Məhkəmə qərarları › İş №2-1(112)-3776/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3776/2021

22.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3776/2021 22.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 23.09.2020-ci il tarixli, **********721900 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh 23.09.2020-ci il tarixli, **********721900 saylı qərarı ilə 2019-cu ilin mənfəət vergisi üzrə əsassız olaraq 31497,88 (otuz dörd min üç yüz səksən yeddi) manat 901 qəpik vergi hesablamışdır. Həmin qərar Vergi Məcəlləsi ilə müəyyən olunmuş maddi hüquq normalarına zidd olduğundan ləğv edilməlidir. ''İddiaçı" MMC Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli, 556 nömrəli Qərarına uyğun olaraq mikro sahibkar olaraq vergi orqanında qeydiyyata alınmışdır. Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi vergidən azaddır. Tərəflərindən müəssisənin əldə etdiyi gəlirdən azad olunan 75 faiz çıxılmaqla vergi vaxtında ödənmişdir. Gəlir vergisi bəyannaməsini vaxtında təqdim etmişlər. Lakin vergi orqanı tərəfindən xahiş edilmişdir ki, bəyannaməyə dəqiqləşmə versinlər. Bildirəndə ki, dəqiqləşmə üçün əsası yoxdur, xahiş etmişlər ki, olduğu kimi dəqiqləşmə göndərsinlər. Olduğu kimi dəqiqləşmə göndərən kimi “2019-cu il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlar barədə” məktub ünvanlanmışdır. Bütün sənədləri yenidən təqdim etmişlər. Cavabdeh 23.09.2020-ci il tarixli, **********721900 saylı qərar qəbul edərək 230 min manat dövriyyənin olduğunu əsas gətirərək güzəştin tətbiq edilmədiyini bildirməklə 118117,00 manat gəlir əldə etdiyi və həmin gəlirə görə 31497,88 manat mənfəət vergisi tələb etmişlər. Hesab etmişlər ki, aşağıdakı əsaslara görə cavabdehin 23.09.2020-ci il tarixli, **********721900 saylı qərarı əsassızdır. Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən kameral vergi qoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəlləinin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəlləsinin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Dəqiqləşdirilmiş bəyannamə vergi orqanının xahişi əsasında verilib. İlkin bəyanamə ilə eynilik təşkil edir, heç fərqlənmir. Vergi orqanı müddət ötürdüyündən imperativ səlahiyyətindən istifadə etmişdir. Vergi Məcəlləsinin tələbləri gözlənilmədiyindən 2019-cu il üçün nəzərdə tutulmuş mənfəət vergisi üzrə bəyannamənin verilmə müddətlərindən aylar keçdikdən sonra Vergi Məcəlləsinin 37.2-ci maddəsi ilə verilmiş hüquqlara zidd olaraq kameral vergi yoxlaması həyata keçirilmiş və əsassız qərar qəbul edilmişdir. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” 29.12.2017-ci il tarixli, 963 saylı Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Qanunun 3-cü maddəsinə əsasən sahibkarlığın tənzimlənməsi tədbirləri çərçivəsində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə yönəldilən dövlət dəstəyi və güzəştlər bu Qanunun 4-1-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş meyarlar əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında” 21 fekabr 2018-ci il tarixli, 556 nömrəli Qərarı ilə “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları” təsdiq edilmişdir. Həmin meyarlara dair 4-cü qeyddə qeyd edilir ki, sahibkarların mikro, kiçik, orta və ya iri sahibkarlara aid edilməsi Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülən həmin sahibkarlıq subyektləri haqqında məlumatlar əsasında müəyyənləşdirilir və il ərzində dəyişməz qalır. Qeyd olunan verginin qərarı ilə razılaşmadıqda onlara bildirmişlər ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli, 556 nömrəli qərarı ilə əlaqədar Nazirlər Kabineti şərh versin, onun əsasında yenidən baxsınlar. Tərəflərindən 25.09.2020-ci il tarixdə Nazirlər Kabinetinə müraciət etmişlər. Nazirlər Kabinetindən bir cavab ala bilmədiklərindən eyni zamanda vergi orqanına müraciətlər etmişlər. Lakin vergi orqanının onlara ünvanlandığı 17.12.2020-ci il tarixli məktubunda Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlamasının vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirildiyini qeyd etməklə müvafiq tədbirlər görüləcəyi qeyd edilmişdir. Vergi Məcəlləsinin 54.0-cı maddəsinə əsasən şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlbetmə müddətinin qurtarması halında vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. İddiaçı səlahiyyətli nümayəndəsi və Vəkil müddətin bərpası barədə məhkəməyə vəsatət (ərizə) təqdim edərək ötürülmüş müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Vəsatət (ərizə) onunla əsaslandırılmışdır ki, cavabdeh 23.09.2020-ci il tarixli, **********721900 saylı qərarı ilə 2019-cu ilin mənfəət vergisi üzrə əsassız olaraq 31497,88 (otuz dörd min üç yüz səksən yeddi) manat 901 qəpik vergi hesablamışdır. Həmin qərar Vergi Məcəlləsi ilə müəyyən olunmuş maddi hüquq normalarına zidd olduğundan ləğv edilməlidir. Qeyd olunan verginin qərarı ilə razılaşmadıqda onlara bildirmişlər ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli, 556 nömrəli qərarı ilə əlaqədar Nazirlər Kabineti şərh versin, onun əsasında yenidən baxsınlar. Tərəflərindən 25.09.2020-ci il tarixdə Nazirlər Kabinetinə müraciət etmişlər. Nazirlər Kabinetindən bir cavab ala bilmədiklərindən eyni zamanda vergi orqanına müraciətlər etmişlər. Lakin vergi orqanının onlara ünvanlandığı 17.12.2020-ci il tarixli məktubunda Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlamasının vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirildiyini qeyd etməklə müvafiq tədbirlər görüləcəyi qeyd edilmişdir. Lakin hər hansı tədbir görülməmişdir. Vergi Məcəlləsinin 62.3-cü maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən öz hüquqlarının pozulduğunu biliyi və ya bilməli olduğu gündən 3 ay müddətində verilir. Məhkəmənin diqqətinə çatdırılır ki, tərəflərindən 23.09.2020-ci il tarixli, **********721900 saylı qərardan inzibati orqana şikayət etdiklərindən və Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 2020-ci il 14 dekabr saat 00:00dan 2021-ci il 18 yanvar saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edildiyini nəzərə alaraq prosessual müddəti ötürülməmişdir. Cavabdeh iddianın mümkünsüz sayılması barədə vəsatətlə müraciət edərək İddiaçı MMC-nin iddiasına iddia müddətinin tətbiq edilməsini və iddianın mümkün sayılmamasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, mübahisələndirilən inzibati akt 25.09.2020-ci il tarixində vergi ödəyicisinə elektron qaydada göndərilmişdir. İddiaçı tərəfindən mübahisələndirilən inzibati akt 25.09.2020-ci il tarixində oxunmasına baxmayaraq, 21.01.2021-ci il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edilməklə, iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti ötürülmüşdür. İnzibati Prosessual Məcəllənin 38.3-cü maddəsinə əsasən inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: İnzibati Prosessual Məcəllənin 38.3.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); İnzibati Prosessual Məcəllənin 38.3.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək. Belə ki, İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qeyd olunanlara baxmayaraq iddiaçı İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinin tələblərini pozmuşdur. Həmin Məcəllənin 24.1-ci və 24.2-ci maddələrinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı İnzibati Prosessual Məcəllənin 5-ci fəslinin müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci və 130.3-cü maddələrinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Beləliklə, iddiaçı hal-hazırda mübahisə predmetini təşkil edən, vergi orqanı tərəfindən qəbul edilən **********721900 nömrəli, 23.09.2020-ci il tarixli qərarı 25.09.2020-ci il tarixdə oxumuş, lakin həmin qərardan mübahisələndirilməsi üçün 30 günlük iddia müddətini ötürmüşdür və bu da öz növbəsində hazırki iddianın qaldırılması üçün müddətə dair mümkünlük şərtlərinin ödənilməməsi ilə nəticələnmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilir: məhkəmələr nəzərə almalıdırlar ki. inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması ücün zəruri ilkin sərt onun mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Qeyd edilən normaların tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş vəsatəti (ərizəni) müdafiə edərək buraxılmış prosessual müddətin bərpa edilməsini, cavabdeh tərəfindən verilmiş vəsatətin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddiaçı tərəfindən verilmiş vəsatətin əsassız olduğunu bildirərək rədd edilməsini, tərəflərindən verilmiş vəsatətin isə təmin edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə (vəsatət) təmin edilməməli və iddiaçı tərəfindən verilmiş iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən 23.09.2020-ci il tarixli, **********721900 nömrəli qərar cavabdeh tərəfindən iddiaçının elektron kabinetinə 25.09.2021-ci il, saat 10:04:04-də göndərilmiş, iddiaçı tərəfindən 25.09.2021-ci il, saat 13:30:08-də oxunmaqla qəbul edilmişdir. İddiaçı tərəfindən vergi orqanına, həmçinin Nazirlər Kabinetinə edilmiş müraciətlər qərarın qanunvericiliklə nəzərdə tutulmuş qaydada mübahisələndirilməsi ilə bağlı deyil, müəsissənin “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”na uyğunluğu ilə bağlı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 48.1-ci maddəsinə əsasən inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. - 48.2-ci maddəsinə əsasən qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. - 48.3-ci maddəsinə əsasən müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar inzibati orqan tərəfindən təyin edilir. - 48.4-ci maddəsinə əsasən inzibati orqan tərəfindən təyin edilmiş müddətin axımı həmin orqanın maraqlı şəxsi bu barədə məlumatlandırdığı andan və yaxud Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda müvafiq məlumatın rəsmi elan olunduğu andan başlanır. - 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. - 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 38.1-ci maddəsinin tələbinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 70.2-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. - 70.2-1-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.1. vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə – şəxsən verildiyi gün; 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir. Buna görə “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə iddia verilməsi axımının başlanması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Göründüyü kimi inzibati aktdan şikayət müddəti həmin aktın təqdim, eləcə də elan olunmasından sonra, şikayət instansiyası tərəfindən şikayətə dair qəbul olunan inzibati aktın isə təqdim olunduğu vaxtdan 30 gün müddətinə qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. - 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. - 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” işi üzrə 25 yanvar 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsini və xüsusi ilə hüquqi müəyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Eyni zamanda “Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq məlumatlarına əsasən məhkəmələr tərəfindən fiziki və hüquqi şəxslərin ərizələrinin, o cümlədən apellyasiya və kassasiya şikayətlərinin poçt vasitəsilə və ya elektron şəkildə qəbulu təmin edilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı MMC elektron kabinetinə daxil olmuş 23.09.2020-ci il tarixli, **********721900 saylı qərarı 25.09.2021-ci il, saat 13:30:08-də oxumaqla qəbul etdiyindən mübahisələndirilən qərar üzrə qanunvericiliklə müəyyən edilmiş şikayət vermə müddət həmin vaxtdan başlayır və iddiaçı həmin müddəti ötürməklə məhkəməyə müraciət etmişdir (iddia ərizəsi məhkəməyə 21.01.2021-ci il tarixdə daxil olmuşdur). İddiaçının ərizəsində göstərilən hallar isə buraxılmış müddətin bərpa edilməsi üçün əsas ola bilməz. Ona görə də qanunvericiliklə müəyyən edilmiş müddətin iddiaçının təqsiri olmadan buraxılması halları, həmçinin müddətə əməl olunmasına mane olan hallar mövcud olmadığından prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, mübahisələndirilən qərardan şikayət vermə müddəti ötürüldüyündən iddia mümkün hesab edilə bilməz. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prossessual Məcəlləsinin: - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı səlahiyyətli nümayəndəsi və Vəkil tərəfindən verilmiş buraxılmış iddia müddətinin bərpa edilməsi barədə ərizə (vəsatət) təmin edilməsin. İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar