Məhkəmə qərarları › İş №2-1(112)-3779/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3779/2022

01.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3779/2022 01.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı Adi cəlbetmə qaydasında üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon polis idarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyata alınma” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək onun və ailə üzvləri X13, X14 və oğlunun yoldaşı X5 ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətində yerləşən 0,053 ha torpaq sahəsində inşa etdiyi tikiliyə daimi pasport qeydiyyatına götürmək vəzifəsinin Nizami rayon Polis idarəsinin qeydiyyat və şəxsiyyət şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarımasını xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, O Nizami rayon Polis İdarəsinə müraiət edərək onun mənim və ailə üzvləri, həyat yoldaşı X12, oğlu X19 oğlu və oğlu, oğlunun yoldaşı X5 0104 qeydiyyat nömrəli, 22 may 2007-ci il qeydiyyat tarixli Keşlə Bələdiyyəsi tərəfindən verilmiş Hesabat Pasportuna əsasən ünvan 2 ünvanıda olan olan 0,053 ha torpaq sahəsində inşa etdiyi və 2006-cı ildən fasiləsiz yaşadığı həmin fərdi yaşayış evinə daimi pasport qeydiyyatına alınmalarını xahiş edib. Lakin cavabdeh 07.07.2021-ci il tarixli 1440H-3221 nömrəli məktubu müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh məktubunda göstərilən ünvana yaşayış yeri üzrə qeydiyyata alınması üçün “Yaşayış yeri üzrə və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası qanununun 5-ci maddəsinə əsasən həmin mənzilin qanunvericliklə nəzərdə tutulmuş sənədini və mülkiyyət sahibinin razılıq ərizəsini QMB-yə təqdim etməli olduğumu, həmin sənədlər təqdim olunmadığı halda qeydiyyata alınmamız mümkün olmadığım bildirmişdir. Hesab edirəmki bu imtina əsassızdır. Çünki mən hüquqmüəyyənedici sənədlərini müvafiq formada toplayıb təqdim edib. Cavabdeh orqanın imtinası ilə razı deyil, qanunsuz və əsassız olduğunu hesab edir. Bu illər ərzində bütün kommunal xərcləri, torpaq vergisini vaxtı-vaxtında ödəyir və hamısı onun adındadır. Ev iki mərtəbədən, 4 otaqdan ibarətdir. Evi 2006-cı ildə tikdiyimiz vaxtdan ailəm ilə birlikdə həmin evdə yaşamağa başlamışıq. Hazırda həmin evdə yaşayırlar, evin cari təmir işlərini aparır, kommunal xərcləri ödəyir.

3. Məhkəmənin sorğusuna əsasən, Bakı şəhəri Nizami rayon məhkəməsi tərəfindən bildirilmişdir ki, ərizəçi İddiaçı və qeydlərinin Bakı şəhəri Nizami RPİ-nin Qeydiyyat və X2rşı “vəzifəli şəxsin hərəkətlərindən şikayət”ə dair ərizəsinə baxılmış və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1015/2010 saylı 09 aprel 2010-cu il tarixli qətnaməsi ilə ərizəsi təmin olunmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 aprel 2010-cu il tarixli qətnamədən X6 tərəfindən 09 dekabr 2013-cü il tarixdə apellyasiya şikayəti daxil olmuşdur. 20 dekabr 2013-cü il tarixdə isə mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Həmin mülki iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinə qaytarılmamışdır.

4. Məhkəmənin sorğusuna cavab olaraq Bakı Apellyasiya Məhkəməsi tərəfindən bildirilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 fevral 2014-cü il tarixli 2(103)-902/2014 saylı qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 aprel 2010-cu il tarixli qətnaməsi ləğv edilmiş, ərizəçilər İddiaçı, X7, X3 və X8 Bakı şəhəri, Nizami rayonu, Keşlə qəs., Zakir küçəsində yerləşən 11 “Q” saylı evə pasport qeydiyyatına alınmaları barədə ərizələri təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2014-cü il tarixli 2(102)-2608/2014 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 fevral 2014-cü il tarixli, 2(103)-902/14 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Müvafiq qərarlar (Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 fevral 2014-cü il tarixli, 2(103)- 902/14 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2014-cü il tarixli 2(102)-2608/2014 saylı qərarı) iş materiallarına əlavə edilmişdir.

5. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin təmin olunmasını xahiş etdi.

6. Məhkəmə iclasında iştirak edən adi cəlbetmə qaydasında üçüncü şəxs X6 izahat verərək bildirdi ki, hazırki tələblə bağlı iş artıq məhkəmə araşdırmasının predmeti olmuş, qüvvədə olan məhkəmə aktlarına əsasən iddia tələbi təmin olunmamışdır.

7. ünvan 3 ünvana dair məlumatın verilməsi ilə bağlı məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən bildirilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Zakir küçəsi, 11Q saylı fərdi yaşayış evinin 2 otağı 21.11.2006-cı il tarixdə X9 və 2 otağı (y/s-24,65 kv.m) 21.09.2017-ci il tarixdə X10 adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.

II. İddianın növü və mümkünlüyü

8. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

9. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

10. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

11. Hüquq nəzəriyyəsində məhkəmə aktlarının preyudisial əhəmiyyəti ilə bağlı iki yanaşma – forma və məzmun yanaşması mövcuddur. “Forma”, yəni qəbul edilmiş məhkəmə aktının prosessual forması yanaşması baxımından yalnız işi mahiyyəti üzrə həll edən qətnamələrin preyudisial əhəmiyyəti tanınır. “Məzmun” yanaşması baxımından isə prosessual formasından asılı olmayaraq məhkəmə aktı ilə maddi-hüquqi faktlar müəyyən edildikdə, həmin məhkəmə aktı preyudisial əhəmiyyət kəsb edir. ("xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 23 iyul 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dairAzərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 7 yanvar 2022-ci il tarixli qərarından)

12. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyini təsdiqləyərək qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir (C.İsmayılzadənin şikayəti üzrə 2014-cü il 6 iyun tarixli Qərar).

13. Məhkəmə qərarının preyudisiallığı prinsipi də qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir.

14. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı).

15. Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2020-ci il 14 fevral tarixli Qərarı).

16. Hazırki iş üzrə isə iddiaçının Bakı İnzibati Məhkəməsinə ünvanladığı iddianın predmeti ilə onun X4 qarşı Bakı şəhəri, Nizami rayonu, Keşlə qəs., Zakir küçəsində yerləşən 11 “Q” saylı evə pasport qeydiyyatına alınmaları tələbi üzrə mülki icraat qaydasında baxılan və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə rədd edilmiş iddianın predmetinin (obyekti daxil olmaqla) faktiki olaraq eynilik təşkil edir. Həmin iş üzrə qəbul edilmiş məhkəmə aktları tərəflərin çəkişmə hüququ təmin edilməklə qəbul edilmişdir. Məhkəmənin hazırki iş üzrə qeyd edilən qənaəti A.Kərimov və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 iyul 2019cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13.05.2020-ci il tarixli qərarından irəli gəlir.

17. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.

18. Məhkəmə eyni zamanda qeyd edir ki, İddiaçı iddia ərizəsində göstərilən digər şəxslərə münasibətdə iddia qaldırmaq hüququ yoxdur. Qeyd edilən şəxlər müstəqil qaydada iddia qaldırmaqla hüquqlarının məhkəmə müdafiəsini həyata keçirə bilərlər. İnzibati Prosessual Məcəllənin 26.1.1-ci maddəsinə əsasən, mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətli sayılan şəxslər inzibati məhkəmə icraatında prosessual hərəkətləri etmək hüququna aşağıdakılar malikdirlər.

19. Odur ki, məhkəmə hesab edir ki, məhkəməyə müraciət hüququnun qeyd edilən şəkildə məhdudlaşdırılması prosessual qənaət prinsipinə əsaslanmaqla qanuni məqsəd daşıyır. Bu səbəbdən iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

20. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

21. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar