Məhkəmə qərarları › İş №2-1(112)-3768/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3768/2024

18.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3768/2024 18.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, iddiaçılar İddiaçı və X12, üçüncü şəxslər X9 və X3 iştirakları ilə, iddiaçılar İddiaçı və X12 cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı, X10, X16, X13, X23 və X8 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “yaşayış yeri üzrə pasport qeydiyyatına alınma” tələbinə dair iddiaları üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı (bundan sonra mətndə Sabunçu RPİ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1nın ********** qeydiyyat nömrəli çıxarış əsasında paylı mülkiyyətində olan ünvan 1 ünvanındakı evə pasport qeydiyyatına alınma öhdəliyinin cavabdeh Sabunçu RPİ-nin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və 2-1(112)- 16037/2023 nömrə altında qeydiyyata alınmışdır. İddiaçı X20 cavabdeh Sabunçu RPİ-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və uşağı X17 X1nın ********** qeydiyyat nömrəli çıxarış əsasında paylı mülkiyyətində olan ünvan 1 ünvanındakı evə pasport qeydiyyatına alınma öhdəliyinin cavabdeh Sabunçu RPİ-nin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və 2-1(112)- 16048/2023 nömrə altında qeydiyyata alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 3 ünvanında yerləşən 8 saylı mənzildə pasport qeydiyyatında olmuşdur. Həmin ünvandakı ev ona məxsus idi. Mənzili 2023-cü ilin may ayında alqı-satqı yolu ilə satmışdır. Həmin vaxtdan X1nın ********** qeydiyyat nömrəli çıxarış əsasında paylı mülkiyyətində olan ünvan 4 ünvanında yaşayır. Hal-hazırda adına olan evi satdığı üçün həmin evin yeni sahibi onun evdən qeydiyyatdan çıxmağını tələb edir. O, yaşadığı anası X4 ********** Qeydiyyat nömrəli çıxarış əsasında paylı mülkiyyətində olan ünvan 4 ünvanındakı evə qeydiyyata düşmək istəmişdir. Lakin həmin ev paylı mülkiyyətdə olduğu üçün digər pay sahibləri onun həmin evə qeydiyyata düşməyinə razılıq vermədilər. X1 notariat ofisində onun həmin evə qeydiyyata düşməsinə razılıq vermişdir. Anasının adına olan ev paylı mülkiyyətdə olsa da, həmin evin paylı mülkiyyətçilərinin giriş-çıxışları ayrıdır və hər kəs özünə məxsus hissədən istifadə edir. Lakin paylı mülkiyyətin digər pay sahiblərinin razılıq verməməsi səbəbindən hal-hazırda o, öz hüquqlarından istifadə edə bilmir. O, anasının paylı mülkiyyətində olan ünvan 4 ünvanındakı evə posport qeydiyyatına düşmək üçün ərizə ilə Bakı şəhər Sabunçu RPİ-yə müraciət etmişdir.Lakin orada ona imtina edilmişdir. İddiaçı X20 iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanında yerləşən 8 saylı mənzildə posport qeydiyyatında olmuşdur. Həmin ünvandakı ev bacısı İddiaçı məxsus olmuş, sonuncu mənzili 2023-cü ilin may ayında alqı-satqı yolu ilə satmışdır. Həmin vaxtdan X1nın ********** Qeydiyyat nömrəli çıxarış əsasında paylı mülkiyyətində olan ünvan 6 ünvanında yaşayır. Hal-hazırda bacısının adına olan evi satdıqları üçün həmin evin yeni sahibi onun evdən qeydiyyatdan çıxmağını tələb edir. O, və uşağı X24 yaşadığı X1nın ********** Qeydiyyat nömrəli çıxarış əsasında paylı mülkiyyətində olan ünvan 7 ünvanındakı evə qeydiyyata düşmək istəmişdir. Lakin həmin ev paylı mülkiyyətdə olduğu üçün digər pay sahibləri onun həmin evə qeydiyyata düşməyinə razılıq verməmişdir. X1 notariat ofisində onun həmin evə qeydiyyata düşməsinə razılıq vermişdir. Anasının adına olan ev paylı mülkiyyətdə olsa da, həmin evin paylı mülkiyyətçilərinin girişçıxışları ayrıdır və hər kəs özünə məxsus hissədən istifadə edir. Lakin paylı mülkiyyətin digər pay sahiblərinin razılıq verməməsi səbəbindən hal-hazırda o, öz hüquqlarından istifadə edə bilmir. O, X20 və uşağı X24 anasının paylı mülkiyyətində olan ünvan 7 ünvanındakı evə posport qeydiyyatına düşmək üçün ərizə ilə Bakı şəhər Sabunçu RPİ-yə müraciət etmişdir. Onun müraciətinə imtina edilmişdir. İddia ərizələri məhkəməyə daxil olduqdan sonra Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Sabunçu RPİ iddia tələblərinə dair yazılı mülahizəsi məhkəməyə təqdim edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3778/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin icraatında olan iddiaçı X12 cavabdeh Sabunçu RPİ-yə qarşı X1nın ********** qeydiyyat nömrəli çıxarış əsasında paylı mülkiyyətində olan ünvan 1 ünvanındakı evə pasport qeydiyyatına alınma öhdəliyinin cavabdeh Sabunçu RPİ-nin üzərinə qoyulmasına dair 2-1(112)-3778/2024 saylı iş, İddiaçı cavabdeh Sabunçu RPİ-yə qarşı X1nın ********** Qeydiyyat nömrəli çıxarış əsasında paylı mülkiyyətində olan ünvan 1 ünvanındakı evə pasport qeydiyyatına alınma öhdəliyinin cavabdeh Sabunçu RPİ-nin üzərinə qoyulmasına dair 2-1(112)-3768/2024 saylı işlə bir icraatda birləşdirilməklə, 2-1(112)-3768/2024 sayllı nömrə altında baxılmasının davam etdirilməsi qərara alınmışdır. Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh inzibati orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məktubla məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmiş, üçüncü şəxslər X10, X13, X23 məhkəməyə gəlməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçılar İddiaçı və X20 məhkəmə iclasında ayrı-ayrılıqda iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdilər. Üçüncü şəxs X16 məhkəmə iclasında izahat verərək, iddiaçıların xüsusi mülkiyyət hüququ ilə payçı olduğu ünvana şəxsiyyət vəsiqəsi üzrə qeydiyyata alınmalarına etiraz etdiyini bildirərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Üçüncü şəxs X8 məhkəmə iclasında izahat verərək, qızları olan iddiaçıların xüsusi mülkiyyət hüququ ilə payçı olduğu ünvana şəxsiyyət vəsiqəsi üzrə qeydiyyata alınmalarına etiraz etmədiyini, hətta bununla bağlı yazılı razılıq verdiyini bildirərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs X13 iddiaçıların xüsusi mülkiyyət hüququ ilə payçı olduğu ünvana şəxsiyyət vəsiqəsi üzrə qeydiyyata alınmalarına və iddianın təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs X10 məhkəmə iclasında izahat verərək, iddiaçıların xüsusi mülkiyyət hüququ ilə payçı olduğu ünvana şəxsiyyət vəsiqəsi üzrə qeydiyyata alınmalarına etiraz etdiyini bildirərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçılar iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçılar əvvəlcə eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İşin halları: İş materiallarında olan: AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə məlumatdan müəyyən olunur ki, xx.xx.1975-ci il təvəllüdlü X8 ünvan 1 ünvanında qeydiyyatdadır. AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə məlumatdan müəyyən olunur ki, xx.xx.1997-ci il təvəllüdlü İddiaçı son qeydiyyat ünvanı ünvan 8 İsmayılov prospekti, ev 7, mənzil 8 olmuşdur. AA1345874 №-li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə məlumatdan müəyyən olunur ki, xx.xx.1999-cu il təvəllüdlü X5 qeydiyyat ünvanı ünvan 8 İsmayılov prospekti, ev 7, mənzil 8 olmuşdur. AA ******* №-li şəxsiyyət vəsiqəsindən və şəxsiyyət vəsiqəsi barədə məlumatdan müəyyən olunur ki, xx.xx.2022-ci il təvəllüdlü X24 ünvan 8 İsmayılov prospekti, ev 7, mənzil 8 ünvanında qeydiyyatdadır. 31 may 2023-cü il tarixdə 4 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat ofisində bağlanmış AN-İ seriyalı ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı ünvan 8 İsmayılov prospekti, ev 7, mənzil 8 ünvanında yerləşən ümumi sahəsi 42,97 kv. m. olan mənzili X2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 111,10 kv.m., olan fərdi yaşayış evinin 1/8 hissəsi xx.xx.2017-ci il tarixdə X7, 1/8 hissəsi xx.xx.2007-ci il tarixdə X9, 2/8 hissəsi xx.xx.2017-ci il tarixdə X11, 1/4 hissəsi xx.xx.2018ci il tarixdə X14, 1/4 hissəsi xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə X3 adına qeydə alınmışdır. ünvan 11 ünvanında qeydiyyatda olan X8 tərəfindən xx.xx.2023-cü il tarixdə 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisində təsdiqlənmiş **********811 №-li ərizəsində qeyd olunmuşdur ki, xx.xx.1997-ci il təvəllüdlü İddiaçı, xx.xx.1999-cu il təvəllüdlü X12, xx.xx.2022-ci il təvəllüdlü X17 paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyata alınmalarına etiraz etmir. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Sabunçu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş: - 5-18-9/2-3184/2023 saylı xx.xx.2023-cü il tarixli arayışdan müəyyən olunur ki, X20 M.İbrahimov küçəsi (keçmiş Stansiya) küçəsi, dalan 1, ev 10 ünvanında X1na məxsus evdə oğlu X25 ilə birlikdə qeydiyyatsız olaraq yaşayır. - 5-18-9/2-3185/2023 saylı xx.xx.2023-cü il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı M.İbrahimov küçəsi (keçmiş Stansiya) küçəsi, dalan 1, ev 10 ünvanında X1na məxsus evdə qeydiyyatsız olaraq yaşayır. İddiaçıların hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavab olaraq Sabunçu RPİ-nin: - İddiaçı ünvanlanmış 49/2-B-40304 №-li xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, onun X1nın paylı mülkiyyətinə qeydiyyata alınması digər pay sahiblərinin narazılığı səbəbindən imkan xaricindədir. - X15 ünvanlanmış 49/2-B-40301 №-li xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, onun və X17 X1nın paylı mülkiyyətinə qeydiyyata alınması digər pay sahiblərinin narazılığı səbəbindən imkan xaricindədir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir; 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən, hamı qanun və inzibati orqan qarşısında bərabərdir; inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır; inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır; inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçıların və üçüncü şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən göründüyü kimi şəxs qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçıların birgə qeydiyyata düşmək istədikləri ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 111,10 kv.m., olan fərdi yaşayış evinin 1/4 hissəsi xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə anaları X3 adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır. İddiaçılar hazırda yaşayış yeri üzrə ünvana qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etsələr də, cavabdeh fərdi yaşayış evinin digər mülkiyyətçilərinin buna razılığı olmaması səbəbindən iddiaçıları həmin ünvana qeydiyyata almaqdan imtina etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən: Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1); Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir (maddə 139.3); İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur (maddə 213.1); Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər (maddə 213.2); Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir (213.3); Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. (maddə 213.4); Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər (maddə 213.5) Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər (maddə 220.1); Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər (maddə 220.3). Məhkəmə araşdırması zamanı mübahisəli fərdi yaşayış evinin paylı mülkiyyətçilərinin izahatlarından müəyyən olunmuşdur ki, həmin fərdi yaşayış evinin qanunvericiliklə müəyyən edilmiş qaydada (sənədləşmə yolu ilə) naturada bölünməsi həyata keçirilməsə də, hazırki vəziyyətdə hər birinə paylı mülkiyyət hüququ ilə məxsus olan yaşayış sahəsi digərlərindən tam təcrid olunmuş vəziyyətdədir və yaşayış sahələrinin kommunal, yaşayış sahələrinə giriş-çıxış və digər istifadə halları ilə bağlı bir-birinə heç bir aidiyyatı yoxdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə görə şəxs yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdır. Qanunvericiliyin qeyd olunan tələblərini, iddiaçıların hazırda qeydiyyata düşmək istədikləri analarına məxsus yaşayış sahəsinin Daşınmaz əmlakın Dövlət reyestrində paylı mülkiyyət hüququ ilə qeydiyyata alınmasına baxmayaraq, digər paylı mülkiyyət hüququnun mülkiyyətçilərinə məxsus yaşayış sahələrindən təcrid olunmuş ayrıca yaşayış sahəsindən ibarət olduğunu və mülkiyyətçinin onların özünə məxsus yaşayış sahəsi üzrə ünvana qeydiyyata düşmələrinə dair notarial qaydada ərizə verdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçıların tələbi əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməli, xx.xx.1997-ci il təvəllüdlü İddiaçı, xx.xx.1999-cu il təvəllüdlü X12 və onun azyaşlı övladı xx.xx.2022-ci il təvəllüdlü X17 ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmaları öhdəliyi Sabuçu RPİ-yə həvalə edilməlidir. Şərh edilənlərə əsasən və İPM-nin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçılar xx.xx.1997-ci il təvəllüdlü İddiaçı, xx.xx.1999-cu il təvəllüdlü X12 və onun azyaşlı övladı xx.xx.2022-ci il təvəllüdlü X17 ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmaları öhdəliyi Bakı şəhər Sabuçu rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar