ört-basdır etməyə çalışırlar. Vemtas təyinatı düzgün aparmır. Bu ilin yanvar ayının 31-də yənə də Dünyamalı oğlu Novruzova yazılı müraciət etmiş, bu iki il ərzində ailəsinə təyin olunmuş ünvanlı Dövlət Sosial yardımın məbləği yenidən hesablanması barədə,düzgün hesablanmayan məbləğ ailəsinə ödənilməsini xahiş etmiş, 2020-ci il fevral ayının 1-dən növbəti 2 il üçün ailəsinə təyin olunacaq ünvanlı dövlət sosial yardımı adı çəkilən Vemtas üsulu ilə deyil, aidiyyatı olan işçilər tərəfindən qanun daxilində aparılmasını və bu il fevral ayının 8-də ona Məhərrəm Novruzovdan poçtla cavab məktubu gəlmişdir. Məktubda deyilir ki, ünvanlı Dövlət Sosial Yadımı almaq üçün təyinatı da, məbləği də, Vemtas həll edir. Qeyd edilənlərə əsasən, iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə İPM-in 13-cü (Məhkəmənin yardım etmək vəzifəsi) maddəsini rəhbər tutaraq iddiaçıya “hüquqi yardım” məktubu göndərərək, iddia tələbi üzrə dəqiqləşmənin aparılmasının zəruriliyini bildirmişdir. İş üzrə bir sıra prosedur hərəkətlər edildikdən sonra məhkəmə hazırlıq icraatının növbəti iclası xx xxxxxxxx 2020-ci il tarixə təyin edilmişdir. Məhkəmə məhkəmə hazırlıq icraatının iclasında iddiaçıya İPM 13-cü maddəsinin tələblərindən çıxış edərək iddia tələbinin yönəldiyi əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz olunmasına dair hüquqi yardım göstərmiş, lakin iddiaçı iddia tələbində dəqiqləşmə verməkdən imtina edərək, hazırki inzibati iş üzrə cavab verməli orqanın Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi yanında DSMF-nun Nizami rayon şöbəsi , hətta şöbənin müdiri X3 olduğunu, ünvanlı sosial yardım üzrə məbləğin dəyişdirilməsi ilə bağlı müraciətinə sırf onun imtinası olduğunu bildirmiş, hazırki tələb üzrə iddia tələbinə baxılaraq təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi S.Əhmədova iddia tələbinə etiraz edərək bildirmişdir ki, dövlət ailənin bəyan etdiyi adambaşına düşən orta aylıq gəliri bu qaydalarla müəyyənləşdirilmiş məbləğdən az olduqda müəyyən edilmiş məbləğdə götürülür. YM(30%+11.7%+6.1%)+R+RM. YM-yaşayış minimumu; R, RM-müvafiq olaraq ev telefonu və mobil telefonlar üçün son 12 ayda adambaşına düşən xərclər. Ona görə də İddiaçı iddiası əsassızdır. Həmçinin, iddiaçının tələbi düzgün cavabdehə yönəlməmişdir. Belə ki, hazırki inzibati iş üzrə cavabdehlik daşıyan orqan DSMF deyil, sosial yardımın təyin edilməsi, onun məbləğinin dəyişdirilməsi ilə bağlı səlahiyyətli orqan Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyidir. Qeyd edilənlərə əsasən əsl olmayan cavabdeh əsl cavabdehlə əvəz edilməlidir. Əks halda iddia mümkün sayılmamalıdır. Məhkəmə iş materiallarını araşdırıb aşağdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İşin hallarından görünür ki, hazırki iddia tələbi iddiaçı, ona x xxxxxx 2018-ci il tarixdən təyin olunmuş ünvanlı dövlət sosial yardımın cavabdeh tərəfindən düzgün hesablanmamasına əsaslanaraq, həmin məbləğin məhkəmə yolu ilə hesablanmasını xahiş etmiş, həmçinin xx xxxxxx 2020-ci il tarixdən təyin olunacaq ünvanlı dövlət sosial yardımı adı çəkilən VEMTAS tərəfindən deyil, məhkəmə yolu ilə hesablanmasını barədə tələb irəli sürmüşdür. İlk öncə məhkəmə qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan hər hansı bir iddia hüquqi cəhətdən yoxlanılmalı və iddianın mümkünlüyü və əsaslılığı məsələləri aydınlaşdırılmalıdır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmaması yoxlanılarkən iddiaçının cavabdehə qarşı hər hansı maddihüquqi tələbinin və sonuncunun müvafiq qanunla müəyyən olunan cavabdehliyinin mövcud olub-olmaması araşdırılır. Qaldırılan iddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu isə məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi isə iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, xx xxxxx 2015-ci il tarixli, qərarındakı hüquqi mövqelərə görə 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPMin 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Mübahisə üzrə aydınlaşdırılmalı olan ilk məsələ iddia tələbinin yönəlməli olduğu cavabdehə bağlı məsələdir. İşin hallarından görünür ki, iddiaçı cavabdeh kimi Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi yanında Dövlət X7 Bakı şəhəri, Nizami rayon şöbəsinin müdüri X2 qeyd etmişdir. Halbuki, həmin şəxs inzibati orqan deyildir. “İnzibati orqanların təsnifatının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 saylı Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi yanında Dövlət X7 Bakı şəhəri, Nizami rayon şöbəsinin müdüri inzibati orqan kimi müəyyən olunmamışdır. Hətta DSMF-nun Nizami rayon şöbəsi inzibati orqan olsa belə, həmin şöbə özünün ünvanlı sosial yardımla bağlı məsələlər üzrə hər hansı qərar vermək səlahiyyətinin qanunvericilikdə nəzərdə tutulmadığına istinadla iş üzrə cavabdeh ola bilməyəcəyini göstərmişdir. Hazırkı iddia tələbi üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyidir. Belə ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 6.1-ci maddəsinə əsasən, sosial yardım aztəminatlı ailələrə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. Həmin Qanunun 6.2 və 6.3-cü maddələrinə görə sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları bu Qanuna 3 əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, bu Qanunun 10.1-ci maddəsində nəzərdə tutulan hallardan biri baş verdikdə sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanına 7 gün müddətində məlumat verməlidir. Sosial yardımın təyin olunmamasına, məbləğinin azaldılmasına və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar barədə məlumat verilmədiyi təqdirdə, həmin ailə 1 il müddətinə sosial yardım almaq hüququnu itirir. Həmin Qanunun 10.3-cü maddəsinə görə sosial yardımın verilməsinə təsir edəcək hallar barədə zəruri məlumatların verilməməsi, yaxud ailə tərkibi və ailə üzvlərinin gəlirləri barədə düzgün olmayan məlumatların verilməsi səbəbindən artıq yardım ödənildiyi hallarda, sosial yardım alan ailə artıq ödənilmiş yardımın məbləğini könüllü qaydada müvafiq icra hakimiyyəti orqanına qaytarmalıdır, bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 312 saylı, xx xxxxxx 2005-ci il tarixli Fərmanının 2.3-cü bəndinə əsasən “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 6.1, 10.2 və 10.3-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi həyata keçirir. Qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən, Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi yanında Dövlət X7 şəhər, rayon şöbələrinin səlahiyyətlərinə yalnız kağız üzərində olan müraciətlərin qəbul edilməsi və elektron sistemə daxil edilməsi aiddir. Qanunvericilikdə aşkar şəkildə təsbit edilmişdir ki, istər sosial yardımın təyin edilməsi, istərsə də onun məbləğinin dəyişdirilməsi və ya verilməsinin dayandırılması ilə bağlı səlahiyyət Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyinə məxsusdur. Belə olan halda, Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X7 Bakı şəhəri Nizami rayon şöbəsi onun müdiri arasında publik hüquq münasibətindən irəli gələn inzibati mübahisə yaranmamış, iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulması halı aşkar olunmamış, həmçinin, iddiaçının irəli sürdüyü tələb üzrə Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X7 Bakı şəhəri Nizami rayon şöbəsi və ya onun müdiri cavabdehlik daşımamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Məhkəmə izah edir ki, hazırki iddia tələbi ilə iddiaçının cavabdeh qismində Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi göstərərək, məhkəməyə yenidən müraciət etmək hüququ vardır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X7 Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı “ünvanlı sosial yardımın yenidən hesablanması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim : Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar