Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3776/2022 10.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiya təyin olunması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə - DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 01.01.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən, pensiya almaq hüququnun yarandığı, yəni 21.03.2019-cu il tarixdən (57 yaşı tamam olduğu gündən) güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən 21.03.2019-cu il tarixdən təyin olunacaq əmək pensiyasının bu günədək ödənilməmiş hissəsinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1962-ci ildə Bakı şəhərində doğulmuşdur. 01.09.1977-23.07.1980-ci illərdə 2 №-li peşə məktəbində təhsil almışdır. 07.05.1980-ci ildə Bakı metropolitenində elektrik avadanlıqları üzrə çilingər-elektrik işinə qəbul olunmuşdur. 15.10.1980-ci il tarixdə ağır iş şəraitində elektrik qatarı maşinisti köməkçisi vəzifəsinə keçirilməklə həmin vəzifədə 16.11.1981-ci il tarixinədək işləmişdir. 20.11.1981-1983-cü ilin dekabrın ortalarınadək Sovet ordu sıralarında xidmət etmişdir. 05.01.1984-cü il tarixdən Bakı metropolitenində lokomotivlərin təmiri üzrə çilingər vəzifəsinə qəbul edilmişdir. 14.03.1984-cü il tarixdə zərərli iş şəraitində istismar sexinin elektrik qatarı maşinistinin köməkçisi vəzifəsinə keçirilmişdir. 24.02.1986-cı il tarixdən zərərli iş şəraitində elektrik qatarının maşinsti vəzifəsinə keçirilmişdir. 01.05.1999-cu ildə elektrik qatarının maşinisti kimi ona 3-cü, 01.05.1999-cu il tarixdə 10-cu dərəcə verilmişdir. Bu günə kimi o, Bakı Metropolitenində elektrik qatarlarının (seksiyalarının) maşinisti vəzifəsində çalışır. 21.03.2019-cu il tarixdə 57 yaşı tamam olmuş və 01.01.2006-cı il tarixədək onun ümumi iş stajı 29 il 8 ay olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №-li qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”sına əsasən həmin stajı 22 il, 8 ay, 18 gün "xxxx" QSC-də elektrik qatarının maşinist köməkçisi və maşinisti kimi işlədiyi vəzifə xüsusilə zərərli və ağır iş şəraitində iş hesab olunduğundan ona 01.01.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən pensiya almaq hüququnun yarandığı, yəni 21.03.2019-cu il tarixdən (57 yaşı tamam olduğu gündən) güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən 21.03.2019-cu il tarixdən təyin olunacaq əmək pensiyasının bu günədək ödənilməmiş hissəsinin hesablanaraq ödənilməsi tələbi ilə cavabdehə müraciət etsə də, müraciətindən 28.10.2021-ci il tarixli **********0 №-li məktubla imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, onun təmin edilməməsinin xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Qeyd edilməlidir ki, artıq uzun müddət ərzində formalaşmış təcrübəyə əsasən, əmək pensiyalarının təyin olunması barədə işlərə məhz öhdəlik xarakterli iddialar çərçivəsində baxılır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır; В 126767 nömrəli diplomun təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 1 sentyabr 1977-ci ildə Bakı şəhəri 2 №-li orta texniki peşə məktəbinə daxil olmuş və 23 iyul 1980-ci ildə elektik qatarlarının maşinist köməkçisi (metropoliten üçün) peşəsi üzrə bu məktəbin tam kursunu bitirərək ümumi orta təhsil almışdır; НЗ ******* nömrəli hərbi biletin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 20.11.1981-30.11.1983-cü illərdə müddətli həqiqi hərbi xidmət keçmişdir; DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçının 21 oktyabr 2021ci il tarixində daxil olmuş müraciətinə cavab olaraq 28 oktyabr 2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə 06.01.1986-cı il tarixindən bu günədək Bakı Metropolitenində maşinist vəzifəsində işlədiyi qeyd olunmuşdur. İşlədiyi vəzifə yuxarıda müvafiq Qərarla təsdiq edilmiş Siyahı üzrə göstərilən vəzifələrə uyğun deyil. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir; Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Azərbaycan Respublikası "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 12 yanvar 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı 07.05.1980-ci il tarixindən 15.10.1980-ci il tarixinədək “N.Nərimanov” adına elektrik deposunun 1 saylı texniki baxış sahəsində 3-cü dərəcə ilə elektrik çilingəri, 15.10.1980-ci il tarixindən 16.11.1981-ci il tarixinədək istismar sahəsində qatar maşinistinin köməkçisi (həftədə 36 saat, 16 % xüsusi zərərli iş şəraiti ilə) peşələrində, 05.01.1984-cü il tarixindən 14.03.1984-cü il tarixinədək “N.Nərimanov” adına elektrik deposunun 1 saylı texniki baxış sahəsində 3-cü dərəcə ilə lokomotivlərin təmiri üzrə çilingər, 14.03.1984-cü il tarixindən 24.02.1986-cı il tarixinədək istismar sahəsində qatar maşinistinin köməkçisi (həftədə 36 saat, 16 % xüsusi zərərli iş şəraiti ilə) peşələrində işləmişdir. 24.02.1986-cı il tarixindən bu günədək maşinist (həftədə 36 saat, 16 % xüsusi zərərli iş şəraiti ilə) peşəsində çalışır (3-cü sürücülük dərəcəsi, 10-cu ixtisas dərəcəsi ilə). Azərbaycan Respublikası Prezidentinin 27.02.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 1-ci bölməsinin 1.1.2-ci və 1.2-ci bəndlərində, 21-ci bölməsinin 21.1-ci və 21.5-ci bəndlərində, 29-cu və 35-ci bölmələrində metropolitenlə bağlı bəzi peşə və vəzifələrin sadalanmasına baxmayaraq qeyd edilən siyahıda Bakı Metropoliteninin fasiləsiz işinin təmin edilməsində, sərnişinlərin təhlükəsiz daşınmasında, metro tikililərinin, qurğularının, mexanizm və avadanlıqlarının cari saxlanmasında əsas aparıcı rol oynayan yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insan səhhətinə mənfi təsir göstərilən amillərlə müşayiət olunan xüsusilə zərərli və ağır əmək şəraitli bir sıra peşə və vəzifələr öz əksini tapmamışdır. Metropolitendə güzəştli şərtlərlə çalışan işçilərin əmək stajlarının müəyyən edilməsi onların təqaüdə çıxmalarına əsas verən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi haqqında” 23.01.2007-ci il tarixli 12 saylı qərarına qədər qüvvədə olan 21.06.1993-cü il tarixli 320 saylı qərarın müvafiq bölmə və bəndləri ilə tənzimlənirdi və həmin qərara əsasən elektrik qatarlarının maşinistləri və elektrik qatarlarının maşinist köməkçilərinin müvafiq kodları təqdim edilmişdir: 23000000 XXVİİİ. Nəqliyyat, - 23001000-14241 teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri; - 23001000-14409 elektrik qatarlarının (seksiyalarının) maşinistləri; - 23001000-16887 elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri. Eyni zamanda elektrik qatarlarının maşinistləri və elektrik qatarlarının maşinist köməkçiləri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 93cü maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiqlənən “yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraiti iş yerləri üzrə iş vaxtının konkret müddəti göstərilməklə peşələrin, vəzifələrin Siyahısı”nda da adları keçmişdir. İddiaçı ağır və xüsusilə zərərli əmək şəraiti üzrə əmək stajı 38 il 11 ay 02 gün (otuz səkkiz il on bir ay iki gün) (12.01.2022-ci il tarixinə) təşkil edir, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas əmək məzuniyyətinə əlavə 6 (altı) təqvim günü əlavə edilir və xüsusi zərərli iş şəraitində işlədiyinə görə əmək haqqına tarif maaşının 16 % məbləğində, eləcə də aylıq qrafik üzrə axşam və gecə saatlarına görə əlavə ödənişlər edilir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür, 57 yaşı tamam olduğuna görə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə uyğun olaraq yaşa görə güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh inzibati orqan onun 1 yanvar 2006-cı il tarixədək güzəştli iş stajının olmaması səbəbindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Hazırda iddiaçı ona adıçəkilən qanunun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (İ və İİİ hissələr) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; “b” bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1- dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra mətndə - “Qaydalar”) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. “Qaydalar”ın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, mövcud “Qaydalar” "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsini təsbit etmişdir. “Qaydalar”ın 4.1.10-cu bəndinə əsasən, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; “Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element birlikdə mövcud olmalıdır: a) İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; b) İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının (2 nömrəli siyahı üzrə) mövcud olması. Belə ki, məhkəmə iş materiarında olan sənədləri, o cümlədən iddiaçıya məxsus diplomun, hərbi biletin və əmək kitabçasının təsdiq edilmiş surətini tədqiq edərək iddiaçının iş stajını aşağıdakı kimi müəyyən etmişdir: 01.09.1977-23.07.1980-ci illərdə orta texniki peşə məktəbində təhsil (2 il 10 ay 23 gün); 07.05.1980-14.10.1980-ci illərdə 3-cü dərəcəli elektrik avadanlıqlarının təmiri üzrə elektrik çilingəri (təhsil müddəti ilə üst-üstə düşən dövr çıxılmaqla 2 ay 22 gün); 20.11.1981-30.11.1983-cü illərdə hərbi xidmətdə (2 il 11 gün); 15.10.1980-16.11.1981-ci illərdə İstismar sexində elektrik qatarının maşinist köməkçisi (1 il 1 ay 3 gün, 23001000-16887); 05.01.1984-13.03.1984-cü illərdə İstismar sexində 3-cü dərəcə üzrə texniki baxış məntəqələrində lokomotivlərin baxışı və təmiri üzrə çilingər (2 ay 10 gün); 14.03.1984-13.12.1984-cü illərdə İstismar sexində elektrik qatarlarının maşinist köməkçisi (9 ay 1 gün, 23001000-16887); 24.02.1986-ci il tarixdən bugünədək maşinist (3-cü sürücülük dərəcəsi, 10-cu ixtisas dərəcəsi) vəzifəsində (01.01.2006-cı ilədək 19 il 10 ay 5 gün, 23001000-14409) “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısının 28-ci bölməsində (Nəqliyyat) elektrik qatarlarının (seksiyalarının) maşinistləri (23001000—14409), elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri (23001000—16887) vəzifələri güzəştli pensiya hüququ verən xüsusilə zərərli və ağır iş şəraiti aid olan peşələr sırasına daxil edilmişdir. Cavabdeh inzibati orqanın mübahisə etdiyi yeganə məsələ, AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Metropolitenlər” adlanan bölməsində elektrik qatarlarının maşinisti və maşinist köməkçisinin nəzərdə tutulmamasıdır. Məhkəmə cavabdehin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi, “Siyahı”nın “Dəmiryol nəqliyyatı” bölməsində elektrik qatarlarının (seksiyalarının) maşinistləri (23001000—14409), elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri (23001000—16887) vəzifələri nəzərdə tutulmuşdur. Həmin “Siyahı”nın “Metropolitenlər” adlanan bölməsində metropoliten qatarlarının maşinistləri və maşinist köməkçiləri vəzifəsinin zərərli iş kimi göstərilməməsi iddiaçıya güzəştli şərtlərlə pensiya təyin olunmamasına əsas verə bilməz. Bununla əlaqədar qeyd edilməlidir ki, yaşa görə pensiya təminatında əməyin xüsusi şəraiti ilə əlaqədar müəyyən olunan güzəştlərdən istifadə edənlərin dairəsi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda açıqlanmışdır. Belə güzəştlərdən daha geniş formada yeraltı işlərdə əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilər istifadə edirlər. Metropoliten qatarları, eləcə də yerüstü qatarlar relsli dəmiryol nəqliyyatına aiddir və hər ikisinin iş mexanizmi oxşardır. Hətta, yeraltı dəmiryol nəqliyyatının əmək şəraitinin yerüstü dəmiryol nəqliyyatından daha ağır olduğu, eləcə də hazırki iş üzrə iddiaçının işlədiyi müəssisə tərəfindən verilmiş işin xarakterini izah edən arayış da nəzərə alındıqda iddiaçının işlədiyi elektrik qatar maşinisti və maşinist köməkçisi vəzifəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə olduğu, bununla da iddiaçının tələb olunan 12 il 06 ay xüsusi iş stajını topladığı təsdiq olunur. İşin hallarına əsasən, qanunvericiliklə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur, yəni onun 57 yaşı tamamdır, peşə məktəbində təhsil aldığı və hərbi xidmət keçdiyi dövrlər daxil olmaqla 01.01.2006-cı ilədək ümumilikdə 27 il 15 gün olmaqla 25 ildən çox əmək stajı vardır (cavabdeh tərəfindən mübahisələndirilməmişdir) və 21 il 8 ay 9 gün olmaqla qanunla müəyyən edilmiş 12 il 6 aydan artıq müddət ərzində o güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hüququ verən peşədə işləmişdir. Göründüyü kimi, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbləri nəzərə alınmaqla əvvəllər qüvvədə olmuş qanunvericiliklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün lazım olan yaş həddi, ümumi iş stajı və güzəştli peşədə iş stajı mövcuddur, cavabdeh inzibati orqanın imtina dəlili əsaslı deyildir. Məhkəmə həmçinin vurğulayır ki, metropoliten qatarlarının maşinistləri vəzifəsinin zərərli iş kimi nəzərə alınmasına dair oxşar mübahisə ilə bağlı digər işlər üzrə də Ali Məhkəmənin kollegiyasının hüquqi mövqeyi hazırkı məzmunda olmuşdur (Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının 2-1(102)-2899/2019 №-li iş üzrə 18.12.2019-cu il tarixli Qərarı). “Məhkəmələr və Hakimlər haqqında” Qanunun 79-1-ci maddəsinə əsasən, vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməli, İddiaçı 57 yaşının tamam olduğu 21.03.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 57 yaşının tamam olduğu 21.03.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-3776/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3776/2022
10.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver