Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3758/2022 28.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 (Məhkəmə mübahisələri üzrə iş şöbəsinin baş mütəxəssisi, Balakən rayonu, Tülü ərazi dairəsi, Tülü kəndində qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF tərəfindən verilmiş xx.xx.2021 -ci il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun XŞTMF tərəfindən xx.xx.2021-ci il tarixli qərara əsasən İddiaçı Əliələkbər oğlundan xx.xx.2018-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində 2512,29 manat məbləğində artıq əmək pensiyasının ödənilməsinə dair 10 gün müddətində Mərkəzi Filialın hesabına köçürülməsi qərara alınmışdır. Qərar onunla əsaslandırılmışdır ki, İddiaçı Əliələkbər oğluna artıq ödənilmiş vəsaitdən iddiaçı əsassız olaraq faydalandığını hesab edilmiş və bunu Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirilmiş və hesab edilmişdir ki, “İnzibati icraat haqqında” Qanununun 64.1-ci maddəsinə əsasən əmək pensiyamdan xx.xx.2018-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində 2512,29 manat məbləğində vəsaitin tutulması üçün əsaslar vardır. İddiaçı bildirir ki, ona xx.xx.2012-ci il tarixdə, 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin tarixdən ona keçmiş dövr üçün ödənilməmiş pensiya məbləğinin birdəfəyə ödənilməsi qərara alınmışdır. xx.xx.2018-ci il tarixdən təyin edilmiş pensiya məbləğinin üzərinə ödənilməmiş pensiya məbləği əlavə edilməklə hər ay ödənilirdi. Bu müddət ərzində cavabdeh tərəfindən pensiya ödənişi ilə bağlı hər hansı bir etiraz və münasibət bildirilməmişdir. Belə ki, alınan pensiya məbləğinin artıq ödənilməsi barədə xx.xx.2021-ci il tarixdə cavabdeh tərəfindən xəbərdarlıq edilməsi barədə məktubunda 2512,29 manat məbləğin könüllü olaraq cavabdehin hesabına ödənilməsi bildirilsə də, lakin vəsaitin hansı əsaslarla artıq ödənilməsinin səbəbləri barədə məlumat verilməmişdir. Həmçinin cavabdeh həmin tarixdə ünvanlanmış məktubunda tələb olunan vəsaitin könüllü ödənilməsinin onun tərəfindən həyata keçirilmədiyi təqdirdə, əks halda həmin vəsaitin məcburi tutulması ilə bağlı məhkəməyə müraciət edilməsi bildirilmişdir. Belə ki, cavabdeh artıq ödənilmiş vəsaitin tutulması ilə əlaqədar məhkəməyə müraciət etməli olduğu halda, lakin həmin vəsaitin tutulması ilə bağlı qərar çıxararaq iddiaçının aldığı pensiya məbləğindən tutulmaya yönəlməsi qərarına gəlmişdir. Halbuki, qeyd edilən məsələ cavabdehin qərarında da əsaslndırılmadığından və şərh verilmədiyindən hüquqi məsələ olduğundan, məhz məhkəmə araşdırması nəticəsində müəyyən edilməklə hüquqi qiymət verilməli idi. Bütün bunlara baxmayaraq cavabdeh həmin halları gözləmədən birbaşa qərar çıxarmaq qənaitinə gəlmişdir. Qeyd edilənlərlə bağlı məktubda qeyd edilən vəsaitin artıq hesablanmasının hansı səbəblərdən hesab edilməsi barədə rəsmi açıqlama verilməmiş və bu barədə araşdırma aparılıb cavab veriləcəyi barədə məlumat vermişlər. Lakin xx.xx.2021-ci il tarixli qərarla iddiaçıdan 2512,29 manat məbləğin tutularaq cavabdehinhesabına köçürülməsi barədə qərara alınması barədə məktub göndərilmiş və həmin qəradan narazı qaldığından məhkəməyə müraciət edilmişdir. Cavabdeh ona təyin edilmiş güzəştli pensiyanın xx.xx.2018-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində 2512,29 manat məbləğin artıq ödənilməsi barədə qərarı ödənişin həyata keçirildiyi vaxtdan 3 il keçdikdən sonra qərar çıxartmış, bu müddət ərzində pensiya məbləğini hər ay ödənilməsini həyata keçirtdikdən sonra belə bir qərara gəlmişdir ki, pensiya məbləği artıq ödənilmişdir. Lakin qərarında “inzibati icraat haqqında” Qanununa istinad etsədə, amma qərarda artıq ödənilmiş pensiya məbləğinin artıq ödənilməsinin hansı əsaslarla müəyyən edilməsi və bu müddət ərzində nəyə görə müəyyən edilməməsi barədə heç bir açıqlama və əsaslandırılma vermir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməs barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı etirazı məhkəməyə ünvanlayaraq, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, cavabdeh bildirir ki, İddiaçı “Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********3 nömrəli artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında qərarının ləğv edilməsi barədə iddiası əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. Cavabdeh İddiaçı iddia tələbinə dair Mərkəzi Filial tərəfindən həyata keçirilmiş inzibati icraat tədbirləri haqqında aşağıdakıları qeyd edir: İddiaçı 17 fevral 2021-ci il tarixində ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. Həmin müraciətlə bağlı inzibati orqan tərəfindən aparılmış inzibati icraat tədbirləri nəticəsində bildirilir ki, ona Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsi tərəfindən 27 fevral 2012-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən aparılmış audit araşdırmaları nəticəsində məlum olmuşdur ki, X3 01.3.2018-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində 2512,29 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Həmin Qanunun 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı (kişilər 60 yaş, qadınlar 55 yaş) ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (hazırda kişilər 65 yaş, qadınlar 62 yaş) arasındakı ayların sayı qədər artırılır. Mərkəzi Filial tərəfindən aparılmış araşdırma zamanı məlum olmuşdur ki, Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsi iddiaçının xx.xx.2018-ci il tarixli ərizəsinə əsasən xx.xx.2018-ci il tarixində adıçəkilən şöbə tərəfindən işləyən əmək pensiyaçı olduğu dövrdə qazandığı 24803,63 manat sığorta kapitalını “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci və 45-ci maddələrinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 138 aya bölünməklə (24803,63/138=179,73 manat) əmək pensiyasının (292,55) üzərinə əlavə edilərək (292,55+179,73=472,29 manat (hazırda indeksasiya uyğun (567,20)) İddiaçı ödənilməli olduğu halda, səhvən həmin sığorta kapitalı 100 aya bölünərək (24803,63/100=248,03 manat) onun əmək pensiyasının üzərinə əlavə edilərək (292,55+248,03=540,58 manat (hazırda indeksasiya uyğun 649,56)) ödənilmişdir. Qeyd olunanlara əsasən İddiaçı 1.03.2018-1.06.2020-ci il tarixləri arasındakı dövr ərzində 2512,29 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması məqsədilə tədbirlər görülmüşdür. Beləliklə, artıq ödənilmiş 2512,29 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə iddiaçının əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş edilmiş, əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İddiaçı tərəfindən sözügedən yazılı razılıq Mərkəzi Filiala təqdim olunmadığından cavabdeh tərəfindən “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qaydada tərtib olunmuş “Artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” Qərar iddiaçının ünvanına göndərilmişdir....Göründüyü kimi, iddiaçı yuxarıda qeyd olunanlarla razılaşmamış, artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında xx.xx.2021-ci il tarixli **********3 nömrəli inzibati qərarın ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, cavabdeh iddiaçı Tahir Əliəkbər oğlunun Əliyevin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, cavabdeh iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Məhkəmə iş materiallarına əlavə edilmiş və məhkəmə tədqiqatı zamanı araşdırılan: -Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 10 iyun 2021-ci il tarixli, **********7 №li məktubdan görünür ki, iddiaçının müraciətinə baxılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 8 sentyabr 2020-ci il tarixli **********4 nömrəli məktubla cavablandırılmış eyni məzmunlu 17 fevral 2021-ci il tarixində daxil olmuş müraciətə aidiyyəti üzrə baxılmışdır. Bir daha bildirilir ki, Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsi tərəfindən İddiaçı 27 fevral 2012-ci il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının svayı müəyyən edilmişdir. Mərkəzi Filial tərəfindən aparılmış araşdırma zamanı Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinə iddiaçının ünvanladığı xx.xx.2018-ci il tarixli ərizəyə əsasən xx.xx.2018-ci il tarixində adıçəkilən şöbə tərəfindən işləyən əmək pensiyaçı olduğu dövrdə qazandığı 24803,63 manat sığorta kapitalının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci və 45-ci maddələrinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 138 aya bölünməklə (24803,63/138=179,74 manat) əmək pensiyanızın (292,55) üzərinə əlavə edilərək (292,55+179,74=472,29 manat) sizə ödənilməli olduğu halda, səhvən həmin sığorta kapitalının 100 aya bölünərək (24803,63/100=248,03 manat) əmək pensiyasının üzərinə əlavə edilərək (292,55+248,03=540,58 manat) ona ödənilməsi aşkarlanmışdır. Bu səbəbdən də xx.xx.2018-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində iddiaçıya 2512,29 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edildiyi, qeyd olunanları nəzərə alaraq, iddiaçıya artıq ödənilmiş 2512,29 manat pul vəsaitini büdcəyə bərpa edilməsi məqsədilə yazılı razılı qısa müddət ərzində Mərkəzi Filiala təqdim etməsi xahiş edilmişdir. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəkdir. Əlavə olaraq bildirilmişdir ki, iddiaçının əmək pensiyasının məbləği xx.xx.2021-ci il tarixindən etibarən 631,86 manat olmaqla Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən müvafiq kart hesabına köçürülür. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş “artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması haqqında” xx.xx.2021-ci il tarixli **********3 saylı Qərara əsasən xx.xx.1960-cı il tarixində anadan olmuş, ünvan 2 ünvanında yaşayan vətəndaş X1 01 mart 2018-01 iyun 2020-ci il tarixləri arasındakı dövr ərzində 2512,29 manat artıq ödənilmiş əmək pensiyası məbləği tələb edilərək 10 gün müddətində Binəqədi rayon, Ziya Bünyadov 43 ünvanda yerləşən tələbkar Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi qərara alınmışdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş “artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması haqqında” xx.xx.2021-ci il tarixli **********3 saylı Qərarının əsasını təşkil edən inzibati icraat materialları cavabdehdən tələb edilmişdir. İşin hallarından müəyyən edilir ki, iddiaçıya DSMF-nun Bakı şəhəri Yasamal rayon şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, sonradan xx.xx.2018-ci il tarixdə inzibati orqan tərəfindən yenidən hesablama aparılaraq iddiaçının işlədiyi əmək pensiyaçı olduğu dövrdə qazandığı 24803,63 manat sığorta kapitalının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci və 45-ci maddələrinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 100 aya bölünməklə (24803,63/100=248,03 manat) əmək pensiyasının üzərinə əlavə edilərək (292,55+248,03=540,58 manat) ödənilməyə başlanılmışdır. Cavabdeh inzibati orqan tərəfindən qəbul edilən xx.xx.2021-ci il tarixli **********3 saylı qərar əsasında iddiaçıya pensiya ödənişi dayandırılmış və 2512,29 manat məbləğində artıq ödənilmiş pulun cavabdeh təşkilata qaytarılması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Hazırkı halda isə iş materialları ilə iddiaçının əmək pensiyasından tutulmaların aparılmasına dair hər hansı razılıq ərizəsi müəyyən edilmir. Bu səbəbdən də iddiaçı pensiya qanunvericiliyinin tələbinə uyğun olaraq aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququndan istifadə etmişdir. Qeyd olunmalıdır ki, hazırkı iş üzrə inzibati məhkəmə mübahisəsinin əsasını artıq ödənilməsi ehtimal olunan əmək pensiya məbləğinin iddiaçıdan tutulması barədə qərarın qanuni hesab edilib-edilməməsi ilə bağlıdır ki, məhkəmə hesab edir ki, bu zaman məhkəmə inzibati icraatla bağlı qanunvericiliyin tələblərinə və işin hallarına uyğun olaraq əmək pensiyasının təyin edilməsi barədə inzibati aktın qanuni və qanunsuzluğundan əvvəl həmin inzibati aktın əlverişsiz və ya əlverişli inzibati akt olmasını araşdırmalıdır. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. Belə ki, "İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). "İnzibati İcraat Haqqında” Qanun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 2.0.2-ci maddəsinə görə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Beləliklə işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya xx.xx.2012-ci il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, sonradan bir neçə dəfə pensiya məbləği yenidən hesablanarq ödənilmiş və iddiaçı xx.xx.2021-ci il tarixədək ona təyin olunan pensiya məbləğini almışdır. Nəticədə cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 2512,29 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilərək qanunsuz olaraq qeyd olunan pensiya məbləğinin geri qaytarılması qərara alınmışdır. xx.xx.2018-ci il tarixdən artıq ödənilmiş pul vəsaiti iddiaçı tərəfindən xərclənmişdir ki, məbləğin yüksəkliyini nəzərə aldıqda məhkəmə hesab edir ki, iddiaçı həmin məbləği qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qala bilər ki, bu halda onun etimadın qanunla qorunması hüququna malikdir. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun yuxarıda sadalanan müddəalarından görünür ki, Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qanunsuz əlverişli inzibati aktın ləğv edilməsində isə vəziyyət başqa formada tənzimlənmişdir ki, yuxarıda adıçəkilən müddəaların tələbindən də görünür ki, qanunsuz əlverişli inzibati aktın ləğvindən sonra onun hüquqi nəticələrinin aradan qaldırılıb-qaldırılmaması maraqlı şəxsin etimadın qorunması hüququna istinad etmək imkanına mövcud olub-olmamasından asılıdır. Belə ki, maraqlı şəxsin etimadın qorunması hüququna istinad edilməsinin istisna edildiyi hallarda qərarın ləğvi onun hüquqi nəticələrinin aradan qaldırılmasına səbəb olur. Bundan əlavə, məhkəmə, Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, ... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı tərəfindən rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə əmək pensiyası məbləğinin alınmasına dair hər hansı hərəkət edilməmiş və bu halların mövcud olması məhkəmə araşdırması zamanı da müəyyən olunmamışdır. Cavabdehin iddiaçıdan asılı olmayan hallar nəticəsində, əmək pensiyasının güman olunan səhv təyin edilməsi halı ilə bağlı məhkəmə hesab edir ki, bu, hal iddiaçıdan ödənişin tutulmasına əsas qismində çıxış edə bilməz. Belə ki, nə əmək pensiyasının təyin edilməsi barədə qərarda, nə də məhkəməyə daxil olmuş müvafiq sənədlərdə cavabdehin güman etdiyi əmək pensiyasının səhv təyin edilməsində idiaçının təqsirli olması barədə heç bir qeyd edilməmişdir. Göründüyü kimi, rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə cavabdeh onun pensiya məbləğinə müdaxilə etməmişdir. Məhkəmə ehtimal olunan artıq ödənişi pensiya təyini barədə qərarın, sərəncamın qəbul edilməsinin, faktiki xarakterli hərəkətlərin hüquqi nəticəsi kimi gördüyündən, artıq ödənişin aradan qaldırılmasına qanunvericiliklə müəyyən edilmiş məhdudiyyət olduğunu nəzərə alaraq, geri qaytarılması barədə inzibati orqanın hərəkətlərini qanunsuz hesab edir. Göründüyü kimi inzibati orqan tərəfindən əmək pensiyası səhv təyin edilsə belə məsuliyyəti həmin inzibati orqanın səhvə yol vermiş əməkdaşları daşıya bilər, həmin səhvlərin maraqlı şəxsin hesabına, indiki halda isə iddiaçının hesabına düzəldilməsi yolverilməzdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul olunmuş xx.xx.2021-ci il tarixli **********3 saylı Qərar ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir . Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A LDİ : İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********3 saylı artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında Qərar ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-3758/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3758/2022
28.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver