Məhkəmə qərarları › İş №2-1(112)-3756/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3756/2025

17.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3756/2025 17.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı “cavabdeh tərəfindən pensiyanın təyin tarixinin 2008-ci ilə dəyişdirilməsi ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi, 2006-cı ildən təyin edilmiş pensiyasının bərpa edilməsi öhdəliyinin və keçmiş dövr ərzində alınmamış pensiya məbləğinin Əmək pensiyaları haqqında Qanununa müvafiq qaydada ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ Mübahisənin predmeti

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı “pensiyanın təyin tarixinin dəyişdirilməsi və yenidən hesablanması ilə bağlı cavabdehin müvafiq inzibati qərarının ləğv edilməsi, iddiaçının xx.xx.2006-cı il tarixinə təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa olunması və əvvəlki məbləğdə ödənilməsi, aparılmış əvəzləşdirmələrin və pensiyasından tutulmaların iddiaçıya geri qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsi” bаrədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin “cavabdeh tərəfindən pensiyanın təyin tarixinin 2008-ci ilə dəyişdirilməsi ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi, 2006-cı ildən təyin edilmiş pensiyasının bərpa edilməsi öhdəliyinin və keçmiş dövr ərzində alınmamış pensiya məbləğinin Əmək pensiyaları haqqında Qanununa müvafiq qaydada ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” kimi qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. Məhkəmənin 17 mart 2025-ci il tarixli Qərardadı ilə, iddia tələbinin dəqiqləşdirilməsinə dair iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 1 yanvar 2006-cı il tarixindən Fondun Nərimanov rayon şöbəsi tərəfindən ‘"Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.3-cü maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Cavabdeh tərəfindən öz təşəbbüsü ilə başladılmış inzibati icraat çərçivəsində hərəkətlər həyata keçirilmiş və bununla bağlı 2023cü ilin noyabr ayında iddiaçıya məktub göndərilmişdir, nəticədə pensiyasının təyin tarixi 2008-ci ilin noyabr ayının 1-nə keçirilmiş, pensiyanın ümumi məbləği azaldılmış və iddiaçıya borc hesablanmışdır. Bununla bağlı narazı olduğu üçün müstəqil araşdırmalar aparıb müəyyən etmişdir ki, pensiyanın ümumi məbləğinin azaldılması və pensiya təyin tarixinin dəyişdirilməsi qanuna ziddir. Eyni zamanda iddiaçı müəyyən etmişdir ki, inzibati orqan hətta 2008-ci ilin noyabr ayının 1-nə təyin etdiyi pensiyanı da qanunvericiliyin tələblərinə uyğun hesablanmayıb. İnzibati orqana avqust ayında müraciət edib pensiya hüququnun yaranması tarixindən əvvəlki 24 ayın orta aylıq əmək haqqı məbləği nəzərə alınmaqla pensiyanın məbləğinin qanunamüvafiq qaydada hesablanmasını xahiş etmiş, lakin qurum tərəfindən qanunvericiliyin tələblərinə əməl edilmir. İddiaçının pensiya məbləğinin qanunamüvafiq qaydada hesablanması aparılmır. Cavabdeh tərəfindən pensiyanın əsassız və qanuna zidd azaldılması aparılıb. İddiaçının xx.xx.2006-cı il tarixədək qazandığı hüquqları var: pensiyanın hesablanmasının hüququ yarandığı tamam olduğu tarixdən öncəki 24 ayın ona aylıq əmək haqqısı nəzərə alınmaqla aparılması; pensiya hüququnun yarandığı tarixdən pensiya təyin edilməsi. xx.xx.2006-dək qazandığı bütün hüquqlarını nəzərə almırlar. Başqa sözlə desək, xx.xx.2006-dək qazandığı hüquqlardan biri də "pensiya təyinatı hüququn yarandığı tarixdən öncəki 24 ayın əmək haqqısı əsasında orta aylıq əmək haqqının nəzərə alınmaqla pensiyanın hesablanmasıdır. Madam ki, 2008-ci il tarixdən pensiya təyin edilməsi vacib idi, o halda həmin tarixdən öncəki 24 ayın əmək haqqısı əsasında orta aylıq əmək haqqının nəzərə alınmaqla pensiya aparılması" hüququnu itirməmişdir. Çünki “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin göstərişinə görə xx.xx.2006-dək qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə əmək pensiyası təyin edilir. Həmin tələblərdən biri də pensiyanın məbləğinin orta aylıq əmək haqqı əsasında müəyyən edilməsidir. Cavabdeh isə xx.xx.2023-cü il tarixinə pensiyanın azaldılmış məbləğini müəyyən edərkən iddiaçının 2004-2005-ci illər ərzində alınmış əmək haqqımın orta aylıq məbləğini nəzərə alaraq hesablama aparıb. İddiaçıya qarşı yenidən dələduzluğa yol verirlər. İllərlə işləyib qazandığı hüququnu pozurlar. Hətta 2008-ci ilin noyabr ayından etibarən təyin edilmiş pensiyasını da səhv hesablayırlar. Nə qədər cəhd etsə də qurum ona qarşı qanuna zidd əməllərə davam edir. Ali Məhkəmənin xx.xx.2024 tarixli 2-1(102)-2491/2024 nömrəli Qərarı ilə müəyyən edilmişdir ki, “məhkəmə kollegiyası həmçinin qeyd edir ki. inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında" Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Eyni zamanda təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Qeyd edilən qayda artıq ödənilmiş əmək pensiyası məbləğinin şəxsdən geri tələb olunması ilə bağlı hallara da tam şəkildə tətbiq olunur. Nəzərə almaq lazımdır ki. şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilibödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında" Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır. Həmçinin qeyd edilməlidir ki. məhkəmə araşdırması nəticəsində rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdimetmə kimi vasitələrlə iddiaçının öz pensiya məbləğinə müdaxilə etməsi müəyyən edilməmişdir. Eləcə də. işin hallarına görə, inzibati aktın qanunsuz olduğunu bilməsi və ya bilməli olmasının iddiaçıdan gözlənilməsi məntiqsiz olar. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada cаvаbdеh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, İddiaçı xx.xx.2006cı il tarixdə Fondun Nərimanov rayon şöbəsi tərəfindən “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.3-cü maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.1-ci bəndinə əsasən, əmək pensiyaçısının müraciəti, yaxud Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı aşkar edildikdə əmək pensiyaları yenidən hesablanır. Mərkəzi Filial tərəfindən aparılmış araşdırma zamanı İddiaçı vaxtilə əmək pensiyası hüququnun düzgün müəyyən edilmədiyi aşkar edilmişdir. Belə ki, Qanunun yuxarıda qeyd edilən maddəsinə əsasən, onun əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il ümumi iş stajı xx.xx.2006-cı il tarixdə deyil, xx.xx.2008-ci il tarixdə tamamlandığı müəyyən edilmişdir. Bu səbəbdən də, onun güzəştli şərtlərlə yaşa görə pensiya hüququ 01.01,2006-cı il tarixdən deyil, xx.xx.2008-ci il tarixdən yaranmışdır. İddiaçı Ə.X1 mövcud olan ona dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixədək onun ümumi iş stajı 28 il təşkil etdiyi müəyyən edilmişdir. Əmək pensiyası əmək haqqına əsasən hesablanarkən 25 il ümumi iş stajına görə 60 faiz, 25 ildən artıq olan 3 ilə görə 6 faiz (3x2%) olmaqla, orta aylıq əmək haqqının 66 faizi (60%+6%) miqdarında müəyyən olunmuşdur. Əmək pensiyasının sığorta hissəsi xx.xx.2006-cı il tarixə 502,17 manat (12052.08:24) orta aylıq əmək haqqına uyğun 306,44 manat (502,17 x 66% - 25,00 (baza hissə)) hesablanaraq xx.xx.2008-ci il tarixə indeksləşdirilməklə 387,28 manat müəyyən edilərək, üzərinə xx.xx.2006-xx.xx.2008-ci il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabın sığorta hissəsində qeydə alınmış 5940,00 manat sığorta kapitalına uyğun 41,25 (5940,00:144) manat və 75,00 manat baza hissəsi əlavə edilərək xx.xx.2008-ci il tarixə 503,53 manat (387,28+41,25+75,00) (indeksləşdirilərək xx.xx.2017-ci il tarixə 845.36 manat) məbləğində əmək pensiyası təyin edilməli olduğu halda, səhvən xx.xx.2006-cı il tarixə 360,00 manat əmək pensiyası müəyyən edilərək, işləyən əmək pensiyaçısı kimi 25,00 manat baza hissədən ibarət pensiya məbləği ödənilmişdir (indeksləşdirilərək və sonrakı hesablamalarda nəzərə alınaraq 01,09.2017-ci il tarixinədək 920,39 manat). Nəticədə İddiaçı artıq əmək pensiyası ödənilmişdir. Eyni zamanda, İddiaçı pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədiyinə görə fərdi hesabın sığorta hissəsində qeydə alınmış 90577,68 manat sığorta kapitalına uyğun əmək pensiyası xx.xx.2017-ci il tarixdən yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. Belə ki, 90577,68 manat sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 276 aya (63 yaş 6 ay-46 yaş 6 ay=204 ay+(144 ay-72 ay)) bölünməklə 328,18 manat (90577,68:276) qanuni əmək pensiyasının (845,36 manat) üzərinə əlavə edilərək 1173,54 manat (845,36+328,18) (sonrakı illər üzrə indeksləşdirilərək və Qanunun 26.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla xx.xx.2023cü il tarixə 1987,34 manat) adıçəkilən şəxsə ödənilməli olduğu halda, düzgün müəyyən edilməmiş 127148,63 manat sığorta kapitalı səhvən 329 aya bölünərək 386,47 manat (127148,63:329) düzgün olmayan əmək pensiyasının 920,39 manat üzərinə əlavə edilməklə 1306,86 manat (920,39+386,47) (sonrakı illər üzrə indeksləşdirilərək və Qanunun 26.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla xx.xx.2023-cü il tarixə 2210,95 manat)) ona artıq əmək pensiyası ödənilmişdir. Həmçinin İddiaçı xx.xx.2022-ci il tarixdən əvvəl pensiya təyin olunmasına baxmayaraq, pensiyası yenidən hesablandıqdan sonra 6 il işləməyi ilə əlaqədar fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı qanunvericiliyə uyğun olaraq gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına - 222 aya (65 il-52 il 6 ay=150 ay+(144 ay-72 ay)) bölünməli olduğu halda, səhvən 72 aya bölündüyü müəyyən edilib. Belə ki, 100832,40 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada 222 aya bölünməklə əmək pensiyasının (1987,34 manat) üzərinə 454,20 manat (100832,40:222) əlavə edilərək xx.xx.2023-cü il tarixindən pensiya məbləği 2441,54 manata (1987,34+454,20) (indeksləşdirilərək xx.xx.2024-cü il tarixə 2714,99 manat) artırılmalı olduğu halda, səhvən 3387,74 manata (indeksləşdirilərək xx.xx.2024-cü il tarixə 3767,17 manat) artırılmaqla adıçəkilən şəxsə ödənilib. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsasdır. Bununla əlaqədar olaraq, iddiaçı İddiaçı barəsində inzibati icraat başlamışdır. Həmin inzibati icraatın gedişində Mərkəzi Filial tərəfindən iddiaçının xx.xx.2023-cü il tarixdən əmək pensiyası yenidən hesablanaraq 2441,54 manat (01.01,2024-cü il tarixə indeksləşdirilməklə 2714,99 manat) məbləğində müəyyən edilməli olduğu halda, 3387,74 manat məbləğində müəyyən edildiyi aşkar olunmuşdur. Tərəflərin iştirakı və izaharları

6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə dair yazılı etirazda göstərilən məzmunda izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın növü və mümkünlüyü

8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:

2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

9. Hazırda iddiaçının iddiası ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina məktubunu almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

Mübahisə ilə bağlı işin faktiki vəziyyəti:

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı “Artıq ödənilmiş pensiya məbləği haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/2-A-52641/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, “Mərkəzi Filial tərəfindən aparılmış araşdırma zamanı vaxtilə əmək pensiyası hüququnuzun düzgün müəyyən edilmədiyi aşkar edilib. Belə ki, Qanunun yuxarıda qeyd edilən maddəsinə əsasən, sizə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il ümumi iş stajınız xx.xx.2006- ci il tarixində deyil, 01.11,2008-ci il tarixində tamamlandığı müəyyən edilib. Bu səbəbdən də, sizin güzəştli şərtlərlə yaşa görə pensiya hüququnuz xx.xx.2006-cı il tarixindən deyil, 01.11,2008-ci il tarixindən yaranmışdır. Mərkəzi Filialda mövcud olan sizə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixinədək sizin ümumi iş stajınızın 28 il təşkil etdiyi müəyyən edilib. Əmək pensiyanız əmək haqqına əsasən hesablanarkən 25 il ümumi iş stajınıza görə 60 faiz, 25 ildən artıq olan 3 ilə görə 6 faiz (3x2%) olmaqla, orta aylıq əmək haqqının 66 faizi (60%+6%) miqdarında müəyyən olunub. Əmək pensiyanızın sığorta hissəsi xx.xx.2006-cı il tarixinə 502,17 manat (12052,08:24) orta aylıq əmək haqqına uyğun 306,44 manat (502,17 x 66% - 25 (baza hissə)) hesablanaraq xx.xx.2008ci il tarixinə indeksləşdirilməklə 387,28 manat müəyyən edilərək, üzərinə xx.xx.2006- 01.11,2008-ci il tarixləri arasındakı işlədiyiniz dövr ərzində fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 5940,00 manat sığorta kapitalınıza uyğun 41,25 , (594(»*,00:144) manat və 75,00 manat baza hissəsi əlavə edilərək xx.xx.2008-ci il tarixinə f 503,53 manat (387,28+41,25+75,00) (indeksləşdirilərək xx.xx.2017-ci il tarixinə 845,36 manat) məbləğində əmək pensiyası təyin edilməli olduğu halda, səhvən xx.xx.2006-cı il tarixinə 360,00 manat əmək pensiyası müəyyən edilərək, işləyən əmək pensiyaçısı kimi 25,00 manat baza hissədən ibarət pensiya məbləği ödənilib (indeksləşdirilərək və sonrakı hesablamalarda nəzərə alınaraq xx.xx.2017-ci il tarixinədək 920,39 manat). Nəticədə sizə artıq əmək pensiyası ödənilib. Araşdırma zamanı, sizə pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədiyinizə görə xx.xx.2017-ci il tarixli ərizənizə əsasən fərdi hesabınızın sığorta hissəsində qeydə alınan 90577,68 manat sığorta kapitalınıza uyğun əmək pensiyanızın xx.xx.2017-ci il tarixindən yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. Belə ki, 90577,68 manat sığorta kapitalınız Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 276 (63 yaş 6 ay-46 yaş 6 ay)=204+144 ay-72 ay) aya bölünməklə 328,18 manat (90577,68:276) qanuni əmək pensiyanızın (845,36 manat) üzərinə əlavə edilərək 1173,54 manat (845,36+328,18) (sonrakı illər üzrə indeksləşdirilərək və Qanunun 26.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla 31,08.2023cü il tarixinə 1987,34 manat)) sizə ödənilməli olduğu halda, düzgün müəyyən edilməmiş 127148,63 manat sığorta kapitalı səhvən 329 aya bölünərək 386,47 manat (127148,63:329) düzgün olmayan əmək pensiyanızın 920,39 manat üzərinə əlavə edilməklə 1306,86 manat (920,39+386,47) (sonrakı illər üzrə indeksləşdirilərək və Qanunun 26.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla 31,08.2023-cü il tarixinə 2210,95 manat)) sizə artıq əmək pensiyası ödənilmişdir. Bundan başqa, pensiyanız yenidən hesablandıqdan sonra 6 il işləməyinizlə əlaqədar Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada əmək pensiyanız xx.xx.2023-cü il tarixindən yenidən hesablanaraq 1987,34 manatdan 3387,74 manata artırılıb. Qeyd olunanlara əsasən, sizə son üç il üzrə 5655,10 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Həmin 5655,10 manat pul vəsaitinin 1466,06 manat hissəsi xx.xx.2023- xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində əmək pensiyanızdan tutulub, qalıq 4189,04 manat isə cari ilin fevral ayından etibarən hər ay 376,72 manat olmaqla əmək pensiyanızdan tutularaq büdcəyə bərpa edilir. Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar əmək pensiyanız xx.xx.2024-cü il tarixindən 3767,17 manat təşkil edir.” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 15 iyul 2024-cü il tarixli aktında qeyd edilmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən vətəndaş İddiaçı (bundan sonra-maraqlı şəxs) vaxtilə təyin edilmiş yaşa görə əmək pensiyası hüququna yenidən baxılması haqqında inzibati icraata başlanılıb. Həmin Qanunun 21.2-ci maddəsinin tələblərinə uyğun qaydada maraqlı şəxs xx.xx.2024-cü il tarixli 3-17-1/2-A-159199/2024 nömrəli məktubla Mərkəzi Filiala dəvət olunub. Araşdırma zamanı, ona xx.xx.2022-ci il tarixindən əvvəl xx.xx.2008-ci il tarixində pensiya təyin olunmasına baxmayaraq, əmək pensiyası yenidən hesablanarkən, fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı qanunvericiliyə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 222 aya (100832,40:222 ay (65 il-52 il 6 ay=150 ay+(144 ay- 72 ay) bölünməli olduğu halda, 72 aya bölünüb. Daha sonra maraqlı şəxsin yuxarıda qeyd olunanlarla bağlı mülahizələri dinlənildi. Əmək pensiyası hüququna yenidən baxılması haqqında inzibati icraatın gedişində maraqlı şəxsin mülahizəsinin diniənilməsi inzibati icraatın aparılmasına dair qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirildi. Məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən iddiaçı barəsində pensiya işinin əslı təqdim edilmişdir. Pensiya işində olan Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinin pensiya və pensiyalara əlavə müavinət təyin edən komissiyanın 03 noyabr 2008-ci il tarixli qərarına əsasən, İddiaçı xx.xx.2006-cı ildən “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilmişdir.

Məhkəmənin mövqeyi

10. Məhkəmə, tərəflərin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır.

11. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 9.3. (10 mart 2017-ci ilədək qüvvədə olan redaksiya) Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə kişilərin azı 25 il, qadınların azı 20 il sığorta stajı olduqda, səhhətinə görə uçuş işindən azad olunmuş kişilərin həmin işlər üzrə azı 20 il, qadınların isə azı 15 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. 27.1. (01 yanvar 2010-cu ilədək qüvvədə olan redaksiya) Bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əməkhaqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: ğ) hava gəmilərinə xidmət üzrə mühəndis-texniki həyət- Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə: kişilər—55 yaşına çatdıqda və mülki aviasiyada azı 25 il ümumi iş stajı olduqda, bu müddətin azı 20 ilini hava gəmilərinə xidmət işlərində çalışarsa; qadınlar—50 yaşına çatdıqda və mülki aviasiyada azı 20 il ümumi iş stajı olduqda, bu müddətin azı 15 ilin hava gəmilərinə xidmət işlərində çalışarsa. Mühəndis-texniki heyət işçilərinin hava gəmilərinə xidmət-etmə stajlarına bu maddənin “q” hissəsində və bu Qanunun 59-cu maddəsində göstərilən iş müddətləri də daxil edilir. Həmin Qanunun 71-ci maddəsinin ikinci abzasına əsasən, pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir.

12. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda və Azərbaycan Respublikasının qanunvericiliyində cavabdeh inzibati orqan tərəfindən təyin edilmiş pensiyanın məbləğinin cavabdeh inzibati orqanın özü tərəfindən azaldılması, pensiya təyin edilən zaman sığorta stajı kimi qəbul edilmiş və sənədlərlə təsdiq edilmiş iş stajlarının sonradan nəzərə alınmaması və ya qanunvericiliyə edilmiş dəyişikliklərinin pensiyaçının ziyanına geriyə şamil edilməsi kimi norma nəzərdə tutulmamışdır.

13. Faktiki olaraq cavabdeh tərəfindən iddiaçının əmək pensiyasının azalması və DSMFa borc məbləğinin müəyyən edilməsi ilə nəticələnən hərəkətləri həm “İnzibati icraat haqqında” və həm də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunlarının tələblərinə zidd olmuşdur. İşin faktiki hallarına əsasən isə iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada cavabdeh tərəfindən əmək pensiyasının məbləği müəyyən edilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Yuxarıda istinad edilən qanunvericiliyə əsasən iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə pensiya hüququ qanuni olaraq təyin edilmiş və ödənilmiş əmək haqqının orta aylıq məbləğinə uyğun olaraq hesablanması “Əmək pensiyaları haqqında“ Qanununun həmin zaman qüvvədə olmuş normalarının tələblərinə uyğun olmuşdur.

14. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsində qanunverici imperativ qaydada müəyyən etmişdir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

15. İnzibati iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının pensiya məbləği cavabdeh tərəfindən yenidən hesablanmış, iddiaçıya əmək pensiyası xx.xx.2008ci ildən təyin edilmiş, əmək pensiyasının məbləği azaldılmış, bununla bağlı iddiaçının DSMF- yə borcun yaranması barədə məlumat verilmişdir. Lakin iş materiallarından göründüyü kimi, iddiaçının pensiya məbləğinin yenidən hesablanması ilə bağlı inzibati icraatında iştirakı təmin edilməmişdir.

16. Sosial təminat insanların həyatının müxtəlif dövrlərində qarşılaşdıqları iqtisadi çətinlikləri aradan qaldırmaq və sosial rifahı təmin etmək məqsədini güdür. Bu sahədə düzgün və ədalətli yanaşma, cəmiyyətin sosial ədalətini təmin etmək və zəif təbəqələrin müdafiəsini gücləndirmək üçün vacibdir. Dövlətin sosial siyasəti, cəmiyyətin zəif və həssas qruplarının həyat şəraitini yaxşılaşdırmaqla, cəmiyyətin ümumi inkişafına və stabilliyinə mühüm təsir göstərir.

17. Beləliklə, mübahisənin həlli və bu zaman tətbiq edilməli olan qanunvericilik normaları həm də ədalət mühakiməsinin təməlini təşkil edən ədalətlilik meyarı əsasında dəyərləndirilməlidir. Cavabdeh iddiaçının 2006-ci ildən təyin edilmiş əmək pensiyasını 2024-cü ildə, yəni 18 il sonra yoxlamış, yenidən hesablayaraq, pensiya məbləğinin azaltmaq qərara gəlmiş və artıq ödəmə məbləğinin tutulmalı olmasını hesab etmişdir. Halbuki əmək pensiyasının düzgün təyin edilməməsində, pensiya məbləğinin səhv hesablanmasında iddiaçının hər hansı bir təqsiri yoxdur. Bundan əlavə məhkəmə qeyd edir ki, müvafiq səlahiyyətli inzibati orqan tərəfindən müvafiq pensiya işi ilə bağlı inzibati icraat çərçivəsində araşdırılma aparılarkən sosial ədalət prinsipi nəzərə alınmalıdır ki, bu prinsip hazırki mübahisə ilə bağlı dövlət qulluğunda uzun müddət çalışan şəxslərin pensiya hüquqlarının qorunması və müvafiq şəkildə dəyərləndirilməsinin vacibliyini əks etdirir. Sosial ədalət, həmçinin, cəmiyyətin inkişafını, iqtisadi və sosial bərabərliyi təşviq edir. Həmçinin, vətəndaşların pensiya təminatı ilə bağlı inzibati icraatın qanuni aparılması, pensiya sisteminin şəffaflığını, düzgünlüyünü və ədalətliyini təmin etmək üçün vacibdir. Bu, vətəndaşların pensiya hüquqlarını qorumaq, müraciətlərin düzgün icrasını, müvafiq sənədlərin qiymətləndirilməsini və qərarların qanuna uyğunluğunu təmin edir. Əlavə olaraq inzibati icraat, pensiya müavinətlərinin vaxtında və düzgün ödənilməsi, sosial müdafiə sisteminin effektlivliyini artıraraq vətəndaşların inzibati orqana olan etimadını artırır.

18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir Belə ki, məhkəməyə daxil olmuş müvafiq sənədlərdə cavabdehin güman etdiyi əmək pensiyasının səhv təyin edilməsində iddiaçının təqsirli olması barədə heç bir qeyd edilməmişdir. 19.Cavabdeh təyin edilmiş əmək pensiyasının əsassızlığını səhv təyin edilməsi ilə bağlı əsaslandırsa da, bu zaman iddiaçının səhv təyinata hər-hansı müdaxiləsinin mövcud olduğu qeyd edilməmişdir. Belə ki, həmin Qanunun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Qanunun 1.2-ci maddəsində isə qeyd edilmişdir ki, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Bundan əlavə, məhkəmə, Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki,” ... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin.”

20. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Məhkəmə vurğulayır ki, əmək pensiyasının təyin edilməsi barədə qərar şəxsin ziyanına şərh olunacağı halda belə, yəni əmək pensiyasının təyin edilməsi barədə qərarın ləğv olunması, əmək pensiyasının bərpa edilməsi barədə iddiaçı tərəfindən iddia qaldırılmaması və ya qaldırılmış iddianın uğurlu olmaması halında belə, bu həmin aktın əlverişli inzibati akt hesab edilməsini aradan qaldırmır və hazırkı faktiki hallar nəzərə alınmaqla iddiaçının etimad hüququna istinad etməsi istisna olunmadığından hazırkı iddianın təmin edilməsi qanunvericiliyin tələbləri ilə uzlaşır.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

22. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

23. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbi təmin edilməli, pensiyanın təyin tarixinin 2008-ci ilə dəyişdirilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hərəkətləri qanunsuz hesab edilməli, 2006-cı ildən təyin edilmiş pensiyasının bərpa edilməsi və keçmiş dövr ərzində alınmamış pensiya məbləğinin Əmək pensiyaları haqqında Qanununa müvafiq qaydada ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. 24.Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. NƏTİCƏVİ HİSSƏ

25ss.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 32, 34,68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı pensiyanın təyin tarixinin 2008-ci ilə dəyişdirilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hərəkətləri qanunsuz hesab edilsin; 2006-cı ildən təyin edilmiş pensiyasının bərpa edilməsi və keçmiş dövr ərzində alınmamış pensiya məbləğinin Əmək pensiyaları haqqında Qanununa müvafiq qaydada ödənilməsi öhdəliyi Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar