Məhkəmə qərarları › İş №2-1(112)-3775/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3775/2023

15.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3775/2023 15.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X8 Abıyevin sədrliyi, İddiaçı, onun vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi – X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X12 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla xüsusi mülkiyyət hüquqları qeydə alınmış mənzilə dair payına uyğun ayrıca çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzil üzrə İddiaçı pay kimi qeydə alınmış ½ hissəsinin naturadan ayrılması barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-1872/2021 saylı qətnaməsi qanuni qüvvəyə mindiyindən həmin paya dair İddiaçı adına hüquqların qeydiyyata haqqında daşınmaz əmlakın dövlət reyestrindən ayrıca çıxarışın verilməsi vəzifəsinin DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir Sonradan İddiaçının nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixdə məhkəməyə İPM-nin 54- cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən çıxarışa əsasən Daşınmaz əmlakın dövlət reyestrində 3127 nömrəli reyestr kitabının 292158 nömrəli vərəqində 1/2 hissədə xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrə ilə İddiaçı və digər 1/2 hissədə X10 adına xüsusi mülkiyyət hüququ ilə Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmış ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 61,14 kv. metr olan mənzilə dair İddiaçı adına payına uyğun xüsusi mülkiyyət hüququ üzrə ayrıca Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyat aparılmaqla, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzil üzrə onun payı kimi qeydə alınmış ½ hissənin naturada ayrılması barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)- 1872/2021 saylı qətnaməsi qanuni qüvvəyə mindiyindən həmin paya dair onun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ayrıca çıxarış verilməsini xahiş etmişdir. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********79 saylı məktubu ilə ünvan 1 ünvanında yerləşən mənzil üzrə İddiaçı payı kimi qeydə alınmış ½ hissənin naturada ayrılması barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(007)-1872/2021 saylı qətnaməsi qanuni qüvvəyə mindiyindən həmin paya dair onun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ayrıca çıxarış verilməsindən imtina edilmişdir. Hüquqların dövlət reyestrini aparan inzibati orqan tərəfindən ünvan 1 ünvanında yerləşən mənzil üzrə onun payı kimi qeydə alınmış ½ hissənin naturada ayrılması barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-1872/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş paya dair onun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ayrıca çıxarış verilməsindən imtina edilmişdir. Hesab edir ki, inzibati orqanın verdiyi imtina qanunsuz və əsassızdır. Belə ki, xx.xx.2019-cu il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X2 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 61,14 kv. metr mənzilin özünə məxsus olan ½ hissəsini ona, yəni İddiaçı müqavilə əsasında satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışı ilə ünvan 3 ünvanında yerləşən mənzilin ½ hissədə X10 adına və ½ hissədə İddiaçı qızmm adına müvafiq olaraq xx.xx.2019-cu il tarixdə və xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-1872/2021 saylı qətnaməsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın dövlət reyestrində ünvan 1 ünvanında yerləşən mənzil üzrə onun yəni, İddiaçı payı kimi qeydə alınmış ½ hissənin naturada ayrılması qət edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-4872/2021 saylı qətnaməsi qanuni qüvvəyə minmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və X12 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq məhkəmənin eyni tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilmiş, cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş etiraz onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-1872/2021 saylı qətnaməsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın dövlət reyestrində ümumi sahəsi 61,14 kv.m olan ünvan 4 ünvanında yerləşən mənzil üzrə İddiaçı payı kimi qeydə alınmış ½ hissənin naturada ayrılması qət edilmişdir. Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-1872 /2021 saylı qətnaməsi ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə öhdəlik qoyulmamışdır. Bundan əlavə, sözügedən ünvanda yerləşən mənzil daşınmaz əmlakın dövlət reyestrindən ümumi sahəsi 61.14 kv. m. kimi qeydiyyatdan keçmişdir. Lakin iddiaçı tərəfindən göstərilən, ümumi sahəsi 41.6 kv. m. olan mənzil daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməmişdir və həmin mənzilə dair heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Həmçinin qeydiyyatdan keçməmiş mənzilin yerləşdiyi torpaq sahəsi binada birdən artıq sahəyə xidmət üçün nəzərdə tutulan ümumi paylı mülkiyyət ilə mülkiyyətçilərə məxsus sahədir. İddia tələbində qeyd olunan Bakı şəhəri, Nizami rayonu, Zakir küçəsi, ev 5, 2a saylı mənzil hazırda X10 (1/2 hissə) və İddiaçı (1/2) paylı mülkiyyətindədir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Bu obyektlərə mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş torpaq sahəsi aiddir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 24-cü maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 26-cı maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının başa çatması razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyasının aktı ilə təsdiqlənir. Qəbul komissiyasının aktı razılaşdırmanı həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 aprel 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi xahiş olunmuşdur. Üçüncü şəxsin iddia tələbinə dair yazılı münasibəti məhkəməyə təqdim edilməmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı və onun vəkili Vəkil ayrı-ayrılıqda verdikləri izahatlarında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdilər. Cavabdeh DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X9 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək və etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü: “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №li Qərarının 17-ci bəndində göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Mübahisəli daşınmaz əmlakın ½ hissədə İddiaçı paylı mülkiyyətinə ayrıldığını nəzərə alaraq məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki iddia tələbi ilə cavabdeh inzibati orqana ərizə ilə müraciət etmiş, sonuncu tərəfindən onun müraciətindən imtina olunmuş, bundan sonra sonra iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. İşin halları: İş materiallarında olan; iddiaçıya məxsus AZE seriyalı 00****** №li şəxsiyyət vəsiqəsi və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1950-cı ildə doğulmuş Əliyeva X3 Muxtar Respublikası, ünvan 6 ünvanında qeydiyyatdadır. Məhkəmənin müvafiq sorğularına əsasən verilmiş; - DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********31 №-li cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Nizami rayonu, Zakir küçəsi, ev 5, 2 saylı mənzil xx.xx.1992-ci il tarixdə X5 adına ilkin qeydiyyatdan keçmişdir. Bakı şəhəri 30 saylı DNK-nın 6M-1131 reyestr nömrəli xx.xx.1994-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.1994-cü il tarixdə mənzilin 1/2 hissəsi X1 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 15 saylı DNK-nın 2V-13 reyestr nömrəli xx.xx.2005-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən xx.xx.2005-ci il tarixdə mənzilin 1/2 hissəsi X10 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 15 saylı notariat ofisinin xüsusi notariusu A.K.Məmmədov tərəfindən təsdiq edilmiş 4Ə-181 reyestr nömrəli xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsas xx.xx.2019-cu il tarixdə mənzilin 1/2 hissəsi İddiaçı adına qeydiyyatdan keçmişdir. Hazırda Bakı şəhəri, Nizami rayonu, Zakir küçəsi, ev 5, 2a saylı mənzilin 1/2 hissəsi X10, 1/2 hissəsi İddiaçı adına qeydiyyatı keçmişdir və hazırda mülkiyyətlərindədir. Məktuba əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən çıxarışın təsdiq edilmiş surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə ½ hissədə X10 və ½ hissədə isə xx.xx.2019-cu il tarixdə № ********** qeydiyyat nömrəsilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 3127 nömrəli reyestr kitabının 292158 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-1872/2021 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə cavabdeh X11 qarşı “paylı mülkiyyətdən payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq mənzilə dair verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrdən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 61,14 kv.m. yaşayış sahəsi 34,14 kv.m. olan 2 otaqlı mənzilin ½ hissəsi üzrə İddiaçı payının naturada X10 payından ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sözügedən qətnamə ilə iddianın təmin edilməsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın dövlət reyestrində ümumi sahəsi 61,14 kv. m. olan ünvan 1 ünvanında yerləşən mənzil üzrə İddiaçı payı kimi qeydə alınmış ½ hissənin naturada ayrılması qət edilmişdir. Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-1872/2021 saylı məktubunda qeyd olunmuşdur ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-1872/2021 saylı qətnaməsi ilə 18 yanvar 2022-ci il tarixdə qanuni qüvvəyə minmiş və müvafiq qaydada icraya yönəldilmişdir. Məktuba əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1872/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin icrası ilə bağlı xx.xx.2022-ci il tarixdə icra vərəqəsi verilmişdir. Bakı şəhəri Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1872/2021 saylı, xx.xx.2022-cu il tarixli icra sənədi üzrə icraata “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci və 20.2-ci maddələrinə (icra sənədi tam icra olunduqda) əsasən xitam verilmişdir. İddiaçının hazırki tələblə bağlı inzibati orqana etdiyi müraciətə cavab olaraq, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********79 №li xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 1872/2021 saylı, xx.xx.2021-ci il qətnaməsi ilə 1 saylı Bakı Ərazi İdarəsi üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Qeyd olunan məsələ ilə bağlı İdarə tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinə **********95 saylı, xx.xx.2021-ci il tarixli məktubla rəsmi məlumat verilmişdir. Məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Konstitusiyasına əsasən: Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur (maddə 13, hissə 1) Hamı qanun və məhkəmə qarşısında bərabərdir (maddə 25) Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (maddə 29) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən: Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1); Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir (maddə 139.3); İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur (maddə 213.1); Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər (maddə 213.2); Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir (213.3); Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. (maddə 213.4); Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər (maddə 213.5) Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər (maddə 220.1); Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər (maddə 220.3). Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir (maddə 221.). İşin araşdırılan hallarından görünür ki, mübahisəli daşınmaz əmlak qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında paylı mülkiyyət hüququ üzrə mülkiyyətçilər arasında paylarına uyğun olaraq naturada bölünmüşdür. Hazırda iddiaçı daşınmaz əmlak üzərində xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində payına uyğun ayrıca qeydə alınmaqla buna dair çıxarışın və texniki pasportun verilməsini tələb edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən: Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (maddə 2.2.). Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər (maddə 2.3). Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir (maddə 2.4). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur (maddə 12). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər (maddə 15): 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır (maddə 16.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Cavabdehin imtinasından və iddiaya dair etirazından isə görünür ki, iddiaçının müraciətindən imtina olunarkən yalnız formal mülahizələrə istinad olunmuşdur. Halbu ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının, onun vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən çıxarışa əsasən Daşınmaz əmlakın dövlət reyestrində 3127 nömrəli reyestr kitabının 292158 nömrəli vərəqində 1/2 hissədə xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrə ilə İddiaçı və digər 1/2 hissədə X10 adına xüsusi mülkiyyət hüququ ilə Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmış ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 61,14 kv. metr olan mənzilə dair İddiaçı adına payına uyğun xüsusi mülkiyyət hüququ üzrə ayrıca Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyat aparılmaqla, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar