Məhkəmə qərarları › İş №2-1(112)-3757/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3757/2020

25.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3757/2020 25.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı vəkili X4 (ünvanı: Bakı şəhəri, Binəqədi rayonu, Gülməmməd Ramazanov küçəsi, döngə 1; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Bakı şəhəri 18 saylı vəkil bürosu, vəkil), cavabdehin nümayəndəsi X6 (Ünvanı: Bakı şəhəri, R.Teymurov küçəsi ev 63, mənzil 123; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi, hüquqşünas) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 3-cü şəxslər - Maliyyə Nazirliyi və 14 saylı notariat ofisi qarşı “vergi ödənişinin geri qaytarılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 14 saylı Notariat Kontorunda iddiaçı ilə X5 arasında ünvan 2 A ünvanında yerləşən 23 nömrəli mənzilə dair 4Ə-372 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinin ləğv edilməsi səbəbindən həmin əmlak üçün iddiaçının dövlət büdcəsinə ödədiyi 3311.55 manat vergi ödənişinin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə təqdim edilməmişdir. xx.xx.2019-cu il tarixli məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4967/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə hazırkı işin aidiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4967/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadından apelyaiya şikayəti vermiş və apelyasiya şikayəti baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-550/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə apelyaiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4967/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ləğv edilmiş və iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İş məhkəməyə daxil olduqdan sonra hazırlıq icraatı ilə bağlı məhkəmə iclası xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Həmin tarixli məhkəmə iclasında cavabdehin adının “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi” kimi oxunması qərara alınmışdır. Həmçinin, həmin tarixli məhkəmə iclasında Maliyyə Nazirliyinin və 14 saylı notariat ofisinin 3-cü şəxslər qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmış iddia tələbinin “xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 14 saylı Notariat Kontorunda iddiaçı ilə X5 arasında ünvan 2 A ünvanında yerləşən 23 nömrəli mənzilə dair 4Ə-372 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinin ləğv edilməsi səbəbindən həmin əmlak üçün iddiaçının dövlət büdcəsinə ödədiyi 3311.55 manat vergi ödənişinin geri qaytarılması barədə rəy verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi oxunması qərara alınmışdır. Daha sonra iş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2020-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 14 saylı Notariat Kontorunda iddiaçı ilə X5 arasında ünvan 2A ünvanında yerləşən 23 nömrəli mənzilə dair 4Ə/372 reyestr nömrəsi ilə alqı - satqı müqaviləsi bağlanılmışdır. Sözügedən alqı-satqı müqaviləsi üzrə satıcı olaraq iddiaçı tərəfindən mənzilin dəyərindən dövlətin müəyyən etdiyi vergi məbləği olaraq 3311.55 (üç min üç yüz on bir) manat ödənilmişdir. xx.xx.2018ci il tarixdə mənzilin alıcısı X5 və iddiaçının arasında bağlanılmış alqı-satqı müqaviləsi ərizələri əsasında Bakı şəhəri 14 saylı Notariat Kontoru tərəfindən ləğv edilmişdir. Müqavilə ləğv edildikdən sonra Notoriat kontoru tərəfindən Vergilər nazirliyinə ödənilmiş verginin qaytarılması barədə müxtəlif tarixlərdə elektron bildiriş göndərilsə də, Vergilər Nazirliyi tərəfindən Notariat orqanı tərəfindən müqavilənin ləğv edilməsinin qanunvericiliyə uyğun aparılmadığı və bu düzəlişin icrasından sonra yenidən müraciət edilməsi bildirilmişdir. Qeyd edir ki, onun tərəfindən xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 14 saylı notariat kontoruna müraciət edərək Vergilər Nazirliyinin tələblərinə riyaət edilməsi xahiş edilsə də, notariusun xx.xx.2019-cu il tarixli cavab məktunda bildirilmişdir ki, sözügedən alqı - satqı müqaviləsinin xx.xx.2018-ci il tarixə onların tələb etdiyi formada ləğv edilməsi mümkünsüz idi. Belə ki, müqavilənin ləğv edilməsi həmin zaman qüvvədə olan Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 42-ci bəndinə uyğun həyata keçirilmişdir. Notariusun cavab məktubunda göstərdiyi xüsusatdan belə anlaşılmışdır ki, həm Vergilər Nazirliyinin, həm də onun tələb etdiyi alqı-satqı müqaviləsinin ləğv edilməsinin həmin forması Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydalarına Nazirlər Kabineti tərəfindən xx.xx.2018-ci il tarixli qərarı ilə dəyişiklik edilməsi səbəbindən sözügedən alqı satqı müqaviləsinin ləğvinin xx.xx.2018-ci il tarixdə icra edilməsi səbəbəbindən mümkünsüz olmuşdur. Belə olan təqdirdə iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinə ödədiyi 3311.55 (üç min üç yüz on bir) manat pulun qaytarılması barədə müraciət edilmişdir. Cavabdehin tabeliyində olan idarə onlara olan müracitindən 45 gündən artıq vaxt keçməsinə baxmayaraq heç bir cavab verməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinə uyğun olaraq izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, Vergi Məcəlləsinin 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və müvafiq tənzimləyici normativ hüquqi aktı qismində “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydalarının təsdiq edilməsi barədə” AR Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli Qərarı (əlavə və dəyişikliklər nəzərə alınmaqla) müəyyən edilmişdir. Qaydaların 3.1-ci yarımbəndinə əsasən vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən isə artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, onlara hesablanmış faizlərin, habelə məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. Həmin Qaydaların 3.2ci yarımbəndinin göstərişinə əsasən büdcəyə artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin və ya sığortaedənin qeydiyyatda olduğu vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır. Qaydaların 4.1.3-cü yarımbəndinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər. Qaydalarn yuxarıda qeyd edilən yarımbəndlərinin də tələbindən aydın olduğu kimi artıq ödənilmiş ven inin geri qaytarılması ilə bağlı rəy verilməsi məqsədilə vergi ödəyicisi tərəfindən Qaydaların 1 saylı Əlavəsində göstərilmiş formada tərtib olunmuş ərizə ilə zəruri olan bütün məlumatlar qeyd olunmaqla vergi orqanına müraciət edilməsi tələb olunur. Vergi ödəyicisi qeyd edilən ərizə forması ilə vergi orqanına müraciət etsə də, zəruri sənədlər müvafiq ərizəyə əlavə edilməmişdir. Belə ki, vergi ödəyicisi alqı-satqı müqaviləsini ləğv edərək ödənilmiş 75000 manat məbləğin alıcı X3 qaytarıldığını qeyd etməsinə baxmayaraq müvafiq halı təsdiq edən sənədlər vergi orqanına təqdim olunmamışdır. Yəni, ərizəyə əsasən alqı-satqı müqaviləsi üzrə ödənilmiş məbləğin faktiki olaraq alıcıya qaytarılması təsdiq olunmamışdır. Həmçinin, vergi ödəyicisinin xx.xx.2018-ci il tarixli müraciətinə vergi orqanı tərəfindən verilən cavab məktubuna əsasən vergi ödəyicisi tərəfindən vergi orqanına müraciət edilərkən İddiaçı və X5 arasında bağlanmış alqı- satqı müqaviləsinin ləğvi barədə qərarın vergi orqanına təqdim edilmiş sənədlərə əlavə edilmədiyinin aşkar edildiyi bildirilərək, müvafiq alqı-satqı müqaviləsinin ləğvi barədə qərarın (möhürlə təsdiq edilmiş) ərizə formasına əlavə olunmaqla yenidən müraciət edilməsi tövsiyə edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin ləğvi barəsində qərar təqdim edilmədiyindən sözügedən alqı-satqı müqaviləsinin ləğv edilməsi və artıq ödəmənin yaranması öz təsdiqini tapmamışdır. Ödəyiciyə müvafiq sənəd vergi orqanına təqdim etməklə, ərizə ilə müraciət etməsi təklif olunsa da, vergi ödəyicisi tərəfindən həmin tarixdən sonra bu məsələ ilə bağlı vergi orqanına hər hansı müraciəti daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, AN-İ ******* nömrəli xx.xx.2017-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən İddiaçı ünvan 2A ünvanında yerləşən 23 nömrəli mənzili X1. İş materiallarından görünür ki, qeyd edilən alqı-satqı müqaviləsi üzrə satıcı olaraq İddiaçı tərəfindən mənzilin dəyərindən dövlətin müəyyən etdiyi vergi məbləği olaraq 3311.55 (üç min üç yüz on bir) manat ödənilmişdir. İş materiallarından görünür ki, xx.xx.2018-ci il tarixdə X5 və İddiaçı aralarında bağlanılmış alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair ərizələrlə Bakı şəhəri 14 saylı Notariat Ofisinə müraciət etmişdirlər. İş materiallarından görünür ki, Bakı şəhəri 14 saylı Notariat Ofisinin xx.xx.2019-cu il tarixli 1424 nömrəli məktubuna əsasən alqı-satqı müqaviləsinin ləgv edilməsi, qeyd olunan təlimatın 42-ci bəndinin ikinci abzasınin qüvvədə olduğu vaxt, yəni x xxxxxx 2018-ci il tarixə təsadüf etdiyindən, tərəflərin yazılı ərizəsinə əsasən, qüvvədə olmuş təlimatın tələblərinə uyğun olaraq ləgv edilmiş, reyestr kitabında və elektron notariat informasiya sistemində müvafiq qeydiyyat aparılmışdır. Həmçinin, tərəflərin izahatlarından müəyyən edilmişdir ki, iddiaçı ilə X5 arasında bağlanılmış alqı-satqı müqaviləsi ləğv edildikdən sonra iddiaçı ona məxsus daşınmaz əmlakı başqa şəxsə alqı-satqı müqaviləsi əsasında satmış və satıcı olaraq İddiaçı tərəfindən mənzilin dəyərindən dövlətin müəyyən etdiyi müvafiq vergi məbləği ödənilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı ilə X5 arasında bağlanılmış alqı-satqı müqaviləsi ləğv edilməsi, iddiaçı tərəfindən ona məxsus daşınmaz əmlakın başqa şəxsə alqı-satqı müqaviləsi əsasında satılması və iddiaçı tərəfindən eyni daşınmaz əmlakın satılmasına görə yenidən vergi ödəməsi işin mübahisələndirilməyən halı kimi qiymətləndirilməlidir. Göründüyü kimi, X5 və İddiaçı aralarında bağlanılmış alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair ərizələrlə xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 14 saylı Notariat Ofisinə müraciət etdiklərindən, Bakı şəhəri 14 saylı Notariat Ofisi tərəfindən həmin vaxt qüvvədə olmuş qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq alqı-satqı müqaviləsi ləğv edilmişdir. Belə ki, İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın xx.xx.2018-ci il tarixədək qüvvədə olmuş 42-ci bəndinə əsasən əmlakın özgəninkiləşdirilməsi haqqında müqavilə pozularkən, əgər bu müqavilə müvafiq orqanda hələ qeydə alınmamışsa, notarius tərəflərin ərizəsinə əsasən müqavilənin pozulması haqqında onun bütün nüsxələrində və reyestrdə qeyd edir. Müqavilə müvafiq orqanda qeydə alındıqdan sonra müqavilənin pozulması haqqında tərəflərin sazişi notariat qaydasında təsdiq edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 15.1 və 15.1.4-cü maddələrinə əsasən, artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququdur. 24.0 və 24.0.10-cu maddələrinə əsasən, vergi orqanları vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməyə borcludular. 87.1-ci maddəsinə əsasən, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda artıq ödənilmiş məbləğlər digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir (maddə 87.1.1) və ya vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir (maddə 87.1.2). 87.3-cü maddəsinə əsasən, bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. 87.4-cü maddəsinə əsasən, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarı ilə (xx.xx.2019-cu il tarixədək qüvvədə olmuş) təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması” Qaydalarının 1.1-ci və 1.2-ci bəndlərinə əsasən, bu Qaydalar vergi ödəyicisindən düzgün tutulmamış və ya onun tərəfindən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin (bundan sonra - büdcəyə artıq ödəmələr) qaytarılması qaydalarını müəyyən edir. Bu Qaydalarda "vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlar" dedikdə, verginin tam və vaxtında büdcəyə ödənilməsinə nəzarəti həyata keçirən orqanlar nəzərdə tutulur. Qaydaların 2-ci bəndinə əsasən vergi ödəyicisi düzgün tutulmamış və ya artıq ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 il ərzində tələb etmək hüququna malikdir. Qaydaların 3.1 və 3.2-ci bəndlərinə əsasən, vergi ödəyicisi büdcəyə artıq ödəmələrin qaytarılması üçün vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə müraciət etməlidir. Ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir. Artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin qeydiyyatda olduğu vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır. Qaydaların 5.1, 5.1.3 və 5.1.4-cü bəndlərinə əsasən, vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlar büdcəyə artıq ödəmələrin qalan hissəsinin vergi ödəyicisinə qaytarılması üçün bu Qaydaların müddəalarına uyğun tədbirlər görürlər; Vergi Məcəlləsində başqa hallar müəyyən edilməmişdirsə, büdcəyə artıq ödəmələrin qalan məbləğlərini vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarırlar. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.2017-ci il tarixdə İddiaçı ilə X5 arasında ünvan 2 A ünvanında yerləşən 23 nömrəli mənzilə dair 4Ə-372 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinin bağlanılması, müqaviləyə əsasən iddiaçı tərəfindən dövlət büdcəsinə 3311.55 manat verginin ödənilməsi, həmçinin İddiaçı ilə X2 ərizələri əsasında 14 saylı Notariat Ofisi tərəfindən xx.xx.2018-ci il tarixdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə uyğun olaraq alqı-satqı müqaviləsinin ləğv edilməsi iş materialları ilə öz təsdiqini tapdığından, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 3311.55 manat vergi ona geri qaytarılmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2017-ci il tarixdə İddiaçı ilə X5 arasında ünvan 2 A ünvanında yerləşən 23 nömrəli mənzilə dair 4Ə-372 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinin ləğv edilməsi səbəbindən həmin əmlak üçün iddiaçının dövlət büdcəsinə ödədiyi 3311.55 manat vergi ödənişinin İddiaçı geri qaytarılması barədə rəy verilməsi öhdəliyi cavabdehin üzərinə qoyumalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilir. xx.xx.2017-ci il tarixdə İddiaçı ilə X5 arasında ünvan 2 A ünvanında yerləşən 23 nömrəli mənzilə dair 4Ə-372 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinin ləğv edilməsi səbəbindən həmin əmlak üçün iddiaçının dövlət büdcəsinə ödədiyi 3311.55 manat vergi ödənişinin İddiaçı geri qaytarılması barədə rəy verilməsi öhdəliyi cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulur. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar