Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3758/2021 26.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müharibə veteranı adının verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müharibə veteranı adının verilməsi» tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı 24 aprel N-cü il tarixdə Bakı şəhəri Nərimanov Rayon Hərbi Komissarlığı tərəfindən təcili olaraq hərbi xidmətə çağırılmışdır. Müvafiq hərbi hissədə “cavuş” hərbi rütbəsində “tuşlayıcı operator” vəzifəsində xidmət etmişdir. Hərbi hissə komandirinin 83 saylı əmri ilə əməliyyat bölgəsinə, Füzuli rayonunun Yeni Əfətli qəsəbəsinə döyüşmək üçün göndərilmişdir. Həmimn hərbi hissənin əsgəri kimi Füzuli rayonunun Yusifcanlı kəndində gedən döyüş zamanı yaralanmışdır. Müalicə olunmaq üçün o, Bakı şəhəri 1 saylı Kliniki Xəstəxanaya göndərilmişdir. Həmin vaxtdan bu günədək müalicə vaxtarışı davam edir. O, dəfələrlə hüquqlarının bərpa olunması, ona “müharibə veteranı” adının verilməsi ilə bağlı müraciət etsə də, müsbət nəticə əldə olunmamışdır. AR Müdafiə Nazirliyinə ünvanlanmış müraciətinə sənədlərin notarial qaydada təsdiqlənmiş surətini də əlavə etmişdir. Lakin qurumdan imtina cavabı alınmışdır. Göstərilənlərə və İPMin 33, 35.1, 67, 73-cü maddələrinə əsaslanaraq, hüquqlarının bərpa olunması, ona “müharibə veteranı” adının verilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunur. Cavabdehin məhkəməyə təqdim edilən iddiaya qarşı yazılı etirazında aşağıdakılar bildirilir: - İddiaçı iddiası əsassızdır və təmin oluna bilməz. Belə ki, iddiaçı iddisında AR Müdafiə Nazirliyi Aparatı nəzdində Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyanın məktublarını mübahisələndirmişdir. O, döyüş əməliyyatları aparılan zaman 15 mart N4-cü il tarixdə müvafiq hərbi hissəni özbaşına tərk etdiyindən, ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məqsədəuyğun deyil. “Müharibə veteranı” adının verilməsi üçün şəxsin hərbi hissəyə daxil edilməsi kifayət etmir, hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da şərtdir. Buna görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnaməyə “qeyd” hissəsi əlavə olunmuşdur. Ona əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya aministiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “müharibə veteranı” adı verilə bilməz. Azərbaycan Respublikası Milli Məclisinin 17 oktyabr N7-ci il tarixli 383-İ QR nömrəli Qərarının 9-cu bəndinə əsasən “. . . Qərarın qanuni qüvvəyəm mindiyi günədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmalıdır”. Həmian Qərarda göstərilmişdur ki, . . . törətdikləri cinayətlərə dair təhqiqat və istintaq edilən bütün işlərin və məhkəmələr tərəfindən baxılmamış işlərin icraatına xitam verilsin, materiallar üzrə isə, cinayət işinin başlanması rədd edilsin. Göstərilənlərə əsaslanaraq və İPM-in 47.2-ci maddəsini rəhbər tutaraq, İddiaçı iddiasının rədd edilməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPMin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «Veteranlar haqqında» AR Qanununun 3-cü maddəsinin birinci hissəsinin ücüncü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin ikinci hissəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilir. Sözügedən Qanunun 7-ci maddəsinin birinci hissəsinə görə Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin üçüncü hisəssinə görə veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindın verilir. AR Nazirlər Kabinetinin 216 saylı 22 sentyabr N5-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlar qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci hissəsinin 1-ci bəndinin 8-ci yarımbəndinə görə müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən N4-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan MR (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, AR Dövlət Sərhəd Xidməti, AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, AR Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İş materiallarında olan AR Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin İddiaçı ünvanlanmış 02 dekabr 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - Sizə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyi aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 10 yanvar 2020-ci il tarixli iclasında baxılmış və 660 nömrəli protokol ilə barənizdə müsbət qərar qəbul edilməmişdir. 21 fevral 2020-ci il tarixli 9/2-2581 nömrəli arxiv arayışını zəruri sənədlərlə birlikdə (hərbi biletin birinci səhifəsi notarial qaydad təsdiq olunmuş, qalan səhifələrinin yalnız surəti, şəxsiyyət vəsiqəsinin surəti, yaralanma haqqında sənəd və s.) təqdim olunarsa, Sizə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məsələsinə baxıla bilər. İş materiallarında olan AR Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin İddiaçı ünvanlanmış 26 dekabr 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - Sizə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyi aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 10 yanvar 2020-ci il və təkrar 25 dekabr 2020-ci il tarixli iclaslarında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən, təqdim olunan sənədlər geri qaytarılır. Mərkəzi Arxivin 21 fevral 2020-ci il tarixli 9/2-2581 nömrəli arayışına əsasən döyüş əməliyyatları aparılan zaman N nömrəli hərbi hissəni N4-cü il tarixdə özbaşına tərk etdiyinizə görə AR Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən Sizə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə görə ərizəçi müraciət barədə qəbul edilmiş qərarla razılaşmadıqda, həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququna malikdir. İş materiallarından olan AR Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 21 fevral 2020-ci il tarixli arayışında aşağıdakılar bildirilir: - 24 aprel N-cü il tarixdə Nərimanov Rayon Hərbi Komissarlığından təcili həqiqi hərbi xidmətə çağırılmış, 1974-cü il təvəllüdlü İddiaçı N nömrəli hərbi hissə komandirinin N may N-cü il tarixli 50 nömrəli əmrilə (əsas: səh.-213, §1, sıra-142) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək, “sıravi” hərbi rütbəsi verilmişdir. Yefreytor İddiaçı N saylı hərbi hissə komandirinin N may N-cü il tarixli 51 nömrəli əmrilə (əsas: səh.-28, §6, sıra-295; qeyd: əmrdə hərbi rütbəsi “yefreytor” yazılmışdır) “çavuş” hərbi rütbəsi verilməklə “tuşlayıcı operator” vəzifəsinə təyin olunmuşdur. N saylı hərbi hissə komandirinin N iyul Ncü il tarixli 83 nömrəli əmrində (əsas: səh.-274, §2; qeyd: əmrdə hərbi rütbəsi yefreytor yazılmış, adı və atasının adı tam yazılmamış, əmr rus əlifbası ilə qeyd edilmişdir) yefreytor M.Q.Kərimovun döyüş əməliyyatları bölgəsinə Yeni Afətli qəsəbəsinə göndərilməsi barədə məlumat vardır. Hərbi hissəni özbaşına tərk etdiyi üçün sıravi İddiaçı N saylı Hərbi hissə komandirinin 15 mart N4-cü il tarixli 65 nömrəli əmrilə (əsas: səh-422, §4 sıra-64) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. N saylı Hərbi hissə komandirinin avqust N-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı yaralanması barədə məlumat aşkar olunmamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən İddiaçı barədə 2 iyul 2019-cu il tarixli 9/2-9034 nömrəli və 29 yanvar 2020-ci il tarixli 9/2-1241 nömrəli məktublarla onun ünvanına, 24 dekabr 2019-cuil tarixli 9/2-20437 №-li məktubla Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya cavab göndərilmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan arxiv arayışında İddiaçı N-cü ildə döyüş əməliyyatları aparılan zonada xidmət keçməsinə dair xüsusatlar öz təsdiqini tapsa da, 15 mart N4-cü il tarixdə tərxis olunmasına səbəb kimi onun hərbi hissəni özbaşına tərk etməsi göstərilmişdir. Bu isə, onun qanuni əsaslarla xidmət tərxis olunmaması kimi qiymətləndirilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, iş materiallarına surəti əlavə edilmiş “Cinayət işinin başlanmasının rədd etməyə dair” 14 aprel N8-ci il tarixli (Gəncə Hərbi Prokurorluğu tərəfindən təsdiq edilmiş) qərarda aşağıdakılar qeyd olunur: - N saylı Hərbi hissənin komandiri polkovnik-leytenant Q.S.Məmmədov İddiaçı hərbi qospitalda müalicə olunduqdan sonra hərbi hissəyə qayıtmamasına dair toplanmış təhqiqat materialları üzrə müəyyən olunanlara əsaslanaraq, “Aministiya haqqında” Qərarın 6-cı və 12-ci maddələrini rəhbər tutaraq qərar verdi: cinayət işin başlanması rədd edilsin. «Veteranlar haqqında» AR Qanununun 3-cü maddəsinin “Qeyd” hissəsində göstərilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş AR Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Belə olan halda isə məhkəmə hesab edir ki, iddiaçı hərbi hissəsi özbaşına tərk etdiyindən və bununla əlaqədar müvafiq cinayət işinin başlanması bəraətverici əsaslar olmadan rədd edildiyindən, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdeh AR Müdafiə Nazirliyinin imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh AR Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müharibə veteranı adının verilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 52, 23.1, 58.7, 62, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müharibə veteranı adının verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-3758/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3758/2021
26.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver