Məhkəmə qərarları › İş №2-1(112)-3774/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3774/2021

20.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3774/2021 20.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı iddiaçının nümayəndəsi və vəkili Vəkil cavabdehin nümayəndələri X6, X4 və X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) qapalı məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanovun 23 yanvar 2020-ci il tarixli 21 nömrəli İddiaçı işdən xaric edilməyinə dair əmrin ləğv edilməsi, sonuncunun işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının keçmiş Milli Təhlükəsizlik Nazirliyinin 27 oktyabr 2003-cü il tarixli 32 nömrəli əmri ilə həqiqi hərbi xidmətə qəbul olunmuş və Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin 23 yanvar 2020-ci il tarixli 21 nömrəli əmri ilə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Xarici Kəşfiyyat Xidmətində işlədiyi dövr ərzində müxtəlif vəzifələrdə çalışmış və vəzifələrini tam, layiqincə yerinə yetirmiş, barəsində hər hansı irad, xəbərdarlıq və s. kimi tədbirlər görülməmişdir. 27 mart 2019-cu il tarixdə 069 nömrəli əmrlə Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019) yubley medalı, 25 iyun 2019-cu il tarixli 0151 nömrəli əmrlə “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli və 3-cü dərəcəli medalları ilə təltif edilmişdir. Eyni zamanda 2019-cu ilin aprel ayında O.Sultanovun göstərişinə əsasən hərbi xidmətini layiqincə yerinə yetirdiyinə görə əməliyyat şöbəsində davam etdirmişdir. Bununla yanaşı həmin ilin oktyabr ayında xidmət etdiyi idarəyə yeni ştat cədvəli əsasında verilmiş 2-ci dərəcəli əməliyyat təhlilçisi vəzifəsinə təyin edilmişdir. 2019-cu il üçün nəzərdə tutulmuş məzuniyyət dövrü ərzində xarici ölkələrə səfərləri tənzimləyən mövcud hüquqi aktların tələblərinə riayət edərək əvvəlcədən icazə almışdır. Lakin səfər zamanı yaranmış zərurətlə əlaqədar heç bir məlumat verə bilmədən 3-cü ölkəyə getmək məcburiyyətində qalmışdır. Belə ki, X3 şəhərində olarkən anasının səhhəti ilə bağlı həkim sanatoriyada müalicə almağı məsləhət gördüyündən 15 iyul 2019-cu il tarixdə Kiyev şəhərinə gedib 21 iyul 2019-cu il tarixdən 27 iyul 2019-cu il tarixədək “Mirqorod” sanatoriyasına göndəriş alıb qatarla Mirqorod şəhərinə gedib həmin müddətdə sanatoriyada müalicədə olmuşlar. 28 iyul 2019-cu il tarixdə İstanbul şəhərinə, 02 avqust 2019-cu il tarixdə isə Bakı şəhərinə qayıtmışlar. Ölkəyə qayıtdıqdan sonra icazəsiz 3-cü ölkəyə getdiyinə görə həqiqi hərbi xidmətdən ehtiyyata buraxılmışdır. İşdən çıxarılmağı ilə bağlı əmrin surətini istəmiş, lakin əmrin surəti və ya əmrdən çıxarış ona təqdim olunmamışdır. Belə olan halda Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə işdən çıxarılmağına dair əmrin təqdim edilməsi ilə bağlı müxtəlif tarixlərdə müvafiq sorğular versə də, cavab verilməmişdir. Nəhayət, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin 19 noyabr 2020-ci il tarixli 13/H-142 saylı cavab məktubunda göstərilmişdir ki, əmrin surətinin (və ya çıxarışın) ona təqdim olunması məqsədəuyğun sayılmır. Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov onun 3-cü ölkəyə keçməyi ilə bağlı yaranmış zərurətin səbəblərini araşdırmadan Azərbaycan Respublikası “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidmətə uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyyata buraxılmağına dair 23 yanvar 2020-ci il tarixli 21 nömrəli əmri qəbul edərək işçiyə verilə bilcək ən ağır cəzanı tətbiq etməklə onu işdən azad etmişdir. Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanovun iddiaçının işdən çıxarılması haqqında qəbul etdiyi 23 yanvar 2020-ci il tarixli 21 nömrəli əmrilə tanış edilməli və heç bir səbəb göstərilmədən 23 yanvar 2020-ci il tarixli 21 nömrəli əmrin surəti ilə tanış edilməmişdir. Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin 19 noyabr 2020-ci il tarixli 13/H-142 saylı cavab məktubundan da görünür ki, əmrin surətinin (və ya çıxarışın) təqdim olunması məqsədə uyğun sayılmır. Əmrin surətini almadığına görə məcburiyyət qarşısında məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göründüyü kimi Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti onu işdən azad edərkən qanunvericiliyin tələblərini pozmuşdur. Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanovun əmri qərəzli olduğundan işdən azad edilməyi barədə qəbul edilmiş 23 yanvar 2020-ci il tarixli, 21 nömrəli əmr ləğv edilməli, işə bərpa edilərək həqiqi hərbi xidmətini davam etdirməlidir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 153-cü maddəsinə əsasən hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər hərbi rütbəsindən, tutduğu vəzifədən və əvvəlki xidmətlərindən asılı olmayaraq hərbi intizamı və ictimai asayişi pozduqlarına görə, Azərbaycan Respublikası Silahlı X1 tələblərinə uyğun törətdikləri cinayətə görə — cinayət məsuliyyəti, vurduqları maddi zərərə görə- dövlətə vurulmuş zərərə görə qüvvədə olan qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. İddiaçı həmçinin ərizə ilə məhkəməyə müraciət edərək buraxılmış prosessual müddətinin bərpa edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında ərizəsinə əlavə olaraq bildirmişdir ki, o, “Covid-19” virusunun yayılması ilə əlaqədar ölkədə olan karantin rejimi və hərbi qulluqçularla bağlı müddətin əmək kitabçasının verildiyi gündən başladığını bilmədiyindən iddia müddətini ötürmüşdür. Məhkəmədə hüquqlarını qanunla qoruna bilməyi və ədalətli bərpa olunması üçün ötürülmüş müddəti üzürlü sayılmasını xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz, həmçinin prosessual müddətin buraxılması ilə bağlı vəsatət təqdim etmişdir. Etirazda bildirilmişdir ki, ehtiyatda olan mayor İddiaçı 23 oktyabr 2003-cü il tarixdə Azərbaycan Respublikasının keçmiş Milli Təhlükəsizlik Nazirliyində xidmətə başlamış, 2006-cı ilin avqust ayında isə həmin nazirlikdə zabit heyətinə keçirilmişdir. Uşağa qulluq etmək üçün məzuniyyətdə olduğundan 2016-cı ilin yanvar ayından XKX-nin sərəncamına götürülmüş və məzuniyyət bitdikdən sonra 2018-ci ilin iyun ayından XKX-də xidmətini davam etdirmişdir. XKX-nin 23 yanvar 2020-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən XKX-nin ehtiyatına buraxılmış və 26 yanvar 2020-ci il tarixdən şəxsi heyətin siyahısından çıxarılmışdır. İddiaçı XKX rəhbərliyinə 20 iyun 2019-cu il tarixli raportla müraciət edərək 2019-cu il 10-25 iyul tarixlərində ailə üzvləri ilə birlikdə istirahət məqsədilə Türkiyə Respublikasının İstanbul şəhərinə səfər etmək üçün icazə istəmişdir. Rəhbərlik 26 iyun 2019-cu il tarixində İddiaçı Türkiyəyə səfər etməsinə icazə vermişdir. İddia ərizəsində qeyd olunmuşdur ki, İddiaçı İstanbul şəhərində olduğu zaman anasının səhhətində yaranmış problemlə əlaqədar sonuncunun sanatoriyada müalicə alması məsləhət görülmüş və bu səbəbdən 15 iyul 2019-cu il tarixində Ukrayna Respublikasının Kiyev şəhərinə getmiş və müvafiq göndəriş aldıqdan sonra 21-27 iyul 2019-cu il tarixlərində Ukrayna Respublikasının Mirqorod şəhərinin eyniadlı sanatoriyasında olmuşdur. Araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı 2019-cu ilin iyul ayında ailə üzvləri ilə birlikdə Türkiyə Respublikasına istirahət məqsədilə səfər etmək üçün icazə almasına baxmayaraq, səfərə ailə üzvləri ilə deyil, yalnız anası ilə getmişdir. O, 15 iyul 2019-cu il tarixdən 28 iyul tarixinədək qanunsuz olaraq Ukrayna Respublikasında olmuş və bu barədə öz rəhbərliyinə məlumat verməmişdir. İddiaçı izahatına əsasən, avia biletlərini Bakı-İstanbul-Bakı istiqamətində aldıqları üçün 28 iyul 2019-cu il tarixində əvvəlcə İstanbula, 3 avqust 2019-cu il tarixində isə Bakıya qayıtmışdır. Xidmət yerinə qayıtdıqdan sonra da P. Nərimanova üçüncü ölkə ərazisinə baş tutmuş icazəsiz səfəri barədə rəhbərliyi məlumatlandırmamışdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə, eləcə də “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 154-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə qulluq edən hərbi qulluqçular müvafiq icra hakimiyyəti orqanlarının, o cümlədən XKX-nin rəsmiləşdirilmiş icazəsi olduqda Azərbaycan Respublikasından gedə bilərlər. Eyni zamanda nəzərə alınmalıdır ki, XKX kəşfiyyat fəaliyyətini həyata keçirən xüsusi xidmət orqanıdır. Hərbi xidmətin xarakterindən və şəraitindən, xidmət vəzifələrinin yerinə yetirilməsi xüsusiyyətlərindən asılı olaraq hərbi qulluqçuların Azərbaycan Respublikası vətəndaşları üçün müəyyən edilmiş bir sıra hüquqları məhdudlaşdırıla bilər. Bu məhdudiyyətlər təkcə əməkdaşların xidməti fəaliyyəti ilə bağlı deyil, həmçinin onların şəxsi həyatı ilə bağlı bəzi məsələləri də əhatə edir. Buraya xarici ölkə vətəndaşları ilə əlaqə, xarici ölkələrə səfərlər və s. aid edilir. İddiaçı xidməti fəaliyyəti ilə əlaqədar olaraq dövlət sirri təşkil edən məlumatlara malikdir. Onun tabe olduğu rəislərə xəbər vermədən icazə aldığı xarici ölkədən icazəsiz hər hansı 3-cü ölkəyə getməsi XKX-nin spesifik xüsusiyyətləri ilə uzlaşmır. Nəticə etibarilə İddiaçı xidmətə qəbul olunduğu zaman üzərinə götürdüyü və imzaladığı öhdəliklərin tələblərini pozmuşdur. O, Azərbaycan dövlətinin təhlükəsizlik mənafeyinə sədaqətlə xidmət edəcəyi və onun qanunlarının qeyd-şərtsiz yerinə yetirəcəyinə, öhdəliyi pozarsa müvafiq olaraq intizam, inzibati və cinayət məsuliyyəti daşıyacağı barədə xəbərdarlıq edildiyinə dair 27 oktyabr 2003-cü il tarixdə öhdəlik götürmüşdür. Həmin tarixdə imzaladığı digər sənəddə isə İddiaçı özünün və qohumlarının xaricə getmələri haqqında 48 saat ərzində məlumat verəcəyi barədə xəbərdarlıq edildiyinə dair öhdəlik götürmüşdür. İddiaçı Ukrayna Respublikasına getmək üçün rəsmi şəkildə icazə istədiyi halda, ona müsbət şəkildə cavab verilməsi mümkün idi. Belə ki, xidmət dövründə İddiaçı müxtəlif vaxtlarda xarici ölkələrə səfərlər etməsi üçün müvafiq raportlar əsasında icazələr almışdır. O, istirahət məqsədilə 2004-cü ilin 18 avqust-3 sentyabr, 2005-ci il 25 avqust-1 sentyabr, 2009-cu ilin 8-22 avqust, 2010cu ilin 28 iyul—14 avqust, 2011-ci ilin 8-28 avqust, 2012-ci ilin 16 iyul- 6 avqust, 2014-cü ilin 30 iyul—26 avqust, 2015-ci ilin 22-31 yanvar, 15 iyul—9 avqust, 2016-cı ilin 23 iyul—1 sentyabr, 15-22 dekabr, 2017-ci ilin 17-23 dekabr, 2018-ci ilin 20-30 avqust və 2019-cu ilin 10-25 iyul tarixlərində Türkiyəyə, 2007-ci ilin 9-16 dekabr, 2015-ci ilin 23-28 fevral tarixlərində X5, 2017-ci ilin 20-27 may tarixlərində Böyük Britaniyaya, 2017-ci ilin 7-10 avqust tarixlərində Almaniyaya, 2017-ci ilin 10-14 avqust tarixlərində Niderlanda, eləcə də atasının müalicəsinə görə 2006-cı ilin 12-25 avqust və 2007-ci ilin 9-22 avqust tarixlərində Türkiyəyə, öz müalicəsi ilə əlaqədar 2008-ci ilin 26 iyun-6 iyul tarixlərində Türkiyəyə, oğlunun müalicəsi ilə əlaqədar isə 2013-cü ilin 7-14 may, 2-30 avqust, 2014-cü ilin 21-27 fevral, 2016-cı ilin 27 yanvar -8 fevral və 2019-cu ilin 4-14 aprel tarixlərində Türkiyəyə müvafiq icazələr almaqla səfərlər etmişdir. Göründüyü kimi, İddiaçı münasibətdə müvafiq icazə əsasında xarici ölkələrə səfərlər etməsi ilə bağlı hər hansı ciddi qadağa müəyyən edilməmişdir. İddiaçı xidmət müddəti ərzində heç bir intizam cəzası almaması ilə bağlı bildirilir ki, ona nizam-intizam qaydalarına əməl etmədiyi və işə vaxtında gəlmədiyi üçün məzəmmət elan olunmuşdur. Həmçinin, İddiaçı səlahiyyətlərinə aid olmayan qərarlarla əlaqədar əsassız narazılıqlar ifadə edən, ona verilmiş tapşırıqları ləngidən, eləcə də iş prosesində icra ilə bağlı nöqsanlara yol verən əməkdaş kimi xarakterizə edilmişdir. İddia ərizəsində qeyd olunmuş ehtiyata buraxılma ilə bağlı əmrin surətinin İddiaçı verilməməsi, eləcə də onun sözügedən əmrlə tanış edilməsi ilə bağlı iddialara dair bildirilir ki, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 165-ci maddəsinə əsasən ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. İstinad olunan maddəyə müvafiq olaraq, hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) buraxılması əmri və ya ondan çıxarış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının, o cümlədən XKXnin, Silahlı Qüvvələr növlərinin, korpusların (diviziyaların) müvafiq qurumları tərəfindən korpuslara (diviziyalara), bilavasitə tabelikdə olan hərbi bölmə və hissələrə buraxılan hərbi qulluqçuya elan olunmaq və haqq-hesabı aparmaq üçün göndərilir. Qeyd edirik ki, İddiaçı barəsində aparılmış məlum araşdırmanın nəticəsinə görə hərbi xidmətdən buraxılmağa təqdim olunması barədə XKX-nin əmri ilə 23 yanvar 2020-ci il tarixdə müvafiq imza atmaqla tanış olmuşdur. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılarkən əlavə olaraq ona şifahi məlumat verilmiş, eləcə də icraatında olan işlərin və digər maddi əmlakın təhviltəslimi üçün ona hərbi xidmətdən azad edilmə vərəqi təqdim olunmuşdur. Sözügedən sənəddə aidiyyəti struktur bölmələrlə keçirilən təhvil-təslimin nəticəsi barədə qeydlər aparılmışdır. Həmçinin, hərbi xidmətdən azad edilərkən İddiaçı 25 yanvar 2020-ci il tarixdə ******* nömrəli əmək kitabçası təqdim edilmişdir. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 15.2-ci maddəsinə əsasən əvvəllər işdə ciddi nöqsanlara, bu subyektlərdə xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olmasına, xüsusi xidmət və hüquq mühafizə orqanları əməkdaşının şərəfini ləkələyən nalayiq hərəkətlərinə görə bu orqanlardan xaric edilmiş şəxslər xidmətə qəbul edilə bilməzlər. İddiaçı da məhz sadalanan tələbləri pozduğuna görə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndi (xidməti uyğunsuzluğa görə) ilə xidmətdən buraxılmışdır. Hesab edilir ki, xüsusi xidmət orqanı əməkdaşının istirahət üçün icazə aldığı bir ölkədən icazəsiz olaraq gizli şəkildə 3-cü ölkəyə getməsi və yoxlama dövrünədək qeyri-səmimilik göstərərək bunu ətrafdakılardan gizlətməsi təhlükəsizlik nöqteyi-nəzərindən onun XKX-də xidmətini davam etdirməsini mümkünsüz edir. İddiaçı XKX-yə qarşı “İşdən xaric edilməsi barəsində əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi haqqında” tələbinə dair verdiyi iddia ərizəsini əsassız hesab edərək, onun təmin olunmaması barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, 2-1(112)-3774/2021 nömrəli iş üzrə İddiaçı barədə verilmiş Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin (XKX) mübahisələndirilən əmrindən “İşdən xaric edilmə barəsində əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi haqqında” iddianın qaldırılmasının prosessual müddəti buraxılmışdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (İPM) 22-ci maddəsinə əsasən müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin məcburi hesab olunmadığı hallarda isə elan edilmə anından başlanır. Həmçinin müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) ilə müəyyən edilmiş qaydalar tətbiq olunur. Eyni zamanda, İPM-in 38-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmçinin MPM-in 130-cu maddəsində göstərilir ki, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.2-ci maddəsinə əsasən, buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır, işdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. İddiaçı XKX-nin 2020-ci il 23 yanvar tarixli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 165-ci maddəsinə əsasən ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. İstinad olunan maddəyə müvafiq olaraq, hərbi qulluqçuların buraxılması əmri və ya ondan çıxarış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının, o cümlədən XKX-nin, Silahlı Qüvvələr növlərinin, korpusların (diviziyaların) müvafiq qurumları tərəfindən korpuslara (diviziyalara), bilavasitə tabelikdə olan hərbi bölmə və hissələrə buraxılan hərbi qulluqçuya elan olunmaq və haqq-hesabı aparmaq üçün göndərilir. İddiaçı barəsində aparılmış müvafiq araşdırmanın nəticəsinə görə hərbi xidmətdən buraxılmağa təqdim olunması barədə XKX-nin əmri ilə 23 yanvar 2020-ci il tarixdə müvafiq imza atmaqla tanış olmuşdur. Həqiqi hərbi xidmətdən ehitiyata buraxılarkən əlavə olaraq ona şifahi məlumat verilmiş, eləcə də icraatında olan işlərin və digər maddi əmlakın təhvil-təslimi üçün ona hərbi xidmətdən azad edilmə vərəqi təqdim olunmuşdur. Sözügedən sənəddə aidiyyəti struktur bölmələrlə keçirilən təhvil-təslimin nəticəsi barədə qeydlər aparılmışdır. Həmçinin hərbi xidmətdən azad edilərkən İddiaçı 25 yanvar 2020-ci il tarixdə ******* nömrəli əmək kitabçası təqdim edilmişdir. Beləliklə, həqiqi hərbi xidmətdən ehtiyata buraxılma barədə əmr İddiaçı “Hərbi xidmətkeçmə haqqına Əsasnamə”nin 165-ci maddəsinə əsasən 23 yanvar 2020-ci il tarixində elan olunmuşdur. Əmrin elan olunduğu vaxtdan iddianın qaldırılması müddəti buraxılmışdır. Məhkəmə iclasında iddiaçı və nümayəndəsi buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizənin təmin edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndələri ərizənin təmin edilməsinə etiraz edərək buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizənin təmin edilməməsini və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməli, iddiaçı tərəfindən verilmiş iddia isə mümkün sayılmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı məxsus EZ ******* №-li hərbi biletin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti tərəfindən həqiqi hərbi xidmətə çağırılaraq 27.10.2003-cü il tarixdə hərbi and içmişdir, 23.01.2020-ci ildə Azərbaycan Respublikası XKX-dən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən hərbi xidmətdən ehtiyata buraxılmışdır. İşdə olan Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin 18 noyabr 2020-ci il tarixli 13/H-142 saylı İddiaçı ərizəsinə cavab məktubundan görünür ki, onun ünvanladığı hərbi xidmətdən buraxılma əmrinin surətinin (və ya çıxarışının), eləcə də son haqqhesabının verilməsi barədə müraciətinə baxılmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti işçiyə verilə bilər. Eyni zamanda, Əmək Məcəlləsinin 6-cı maddəsinin “a” yarımbəndinə görə, bu məcəllənin müddəaları hərbi qulluqçulara şamil edilmir. XKX-də həqiqi hərbi xidmətdə oldugundan hərbi xidmətlə bağlı məsələlər Azərbaycan Respublikasının hərbi qanunvericilik aktları ilə tənzimlənir. “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin isə müddəalarında hərbi xidmətdən buraxılan şəxslərə əmrin surətinin (və ya çıxarışının) verilməsi nəzərdə tutulmayıb. Bununla yanaşı, XKX-nin fəaliyyətinin spesifik xüsusiyyətləri baxımından burada hərbi xidmətlə bağlı məsələlər məxfi hesab olunur və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tənzimlənir. Qeyd olunanlar nəzərə alınaraq, hərbi xidmətdən ehtiyata buraxılması haqqında əmrin surətinin (və ya çıxarışının) təqdim olunması məqsədəuyğun sayılmamışdır. Müraciətində vurğulanan digər məsələ ilə baglı izah olunmuşdur ki, XKX-nin 23.01.2020-ci il tarixli əmrinə müvafiq olaraq “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılaraq 26.01.2020-ci il tarixdən şəxsi heyətin siyahısından çıxarılmışdır. Bu halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.11.1992-ci il tarixli 631 nömrəli Qərarının 3-cü hissəsinin “b” yarımbəndinin 2-ci abzasına görə - iki aylıq maaş məbləğində işdən çıxarma pulu ödənilir və həmin Qərarın 3-cü hissəsinə uyğun olaraq işdən çıxarma pulu - axırıncı ştat vəzifəsi və hərbi rütbə üzrə maaşlardan hesablanır. Odur ki, axırıncı ştat vəzifəsi və rütbə üzrə maaşlarının iki misli hesablanaraq işdən çıxarma pulu cəmi 1496 manat 00 qəpik təşkil etmiş və həmin məbləğ iddiaçıya ödənilmişdir. Digər tərəfdən, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə görə, hərbi qulluqçuya növbəti məzuniyyət hər təqvim ili üçün verilir, hərbi xidmətdən ehtiyata buraxıldığı ildə isə məzuniyyət müddəti hər tam ay üçün hesablanır. Beləliklə, ehtiyata buraxıldığı vaxt yeni təqvim ilində xidmətinə tam ay yaranmadığı üçün növbəti məzuniyyət hesablanmamış və nəticə üzrə məzuniyyətə görə ödəmə verilməmişdir. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş 1 saylı, 20.04.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı özünün hərbi xidmətdən ehtiyata buraxılmağa təqdim olunması barədə XKX-nin 2020-ci il 23 yanvar tarixli əmri ilə 2020-ci ilin 23 yanvar tarixində imza atmaqla tanış olmuşdur. Eyni zamanda, icraatında olan işlərin və digər maddi əmlakın təhvil-təslimi üçün 2020-ci il 23 yanvar tarixində iddiaçıya “Hərbi xidmətdən (işdən) azad edilmə vərəqi” təqdim olunmuşdur. Sözügedən vərəqə onun özü tərəfindən imzalanması üçün aidiyyəti struktur bölmələrə təqdim olunmuş və aparılan təhvil-təslimin nəticəsi vərəqədə qeyd edilmişdir. Hərbi xidmətdən azad edilərkən İddiaçı 2020-ci il 25 yanvar tarixində ******* nömrəli əmək kitabçası təqdim edilmişdir. (Arayışda qeyd olunan sənədlərə hakim tərəfindən baxış keçirilmiş və həqiqiliyi təsdiqini tapmışdır). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 48.1-ci maddəsinə əsasən inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. - 48.2-ci maddəsinə əsasən qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. - 48.3-ci maddəsinə əsasən müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar inzibati orqan tərəfindən təyin edilir. - 48.4-ci maddəsinə əsasən inzibati orqan tərəfindən təyin edilmiş müddətin axımı həmin orqanın maraqlı şəxsi bu barədə məlumatlandırdığı andan və yaxud Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda müvafiq məlumatın rəsmi elan olunduğu andan başlanır. - 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. - 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Azərbaycan Respublikası İPM-nin: - 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. -35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İstinad edilən hüquq normalarının tələblərinə görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Bu şərtlər mübahisələndirmə haqqında iddia növünə də aiddir. Mübahisələndirmə haqqında iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, cavabdehin imtinasının olub-olmaması və müddətlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Mübahisəli məsələyə münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinin tətbiq edilməsi zəruridir. İstinad edilən qərarda göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. Beləliklə, iddiaçı tərəfindən verilmiş iddiaya məhkəmədə baxılması üçün bu şərtlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 6-cı maddəsinin “a” bəndinə əsasən hərbi qulluqçulara Əmək Məcəlləsi şamil edilmir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 165-ci maddəsinə əsasən ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir. Buna görə “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə iddia verilməsi axımının başlanması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Göründüyü kimi inzibati aktdan şikayət müddəti həmin aktın təqdim, eləcə də elan olunmasından sonra, şikayət instansiyası tərəfindən şikayətə dair qəbul olunan inzibati aktın isə təqdim olunduğu vaxtdan 30 gün müddətinə qaldırıla bilər. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Novakovic Xorvatiyaya qarşı” iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20- 21). “Deryan Türkiyəyə qarşı” iş üzrə 21 iyun 2015-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri adekvat göstərməlidir. Səbəbləri göstərmək öhdəliyinin tətbiqi dairəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bu səbəbdən, Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyinə nə üçün məhkəmə tərəfindən riayət olunub-olunmaması yalnız işin halları baxımından müəyyən edilə bilər. Lakin qanunla müəyyən olunmuş müddət məhdudiyyətinə dair ərizənin tərəfin dəlili kimi araşdırılması sözügedən iş üçün həlledici əhəmiyyət kəsb etdikdə, ona spesifik və aydın cavabın verilməsi tələb olunur (§ 30-33). Lakin iş materiallarından məlum olur ki, iddiaçı mübahisələndirdiyi inzibati aktın qəbul olunmasından 1 il müddət keçəndən sonra məhkəməyə müraciət etmiş, müddətin üzrlü səbəblərdən buraxılmasına səbəb olmuş hallar məhkəmə araşdırması zamanı sübuta yetməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı hərbi qulluqçu kimi hərbi xidmətdən ehtiyata buraxılmağa təqdim olunması barədə əmrlə 23 yanvar 2020-ci il tarixdə imza etməklə tanış olduğundan, mübahisələndirilən qərar üzrə qanunvericiliklə müəyyən edilmiş şikayət vermə müddəti həmin vaxtdan başlayır və iddiaçı həmin müddəti ötürməklə məhkəməyə müraciət etmişdir (iddia ərizəsi məhkəməyə 21.01.2021-ci il tarixdə daxil olmuşdur). İddiaçının ərizəsində göstərilən hallar isə buraxılmış müddətin bərpa edilməsi üçün əsas ola bilməz. Ona görə də qanunvericiliklə müəyyən edilmiş müddətin iddiaçının təqsiri olmadan buraxılması halları, həmçinin müddətə əməl olunmasına mane olan hallar mövcud olmadığından prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməməli və mübahisələndirilən qərardan şikayət vermə müddəti ötürüldüyündən iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı buraxılmış iddia müddətinin bərpa edilməsi barədə ərizəsi təmin edilməsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar