Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3758/2024 20.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı döyüş əməliyyatları dövründə, yəni 27 sentyabr 2020-ci il tarixdən 15 noyabr 2020-ci il tarixədək yaralı əsgərlərin könüllü olaraq TTTY üzrə xidmət göstərmiş, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut ərazilərində gedən döyüşlər zamanı yaralı hərbçilərin FMDM-nə təxliyə olunmasında iştirak etmişdir. İddiaçı həyat təhlükəsi hesabına, yaralı əsgərlərin təxliyəsində və xilas olmasında iştirak etmiş, onun kimi digər Səhiyyə Nazirliyi əməkdaşlarına müharibə veteranı adı və vəsiqəsi verilsə də, ona qarşı ayrı-seçkilik edilmiş, Müdafiə Nazirliyi tərəfindən imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, döyüş bölgələrində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü ugrunda döyüş əməliyyatları zamanı yaralı əsgər və zabitlərin döyüş bölgəsindən çıxarılması və təxliyə olunmasında da iştirak etmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində göstərmişdir ki, o, 27 sentyabr 2020-ci il tarixdən 15 noyabr 2020-ci il tarixədək Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut ərazilərində gedən döyüşlər zamanı yaralı hərbiçilərin FMDM-yə təxliyə olunmasında iştirak etmişdir. Qeyd olunan ifadənin əsasında da Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi” tələbini irəli sürmüşdür. İddia tələbi əsassız olduğundan İddiaçı döyüş əməliyyatları aparılan zaman Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və müəssisələrdə xidməti, qulluq etməsi və ezam olunması barədə məlumat olmadığından ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Tələbin faktiki əsasına gəldikdə qeyd edilmişdir ki, şəxsin hərbi xidmət keçməsi hərbi bilet, nizami hissə üzrə əmrlər, arxiv arayışı və sair xidmətini bilavasitə əks edən sənədlərdə öz təsdiqini tapmalıdır. Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və müəssisələrində xidməti, qulluq etməsi habelə həmin hərbi hissə və bölmələrə ezam olunması barədə məlumat olmadığından iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Qeyd edilənlərə əsasən cavabdeh iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək həmçinin bildirdi ki, iddiaçı Təcili Tibbi yardım stansiyasında sürücü işləyib. Onun bildiyinə görə iddiaçının əsas iş yeri Bakı şəhərində olub. İkinci Qarabağ müharibəsində iddiaçı Naftalan Xəstəxanasının əməkdaşı kimi cəbhə bölgəsində xidmət göstərib və yaralı hərbçilərin döyüş xəttindən təxliyəsində iştirak edib. İş materiallarında olan sübutlar bunu təsdiq edir. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən iddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçıya məxsus AO seriyalı, ******* nömrəli hərbi biletdə aparılmış qeyddən görünür ki, iddiaçı 27 sentyabr 2020-ci il tarixdən 15 noyabr 2020-ci il tarixədək “X1” publik hüquqi şəxində yaralı əsgərlərin könüllü olaraq Təcili və X2 üzrə xidmət göstərmiş, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut ərazilərində gedən döyüşlər zamanı yaralı hərbçilərin X3 Mərkəzinə təxliyə olunmasında iştirak etmişdir. Qeydin edilməsinə əsas kimi X3 Mərkəzinin 345 saylı, xx.xx.2021-ci il tarixli arayışı göstərilmişdir. “X1” X4 tərəfindən verilmiş 15 noyabr 2020-ci il tarixli, 894 nömrəli arayışdan görünür ki, iddiaçı 27 sentyabr 2020-ci il tarixdən 15 noyabr 2020-ci il müddətinə həmin PHŞ-də TTTY üzrə xidmət göstərmişdir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Ağentliyi “X3 Mərkəzi” X4 tərəfindən verilmiş 16 mart 2021-ci il tarixli, 345 nömrəli arayışdan görünür ki, iddiaçı həqiqətən də ikinci vətən müharibəsində Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut ərazilərində gedən döyüşlər zamanı yaralı hərbiçələrin təxliyə olunmasında iştirak etmişdir. “X1” X4 tərəfindən verilmiş xx.xx.2022-ci -ci il tarixli, 302 nömrəli arayışda göstərilmişdir ki, iddiaçı xx.xx.2020-xx.xx.2020, xx.xx.2020-xx.xx.2020, xx.xx.2020xx.xx.2020, xx.xx.2020.-xx.xx.2020, xx.xx.2020.-xx.xx.2020-ci il tarixlərdə “44 günlük Vətən müharibəsi” dövründə Tərtər, Talış, Suqovuşan istiqamətlərində gedən döyüşlərdə yaralı əsgər və zabitlərin təxliyəsində iştirak etmişdir. İddiaçının müraciətinə cavabdeh tərəfindən verilmiş imtina məktubunda göstərilmişdir ki, döyüş əməliyyatları aparılan dövrdə xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və bölmələrə ezam olunmadığınıza görə sizə müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabnetinə göndərilməsini məqsədə uyğun hesab etmirik. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Həmin bəndin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Yuxarıda qeyd edilən normaların məzmunundan görünür ki, ikinci Qarabağa müharibəsində iştirakı ilə əlaqədar şəxsə müharibə veteranı adı verilməsi üçün həmin şəxs 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək hərbi qulluqçu və ya hərbi hissənin mülki personalı kimi hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş olmalı və ya döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı X1 X4ində təcili tibbi yardım avtobazasının sürücüsü olmaqla, ikinci Qarabağ müharibəsi dövründə yaralı hərbçilərin təxliyəsində iştirak etmişdir. Lakin, onun döyüş əməliyyatlarında iştirak etməsi və ya həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunması ilə bağlı iş materiallarında hər hansı sübut mövcud deyildir. İddiaçının tibb müəsisəsinin əməkdaşı olmaqla hərbçilərin döyüş əməliyyatları zonasından təxliyyəsini həyata keçirməsi ona müharibə veteranı adının verilməsi üçün əsas deyildir. Belə olan halda, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-3758/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3758/2024
20.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver