Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3765/2021 26.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, iddiaçının nümayəndəsi X9 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası: aqronom, işləmir), cavabdehin nümayəndəsi X7 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası: hüquqşünas, Hüquq şöbəsində hüquq məsləhətçisi vəzifəsində işləyir) iştirakı ilə, iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpağa və tikiliyə dair çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Abşeron rayon XDS İcraiyyə komitəsinin 05 may 1991-ci il tarixli 84 nömrəli qərarına əsasən İddiaçı ayrılmış “torpağa və tikiliyə dair çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon XDS İcraiyyə komitəsinin 05 may 1991-ci il tarixli 84 nömrəli qərarında göstərilmişdir ki, RİK-nin 26 mart 1991-ci il tarixli, 47 saylı qərarı ilə X4 fəhlə və mütəxəssisləri üçün hər ailəyə 0.10 ha olmaqla, 50 ailəyə həyətyanı torpaq fondu ayrılmışdır. Ayrılmış torpaqdan sovxoz tərəfindən 38 nəfərə torpaq sahəsi verilmiş və bu haqda toplanmış sənədlər baxılması üçün Abşeron RİK-nə göndərilmişdir. RİK-nin 26 mart 1991ci il tarixli, 47 saylı qərarı ilə X4 işçiləri üçün hər ailəyə 0.10 hektar hesabı ilə, 50 ailəyə 5 ha həyətyanı, küçə və yollar üçün 1.0 hektar torpaq sahəsi ayrıldığı nəzərə alınmışdır. Ayrılmış torpaqdan siyahıda verilmiş şəxslərə, o cümlədən iddiaçıya həyətyanı tərpaq sahəsi verilməsi barədə X4 həmkarlar Komitəsinin əmək kollektivi şurası ilə çıxarmış olduqları 17 aprel 1991-ci il tarixli 57 saylı əmrinin nəzərə alınması, vətəndaşa həmin sahədə fərdi yaşayış evinin tikintisinə icazə verilməsi qeyd edilmişdir. 22.01.2020-ci il tarixdə cavabdehə ərizə ilə müraciət edilərək, qeyd edilən torpaq sahəsinə və onun üzərindəki tikiliyə(lərə) çıxarışın verilməsini və 2019-cu il tarixdə tərtib edilmiş eskiz layihəni təqdim edərək, fərdi yaşayış evinə (tikililərə) texniki pasportun verilməsini xahiş edilmişdir. Cavabdehin 23.01.2020-ci il tarixli **********96 saylı məktubu ilə, fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər və torpaq sahəsinin yerləşmə cizgisinin təqdim edilməməsi səbəbindən tələbdən imtina edilmişdir. Daha sonra iddiaçı ərizə ilə Sabunçu rayon İcra Hakimiyyətinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik bitkilər sovxozunun ərazisində yerləşən torpaq sahəsinin yerləşmə cizgisinin onun ünvanına göndərilməsini xahiş etmişdir. Sabunçu Rayon İcra Hakimiyyəti 04.03.2020-ci il tarixli, 1-36-091 saylı məktubla bildirmişdir ki, qeyd edilən torpaq sahələri Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən ayrıldığından, ərizədə qeyd edilən məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə müraciət edilməsi məsləhət görülür. İddiaçı 10.03.2020-ci il tarixli ərizə ilə Abşeron Rayon İcra Hakimiyyətinə müraciət edərək, yuxarıda qeyd edilən torpaq sahəsinin yerləşmə sxeminin hazırlanaraq ünvanına göndərilməsini xahiş etmişdir. Abşeron Rayon İcra Hakimiyyətinin 18.03.2020-ci tarixli, 612 saylı məktubu ilə, Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli, 516 nömrəli fərmanı ilə bütün mülkiyyət növləri üzrə torpaqların xəritəçəkmə fəaliyyəti ƏMDK-nın səlahiyyətlərinə aid edildiyindən aidiyyəti üzrə müraciət etməli olduğunu bildirilmişdir. ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və və Ünvan Reyestri xidməti 08.09.2020-ci il tarixli, **********25 saylı məktubda bildirmişdir ki, arxivdə aparılmış araşdırma zamanı Abşeron rayonu, keçmiş X4 23.04.1991-ci il tarixli 57 nömrəli Əmri, Abşeron rayonu X8 İcraiyyə komitəsinin 05.05.1991-ci il tarixli 84 nömrəli qərarı və həmin qərarın ayrılmaz hissəsi olan sözügedən torpaq sahəsinin cizgisinin aşkar edilməmişdir. Torpaq sahəsinin əldə edilməsi məqsədi ilə aidiyyəti üzrə Milli Arxiv İdarəsinin müvafiq rayon bölməsinə müraciət edilməsi tövsiyyə olunmuşdur. Cavabdeh tərəfindən sözügedən torpaq sahəsinə yerləşmə cizgisinin verilməməsi tamamilə əsassızdır. Belə ki, torpaq sahəsinə çıxarış və texniki pasport almaq iddiaçının qanuni haqqıdır və cavabdehin yerləşmə cizgisini tələb edərək müraciətini təmin etməməsi iddiaçının qanunla qorunan hüquqlarını pozur. Halbuki onun torpaq sahəsinə dair hüquqmüəyyənedici sənələr tam qaydasındadır və onlar aidiyyəti orqanlar tərəfindən lazımi təsdiq olunmuşdur. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbyacan Respublikası Qanunun 8-ci maddəsinə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər – torpaq sahəsinin yerləşmə cizgisi təqdim edilməmişdir. Həmçinin sözügedən ünvanda yerləşən fərdi yaşayış evində idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamış və bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya **********96 nömrəli 23.01.2020-ci il tarixli məktub göndərilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi cavabdehin imtina məktubunda göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: İddiaçının əmək kitabçasının surətinə əsasən iddiaçı 07.05.1985-ci il tarixdən 01.05.2000-ci il tarixədək Maştağı Subtropik sovxozunda, 19.06.2000-ci il tarixdən 01.11.2005-ci il tarixədək “Subtropik” kənd təsərrüfatı məhsulları istehsalı və emalı müəssisəsində işləmişdir. Azərbaycan Respublikası Abşeron rayon XDS İcraiyyə Komitəsinin 05 may 1991-ci il tarixli “Vətəndaşa fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsi ayrılması haqqında”qərarından çıxarışa əsasən, Abşeron rayon XDS icraiyyə komitəsi qərara aldı:
1. Abşeron RİK-in 26 mart 1991-ci il tarixli, 47 nömrəli qərara ilə X4 işçiləri üçün hər ailəyə 0,10 hektar hesabı ilə 50 ailəyə 5 hektar həyətyanı, küçə və yollar üçün 1,0 hektar torpaq sahəsi ayrıldığı nəzərə alımsın;2.X1 0,10 hektar hesabı ilə həyatyanı torpaq sahəsi verilməsi barəsində X4 həmkarlar komitəsinin əmək kollektivi şürası ilə çıxarmış olduqları 17 aprel 1991-ci il tarixli, 4 nömrəli qərarı və həmin sovxozun 23 aprel 1991-ci il tarixli, 57 №-li əmri nəzərə alınsın. 3.Vətəndaşa həmin sahədə fərdi yaşayış evi tikintisinə icazə verilmişdir. 4. Qərara nəzarət Maştağa subtropik sovxozunun direktoru V.Ələkperov yoldaşa həvalə edilsin. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Abşeron rayon İcra Hakimittətinin Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş Abşeron rayon XDS İcraiyyə Komitəsinin 05 may 1991-ci il tarixli 84 saylı qərarının təsdiq olunmuş arxiv çıxarışında göstərilmişdir: “RİK-in 26 mart 1991-ci il tarixli, 47 nömrəli qərarı ilə X4 fəhlə və mütəxəssisləri üçün hər ailəyə 0,10 hektar olmaqla 50 ailəyə həyətyanı torpaq fondu ayrılmşdır. Ayrılmış torpaqdan sovxoz tərəfindən 38 nəfərə torpaq sahəsi verilmiş və bu haqda toplanmış sənədləri baxılması üçün Abşeron RİK-ə göndərilmişdir. ...2. Ayrılmış torpaqdan aşağıdakı şəxslərə həyətyanı torpaq sahəsi verilməsi barəsində X4 həmkarlar komitəsinin əmək kollektivi şurası ilə çıxarmış olduqları 17 aprel 1991-ci il tarixli 57 nömrəli əmri nəzərə alınsın. ...5. X6... 3. Vətəndaşa həmin sahədə fərdi yaşayış evi tikintisinə icazə verilsin.” Layihəçi "xxxx" MMC tərəfindən tərtib olunmuş fərdi yaşayış evinin layihəsinin memarlıq planlaşdırma bölməsində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik bitkilər sovxozu ərazisində yerləşən X2 istifadəsində olan torpaq sahəsinin, həmin torpaq sahəsində inşa edilmiş 1 və 2 mərtəbəli yaşayış evlərinin planları verilmişdir. Azərbaycan Respublikası Abşeron rayonu “Subtropik” kənd təsərrüfatı məhsullarının istehsalı müəssisəsi tərəfindən verilmiş 27.04.2021-ci il tarixli 37 nömrəli arayışa əsasən, iddiaçı Maştağa qəsəbəsi, Subtropik sovxozunda özünə məxsus evdə yaşayır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 23.01.2020-ci il tarixli məktubuna əsasən iddiaçı cavabdehə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik bitkilər sovxozu ərazisində yerləşən fərdi yaşayış evinə aid texniki pasportun tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı müraciət etmiş və onun müraciətinin təmin edilməsindən imtina edilmişdir, imtinanın əsası kimi fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər və torpaq sahəsinin yerləşmə cizgisi təqdim edilməməsi, həmçinin sözügedən ünvanda yerləşən fərdi yaşayış evində idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmaması göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 12.05.2020-ci il tarixli məktubuna əsasən qeyd olunan torpaq səhəsinə yerləşmə cizgisinin tərtib edilməsi idarənin səlahiyyətləri xaricində olduğundan ərizənin icrası mümkün olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin iddiaçıya ünvanlanmış 08.09.2020-ci il tarixli məktubuna əsasən arxivdə aparılmış araşdırma zamanı Abşeron rayonu, keçmiş X4 23.04.1991-ci il tarixli 57 nömrəli Əmri, Abşeron rayonu X8 İcraiyyə Komitəsinin 05.05.1991-ci il tarixli 84 nömrəli qərarı və həmin qərarın ayrılmaz hissəsi olan sözügedən torpaq sahəsinin cizgisi aşkar edilməmişdir. Azərbaycan Respublikası Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış 02.06.2021-ci il tarixli məktubuna əsasən hər hansı formatda xəritəçəkmə, planlaşma və ya mərz nöqtələrinin yerə keçirilməsi fəaliyyəti rayon İcra Hakimiyyətlərinin səlahiyyətlərinə aid deyil. Torpaq sahələrinin sənədləşdirilməsi zamanı texniki kadastr sənədi kimi plan-sxem, cizgi-plan, cizgi sxem və sair terminlər tətbiq olunmur. Bu cür hallarda tələb olunan texniki kadastr sənədi “Torpaq sahəsinin yerquruluşu planı” adlanır. Qanunvericiliklə müəyyən edilmiş qaydada yerquruluşu işləri Azərbaycan Respublikası vahid kadastr fondu məlumatlarından istifadə edilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinin tələbinə uyğun olaraq yerquruluşu işləri Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılır. İddiaçı həmçinin iddia tələbini təsdiq edən sübutlar qismində Azərbaycan Respublikası Abşeron rayon XDS İcraiyyə Komitəsinin qərarından çıxarışın surətini, Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin məktublarını məhkəməyə təqdim etmişdir. Məhkəmə iddiaçını aşağıda göstərilənlərə görə öz tələbində haqlı, cavabdehin imtinasını isə əsassız hesab edir: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində göstərilmişdir: “8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;.. 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: “... 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri;..” daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması üçün əsasdır. İşin faktiki hallarına əsasən iddiaçının üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini tələb etdiyi torpaq sahəsi Abşeron rayon XDS İcraiyyə Komitəsi tərəfindən qəbul edilmiş 05 may 1991-ci il tarixli, 84 №li qərarı əsasında yaşayış evi tikilməsi üçün ayrılmışdır. Buna görə də Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2-ci bəndinə əsasən həmin qərar qeyd edilən torpaq sahəsi üzərinə hüququn qeydə alınması üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Cavabdeh qeyd edilən əsasların mövcud olmasına dair halları məhkəməyə bildirməmişdir. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək,... 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, 3.0.24-cü bəndinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Abşeron rayon XDS İcraiyyə komitəsinin 05 may 1991-ci il tarixli 84 nömrəli qərarına əsasən İddiaçı ayrılmış torpaq sahəsinin və onun üzərində yerləşən tikilinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın və müvafiq texniki pasporun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2.2, 62, 68, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ :
İddia tələbi təmin edilsin. Abşeron rayon XDS İcraiyyə komitəsinin 05 may 1991-ci il tarixli 84 nömrəli qərarına əsasən İddiaçı ayrılmış torpaq sahəsinin və onun üzərində yerləşən tikilinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın və müvafiq texniki pasporun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova