Məhkəmə qərarları › İş №2-1(112)-376/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-376/2024

02.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-376/2024 02.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi - X1, üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəh., N.Vəzirov küç., 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Ramana qəsəbəsi, 3 saylı sahədə fərdi yaşayış evi tikmək üçün ona ayrılmış 600 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını və müvafiq çıxarışın verilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona fərdi yaşayış evi tikmək üçün Azərbaycan Respublikasının "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" 29 iyun 2001-ci tarixli, 815 saylı qərarına, X3 Məsələləri daimi komissiyasının 21 dekabr 2003-cü il tarixli aktı ilə müəyyən edilmiş rəyinə, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 28 aprel 2004-cü il tarixli, 18/03-8/1142 saylı məktubuna və Sabunçu rayon İcra Hakimiyyəti Başçısının 2004-cü il 24 fevral tarixli, 1/128 saylı razılıq məktubuna əsasən Ramana qəsəbəsi 3 saylı sahədə fərdi yaşayış evi tikmək üçün 600 kv. m torpaq sahəsi ayrılmışdır. Göründüyü kimi torpaq sahəsi tam olaraq qanuni əsaslarla ayrılmış və onun mülkiyyətinə verilmişdir. Lakin DƏDKR 1 saylı Ərazi İdarəsində Kadastr planı olmadığına görə sənədləri qəbul etmədilər. Belə ki, Dövlət Torpaq və Xəritə Çəkmə Komitəsi ləğv ediləndən sonra ona aid bütün səlahiyyətlər İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinə verilmişdir. Bu halda torpaq sahəsinin koordinatlarını müəyyən etmək və plan-ölçüsünü tərtib etmək də məhz bütün səlahiyyətləri özündə birləşdirmişdir. Hesab edir ki, cavabdehin hərəkətləri (hərəkərsizlik) qanunsuzdur və əsassızdır. Bu hərəkətlər (hərəkətsizlik) aşkar şəkildə onun hüquqlarımı pozur. Torpaq sahəsi 18 ildir onun sahibliyində və istifadəsindədir. O, hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin müraciəti cavablandırılmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb edilmişdir. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2022-ci il tarixli, **********22 nömrəli iddia ərizəsinə dair etirazda göstərilmişdir ki, iddiaçı müvafiq tələblə ********** və ********** nömrəli, xx.xx.2022-ci il və xx.xx.2020-ci il tarixli ərizələr ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş alqı-satqı aktı təqdim edilməmişdir. Bundan əlavə, iddiaçı tərəfindən faktiki göstərilən torpaq sahəsinə İdarənin mütəxəssisləri tərəfindən yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, göstərilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması ilə əlaqədar elektron kadastr baza məlumatlarında heç bir məlumat aşkar edilməmişdir. Təqdim edilmiş yerləşmə cizgisində istinad və məsafələr qeyd edilməmişdir. Həmçinin, elektron kadastr baza məlumatlarına əsasən göstərilən faktiki torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərin sərhədləri daxilində yerləşməklə, dövlət mülkiyyətində olan torpaqlardır. Bu səbəblərdən ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə vətəndaşa **********20 saylı, xx.xx.2022-ci il tarixli məktub ünvanlanmışdır. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş və 08 iyul 2014-cü ilədək qüvvədə olmuş “Torpaqların alqı- satqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. “Torpaq islahatı haqqında" Azərbaycan Respublikası qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İdarə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda göstərilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən iddiaya dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkiı iş üzrə iddiaçının iddia qaldırmaqda subyektiv hüququ mövcud olduğundan, eyni zamanda cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etdiyindən tərəflər arasında mübahisə mövcud olmuşdur. Hazırki iddia ümumi və xüsusi mümkünlük şərtlərini ödəyir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş iddiaçı məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Bakı şəhəri Sabunçu Rayonu Ramana Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında 29 iyun 2001-ci il tarixli 815 saylı qərarına “X3 Məsələləri daimi komissiyasının xx.xx.2003-cü il tarixli aktı ilə müəyyən edilmiş müsbət rəyinə və Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü tarixli 18/03-8/1142 saylı məktubuna və Sabunçu rayon İcra Hakimiyyəti Başçısının 24.02.04 il tarixli 1/128 saylı razılıq məktubuna əsasən Ramana qəsəbəsi, 3 saylı sahədə 600 kv.m. 0.06 ha torpaq sahəsi vət. İddiaçı alqı-satqı yolu ilə ona satılması və vət. İddiaçı Ramana qəsəbəsi, 3 saylı sahədə 600 kv.m. 0.06 ha fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılması qərara alınmışdır. - xx.xx.2004-cü il tarixli “alqı-satqı müqaviləsi”ndən görünür ki, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunlarına uyğun olaraq Ramana Bələdiyyəsinin qərarı əsasında Sabunçu rayonu, Ramana qəsəbəsi, 3-cü sahə küçəsində yerləşən ümumi sahəsi 600 kv.m. olan torpaq sahəsi alıcı İddiaçı satılmışdır. Torpağın satış qiyməti 1 kv.m üçün 8800 manat təşkil edir. - Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş etiraza qoşma kimi əlavə edilmiş xx.xx.2020-ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əsk etdirən müayinə (baxış) aktı”ndan görünür ki, mübahisəli torpaq sahəsinin sərhədləri mişar daşı ilə hasarlanmış və torpaq sahəsində yarımçıq icazəsiz tikililər mövcuddur. - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı xx.xx.2022-ci il tarixli, BA- 06902-2022 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Ramana Bələdiyyəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. - Bakı şəhəri Sabunçu rayonu Ramana Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 214 nömrəli məktubundan görünür ki, İddiaçı Ramana bələdiyyəsi tərəfindən bələdiyyəsinin 24.052.2004-cü il tarixli, 17 saylı qərarı ilə fərdi ev tikintisi üçün 0.06 ha torpaq sahəsi satılmışdır. Torpaq sahəsi ilə bağlı torpaqayırma sənədlərinin təsdiqlənmiş surətləri (iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərlə eynidir) məhkəməyə təqdim edilmişdir. - “SOCAR”ın xx.xx.2023-cü il tarixli, 14-2/2-99/2023-cü il tarixli məktubundan görünür ki, kənar fiziki və hüquqi şəxslərə aid torpaq sahələrinin SOCAR-ın daimi istifadəsində, eləcə də şirkətə məxsus sənaye obyektlərinin mühafizə zonalarına aid olan torpaq sahələrinin hüdudları daxilində olub-olmamasını düzgün müəyyən etmək üçün, həmin sahələrin künc nöqtələrinin koordinatlarını özündə əks etdirən mötəbər məlumatlar təqdim edilməlidir. Müraciətlərə baxılarkən uyğunsuzluqlara yol verməmək üçün torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsdiq edən çıxarış (plan və ölçü ilə birlikdə) və ya “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin tabeliyində olan aidiyyəti ərazi idarələri tərəfindən torpaq sahəsinin künc nöqtələrinin koordinatları əks olunmuş yerquruluşu planı təqdim edilməklə, SOCAR tərəfindən rəy verilməsi məqsədəmüvafiq hesab olunur. Məlum olduğu kimi, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci İl tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" (DƏDKR) publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.16-cı bəndinə əsasən, “daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdtrma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq” və 3.1.29-cu bəndə əsasən “dövlət və yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara müəyyən edilmiş qaydada daşınmaz əmlakın (torpaqların) elektron kadastr uçotu informasiya sistemindən kadastr məlumatlarına dair elektron və (və ya) kağız formatda çıxarışların və yerquruluşu planının verilməsini təmin etmək" DƏDKRnin vəzifələrindən biridir. Odur ki, sorğu olunan torpaq sahəsi ilə bağlı rəyin verilməsi yuxanda göstərilən sənədlərdən biri təqdim edildikdən sonra mümkün olacaqdır. - DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********45 nömrəli məktubuna qoşma kimi əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, göstərilən torpaq sahəsi sənəd üzrə 600,0 kv.m olsa da, faktiki olaraq 624,0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində yaşayış evi mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Dövlət mülkiyyəti torpağıdır. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Sözügedən torpaq sahəsinə dair təqdim edilmiş cizgidə istinadlar, istinad məsafələri və perimetrik ölçülər qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. - DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli **********49 nömrəli məktubunda qeyd olunmuşdur ki, iş üzrə hüquqmüəyyənedici (Ramana bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 17 №-li qərarının) və texniki sənəslərin (sözügedən qərarla ayrılmış torpaq sahəsinin coğrafi yerləşmə mövqeyini müəyyən etməyə imkan verən sənədlərin) təqdim ediləcəyi, iddiaçı tərəfin iştirakının təşkil ediləcəyi və baxış keçirilməsinə şərait yaradılacağı təqdirdə 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin təhqiqat obyektinə baxışda iştirakı və müvafiq münasibətin bildirilməsi təmin ediləcəkdir. - DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli **********55 nömrəli məktubunda mütəxəssis rəyinin verilməsi üçün Tarif Şurasının Xİİİ bəndinə uğun olaraq nəzərdə tutulan 95 (doxsan beş) manat xidmət haqqı ödənilməsi tələb olunmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpsertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/4086 nömrəli məktubu ilə məhkəmə tikinti-texniki ekspertizasının aparılmasından imtina olunmuş, imtinanın səbəbi olaraq tərəflərin təyin olunmuş vaxtda tədqiqat obyektində iştirak etmədikləri göstərilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçı iddia olunan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh imtina olaraq 4 əsas göstərmişdir: 1 Torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş alqı-satqı aktının təqdim edilməməsi; 2Göstərilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmaması; 3. Təqdim edilmiş yerləşmə cizgisində istinad və məsafələr qeyd edilməməsi; 4. Torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərin sərhədləri daxilində yerləşməklə, dövlət mülkiyyətində olan torpaq olmasıdır. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Qanunvericiliyin tələbindən də göründüyü kimi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməlidir. Hazırki işin faktiki hallarından göründüyü kimi iddiaçı torpaq sahəsi üzərində gözlənilən mülkiyyət hüquqlarının yarandığını bələdiyyə tərəfindən verilmiş qərarın mövcudluğu ilə əsaslandırır. Nəzərə alınmalıdır ki, torpaqayırma sənədi qismində çıxış edən bələdiyyə qərarı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə əsasən şəxsin daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatına əsas verir. Buna baxmayaraq həmin qərar əsasında iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması mümkün deyil. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 86-cı maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri alqısatqı obyekti ola bilər. Bələdiyyə mülkiyyətindəki torpaqların alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı, şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun: 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalar, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Həmçinin “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin: 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu təsərrüfat planı, yaşayış məntəqəsinın baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Mövcud yaşayış məhəllərində tikintisi mümkün olan ayrıayrı binaların yerləşdirilməsi üçün sahənin seçilməsi də bu bənddə göstərilmiş qaydada həyata keçirilir. 17-ci bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafıq icra hakimiyyəti orqanına göndərir. 18-ci bəndinə əsasən müvafıq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. 19-cu bəndinə görə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli 696 nömrəli Fərmanının 2-ci bəndi ilə müəyyən edilmişdir ki, Əsasnamənin 7-ci və 24-cü bəndlərində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri, 17, 18, 19, 21, 22-ci bəndlərində və 26-cı bəndinin ikinci cümləsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət və Xəritəçəkmə Komitəsinin (“DTXK”) yerli qurumları həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarında aşağıdakı hüquqi mövqelər ifadə olunmuşdur: “Hazırkı iş üzrə isə apellyasiya instansiyası məhkəməsi qeyd olunan normaların tələblərini pozaraq müvafiq araşdırma aparmadan, ehtimala əsaslanmaqla mübahisəli torpaq sahəsinin Bələdiyyənin mülkiyyətində olmadığı qənaətinə gəlmişdir. Halbuki, inkvizisiya prinsipini rəhbər tutaraq, məhkəmə Bələdiyyəni işə cəlb edərək müvafiq sənədləri əldə etmək, icarəyə dair aktı imzalayan şəxsləri müəyyən etməklə həmin aktın qanunvericiliyin tələblərinə uyğun olaraq “qərar” deyil “sərəncam” adlandırılmasının texniki səhv və yaxud “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İnzibati icraat haqqında” Qanun) 65.1.3-cü maddəsi ilə nəzərdə tutulan pozuntu olmasını aydınlaşdırmaq, müvafiq icra hakimiyyəti orqanlarının rəylərinin olub-olmamasını müəyyən etmək imkanlarına malik idi ki, bu da işin tam və hərtərəfli tədqiq edilməsinə xidmət etmiş olardı. Torpaq sahəsinin planlaşdırılması layihəsinin müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaması və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən torpaq sahəsinin yerquruluşu işlərinin (planlama) aparılmamasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir. Bələdiyyə tərəfindən torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi publikhüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə “İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi)” Məhkəmə ilk növbədə torpaq sahəsinin ayrılması ilə bağlı həyata keçirilən inzibati icraatın gedişində torpaq alqı-satqısına dair aktın ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə təqdim edilməməsinə məsələsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, torpaq sahəsinin mülki qanunvericiliklə nəzərdə tutulmuş məqsədlər ücün maraqlı subyektlərə ayrılması ilə bağlı icra hakimiyyəti orqanlarının və bələdiyyələrin fəaliyyəti publik-hüquqi fəaliyyət sayılır və sahəvi xüsusi qanunvericilik normları ilə yanaşı, həm də “İnzibati icraat haqqında” Qanunla nəzərdə tutulmuş ümumi prosedur qaydalara və prinsiplərə uyğun olaraq həyata keçirilməlidir. Həmin Qanunun tələblərinə görə, torpaq sahəsinin qeyd edilən məqsədlər üçün ayrılması ilə bağlı maraqlı şəxsin səlahiyyətli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə (inzibati orqana) müraciəti əsasında müvafiq inzibati icraat həyata keçirilməli və icraatın yekununda torpaq sahəsinin ayrılması və ya ayrılmasından imtina barədə inzibati akt - qərar qəbul olunmalıdır. İnzibati icraatda obyektiv araşdırma prinsipi hakimdir və həmin prinsipin tələbinə görə icraat zamanı və icraat çərçivəsində torpaq sahəsinin ayrılması ilə bağlı halların tam və hərtərəfli araşdırılması inzibati orqanın xidməti vəzifəsidir. Başqa sözlə, icraat zamanı tələb olunan, o cümlədən qanunvericiliklə nəzərdə tutulmuş müəyyən işlərin görülməsi, müvafiq sorğuların göndərilməsi və rəylərin alınması, razılaşdırmaların həyata keçirilməsi, plan – ölçünün hazırlanması və s. torpaq sahəsinin ayrılması ilə bağlı inzibati icraatın tərkib hissəsi kimi nəzərdən keçirilməli və icraat nəticəsində obyektiv qanunauyğun qərarın qəbulu məqsədlərinə xidmət edən tədbirlər kimi dəyərləndirilməlidir. İctimai maraqlara xidmət edən həmin tədbirlərin görülməsi torpağı ayırmaq səlahiyyətinə malik olan inzibati orqanın xidməti vəzifəsinə və məsuliyyət sferasına aid məsələdir. Maraqlı şəxsə münasibətdə isə icraat gedişində həyata keçirilmiş həmin tədbirlər deyil, yalnız inzibati icraatın nəticəsində qəbul edilmiş qərar müstəqil xarici hüquqi təsirə malikdir və şəxs üçün hüquqi nəticlər yaradır. Nəzərə alınmalıdır ki, torpaq sahəsinin ayrılması ilə bağlı həyata keçirilən inzibati icraatın gedişində torpaq alqı-satqısına dair aktın ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə təqdim edilməməsi, o cümlədən müvafiq rəylərin alınması inzibati orqanın inzibati icraat çərçivəsində aparılmalı olan hərəkətdir. Bu səbəbdən də həmin əsas imtina əsası qismində çıxış edə bilməz. Lakin cavabdehin imtinası əsası kimi göstərdiyi digər hallar, yəni torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmaması və Dövlət Neft Şirkətinə ayrılan torpaq sahəsinin hüdudları daxilində yerləşməsi iddianın həllində mühüm rol oynayır. Belə ki, yuxarıda göstərilən qərarda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun nümayiş etdirdiyi mövqeyi o istiqamətdə olmuşdur ki, bələdiyyə qərarı əsasında vətəndaşa ayrılmış torpaq sahəsi üzərində şəxsin mülkiyyət hüquqlarının qeydə alınması məsələsinə baxılarkən inzibati icraat nəticəsində qərarın (konkret halda torpağın ayrılması barədə) qəbulunda iştirak xarakteri daşıyan prosedurlara riayət edilməməsi, o cümlədən rəylərin alınmaması özü-özlüyündə hüququn qeydə alınmasından imtinanın əsasını təşkil edə bilməz. Lakin bələdiyyə qərarı əsasında ayrılan torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olub-olmaması ilə bağlı müvafiq araşdırma aparılmalıdır. Nəzərə alınmalıdır ki, torpaq sahəsinin bələdiyyənin yoxsa dövlət mülkiyyətində olub-olmamasının, ümumiyyətlə dislokasiya baxımından faktiki olaraq Dövlət Neft Şirkətinə ayrılan torpaq sahələrinin hüdudları daxilində yerləşib-yerləşməməsinin müəyyən edilməsi xüsusi bilik tələb edən sahədir ki, bununla bağlı məhkəmə tərəfindən mütəxəssis rəyinin alınmış, daha sonra ekspertiza təyin edilmiş, lakin tərəflərin iştirakı təmin olunmadığından ekspertiza tədqiqatının aparılmasından imtina olunmuşdur. Məhkəmə diqqətə çatdırır ki, mütəxəssis rəyində iddia olunan torpaq sahəsinin torpaqayırma zamanı bələdiyyinin mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşib-yerləşməməsi və bundan irəli gələn digər suallara cavab verilməmişdir. Bu səbəbdən də Məhkəmə, həmin mütəxəssis rəyinin hazırki iddianın həllində əhəmiyyət kəsb edən yetərli məlumatları əks etdirmədiyini nəzərə alaraq, mütəxəssis rəyinin verilməsi ilə bağlı qərardadı təkrar icra olunması üçün cavabdehə göndərmişdir. Cavabdeh tərəfindən mütəxəssis rəyinin verilməsi ilə əlaqədar olaraq müvafiq məktub ünvanlanmış, məktubda 95 manat ödənişin ödənilməsi, eyni zamanda iş üzrə hüquqmüəyyənedici (Ramana bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 17 №-li qərarının) və texniki sənəslərin (sözügedən qərarla ayrılmış torpaq sahəsinin coğrafi yerləşmə mövqeyini müəyyən etməyə imkan verən sənədlərin) təqdim ediləcəyi, iddiaçı tərəfin iştirakının təşkil ediləcəyi və baxış keçirilməsinə şərait yaradılacağı təqdirdə 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin təhqiqat obyektinə baxışda iştirakı və müvafiq münasibətin bildirilməsinin təmin olunacağı göstərilmişdir. Qeyd olunmalıdır ki, mövcud inzibati və inzibati məhkəmə praktikası ilə də müəyyən edilir ki, torpaq sahələrinin elektron bazada yerləşmə yeri, koordinat və s barədə müstəsna məlumata malik olan əmlak orqanı tərəfindən mütəxəssis rəyinin təqdim edilməməsi ekspertiza fəaliyyətinin həyata keçirilməsinə mane olmaqla ekspertin rəy verilməsindən imtina ilə nəticələnir. İddiaçının diqqətinə də həmin məsələ çatdırılaraq mütəxəssis rəyinin alınmasına şərait yaradılması, eləcə də mütəxəssis rəyinin verilməsi üçün zəruri olan xidmət haqqının ödənilməsi barədə məlumat verilmiş, lakin iddiaçı həmin ödənişin edilməsindən imtina etmişdir. Göründüyü kimi qeyd olunan imtina dəlillərinin qanunsuz olmasına iddiaçı istinad etsə də həmin dəlillərin yoxlanılmasına münasibətdə mütəxəssis rəyinin alınması iddiaçı tərəfindən ödənişin edilməməsi səbəbindən mümkün olmamışdır. Bununla bağlı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, AR İPM-nin: 29-1. İnzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. AR MPM-nin: 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 7.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Göründüyü kimi ekspertiza aparılması üçün tələb olunan xərclərin ödənilməməsi də daxil olmaqla ekspertizanın keçirilməsinə mane olma ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edilir. Hazırkı iş üzrə də məhz adıçəkilən maddənin tətbiqi üçün məhkəmə hesab edir ki, əsas mövcuddur. Belə ki, mütəxəssis rəyinin alınması üçün xidmət haqqının ödənilməməsi, maddənin analogiya üzrə tətbiqi baxımından məhkəməyə imkan verir ki, ekspertizanın keçirilməsinə üzrlü səbəb olmadan imtina edən şəxsə münasibətdə ekspert rəyində aydınlaşdırılmalı məsələyə münasibətdə qiymət versin. Göstərilən bu hal iddia olunan torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmadığı qənaətinə gəlinməsinə əsas verir. Göründüyü kimi mübahisəli torpaq sahəsi bələdiyyə qərarı əsasında iddiaçıya ayrılsa da, iddia olunan torpaq sahəsinin həmin dövrrdə bələdiyyənin mülkiyyətində olması müəyyən olunmur. Məhkəmə bir daha qeyd edir ki, bələdiyyə tərəfindən qəbul edilmiş qərar yalnız o halda iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatını həyata keçirə bilərdi ki, əgər qərar ilə ayrılmış torpaq sahəsi bələdiyyənin mülkiyyətində olsun. Hazırki halda isə iddia olunan torpaq sahəsi dövlət mülkiyyətində olduğundan və zamanında torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olması sübuta yetirilmədiyindən, cavabdehin imtinası əsaslı olmuşdur. Eyni zamanda məhkəmə onu da vurğulamağı zəruri hesab edir ki, hazırda torpaq sahəsinin Ramanı bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaq sahəsində olması müəyyən olunmadığından, cavabdehin imtina əsası kimi istinad digər əsaslara ayrıca münasibət bildirilməsinə də zərurət yoxdur. Çünki bu növ iddialarda Konstitusiya Məhkəməsinin də formalaşmış mövqeyi və imperativ göstərişi məhz torpaq sahəsinin bələdiyyə mülkiyyətində olub-olmamasını müəyyən etməkdə olmuşdur ki, hazırda torpaq sahəsinin bələdiyyə mülkiyyətində olduğu müəyyən olunmur. Başqa sözlə desək, hətta cavabdehin imtina əsasları digər hissələrdə əsassız olsa belə, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması müəyyən olunmadığından, hazırki iddia tələbinin təmini istisna olunur. Beləliklə, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin müdaxiləsini, yəni sonuncunun torpaq sahəsinin iddiaçının adına ilkin hüquqi qeydiyyata alınmasından imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar