Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3778/2025 29.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi ilə, iddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs: X10, X8 və X11) “bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 2022 nömrəli Sərəncamına əsasən, 113 saylı BTK nəzdində qanuni istifadəsinə ayrılmış 1200 kv.metr sahəsi olan 3952V saylı torpaq (bağ) sahəsinin keçmiş X1 və İstismarı Birliyi tərəfindən verilmiş, 14 saylı order əsasında daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqları üzrə qeydiyyata alınaraq müfaviq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə X10, X8 və X11 3-cü şəxs qismində zəruri cəlbetmə qaydasında inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən sahəsi 1200 kv.m. təşkil edən “3952V” nömrəli bağ sahəsi keçmiş Bakı şəhər İcra Hakimiyyəti Başçısının 16 dekabr 1993-cu il tarixli 2022 saylı qərarında əsasən 113 saylı Bağ- Tikinti Kooperativinin (BTK) nəzdində olmaqla iddiaçının istifadəsinə verilmişdir. Bu barədə ona X2 və İstismarı Birliyi tərəfindən 14 saylı order verilmişdir. Həmin vaxtdan bağ sahəsi fasiləsiz olaraq iddiaçının istifadəsindədir. İddiaçı bağ sahəsinin mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması xahişi ilə xx.xx.2022-ci il tarixli ərizə ilə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Qeyd edir ki, cavabdeh təşkilatın ilk imtina səbəbi “3952V” saylı torpaq sahəsinin digər fiziki şəxsin adına qeydiyyata alınmış olmasıdır. Buna cavab olaraq bildirir ki, həmin digər şəxsin adına qeydiyyat böyük ehtimal ki, başqa torpaq sahəsinə və başqa ilkin hüquqmüəyyənedici sənədlər əsasında aparılmışdır. Əks halda ona məxsus olan sənədlər ləğv edilmiş olmalıdır. Sənədlərin ləğvi ilə bağlı cavabdeh təşkilat hər hansı bir məlumat verməmişdir. Bağ nömrələrinin təkrarlanması isə vətəndaşın təqsiri deyil. İkinci imtina səbəbi kimi, torpaq sahəsinin ümumi hasar daxilində olmasıdır ki, bu səbəbi də əsassız hesab edir. Üçüncü imtina səbəbi isə ikinci səbəblə ziddiyyət təşkil edir. Daha bir səbəb kimi, orderin nüsxəsinin idarənin arxivində olmaması göstərilir. Bildirir ki, orderin verilməsinə əsas olmuş Sərəncamın arxiv arayışı tərəfindən cavabdeh təşkilata təqdim edilmişdir. Bağlar İdarəsinin məsuliyyətsizliyi səbəbindən ikinci order nüsxəsi tərtib edilməmişdirsə, bunun ona imtina səbəbi kimi göstərilməsi əsassızdır. Sonuncu səbəb olaraq şərti olara göstərilmiş əraziyə digər fiziki şəxslərin müraciətlərinin qeydə alınması göstərilmişdir. Buna cavab olaraq bildirir ki, şərti adlandırılan ərazidə digər şəxslərə aid olan hüquqların qeydiyyatına müraciət edilməsi təbiidir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki torpaq sahəsi qonşu torpaq sahələri ilə ümumi hasar daxilində olmaqla yanaşı idarənin arxivində saxlanılan bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Bundan əlavə təqdim edilmiş 14 saylı orderin nüsxəsi idarənin arxivində mövcud deyil. Qeyd olunanlarla yanaşı, şərti olaraq göstərilən əraziyə digər şəxslərin-X9, X4, X3, X5 müraciətləri qeydə alınmışdır. Həmçinin qeyd edir ki, iddiaçı X4 eyni torpaq sahəsinə iddia tələbinə dair inzibati mübahisəsi hal-hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadır, yekun məhkəmə aktı İdarəyə daxil olmamışdır. Cavabdehə və üçüncü şəxslərə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Surəti iddia ərizəsinə əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatı İdarəsi tərəfindən iddiaçıya verilmiş 14 saylı orderin surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyət başçısının xx.xx.1993-cü il tarixli 2022 nömrəli sərəncamına əsasən ona Görədil bağlar sahəsində 113 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 3952V nömrəli bağ ayrılmışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının məhkəmə sorğusuna xx.xx.2024-cü il tarixli cavab məktubunda Bakı şəhər İcra Hakimiyyətinin arxiv sənədlərinin Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi bildirilmişdir. Bakı şəhər İcra Hakimiyyət tərəfindən məhkəmə sorğusuna cavab məktubu ilə məhkəməyə təqdim edilən Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 2022 nömrəli sərəncamdan çıxarışa əsasən iddiaçıya Ləhic 113 saylı bağ-tikinti kooperativi tərkibində bağ sahəsi ayrılmışdır. Cavabdehin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda iddiaçının adına 113 nömrəli BTK nəzdində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində 3952V saylı bağ sahəsin ayrılmasına dair sənədin (order) idarənin arxivində aşkar edilmədiyi bildirilmiş və Ləhiş bağ sahəsi, 3952V saylı bağ sahəsinə aid müvafiq sənədlər, 113 saylı BTK nəzdində ayrılmış bağ sahələrinin yerləşmə sxeminin və müayinə aktı və ortofoto görüntüsü məhkəməyə təqdim edilmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən Ləhiş bağ sahəsi, 3952V saylı torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə 1200 kv.metr, faktiki 1200 kv.metr (5396 kv.metr üm/sahə) təşkil edir. Cavabdehin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, X3 xx.xx.2021-ci il tarixində müraciəti (********** qeydiyyat nömrəli) daxil olmuş, lakin hüquq sahibi tərəfindən müraciətin icrasının dayandırılması barədə xx.xx.2021-ci il tarixində ərizəsi daxil olduğundan sənədlər vətəndaşa geri qaytarılmışdır. Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli məktubla təqdim edilmiş mütəxəssis rəyində göstərilmişdir ki, şərti olaraq göstərilən torpaq sahəsi (bağ sahəsi) sənəd üzrə 1200.0 kv.m olsa da, faktiki olaraq 5396.0 kv.m olan ümumi hasar daxilindədir (ara sərhədləri şərtidir). Torpaq sahəsi üzərində tikili yoxdur. Göstərilən sahənin şimal hissəsində 2.5 metr məsafədə yeraltı keçən qaz xəttinin bir hissəsi 2 metr uzunluğunda (vintilli) görünür və az təzyiqli qaz xəttinə qoşulub. Sahə Bilgəh-Kürdəxanı yolunun kənarından 16.5-17.5 metr məsafədə yerləşir. Faktiki olaraq göstərilən torpaq sahəsinin koordinatlarını əks etdirən sxem rəyə əlavə olunmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, 4080 ilə başlayan bağların ərazisidir. Sahəyə digər şəxsin müraciətləri mövcuddur. Həmçinin sahəyə yerquruluşu planının tərtib edilməsi barədə müraciət olmuş və müraciətə əsasən 35 kV-luq “Ləhiş” yarımstansiyasının tikintisi məqsədilə "xxxx" ASC-yə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerquruluşu planı tərtib edilmişdir. Yuxarıda qeyd olunduğu kimi vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, 4080 ilə başlayan bağların ərazisidir. Sahəyə digər şəxs müraciətləri mövcuddur. Həmçinin sahəyə yerquruluşu planının tərtib edilməsi barədə müraciət olmuş və müraciətə əsasən 35 kV- luq “Ləhiş” yarımstansiyasının tikintisi məqsədilə "xxxx" ASC-yə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerquruluşu planı tərtib edilmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, 4080 ilə başlayan bağların ərazisidir. Sahəyə digər şəxs müraciətləri mövcuddur. Həmçinin sahəyə yerquruluşu planının tərtib edilməsi barədə müraciət olmuş və müraciətə əsasən 35 kV-luq “Ləhiş” yarımstansiyasının tikintisi məqsədilə "xxxx" ASC-yə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerquruluşu planı tərtib edilmişdir. Arxiv məlumatlarına əsasən qeyd olunan 3592 “V” saylı bağ nömrəsinə dair arxivdə mövcud istinad olunan məhdud bazada məlumat (sənəd) aşkar olunmadı. Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli məktubla təqdim edilmiş mütəxəssis rəyində göstərilmişdir ki, göstərilən torpaq sahəsi sənəd üzrə 1200.0 kv.m olsa da, faktiki olaraq 680.0 kv.m təşkil edir. Sözügedən sahə ümumi 5396.0 kv.m hasar daxilindədir. Göstərilən sahənin şimal hissəsində 2.5 m məsafədə yeraltı keçən qaz xəttinin bir hissəsi 2.0 m uzunluğunda (vintilli) görünür Sahə Bilgəh-Kürdəxanı yolurun kənarından 16.5-17.5 metr məsafədə yerləşir. Ümumi sahəyə dörd bağ (4080a,4080b, 4205a,3952v) və iki Bələdiyyə sənədləri ilə iddia edilir. Həmin sahələrdən 4080a və 4205a saylı bağ sahəsi məhkəmə qərarı əsasında qeydiyyata alınıb. Qeydiyyata alınmış sahələrə nəzərən 3952v saylı bağ sahəsi kimi iddiaçı tərəfindən təqdim edilmiş şərti bölgü sxeminə əsasən 3952v saylı bağ sahəsi kimi iddia olunan sahəyə 900.0 kv.m deyil, 680.0 kv.m hissə qalır. İddiaçı tərəfindən təqdim edilmiş bölgü sxemində göstərilən ölçülərə əsasən bölgüdə göstərilən 900.0 kv.m sahənin 220.0 kv.m hissəsi 4205a saylı bağ sahə kimi qeydiyyatdan keçib. İddiaçı tərəfindən təqdim edilmiş şərti bölgü sxemində 3952v saylı bağ sahəsi kimi göstərilmiş sahə bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Şərti bölgü sxeminə əsasən (göstərilən ölçülərə əsasən) 3952v saylı bağ sahəsi kimi göstərilən sahə 4080a saylı bağ sahəsi kimi qeydiyyatdan keçmiş sahə ilə üst-üstə düşmür (əvvəlki müraciətlər zamanı isə digər konfiqurasiyada göstərildiyindən üst-üstə düşmə var idi). Həmçinin bölgü sxeminə əsasən (göstərilən ölçülərə əsasən) 3952v saylı bağ sahəsi kimi göstərilən sahə X3 iddia etdiyi torpaq sahəsi (4080b) İlə üst-üstə düşmür. Vahid elektron kadastr baza məlumatlarına əsasən 3952v saylı bağ sahəsi kimi göstərilmiş sahəyə digər şəxs müraciətləri olmuşdur. Cavabdeh tərəfindən iddiaçıya verilmiş imtina məktubu iddiaya yazılı etirazla oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.7.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.7.). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir (10). İşdən görünür ki, iddiaçıya Bakı şəhər İcra Hakimiyyəti Başçısının 16 dekabr 1993-cu il tarixli 2022 saylı sərəncamı ilə 113 saylı BTK nəzdində 1200 kv.metr sahəsi olan 3952V saylı bağ sahəsi ayrılmışdır. İddiaçı həmin bağ sahəsi üzərində mükiyyət hüququnun qeydə alınması üçün cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdehin imtinasının əsasları ondan ibarət olmuşdur ki, torpaq sahəsi qonşu torpaq sahələri ilə ümumi hasar daxilində olmaqla yanaşı idarənin arxivində saxlanılan bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Orderin nüsxəsi idarənin arxivində mövcud deyil. Şərti olaraq göstərilən əraziyə digər şəxslərin-X9, X4, X3, X5 müraciətləri qeydə alınmışdır. Məhkəmə qeyd edir ki, qeyd edilən məsələlər iddiaçının tələbinin təmin edilməsindən imtina üçün əsas deyildir. Belə ki, iddiaçıya məxsus bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi iddiaçın təqsiri deyildir və bununla bağlı məsuliyyət iddiaçının üzərinə qoyula bilməz. Belə ki, bu müvafiq orqanın səlahiyyətlərinə aid olan məsələdir. Digər bir imtina səbəbi olan müvafiq orderin nüsxəsinin idarənin arxivində olmaması da imtina üçün əsas deyildir. Bu hal da iddiaçının ziyanına şərh edilə bilməz və həmin orderin mötəbərliyi məhkəmədə şübhə doğurmur. Belə ki, orderin əsaslandığı Bakı şəhər İcra Hakimiyyəti Başçısının 16 dekabr 1993-cu il tarixli 2022 saylı sərəncamından çıxarış Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən məhkəməyə təqdim edilmişdir. Eyni zamanda, cavabdehin torpaq sahəsinə müraciətləri daxil olduğu iddia edilən şəxslər də üçüncü şəxs kimi məhkəmə icraatına cəlb edilmişlər. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş şərti bölgü sxemindən görünür ki, iddiaçının iddia etdiyi bağ sahəsi X6 məxsus, ümumi sahəsi 990 kv.metr olan 4205A və X7 məxsus ümumi sahəsi 1200 kv.metr olan 4080A saylı bağ sahələri ilə qonşudur. Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli məktubla təqdim edilmiş mütəxəssis rəyində göstərilmişdir ki, göstərilən torpaq sahəsi sənəd üzrə 1200.0 kv.m olsa da, faktiki olaraq 680.0 kv.m təşkil edir. Sözügedən sahə ümumi 5396.0 kv.m hasar daxilindədir. Ümumi sahəyə dörd bağ (4080a,4080b, 4205a,3952v) və iki Bələdiyyə sənədləri ilə iddia edilir. Həmin sahələrdən 4080a və 4205a saylı bağ sahəsi məhkəmə qərarı əsasında qeydiyyata alınıb. Qeydiyyata alınmış sahələrə nəzərən 3952v saylı bağ sahəsi kimi iddiaçı tərəfindən təqdim edilmiş şərti bölgü sxeminə əsasən 3952v saylı bağ sahəsi kimi iddia olunan sahəyə 900 kv.m deyil, 680 kv.m hissə qalır. İddiaçı tərəfindən təqdim edilmiş bölgü sxemində göstərilən ölçülərə əsasən bölgüdə göstərilən 900 kv.m sahənin 220.0 kv.m hissəsi 4205a saylı bağ sahə kimi qeydiyyatdan keçib. Şərti bölgü sxeminə əsasən 3952v saylı bağ sahəsi kimi göstərilən sahə 4080a saylı bağ sahəsi kimi qeydiyyatdan keçmiş sahə ilə üst-üstə düşmür. Həmçinin bölgü sxeminə əsasən (göstərilən ölçülərə əsasən) 3952v saylı bağ sahəsi kimi göstərilən sahə X3 iddia etdiyi torpaq sahəsi (4080b) İlə üst-üstə düşmür. Bölgü sxemindən və cavabdeh tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, iddiaçı tərəfindən iddia edilən bağ sahəsinin bir hissəsi onunla qonşu olan və 4080a nömrəsi ilə X4 adına qeydə alınmış bağ sahəsi ilə üst-üstə düşmür. Həmin bağ sahəsinin bir hissəsi, 220 kv.metr sahə 4205 nömrəsi ilə X6 məxsus bağ sahəsi ilə üst-üstə düşür. Beləlilə həmin hissə çıxılmaqla iddiaçının istifadəsində qalan sahə 680 kv.metr təşkil etmiş olur. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Belə ki, cavabdeh inzibati orqanın imtina əsası kimi göstərilən hallar formal xarakter daşıyır və yaranan hər-hansı ziddiyyətli halların aradan qaldırılması birbaşa cavabdehin vəzifəsidir. Bu hallar isə daşınmaz əmlak üzərində hüquqlarının yarandığını istisna etmir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, 113 saylı BTK nəzdində ümumi sahəsi 680 kv.metr olan 3952V saylı bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə olunmalı, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, 113 saylı BTK nəzdində, ümumi sahəsi 680 kv.metr olan 3952V saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-3778/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3778/2025
29.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver