Məhkəmə qərarları › İş №2-1(112)-3752/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3752/2024

04.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3752/2024 04.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (anası) X1, Üçüncü şəxs X9, cavabdeh Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi, vətəndaşlıq mənsubiyyətinin tanınması” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiamı təmin edib, Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş 26 sentyabr 2023-cü il tarixində “şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” ******* nömrəli Qərarın ləğv edilməsi və cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsinin üzərinə qızım İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra əsl olmayan iddiaçı X4 əsl İddiaçı ilə əvəz edilmiş, anası X4 qanuni nümayəndəsi kimi nəzərə alınmışdır.

3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı X1 qızıdır. İddiaçı xx.xx.2018-ci il tarixində Rusiya Federasiyasında doğulmuşdur. İddiaçı Rusiya Federasiyasında doğulduğundan, eləcə də atası X2 Federasiyasının vətəndaşı olduğundan qızına Rusiya Federasiyasının vətəndaşlığı verilmişdir. Artıq uzun müddətdir ki, ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. Qızı hal-hazırda Bakı şəhərindəki bağçalardan birinə gedir. Bu səbəbdən qızına xx.xx.2023-ci il tarixində MYİ № ******* nömrəli Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi verilmişdir. Bu yaxınlarda Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Dövlət Miqrasiya Xidməti tərəfindən 26 sentyabr 2023-cü il tarixində “şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” ******* nömrəli Qərar qəbul edilmişdir. Sözügedən qərarda qeyd olunmuşdur ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamalıdır. Belə ki, araşdırma nəticəsində şəxsin digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğu müəyyən edilmişdir. Bu səbəbdən, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasından imtina edilmişdir. Qeyd edim ki, qərarı 7 saylı “ASAN Xidmət” Mərkəzi vasitəsi ilə xx.xx.2023-cü il tarixində almışdır. X4 hesab edir ki, imtina əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 mart 2015-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4-cü bölməsində “şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınan hallar” qeyd olunmuşdur. Həmin hallardan biri də aşağıda qeyd olunmuş haldır: 4.1.5. Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşından (vətəndaşlarından) doğulmuş şəxs; Qeyd edir ki, qızı İddiaçı xx.xx.2018-ci il tarixində Rusiya Federasiyasının Nijeqorod əyalətinin, Nijniy Novqorod şəhərində doğulmuşdur. Bununla əlaqədar olaraq qızına Nijeqorod əyalətinin, Nijniy Novqorod şəhərinin, Kanavin rayon VVAQ Şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixində İİİ-TH № 697883 saylı “doğum haqqında şəhadətnamə” verilmişdir. Bu o deməkdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 mart 2015-ci il tarixli 84 nömrəli qərarı təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.1.5-ci maddəsini əsas tutarsaq əgər İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmalıdır. Çünki, İddiaçı Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşından doğulmuş şəxsdir.

4. İddiaçı nümayəndəsi (anası) X4 tərəfindən məhkəməyə təqdim edilən ərizəyə əsasən əsl olmayan iddiaçı X1 əsl İddiaçı ilə və əsl olmayan cavabdeh Azərbayan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin əsl cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti ilə əvəz edilməsini xahiş etmişdir.

5. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə iddiaçı X1 cavabdeh Azərbayan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinə qarşı “vətəndaşlıq mənsubiyyətinin tanınması” iddia tələbinə dair iş üzrə vəsatət təmin edilmiş, iddiaçı qismində İddiaçı nəzərə alınmış, cavabdeh Azərbayan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsi əsl olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti ilə əvəz edilmiş, Azərbayan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin cavabdeh qismində prosessual iştirakına xitam verilmişdir.

6. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə X18 İddiaçı cavabdeh Dövlət Miqrasiya Xidmətinə qarşı “vətəndaşlıq mənsubiyyətinin tanınması” iddia tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

7. Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli qərara əsasən, xx.xx.2018-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Qərar onunla əsaslandırılmışdır ki, araşdırma nəticəsində şəxsin digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğu müəyyən edilmişdir.

8. İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.2018-ci il təvəllüdlü İddiaçı Rusiya Federasiyasının vətəndaşıdır.

9. İş materiallarına əlavə olunmuş İİİ-TH 697883 nömrəli Doğum haqqında Şəhadətnaməyə əsasən İddiaçı xx.xx.2018-ci il tarixində Rusiya Federasiyası, Nijni Novqorod şəhərində doğulmuşdur. X5 və anası X4 milliyətcə azərbaycanlıdır.

10. İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.2007-ci il təvəllüdlü X12 Rusiya Federasiyasının vətəndaşıdır.

11. “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışa əsasən iddiaçının bacısı X12 Azərbaycan Respublikasının vətəndaşıdır.

12. İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.2004-cü il təvəllüdlü X13 Rusiya Federasiyasının vətəndaşıdır.

13. “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışa əsasən iddiaçının bacısı X13 Azərbaycan Respublikasının vətəndaşıdır.

14. Azərbaycan Respublikası Miqrasiya Xidməti tərəfindən məhkəməyə təqdim olunan sərhədkeçmə məlumatlarına əsasən İddiaçı xx.xx.2018-ci il tarixdən etibarən müxtəlif vaxtlarda Rusiya Federasiyasının vətəndaşı olaraq Azərbaycan Respublikasının ərazisinə giriş-çıxış etmişdir.

15. Cavabdeh tərəfindən məhkəməyə imtinanın məzmununa uyğun olaraq iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, aşağıdakı əsaslara görə iddia ərizəsinə etiraz edir və hesab edirəm ki, onun heç bir hüquqi əsası yoxdur və iddia təmin edilməməlidir. Belə ki, iddiaçı Xidmətə müraciət edərək qızı Tomueva Fidanın Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmiş və Xidmət tərəfindən müvafiq araşdırma aparılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11 -ci və 4.4-cü yarımbəndlərinə əsasən onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə xx.xx.2023-ci il tarixli 19121964 nömrəli qərar qəbul edilmişdir. Hesab edirəm ki, Xidmət sözügedən şəxslərlə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, sözügedən şəxs Rusiya Federasiyasının vətəndaşlığını əldə etmiş və Rusiya Federasiyasına məxsus pasportla müxtəlif vaxtlarda ölkə ərazisinə giriş-çıxış etmişdir (bu barədə şəxslərin pasport məlumatları və müvafiq sənədlər etiraza əlavə olunur). Göründüyü kimi, iddiaçı DMX-nin araşdırmasına qədər RFnin vətəndaşı olmuş və heç bir halda vətəndaşsızlıq halında olmamışdır. Bu səbəbdən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Bu da onu deməyə əsas verir ki, şəxsrin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması məsələsi “Vətəndaşsızlıq hallarının azaldılması haqqında” Konvensiyanın tələblərinə ziddir. Belə ki, Konvensiyanın 4.1-ci maddəsinə əsasən Razılığa gələn Dövlət öz vətəndaşlığını, əks halda vətəndaşlığı ola bilməyən, ərazisində doğulmamış şəxsə-həmin şəxs doğularkən onun valideynlərindən birinin vətəndaşlığı bu dövlətin vətəndaşlığı olubsa-verir. Şəxs doğularkən onun valideynlərinin vətəndaşlığı eyni olmayıbsa, maraqlı şəxsin vətəndaşlığının atasının, yaxud anasının vətəndaşlığı üzrə getməsi məsələsi Razılığa gələn həmin Dövlətin qanunvericiliyi əsasında müəyyən edilir. Yəni, şəxs vətəndaşlıq iddia etdiyi dövlətin ərazisində doğulmamışdırsa və vətəndaşlığı yoxdursa, həmin şəxs doğularkən onun valideynlərindən birinin vətəndaşlığı bu dövlətin vətəndaşlığı olubsa o zaman Dövlət ona öz vətəndaşlığını verir. Əlavə olaraq qeyd etmək lazımdır ki, “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi” Qaydası 1.2-ci bəndinə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyənləşdirilir. Bununla da, sözügedən Qaydanın əsas məqsədinin vətəndaşsızlıq hallarının aradan qaldırılması olduğu görülməkdədir. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.4-cü bəndinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi; 2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi; 3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı; Göründüyü kimi, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması vətəndaşlığı itirilməsi üçün əsas olduğundan mahiyyət etibarilə Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəalarına və o cümlədən, qanunvericiliyin yuxarıda göstərilən müddəalarına ziddir. Eyni zamanda qeyd olunmalıdır ki, şəxs “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin birinci və ikinci hissəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır (bu maddənin dördüncü hissəsində nəzərdə tutulan hal istisna olmaqla). Odur ki, yuxarıda göstərilənlərə əsaslanaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1,2.1,27, 31,48.2-ci maddələrini rəhbər tutaraq məhkəmədən XAHİŞ EDİRƏM: İddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edəsiniz.

16. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (anası) iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və bildirdi ki, 2022-ci ildə X6 və X7 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır.

17. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddia tələbinin təmin olunmasını xahiş etdi və bildirdi ki, 2022-ci ildə X6 və X7 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır.

18. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası”nın 3.11-ci bəndinə əsasən, Dövlət Miqrasiya Xidməti sorğunun bu Qayda ilə müəyyən edilmiş tələblərə uyğunluğunu yoxlayır və həmin tələblərə uyğun təqdim olunmuş sorğuya qeydiyyata alındığı vaxtdan 20 günədək müddətdə baxmaqla, müvafiq qərar qəbul edir. Həmin Qaydaların 5.1-ci bəndinə əsasən, Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinə dair qəbul edilmiş müvafiq inzibati aktdan inzibati qaydada və məhkəmə qaydasında şikayət verilə bilər.

20. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi zahirən məcburetmə növündə iddiaya bənzəsə də, iddia tələbi faktiki olaraq vətəndaşlıq mənsubiyyətinə müəyyən edilməsi ilə bağlıdır. Şəxsin vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi zamanı inzibati orqan inzibati akt qəbul edir. Lakin bu, müvafiq iddianın məcburetmə növündə iddia kimi qiymətləndirilməsi üçün yetərli deyildir. Belə ki, həmin qərarla iddiaçı üçün status müəyyən edilmir. Müvafiq qərarla şəxsin müvafiq hüququ tanınır və ya tanınmaqlan imtina edilir.

21. İPM-in 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

22. Odur ki, iddia müəyyən etmə növündə iddiadır.

23. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

24. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə (Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət) əsasən, aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Bu maddənin birinci hissəsinin 3-cü bəndi əsasında Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər. Həmin şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası”na əsasən: 1.1. Bu Qayda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. 1.2. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyənləşdirilir. 2.2. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslar aşağıdakılardır: 2.2.1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olubsa; 4.3. Bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxslərin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmamaları onların vətəndaşsızlığına səbəb olursa, həmin şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri tanınır. 4.4. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır (“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir).

26. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, İddiaçı Rusiya Federasiyası ərazisində doğulmuş və hazırda Rusiya Federasiyası vətəndaşıdır. İş materiallarına əlavə olunmuş şəxsiyyəti təsdiq edən sənədlərin surətlərindən görünür ki, iddiaçının bacıları xx.xx.2007-ci il təvəllüdlü Tomuyeva Günay və xx.xx.2004-cü il təvəllüdlü Raufovna da Rusiya Federasiyasının vətəndaşlarıdır.

27. Məhkəmə nəzərə alır ki, məhkəmə iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsinin (anası) izahatına əsasən 2022-ci ildə İddiaçı bacıları X8 və X6 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışa əsasən X6 və X7 Azərbaycan Respublikasının vətəndaşları olduğu müəyyən edilir.

28. Odur ki, iddiaçıya münasibətdə fərqli rəftarın X19 Konvensiyasının (AİHK) 14-cü maddənin (ayrı-seçkiliyin qadağan olunması) tələblərinə uyğun olduğu qənaətinə gəlmək üçün "ağlabatan mütənasiblik əlaqəsi" mövcud olmuş olmalıdır. Konvensiyanın 14-cü maddəsi ilə ayrı-seçkiliyə qoyulan qadağanın yalnız o halda mənası ola bilər ki, ərizəçinin fərdi situasiyası olduğu kimi qəbul edilsin. Odur ki, məhkəmə hesab edir ki, işin hallarına və iddiaçının fərdi situasiyasına uyğun olaraq cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə tətbiq olunan fərqli yanaşma ilə bağlı "ağlabatan mütənasiblik əlaqəsi" mövcud deyil. X19 Məhkəməsi dəfələrlə qərarlarında qeyd etmişdir ki, istifadə olunmuş vasitələr və qarşıya qoyulmuş məqsəd arasında proporsionallığın olmaması, ərizəçinin məruz qaldığı fərqli davranışın obyektiv və ağlabatan əsaslarının olmaması ayrı-seçkilik hesab olunur (bax digərləri ilə yanaşı Fabris Fransaya qarşı [BP] - 16574/08 Qətnamə xx.xx.2013-cü il tarixli qərar [Böyük Palata]; X10rşı (Muñoz Díaz v. Spain), ərizə № 49151/07, xx.xx.2009-cu il tarixli qərar). Odur ki, iddiaçının fərdi situasiyası nəzərə alınmaqla başqa cür yanaşma AHİK-in 8-ci maddəsi (şəxsi və ailə həyatına hörmət hüququ) ilə birgə götürülmüş Konvensiyanın 14-cü maddəsinin pozuntusu hesab edilə bilər.

29. Belə ki, iddiaçının anası (Azərbaycan Respublikası vətəndaşı), bacıları (həm Azərbaycan Respublikası, həm də Rusiya Federasiyası vətəndaşları) ilə birlikdə Azərbaycanda yaşayırlar. İddiaçının eyni vəziyyətdə olan bacılarının vətəndaşlıq mənsubiyyəti tanındığı halda, məhkəmə üçüncü bacıya (iddiaçıya) fərqli rəftarın ağlabatan əsaslandırması olmadığı qənaətindədir.

30. Odur ki iddiaçının bacıları (X12 və X13) iddiaçı ilə eyni hüquqi vəziyyətdə olduğu halda və onların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanındığı təqdirdə iddiaçıya münasibətdə vətəndaşlıq mənsubiyyətinin tanınmasından imtina fərqli rəftar hesab edilərək bərabərlik prinsipinin, eləcə də işin konkret halında ailə həyatına hörmət hüququnun (AİHK-in 8-ci maddəsi) pozulması ilə nəticələnə bilər.

31. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur və yolverilən hesab edilməməlidir.

32. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

33. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. xx xxxxxx 2018-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə qərar qəbul edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar