Məhkəmə qərarları › İş №2-1(112)-376/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-376/2023

17.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-376/2023 17.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, Tərəflərin və üçüncü şəxslərin iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeydin etibarsız hesab edilməsi və ona mülkiyyət hüququna çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeydin etibarsız hesab edilməsi və ona mülkiyyət hüququna çıxarışın verilməsi” barədə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə X6, X8 və X11 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, kooperativin qərarına əsasən iddiaçıya “Ləhiş” bağlar sahəsində 12 sot ölçüdə 5826 nömrəli bağ sahəsi verilmişdir. Bağ sahəsi dəmir və taxtadan çəpərlənmişdir. Sonuncu dəfə bağdan 2015-ci il tarixdən çıxmışdır. Nardaran hadisələrindən sonra bağa getmək üçün müvafiq icazələrin alınmasında çətinliklər yarandığından bir müddət bağa gediş-gəliş mümkün olmamışdır. 2019-cu ilin yayında bağ sahəsinə gəldikdə ərazinin mişar daşı ilə hasara alındığı, taxta qapının dəmir darvaza ilə əvəz edildiyi müşahidə edilmişdir. Cavabdehə iddiaçının müraciəti nəticəsində müəyyən edilmişdir ki, həmin sahə M.Qəhrəmanov oğlunun adına qeydiyyatdan keçmişdir. İddiaçı hesab edir ki, adıçəkilən bağ sahəsi ona məxsus olduğundan M.Qəhrəmanovun adına aparılmış qeydiyyat etibarsız hesab edilməli, çıxarış ləğv edilməli, həmin torpaq sahəsinə dair ona çıxarış və texniki sənədlər verilməlidir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən göstərilən bağ sahəsinin ümumi ölçüsü 1592 kv.m təşkil edir və göstərilən ərazinin 600 kv.m hissəsi 5825F nömrəli bağ sahəsi kimi F.Quluzadənin, 600 kv.m hissəsi isə K.Aslanovanın adına 5825 nömrəli bağ sahəsi kimi qeydiyyatdan keçmişdir. Bundan əlavə bağ sahəsi üzərində həbs qoyulmuşdur. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Eyni zamanda, qeyd edilməlidir ki, iddiaçı mülkiyyət hüququna dair dövlət qeydiyyatının aparılmasından əlavə, məhkəmə icraatı gedişində qeydin mübahisələndirilməsi məzmununda da cavabdehə müraciət etmiş, müraciətin təminindən imtina edilmişdir ki, həmin hal ilkin olaraq inzibati orqana müraciət edilmə baxımından iddianın mümkünlük şərtlərinin ödənilməsinə dəlalət edir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçının ərizəsindən görünür ki, iddiaçı üçüncü şəxslərə dair aparılmış mülkiyyət hüquqlarına dair qeydin ləğv edilməsini, eləcə də ona iddia olunan sahəyə dair çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh isə imtina məktubu ilə qeydin ləğv edilməsindən imtina etmişdir. 95 nömrəli 3 sentyabr 1993-cü il tarixli qərar əsasında verilmiş orderdə qeyd edilmişdir ki, 12 sot 5826 nömrəli bağ sahəsi Ləhiş ərazisində iddiaçının istifadəsinə verilir. 3 sentyabr 1993-cü il tarixli sərəncamdan çıxarışdan görünür ki, iddiaçıya bağ sahəsinin ayrılması qərara alınmışdır. İmtina məktubunda qeyd edilmişdir ki, iddia olunan əraziyə digər fiziki şəxsin adına mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Məhkəmənin sorğusuna cavab məktubundan görünür ki, iddiaçının adına verilmiş order İdarənin arxivində aşkar edilməmişdir. İddia olunan ərazi Ləhiş bağ massivində yerləşən 5825 saylı bağ sahəsi kimi 0,06 ha ölçüdə X9 adına və 5825F saylı bağ sahəsi 0,06 ha ölçüdə plan və ölçü sənədləri verilməklə X4 adına qeydiyyatdan keçirilmişdir. Alqı-satqı müqavilələrindən görünür ki, həmin bağ sahələri Mahir Qəhrəmanov adlı şəxs tərəfindən onlara satılmışdır. İdarənin arxivində olan 68 nömrəli orderdən görünür ki, M.Qəhrəmanova 3 iyun 1993-cü il tarixli 1053 nömrəli sərəncam əsasında 5825 nömrəli bağ sahəsi ayrılmışdır. 3 iyun 1993-cü il tarixli 1053 nömrəli sərəncamdan çıxarışdan görünür ki, M.Qəhrəmanova bağ sahəsinin ayrılması qərara alınmışdır. İlkin ekspert rəyində qeyd edilmişdir ki, iddiaçının orderinin arxiv nüsxəsi aşkar edilməmiş, üçüncü şəxsin orderinin arxiv nüsxəsində bağ sahəsinin nömrəsi 5825 kimi qeyd edilmişdir. Sərəncamlarda hər iki şəxsin adı göstərilsə də bağ sahələrinin nömrələri ilə bağlı məlumat göstərilməmişdir. Mütəxəssis rəyində qeyd edilmişdir ki, iddia olunan ərazi üzrə hasarlanma işləri plan üzrə, yəni bölgü sxem üzrə aparılmadığından, 93 nömrəli Kooperativin bölgü sxemində bağ sahəsinin nömrəsi əks olunmadığından, bağ sahəsinin dəqiq koordinatlarını müəyyən etmək mümkün olmamışdır. İddia olunan ərazi digər fiziki şəxs tərəfindən hasarlannışdır. İddia olunan bağ sahəsi 5825F və 5825 saylı bağ sahələri ilə üst-üstə düşür. Bundan əlavə, ümumi ərazidə hasarlanma tam sxematik xəritəyə uyğun aparılmamışdır. Qonşu bağ sahələrinin nömrə ardıcıllığına əsasən 5826 və 5825 saylı bağ sahələrinin bir hissəsinə uyğun gəlir. Mütəxəssis rəyinə əlavə edilmiş koordinatlardan görünür ki, iddia olunan sahə 0,12 ha yox, 1592 kv.m təşkil edir. Təkrar ekspertiza rəyində də mütəxəssis rəyində müəyyən edilən hallar təkrarlanmışdır. Üçüncü şəxsə bağ sahəsinin ayrılmasını həyata keçirən 241 nömrəli Kooperativə dair xəritədən görünür ki, 58(07,08,09,10,27,28,29,30,11,12,13,15,16,17,46,49,51) nömrəli bağ sahələri öz əksini xəritədə tapmışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Mülki Məcəllənin: Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. İddia tələbindən də göründüyü cavabdehin 2 hissə ilə bağlı imtinası ilə əlaqədardır. 1) İddia olunan torpaq sahəsində dair aparılmış qeydin mübahisələndirilməsi, 2) Adıçəkilən qeydin qanunsuzluğu tanındıqdan sonra mübahisəli torpaq sahəsinə mülkiyyət hüququnun iddiaçının adına dövlət qeydiyyatına alınması. İş materiallarından, o cümlədən cavabdehin imtina məktublarından da göründüyü kimi mülkiyyət hüquqlarının iddiaçının adına dövlət qeydiyyatına alınmasından imtinanın əsası qismində həmin əraziyə digər şəxslərin hüquqlarının dövlət qeydiyyatına alınması çıxış edir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, adıçəkilən torpaq sahəsi sərəncam və verilmiş order əsasında ilkin olaraq X2 adına sənədləşdirilmiş, həmin şəxs sonradan adıçəkilən torpaq sahəsinin 1/2 hissəsini digər üçüncü şəxs X5, yerdə qalan digər 1/2 hissəsini isə X1. Qeyd olunmalıdır ki, iddiaçının əsas hüquqi marağı adıçəkilən torpaq sahəsinə onun hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlıdır ki, həmin tələbin realizəsi baxımından mülkiyyət hüquqlarına dair M.Qəhrəmanovun adına dövlət qeydiyyatının aparılmasına dair cavabdehin hərəkətlərinə hüquqi qiymət verilməsi zəruridir. Nəzərə alınmalıdır ki, AR İPM-nin 14-cü maddəsinin tələbləri baxımından tələbin təmini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı öhdəliyin icrası növündə hərəkətin edilməsini konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İş materiallarından isə göründüyü kimi istər mülkiyyət hüququna dair qeydin qanunsuzluğunun tanınmasından imtina, dolayısı ilə də qeyd qüvvədə olduğu müddətdə həmin sahəyə dair iddiaçının hüquqlarının dövlət qeydiyyatından imtinaya dair faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübut edilmişdir. Belə ki, iddia olunan əraziyə dair iddiaçının hüquqmüəyyənedici sənədi qismində 03 sentyabr 1993-cü il tarixli sərəncam, eləcə də həmin sərəncam əsasında verilmiş order çıxış edir. İddia olunan əraziyə M.Qəhrəmanovun hüququnun dövlət qeydiyyatına alınmasına əsas qismində çıxış edən hüquqmüəyyənedici sənəd də 03 iyun 1993-cü il tarixli sərəncam, eləcə də həmin sərəncam əsasında verilmiş order olmuşdur. Qeyd olunmalıdır ki, həmin sənədlər hüquqların dövlət qeydiyyatına alınması üçün hüquqmüəyyənedici xüsusiyyətinə malik olsa da, məhz iddia olunan torpaq sahəsi ilə bağlı iddiaçıda mövcud olan sənədin digər şəxsin adına olan sənədlərə münasibətdə mötəbərliyi öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçının adı olan sərəncamdan görünür ki, sərəncam 03 sentyabr 1993-cü il tarixlidir. Üçüncü şəxsin adına verilmiş sərəncam isə 03 iyun 1993-cü il tarixlidir. Göründüyü kimi torpaq sahəsi üçüncü şəxsə daha əvvəl ayrılmışdır. Bundan əlavə, hər nə qədər orderin arxiv nüsxəsinin aşkar edilməməsi şəxsin təqsiri olmasa da, nə qədər ki iddiaçı və üçüncü şəxsin adına verilən sənədlərin mötəbərliyi baxımından qiymətləndirilmə aparılmalıdır, bu baxımından nəzərə alınmalıdır ki, hüquqları dövlət qeydiyyatına alınmış olan üçüncü şəxsə verilmiş orderin arxiv nüsxəsi İdarənin arxivində mövcud olsa da, iddiaçıya ayrılmış orderin arxiv nüsxəsi aşkar edilməmişdir. Halbuki, hazırkı iş üzrə məhz iddia olunan torpaq sahəsinə dair hüquqların üstünlüyü baxımından orderin mötəbərliyi əhəmiyyət daşıyır. Belə ki, hər iki sərəncamdan görünür ki, torpaq sahəsinin ayrılması barədə qeyd aparılsa da, məhz hansı ölçüdə, hansı nömrəli bağ sahəsinin ayrılması sərəncamlarda müəyyən edilməmişdir. Bağ sahəsinin nömrəsi və ölçüsü orderdə göstərilmişdir ki, üçüncü şəxsin orderinin arxiv nüsxəsinin mövcud olması, eləcə də iddiaçının orderinin arxiv nüsxəsinin aşkar edilməməsi mübahisəli torpaq sahəsinə münasibətdə üçüncü şəxsin hüquqlarının mötəbərliyinin mübahisələndirilməsini əsaslı edə biləcək dəlillərin mövcudluğunu istisna edir. Eyni zamanda mötəbərliyi məhkəmə üçün şübhdə doğurmayan ekspert rəyləri ilə də müəyyən edilir ki, iddia olunan ərazidə hasarlanma işləri plana uyğun aparılmamış, ümumiyyətlə iddiaça torpaq sahəsinin ayrılmasını həyata keçirən 93 nömrəli X3 bölgü sxemində bağ sahəsinin nömrəsi əks olunmamışdır. Bu səbəbdən də iddiaçının təqdim etdiyi sənədlər əsasında bağ sahəsinin dəqiq koordinatlarının təyin edilməsi mümkün olmamışdır. Göründüyü kimi iddiaçı tərəfindən məhz iddia olunan torpaq sahəsinin ona sərəncam və order əsasında ayrılması qeyd edilsə də, ümumiyyətlə 93 nömrəli Kooperativə aid bölgü sxemdə bağ sahəsinin nömrələri aşkar edilmədiyindən iddia olunan ərazinin məhz iddiaçıya ayrılmış 5826 nömrəli bağ sahəsi olduğu sənəd üzrə öz əksini tapmamışdır. Üçüncü şəxsə torpaq sahəsi ayrılmış 241 nömrəli Kooperativə aid xəritədən görünür ki, ərazinin əksər hissəsi 58 rəqəmi ilə başlayan bağlardan ibarət olmuş, mübahisəli torpaq sahəsi qonşu bağ sahələrinin nömrə ardıcıllığına əsasən 5826 və 5825 saylı bağ sahələrinin ərazisinə uyğun gəlmişdir. Göründüyü kimi üçüncü şəxsə ayrılmış bağ sahəsinin 5825 nömrəli bağ sahəsi ilə uyğunluq təşkil etdiyi və aidiyyəti 241 nömrəli BTK tərəfindən orderin nömrələmə xüsusiyyətlərinə uyğun olaraq tərtib edildiyi, iddiaçının sərəncama əsasən verilmiş orderinin isə heç bir istinad göstərilmədən 5826 nömrə kimi qeyd edildiyi müəyyən edilmişdir. Bu da arxiv nüsxəsi mövcud olmayan orderin mötəbərliyini şübhə altına alır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının adının qeyd edildiyi sərəncam həqiqətən də torpaq sahəsinə hüquqların dövlət qeydiyyatına alınması üçün hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Lakin, həmin sənəd Ləhiş bağlar ərazisində olan bütün sahə üçün nəzərdə tutulmuş hüququn qeydiyyatı anlamına gəlməməklə, konkret olaraq iddiaçıya naturada verilmiş bağ sahəsinə dair hüquqların qeydiyyatına əsasdır. İş materialları ilə isə torpaq sahəsinin ayrıldığı vaxtdan naturada iddiaçının istifadəsində olması, istifadə edilməsi öz əksini tapmamış, təkcə iddiaçının iddia ərizəsi və orqanlara müraciət məktublarında göstərilmiş, faktiki istifadəni təsdiq edən heç bir mötəbər sənəd təqdim edilməmişdir. Adıçəkilən torpaq sahəsi isə üçüncü şəxsin istifadəsində olmuş, həmin əraziyə çıxarış əldə edildikdən sonra digər üçüncü şəxslərə satılmışdır. Bundan əlavə, iş materialları ilə müəyyən edilir ki, iddia olunan torpaq sahəsinin ölçüsü 12 sot yox, 1592 kv.m təşkil etmişdir ki, həmin hal da məhz adıçəkilən torpaq sahəsinin naturada ilkin olaraq iddiaçıya ayrılmasını şübhə altına almaqdadır. Məhkəmə hesab edir ki, iddia olunan torpaq sahəsinə dair qeydin mötəbərliyi öz təsdiqini tapdığından həmin qeydin ləğv edilməsindən, eləcə də bunun davamı kimi həmin sahəyə iddiaçının adına mülkiyyət hüquqlarının dövlət qeydiyyatından və texniki sənədlərin verilməsindən söhbət gedə bilməz. Nəzərə alınmalıdır ki, AR İPM-nin: 110.1. Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 111.1. Proses iştirakçısının tələbinin qismən təmin edildiyi hallarda prosessual xərclər üzrə qarşılıqlı hesablaşma aparılır və ya xərclər proses iştirakçıları arasında müvafiq nisbətdə bölüşdürülür. Xərclər üzrə qarşılıqlı hesablaşmanın aparıldığı hallarda, hər tərəf məhkəmə xərclərinin yarısını ödəyir, zəruri xərclər isə tərəflərin öz hesabına ödənilir. İş materiallarından görünür ki, 2 ekspertiza tədqiqatı aparılmış, ümumilikdə 100 manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, həmin ödənişin həyata keçirilməsi iddia tələbi rədd edildiyindən iddiaçıya aid edilməlidir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. X7, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** hesaba ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğində prosessual xərc iddiaçı tərəfindən ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar