Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3763/2025 27.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı “mülki stajının prokurorluq orqanlarında qulluq stajına daxil edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı “mülki stajının prokurorluq orqanlarında qulluq stajına daxil edilməsi” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Prokurorluq orqanlarında işlədiyi 30 avqust 1979 - 29 fevral 1984-cü illərin ona prokurorluqda qulluq stajı kimi hesablanması öhdəliyinin Azərbaycan Respublikası Baş Prokurorluğunun üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan SSR Prokurorunun 12 iyun 1979-cu tarixli əmri ilə işə qəbul edilərək 30 avqust 1979-cu ilə kimi prokurorluğun mərkəzi aparatında arxivarius, həmin tarixdən isə 29 fevral 1984-cü ilə kimi prokurorluqda Arxiv Müdiri vəzifəsində işləmişdir. Sonradan isə prokurorluqda müxtəlif rütbəli vəzifələrdə işləmişdir. 1979-1984-cü illərdə prokurorluğun mərkəzi aparatında Arxiv Müdiri vəzifəsi prokurorluğun strukturuna əsasən rütbəli vəzifə olmamışdır. Lakin sonradan Azərbaycan müstəqillik qazanandan sonra həmin vəzifə rütbəli vəzifəyə aid edilmişdir. Belə ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun verdiyi 27 may 2011-ci il tarixli 11/496 nömrəli arayışdan göründüyü kimi arxiv müdiri vəzifəsi Baş Prokurorluğun strukturuna əsasən hazırda rütbəli vəzifədir. Bundan başqa, Azərbaycan Respublikası Baş Prokurorluğu Kadrlar idarəsinin rəisi tərəfindən ona verilmiş 25 sentyabr 2024-cü il tarixli arayışdan görünür ki, onun Azərbaycan SSR Prokurorluğunda işlədiyi Arxiv Müdiri vəzifəsi Azərbaycan Respublikası Baş Prokurorluğunun strukturuna əsasən hazırda xüsusi rütbəli vəzifədir. Beləliklə, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ-ci hissəsinə əsasən onun Azərbaycan Respublikası Baş prokurorluğunda arxiv müdiri vəzifəsində işlədiyi 30 avqust 1979- 29 fevral 1984-cü illər ona prokurorluqda qulluq stajı kimi hesablanmalıdır. Lakin onun 15 may 2024-cü il tarixdə prokurorluğa göndərdiyi ərizəsinə Baş Prokurorluğun Kadrlar İdarəsinin rəisi cənab Natiq Hüseynov tərəfindən ons verilmiş 27 may 2024-cü il tarixli arayışda göstərilmişdir ki, o, xx.xx.1979-cu ildə işə qəbul edilərək 22 sentyabr 1993-cü ilə kimi Prokurorluqda işləmişdir. Lakin onun prokurorluqda işlədiyi həmin illərin ona qulluq stajı kimi hesablanmalı olması arayışda göstərilməmişdir. Həmin arayışda onun qulluq stajı göstərilmədiyindən o, məcbur qalıb yenidən 19 avqust 2024- cü il tarixdə onun Baş prokurorluqda arxiv müdiri vəzifəsində işlədiyi 30 avqust 1979- 29 fevral 1984-cü illərin o cümlədən prokurorluqda işlədiyi bütün müddətin (14 il 3 ay 10 gün) ona prokurorluqda qulluq stajı kimi arayışda göstərilməklə müvafiq arayış verilməsini xahiş etmişdir. Yenə də həmin ərizəyə Baş Prokurorluğun Kadrlar İdarəsinin rəisi tərəfindən xx.xx.2024-cü il tarixi ilə imzalanaraq ona arayış təqdim edilmişdir. Həmin arayışda yenə də 27 may 2011-ci ildə ona göndərilmiş arayışda yazılanlar olduğu kimi köçürülmüş və onun ikinci dəfə xahiş etməsinə baxmayaraq onun arxiv müdiri işlədiyi müddətin qulluq stajı kimi hesablanmalı olmasının arayışda göstərilməsindən əsassız olaraq imtina edilmişdir. Bundan sonra o, məcbur qalıb yenidən 10 sentyabr 2024-cü ildə göstərilən məsələ ilə bağlı Baş Prokurora ərizə ilə müraciət etdi. Lakin yenə də Baş Prokurorluğun Kadrlar idarəsinin rəisi tərəfindən 25 sentyabr 2024-cü il tarixli məktubla əvvəllər ona göndərilmiş arayışlara uyğun cavab verilmişdir. Beləliklə tam qanunsuz və əsassız olaraq onun Prokurorluqda işlədiyi 1979-1984-cü illər ona qulluq stajı kimi hesablanmır. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının Qanunvericilik Sisteminə dair X-cu fəslinin Normativ Hüquqi aktlardan bəhs edən 149-cu maddəsinin Vİlci hissəsində imperativ qaydada göstərilmişdir ki: "Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir". Həmin Qanuna əsasən onun hüquqi vəziyyətini yaxşılaşdırdığı üçün Azərbaycan Respublikası prokurorluğunda arxiv müdiri vəzifəsində işlədiyi 30 avqust 1979-29 fevral 1984-cü illər ona prokurorluqda qulluq stajı kimi hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğunun iddia ilə bağlı yazılı münasibəti (etiraz) məhkəməyə daxil olmamışdır. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR İş materiallarında olan: Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2011-ci il tarixli 11/496 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı xx.xx.1979-cu il tarixdən 29 02.1984-cü il tarixədək işlədiyi Azərbaycan Respublikası Prokurorluğunun arxiv müdiri vəzifəsi Baş Prokurorluğun strukturuna əsasən hazırda rütbəli vəzifədir. Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2024-cü il tarixli 2-2-100/2- 116989/2024 nömrəli arayışında göstərilmişdir ki, “İddiaçı Azərbaycan SSR prokurorunun xx.xx.1979-cu il tarixli 217 №-li əmri ilə işə qəbul edilərək aşağıdakı vəzifələrdə işləmişdir; - xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilədək Azərbaycan SSR prokurorluğunun arxivarius; - xx.xx.1979-cu ildən xx.xx.1984-cü ilədək Azərbaycan SSR prokurorluğunun arxiv müdiri; - xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilədək Bakı şəhər prokurorluğunun böyük müstəntiqi vəzifəsi üzrə stajoru; - xx.xx.1985-ci ildən xx.xx.1986-cı ilədək Bakı şəhər Nəsimi rayon prokurorluğunun müstəntiqi; - xx.xx.1986-cı ildən xx.xx.1987-ci ilədək Bakı şəhər prokurorluğunun nəzarət şöbəsinin prokuroru; - xx.xx.1987-ci ildən xx.xx.1989-cu ilədək Bakı şəhər prokurorluğunun böyük müstəntiqi; - xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilədək Bakı şəhər prokurorluğunun mühüm işlər üzrə müstəntiqi; - xx.xx.1990-cı ildən xx.xx.1992-ci ilədək Bakı şəhər prokurorluğunun böyük müstəntiqi; - xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilədək Azərbaycan Respublikası Baş prokurorunun müavini; - xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilədək Bakı şəhər prokurorluğunun İstintaq şöbəsinin istintaq hissəsinin müstəntiqi; - İddiaçı xx.xx.1979-xx.xx.1984-cü il tarixlərdə işlədiyi Azərbaycan SSR Prokurorluğunun arxiv müdiri vəzifəsi Azərbaycan Respublikası Baş Prokurorluğunun strukturuna əsasən hazırda xüsusi rütbəli vəzifədir. İddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2024-cü il tarixli 2-2-100/2-136885/2024 nömrəli cavab məktubunda göstərilmişdir ki, “... Azərbaycan SSR prokurorunun xx.xx.1979-cu il tarixli əmri ilə işə qəbul edilərək Azərbaycan SSR Prokurorluğunun arxivariusu vəzifəsinə təyin edilmisiniz. Azərbaycan Respublikası Baş prokurorunun xx.xx.1993-cü il tarixli əmri ilə intizam məsuliyyətinə cəlb edilərək tutduğunuz vəzifədən azad olunmaqla prokurorluq orqanlarından xaric edilmisiniz. Sizin xx.xx.1979-xx.xx.1984cü il tarixlərdə işlədiyiniz Azərbaycan SSR Prokurorluğunun arxiv müdiri vəzifəsi Azərbaycan Respublikası Baş Prokurorluğunun strukturuna əsasən hazırda xüsusi rütbəli vəzifədir.” TƏTBİQ EDİLƏN HÜQUQ “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Qanunda istifadə olunan anlayışlar Bu qanunda aşağıdakı anlayışlar istifadə olunmuşdur: prokuror - Azərbaycan Respublikasının baş prokuroru, bütün tabe prokurorlar, prokuror müavinləri, prokurorun böyük köməkçiləri, prokuror köməkçiləri, idarə, şöbə rəisləri, rəislərin müavinləri, idarə, şöbələrin böyük prokuror-metodistləri, böyük prokurorları, böyük prokuror-kriminalistləri, prokurorları və prokuror-kriminalistləri; müstəntiq - xüsusilə mühüm işlər üzrə böyük müstəntiqlər, xüsusilə mühüm işlər üzrə müstəntiqlər, böyük müstəntiqlər, müstəntiqlər, stajor müstəntiqlər; əməliyyatçı – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin mühüm işlər üzrə böyük əməliyyatçıları və mühüm işlər üzrə əməliyyatçıları; prokurorluq işçiləri - prokurorlar, prokurorluğun müstəntiqləri, prokurorluğun əməliyyatçıları, prokurorluğun stajorları; prokurorluğun stajorları - prokurorluq orqanlarında ilk dəfə iş təcrübəsi keçən şəxslər. ... Maddə 4. Prokurorluğun fəaliyyət istiqamətləri Prokurorluq qanunla nəzərdə tutulmuş hallarda və qaydada: cinayət işi başlayır və ibtidai istintaq aparır, habelə korrupsiya ilə bağlı cinayətlər üzrə cinayət işinin başlanmasını və ya istintaqın aparılmasını təmin etmək məqsədilə əməliyyat-axtarış fəaliyyətini həyata keçirir; cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərlik edir və qanunlara riayət edilməsini təmin edir; təhqiqat və əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunların icra və tətbiq olunmasına nəzarət edir; məhkəmədə iddia qaldırır (ərizə verir), mülki və kommersiya mübahisələrinə dair işlərə baxılmasında iddiaçı kimi iştirak edir; məhkəmədə cinayət işlərinə baxılmasında tərəf kimi iştirak edir, dövlət ittihamını müdafiə edir; məhkəmə qərarlarından və səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarlarından və ya qərardadlarından protest verir; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərar qəbul edir; məhkəmələr tərəfindən təyin edilmiş cəzaların məqsədinə nail olunmasında iştirak edir. Prokurorluğun üzərinə Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və prosessual qanunvericilikdə nəzərdə tutulmamış vəzifələrin qoyulması yolverilməzdir. ... Maddə 10. Azərbaycan Respublikasının baş prokuroru Azərbaycan Respublikasının Prokurorluğuna Azərbaycan Respublikası Konstitusiyasının 133-cü maddəsinin İİİ hissəsinə uyğun olaraq vəzifəyə təyin və vəzifədən azad edilən Azərbaycan Respublikasının Baş prokuroru rəhbərlik edir (bundan sonra - "Baş prokuror"). Baş prokurorun müavinləri Azərbaycan Respublikası Konstitusiyasının 133-cü maddəsinin İV hissəsinə uyğun olaraq vəzifəyə təyin və vəzifədən azad edilir. Baş prokuror: ... öz səlahiyyətləri çərçivəsində müəyyən olunmuş qaydada xüsusi rütbələr verir; ... öz səlahiyyətləri çərçivəsində prokurorluq işçilərinin mükafatlandırılması və onların barəsində intizam tənbehi tətbiq edilməsi, o cümlədən xüsusi rütbələrdən məhrum edilməsi məsələlərini həll edir; ... Maddə 35. Prokurorluq işçilərinin xüsusi rütbələri Prokurorlara, prokurorluğun müstəntiqlərinə və əməliyyatçılarına tutduqları vəzifələrə və iş stajına müvafiq olaraq xüsusi və ya hərbi rütbələr verilir. Xüsusi rütbələrin verilməsi, onlardan məhrum etmə qaydaları və əsasları “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan respublikasının Qanunu ilə müəyyən edilir. Xüsusi rütbələrə görə prokurorluq işçiləri vəzifə maaşına əlavə haqq alır və xüsusi geyim forması ilə təmin olunurlar. Hərbi prokurorluq orqanları əməkdaşlarına hərbi rütbələr, o cümlədən ilk hərbi rütbələr müvafiq hərbi prokurorun təqdimatı əsasında hərbi qulluqçular üçün müəyyən edilmiş qaydada, ədliyyə polkovnik-leytenantı və ədliyyə polkovniki rütbələri isə baş prokurorla razılaşdırılmaqla, Azərbaycan Respublikasının hərbi prokuroru tərəfindən verilir. Ali hərbi və ali xüsusi rütbələr Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndinə əsasən verilir. Hərbi prokurorluq orqanları zabitlərinin hərbi rütbələri digər prokurorluq orqanları işçilərinin müvafiq xüsusi rütbələrinə uyğundur. Əlavə haqq pensiyaya çıxmış, lakin xüsusi rütbədən məhrum edilməmiş prokurorluq işçiləri üçün də saxlanılır. Prokuror, prokurorluğun müstəntiqlərinin və əməliyyatçılarının xüsusi və ya hərbi rütbələri Azərbaycan Respublikasının Silahlı Qüvvələri hərbi qulluqçularının və müvafiq icra hakimiyyəti orqanları əməkdaşlarının qanunvericiliklə müəyyən edilmiş müvafiq hərbi və xüsusi rütbələrinə bərabər tutulur. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 1. Prokurorluq orqanlarında qulluq keçmə 1.1. Azərbaycan Respublikasının prokurorluq orqanlarında qulluq (bundan sonra – “prokurorluqda qulluq keçmə” adlanacaq) prokurorluğun fəaliyyət istiqamətləri üzrə prokurorluq işçilərinin səlahiyyətlərini yerinə yetirmələri ilə əlaqədar həyata keçirdikləri dövlət qulluğunun xüsusi növüdür. 1.2. Prokurorluq işçilərinin qulluq keçməsi “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş prokurorluğun fəaliyyət prinsiplərinə əsaslanır. Prokurorluq orqanlarının işçiləri qulluq keçərkən qanunun tələblərini rəhbər tutaraq səlahiyyətləri hüdudlarında fəaliyyət göstərirlər. .... Maddə 3. Qanunun tətbiqi sahəsi 3.1. Bu Qanun “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununun 1ci maddəsində göstərilən prokurorluq işçilərinə şamil edilir. 3.2. Əmək münasibətlərinə dair bu Qanunla nəzərdə tutulmayan digər məsələlər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. 3.3. Prokurorluq orqanlarında xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən mülki işçilərin əmək münasibətləri “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə, dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) isə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.[ MƏHKƏMƏNİN MÖVQEYİ Hazırki iş üzrə iddiaçının hüquqi marağı və məqsədi 30 avqust 1979- 29 fevral 1984-cü illərdə Azərbaycan SSR Prokurorluğunun arxiv müdiri vəzifəsində işlədiyi müddətin prokurorluq orqanlarında qulluq stajına daxil edilməsinə nail olmaqdan ibarətdir. İlk olaraq qeyd edilməlidir ki, prokurorluq stajı dedikdə yalnız hüquqi səlahiyyətə malik, normativ şəkildə tanınmış və funksional olaraq qanunçuluğa nəzarət, istintaq və təqib fəaliyyəti həyata keçirən şəxslərin xidmət müddəti başa düşülür. İddiaçının arxiv müdiri vəzifəsidə işlədiyi dövrdə qüvvədə olan “Azərbaycan SSR Prokurorluq haqqında” Qanunun 21-ci maddəsinə əsasən, prokurorluq işçilərinin xüsusi rütbələr vəzifə və staja görə verilir. Hazırda qüvvədə olan “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanununun 1.1-ci maddəsində Azərbaycan Respublikasının prokurorluq orqanlarında qulluq prokurorluğun fəaliyyət istiqamətləri üzrə prokurorluq işçilərinin səlahiyyətlərini yerinə yetirmələri ilə əlaqədar həyata keçirdikləri dövlət qulluğunun xüsusi növü kimi göstərilmişdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, bu Qanun “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində göstərilən prokurorluq işçilərinə şamil edilir. Həmin qanunun 35-ci maddəsinə əsasən prokurorlara, prokurorluğun müstəntiqlərinə və əməliyyatçılarına tutduqları vəzifələrə və iş stajına müvafiq olaraq xüsusi və ya hərbi rütbələr verilir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Prokurorluğu Konstitusiyanın 133-cü maddəsinin İ hissəsində təsbit edildiyi kimi, qanunla nəzərdə tutulmuş qaydada və hallarda qanunların icra və tətbiq olunmasına nəzarət edir, qanunla nəzərdə tutulmuş hallarda cinayət işləri başlayır və istintaq aparır, məhkəmədə dövlət ittihamını müdafiə edir, məhkəmədə iddia qaldırır, məhkəmə qərarlarından protest verir. Belə ki, prokurorluq orqanlarında qulluq keçmək – istinad olunmuş qanunvericiliyin tələblərinə əsasən prokuror və ya istintaq vəzifələrində çalışan şəxslərin peşəkar fəaliyyəti nəzərdə tutulur. Başqa sözlə desək, prokurorluq orqanlarında xidmət yalnız prokurorluq və istintaq vəzifələrində, qanunla müəyyən olunmuş strukturlarda həyat keçirən faəliyyətinə aiddir. Eyni zamanda, prokurorluq işçiləri dedikdə, prokurorlar, prokurorluğun müstəntiqləri, prokurorluğun əməliyyatçıları və prokurorluğun stajorları nəzərdə tutulur. Xüsusi və ya hərbi rütbələr yalnız tutduqları vəzifələrə və iş stajına müvafiq olaraq yalnız prokurorluq orqanlarında səlahiyyət daşıyan, prokuror funksiyaları icra edən şəxslər - prokurorlara, prokurorluğun müstəntiqlərinə və əməliyyatçılarına verilir. Xüsusi rütbələrə görə prokurorluq işçiləri vəzifə maaşına əlavə haqq alır və xüsusi geyim forması ilə təmin olunurlar. Belə ki, prokurorluq stajı yalnız hüquqi və funksional statusu olan, normativ şəkildə tənzimlənən prokuror və ya istintaq vəzifələrində fəaliyyət müddətinə aiddir. Bu isə onu deməyə əsas verir ki, prokurorluq orqanlarının qanunla təsbit olunmuş funksiylarının icrasını həyata keçirməyən və xüsusi rütbə verilməmiş şəxslərin əmək fəaliyyəti “prokurorluq stajı” kimi nəzərə alına bilməz. Məhkəmə bu konteksdə iddiaçının Azərbaycan SSR Prokurorluğunun “arxiv müdiri” vəzifəsinin əmək funksiyasına nəzər yetirməyi zəruri hesab edir. Belə ki, “arxiv müdiri (direktoru)” sənədlərin mühafizəsi, qeydiyyatı və səmərəli yerləşdirilməsi işinə rəhbərlik edir. Mühafizəxanada sənədlərin qeydiyyatını, məqsədli ekspertizasını aparır, dövlət mühafizəsinə sənəd qəbul edir. Mühafizəxanada sənədlərin yerləşdirilməsi, axtarılması, topoqraflaşdırılması və verilməsi işlərinə rəhbərlik edir. Sənədlərin mövcudluğu və fizikikimyəvi vəziyyətinin yoxlanması, cildlənməsi və bərpa üçün hazırlanması, dezinfeksiya, dezinseksiya və qutulara yığılması işlərinə rəhbərlik edir. Mühafizəxanada sənədlərin temperatur-rütubət rejiminə və sanitar-gigiyena rejiminə nəzarət edir. Elmi-tədqiqat işlərinin aparılmasında və normativ-metodiki sənədlərin hazırlanmasında iştirak edir. Əməyin normalaşdırılmasının təkmilləşdirilməsi işini təşkil edir və həyata keçirir. Mühafizəxananın işi barədə plan və hesabatı, onun pasportunu tərtib edir. İşçilərə plan tapşırıqları verir və onların icrasının keyfiyyətinə nəzarət edir. Elmi-məruzə, məqalə, məlumat və mühazirələrlə çıxış edir. Mühafizəxananın fəaliyyətinə aid işlərə rəy və təkliflər verir. Elmi-metodiki şuranın, direksiyanın, ekspert-yoxlama komissiyasının işində iştirak edir. Mühafizəxanada əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına əməl olunmasına nəzarət edir. Mühafizəxana işçilərinin işinə rəhbərlik və nəzarət edir. Bu isə onu deməyə əsas verir ki, Baş prokurorluğun arxiv müdiri prokurorluq orqanların funksional fəaliyyətinin sənəd dövriyyəsi və informasiya baxımından dəstəkləyən inzibati-texniki vəzifədir. Onun fəaliyyəti təşkilatı və sənəd yönümlü xarakter daşımaqla, prokurorluq stajı ilə eyniləşdirilməsi qanunvericilik baxımından yol verilməzdir. Belə ki, hər hansı orqanda işləmək həmin orqanın funksional əsas fəaliyyət istiqamətində olan vəzifələri icra etmək deyildir. Başqa sözlə desək, inzibati vəzifədə çalışmış şəxsin fəaliyyəti yalnız prokurorluq orqanlarında işləməsi ilə deyil, həmin vəzifənin səlahiyyət xarakteri və qanunla müəyyən olunmuş statusla bağlıdır. Əlavə olaraq qeyd edilməlidir ki, hüquq-mühafizə orqanlarında yalnız hüquqi səlahiyyətə malik və müvafiq peşə funksiyasını icra edən şəxslərə peşə stajı kimi nəzərə alına bilər. Eyni zamanda nəzərə alınmaldır ki, prokurorluq orqanlarında çalışan, xüsusi və hərbi rütbəsi olmayan şəxslər “prokurorluğun digər işçiləri”nə aid olmaqla, prokurorluğun qanunla nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirilməsində və eləcə də prokurorluğun səmərəli fəaliyyətində iştirak edirlər. Qeyd olunanlar isə onu deməyə əsas verir ki, iddiaçının 30 avqust 1979 - 29 fevral 1984-cü illərdə Azərbaycan SSR Prokurorluğunun arxiv müdiri vəzifəsi Azərbaycan SSR Baş Prokurorluğunun strukturu və ştata cədvəlinə əsasən qanunvericiliklə müəyyən olunmuş prokurorluq işçilərinin vəzifə səlahiyyətlərini yəni, cinayət təqibi, istintaq və nəzarət funksiyalarını icra etmədiyidən və həmin vəzifə üzrə xüsusi rütbə nəzərdə tutulmadığından prokurorluq stajı qəbul edilməsi yolverilməzdir. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş arayışlarda “onun xx.xx.1979xx.xx.1984-cü il tarixlərdə işlədiyi Azərbaycan SSR Prokurorluğunun arxiv müdiri vəzifəsinin Azərbaycan Respublikası Baş Prokurorluğunun strukturuna əsasən hazırda xüsusi rütbəli vəzifə olmasına” münasibətində nəzərə alınmalıdır ki, hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmayan qanunun tətbiqi hüquqi dövlət prinsiplərinə, xüsusilə də hüquq təhlükəsizliyi və qanunun geriyə qüvvəsinin istisnalığını prinsiplərinə zidd nəticələr doğura bilər. Bu yanaşma Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin tələblərindən də irəli gəlir. Həmin normaya görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Göründüyü kimi hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmayan qanunun tətbiqi yalnız qanunvericiliklə nəzərdə tutulmuş xüsusi hallarda mümkündür və bu da hüquqi təhlükəsizlik, qanunçuluq və hüquq bərabərliyi prinsiplərinə uyğun olmalıdır. Bu yanaşma hüquq sisteminin stabilliyini qorumaqla yanaşı, hüquqi münasibətlərin səmərəli və ədalətli tənzimlənməsini təmin edir. Hazırda iddiaçının 30 avqust 1979 - 29 fevral 1984-cü illərdə Azərbaycan SSR Prokurorluğunun arxiv müdiri vəzifəsinin prokurorluq stajı kimi nəzərə alınması, onunla eyni statusda olan digər şəxslərə münasibətdə hüquq bərabərliyinin pozulmasına səbəb ola bilər. Beləliklə hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyi ilə əlaqəli olduğundan öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilmişdir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı “mülki stajının prokurorluq orqanlarında qulluq stajına daxil edilməsi”nə dair iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-3763/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3763/2025
27.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver