Məhkəmə qərarları › İş №2-1(112)-3763/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3763/2020

09.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3763/2020 09.12.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlu, iddiaçı - İddiaçı cavabdeh - Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “mənzilə dair kirayə müqaviləsinin bağlanılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı ünvan 1 ünvana dair kirayə müqaviləsinin iddiaçının adına bağlanılması barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclası xx.xx.2020-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, müraciət olunan məktuba cavab olaraq cavabdeh mənzil qanunvericiliyininqeyd edilən tələblərinə uyğun olaraq zəruri sənədlərin olmadığını bildirmişdir. İddiaçı ilə kirayə müqaviləsinin bağlanılmasından imtina etmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını onunla əsaslnadırmışdır ki, Bakı şəhər X4 xx.xx.1984-cü il tarixli, 38/1681 nömrəli qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana Kombinatı, 39 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasına dair Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2019-cu il tarixli, 194 nömrəli icazə sənədinə əsasən binanın istismarına icazə verilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (xx.xx.2009-cu il tarixədək qüvvədə olan) 36-cı maddəsi ilə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotunda dayanan vətəndaşlara yaşayış sahəsinin siyahılarla müəyyən edilmiş növbəlilik qaydasında, uçota götürülmə vaxtı əsas tutularaq verilməsi müəyyən edilmişdir. Həmin Məcəlləyə əsasən idarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon XDS icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə verilir. Həmin qərar əsasında yerli icra hakimiyyəti orqanı tərəfindən vətəndaşa order verilir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Mənzil qanunvericiliyinin qeyd edilən tələblərinə uyğun olaraq zəruri sənədlər İddiaçı tərəfindən ərizəsinə əlavə edilmədiyindən qaldırılan məsələnin müsbət həlli mümkün olmamışdır. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 48-ci maddəsinə görə, dövlət və ictimai mənzil fondu evində yaşayış sahəsinə köçmək üçün yeganə əsas verən sənəd order sayılır. Həmin Məcəlləsinin 51-ci maddəsinə görə, dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla-mənzil istismar təşkilatı (belə təşkilat olmadıqda isə, idarə, təşkilat) ilə icarədar-adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanılır. Bu Məcəllənin 50-ci maddəsinə görə, Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotunu və yaşayış sahələrinin bölüşdürülməsinin nümunəvi qaydalarını Azərbaycan SSR Nazirlər Soveti təsdiq etmişdir. Azərbaycan SSR Nazirlər Sovetinin (hal-hazırda qüvvədə olan) 14 oktyabr 1983-cü il tarixli, 418 nömrəli qərarı ilə təsdiq edilmiş "Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçota alınmasının və Azərbaycan SSR ərazisindəki yaşayış evlərinin bölüşdürülməsinin Nümunəvi qaydaları"nın 14-cü bəndinə görə, iş yerində uçota götürülmək haqqında vətəndaşların ərizələrinə və mənzil-məişət komissiyalarının apardığı yoxlamanın materiallarına müəssisə, idarə, təşkilat müdiriyyəti və həmkarlar ittifaqı komitəsi tərəfindən ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır və birgə qərar çıxarırlar. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna müdiriyyətin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə götürülmüş vətəndaşların siyahıları (2 nömrəli əlavə) və onların uçot işləri qərarın qəbul edildiyi vaxtdan 10 gündən çox olmayaraq, müdiriyyət və həmkarlar ittifaqı komitəsi tərəfindən yerli xalq deputatları Soveti İcraiyyə Komitəsinin təsdiqinə verilir. Eyni zamanda, "Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydalan"nın (XX çağırış Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiyasının 1988-ci il 8 aprel tarixli qərarı ilə təsdiq edilmiş, sonrakı əlavə və dəyişikliklərlə) 21—ci bəndinə müvafiq olaraq vətəndaşların iş yerində mənzil növbəsinə uçota götürülməsi qaydalan təsbit edilmişdir. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 27 avqust 2009-cu il tarixli Fərmanına əsasən Mənzil Məcəlləsinin 62.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsinin sosial-kirayə müqaviləsinin birtipli formasının təsdiq edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır. Qanunvericiliyə uyğun olaraq sosial-kirayə müqaviləsinin birtipli forması təsdiq olunduqdan sonra, yuxanda göstərildiyi kimi ünvan 4 ünvanında yerləşən binanın balanssaxlayan təşkilatı Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən yaşayış sahələrinə dair sosial-kirayə müqaviləsinin bağlanması təmin edilə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.2-ci maddəsinə əsasən "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüququ aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin hallan başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə görə, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mahmudov, Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya Araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipini rəhbər tuturlar. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzib edilməsi oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov, Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Bu Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.4-cü maddəsində nəzərdə tutulmuş qaydada həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallarda, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 16.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. İş materiallarından görünür ki, İPM-in bu müddəasının tələblərini və Koronavirus infeksiyasına (COVİD-19) qarşı mübarizənin təşkil edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq tövsiyələrini nəzərə alaraq, icraat iştirakçılarına hazırkı məhkəmə bildirişini aldıqdan sonra 2020-ci il 08 dekabr tarixədək məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən işə baxılmasının mümkünlüyünə dair mövqelərini (o cümlədən, elektron rabitə vasitələri ilə) məhkəməyə bildirmələri təklif olunmuşdur. Həmçinin, tərəflərə bildirilmişdir ki, yazılı qaydada razılıqlarını bildirdikdə və ya təyin olunmuş tarixədək bu məsələyə dair hər hansı münasibət bildirmədikdə, məhkəmə işə şifahi dinləmələr keçirilmədən baxılması üçün tərəflərin razılıqlarının olması kimi qəbul edəcəkdir. Lakin tərəflər yazılı qaydada razılıqlarını məhkəməyə bildirməmiş və təyin olunmuş tarixədək bu məsələyə dair hər hansı münasibət bildirməmişdirlər. Odur ki, məhkəmə Koronavirus infeksiyasına (COVİD-19) qarşı mübarizənin təşkil edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq tövsiyələrini və “Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli Məlumatını nəzərə alaraq işə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İş materiallarından görünür ki, iddiaçı ünvan 1 ünvana dair kirayə müqaviləsinin iddiaçının adına bağlanılmasını tələb edir. İş materiallarından görünür ki, notarial qaydada təsdiq edilmiş X6 Fəhlə Komitəsinin 08 nömrəli 1993-cü il tarixli Daxili Orderinə əsasən İİ Zabrat qəsəbəsi, İstixana kombinatı ev 39, blok 2, mənzil 13 İddiaçı verilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Zabrat qəsəbəsi, K.Kərimov küçəsi, 39, 4 girişli, zirzəmili, 5 (+texniki) mərtəbəli yaşayış binasının xx.xx.2019-cu il tarixdə istismarına icazə verilmişdir. İş materiallarından görünür ki, iddiaçı və onun ailə üzvləri (arvadı X1, övladları - X3 və X5) ünvan 6 ünvanda daimi qeydiyyatdadırlar. İş materiallarından görünür ki, arvadı X1, övladları - X3 və X5 yaşadıqları mənzilin kirayə müqaviləsinin İddiaçı adına bağlanmasına etiraz etmədiklərinə dair notarial qaydada razılıq ərizələr vermişdirlər. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. Aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsasszıdrı və iddiaçının hüquqlarını pozur. Məhkəmənin qənaətinə görə iddiaçı sözügedən mənzildə həm faktiki olaraq, həm də qeydiyyata alınmaqla 2009-cu ildən əvvəlki dövrdə yaşadığından, mənzil münasibətləri də həmin dövrdə qüvvədə olan qanunvericiliklə (əvvəlki Mənzil Məcəlləsi) tənzimlənməlidir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 87-ci maddəsinə icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Həmin Məcəllənin 52-ci maddəsində göstərilir ki, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Sözügedən Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Qeyd olunan Məcəllənin 85-ci maddəsinə icarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və ya onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Həmçinin, məhkəmə qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana kombinatı, ev 39 ünvanında yerləşən mənzillərə dair təqdim etdiyi sənədlərdən görünür ki, həmin ünvanda yerləşən 11 saylı mənzilə dair Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 04/2 nömrəli xx.xx.2020-ci il tarixli Sərəncamla müvafiq şəxsin adına kirayə müqaviləsi bağlamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir (12.1). İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır (12.2). Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, mübahisə predmeti olan mənzilin Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansında olması işin mübahisələndirilməyən halı olduğundan, həmin mənzilin iddiaçıya verilməsi, onun həmin mənzildə yaşaması və qeydiyyatda olması iş materialları ilə öz təsdiqini tapdığından, həmçinin İddiaçı mənzildə yaşayan digər şəxslərin razılığı ilə mənzilin balans saxlayıcısı olan orqan Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentindən onun (İddiaçı) mənzilin icarədarı sayılmaqla kirayə müqaviləsinin bağlanmasını tələb etməkdə haqlıdır. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPMin 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə Bakı şəhəri, İİ Zabrat qəsəbəsi, İstixana kombinatı bina 39, 13 nömrəli mənzilə dair kirayə müqaviləsinin bağlanması (sərəncam verilməsi) öhdəliyi cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilir. İddiaçı ilə Bakı şəhəri, İİ Zabrat qəsəbəsi, İstixana kombinatı bina 39, 13 nömrəli mənzilə dair kirayə müqaviləsinin bağlanması (sərəncam verilməsi) öhdəliyi Cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin üzərinə qoyulur. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar