Məhkəmə qərarları › İş №2-1(112)-378/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-378/2024

05.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-378/2024 05.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X2) qarşı “arayışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq: TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum əri M.Daşdəmirov ilə X10 Tresti arasında Ləhiş bağlar massivində yerləşən 0,25 ha ölçüdə olan 1001 saylı bağ sahəsi ilə bağlı müqavilə bağlanılmışdır. Bağ sahəsi 1966-cı il tarixdən onun istifadəsindədir. Cavabdehə müraciət edilmiş, müraciətin təminindən sxematik xəritə ilə uyğunsuzluq və digər şəxsin adına qeydiyyat aparılması əsası ilə imtina edilmişdir. İddiaçı iddia tələbinə dəqiqləşmə verərək Bakı şəhəri Ləhiş bağlar massivi ünvanında yerləşən 0,25 ha olan 1001 saylı bağ sahəsinin X4 məxsus olması haqqında arayışın verilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Ərizə iddia tələbi “Bakı şəhəri Ləhiş bağlar massivi ünvanında yerləşən 0,25 ha ölçüdə 1001 saylı bağ sahəsinə mülkiyyət hüququnun X4 məxsus olması haqqında arayışın İddiaçı verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” formasında icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddia Bakı şəhəri Ləhiş bağlar massivi ünvanında yerləşən 442 kv.m ölçüdə torpaq sahəsinə mülkiyyət hüququnun X4 məxsus olması haqqında arayışın İddiaçı verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması hissəsində mümkün sayılmamışdır. Göründüyü kimi hazırkı iş üzrə mahiyyəti üzrə qiymətləndirilən iddia digər 2058 kv.m ölçüdə bağ sahəsi ilə əlaqədardır. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, 1001 nömrəli torpaq sahəsi ilə bağların yerləşməsinə dair sxematik xəritə arasında uyğunsuzluq mövcuddur. Sxematik xəritəyə əsasən həmin torpaq sahəsi 800 ilə başlayan əraziyə uyğun gəlir və torpaq sahəsinin bir hissəsi digər fiziki şəxs X1 adına qeydiyyata alınmış sahə ilə üst-üstə düşür. Bundan əlavə müqaviləyə dair qovluqda aşkar olunan 16 aprel 1982-ci il tarixli məlumata əsasən icarədarın bağ sahəsindən istifadə etməməsi səbəbindən müqavilə müddətinin artırılmasının mümkün olmadığı qeyd edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi 2058 kv.m torpaq sahəsinə arayışın verilməsinin cavabdehə həvalə edilməsi hissəsində onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Göründüyü kimi mahiyyəti üzrə baxılan iddia 2058 kv.m torpaq sahəsinə dair mülkiyyət hüququnun şəxsə məxsus olması haqqında arayışın verilməsi ilə əlaqədardır. İddia tələbinin həmin hissədə mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi mahiyyəti üzrə qiymətləndirilən hissədə edilməlidir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İmtina məktubunda qeyd edilmişdir ki, göstərilən 1001 nömrəli torpaq sahəsi ilə bağların yerləşməsinə dair sxematik xəritə arasında uyğunsuzluq mövcuddur. Sxematik xəritəyə əsasən həmin torpaq sahəsi 800 ilə başlayan əraziyə uyğun gəlir və torpaq sahəsinin bir hissəsi digər fiziki şəxs adına qeydiyyata alınmış sahə ilə üst-üstə düşür. 11856 nömrəli 25 yanvar 1966-cı il tarixli müqavilədən görünür ki, 1001 nömrəli bağ sahəsi iddiaçının mərhum əri M.Daşdəmirova ayrılmışdır. Ölüm haqqında şəhadətnamədən görünür ki, M.Daşdəmirov 4 fevral 2022-ci il tarixdə vəfat etmişdir. Notariat ofisinin məktubundan görünür ki, vəfat etmiş şəxsin vəfatı ilə əlaqədar iddiaçı vərəsəlik işinin açılması ilə bağlı müraciət etmişdir. Bağlar Təsərrüfatı ilə bağlanılmış müqavilələrdən görünür ki, 901/827 nömrəli bağ sahəsi X3 (üçüncü şəxs onun vərəsəsidir) adına ayrılmışdır. Çıxarışdan görünür ki, 827 saylı bağ sahəsi X1 adına qeydiyyata alınmışdır. Həmin çıxarış M.Məmmədrzayev vəfatı ilə əlaqədar vərəsəlik yolu ilə ona keçmişdir. X12 ilə Malikram Daşdəmirov arasında bağlanılmış torpaq sahəsinə dair icarə müqavilələrinə dair qovluqda olan sənədlərdən görünür ki, 16 aprel 1982-ci il tarixdə Bakı şəhər Bağlar Təsərrüfatı İdarəsinin rəisinə 4 saylı sahənin nümayəndəsi ərizə verərək 1001 nömrəli bağ sahəsində yoxlama zamanı bağın həmin şəxs tərəfindən istifadə edilməməsinə istinad edərək müqavilənin müddətinin uzadılmasının mümkün olmamasını bildirmişdir. 12 fevral 1982-ci il tarixli rəisə ünvanlanan ərizədən görünür ki, mərhum M.Daşdəmirov müqavilənin müddətinin uzadılmasını xahiş etmişdir. Mütəxəssis rəyində qeyd edilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq 2588,0 kv.m təşkil edir, birmərtəbəli yaşayı evi və köməkçi tikili mövcuddur. Sxematik xəritə ilə uyğunsuzluq mövcuddur, həmin torpaq sahəsi digər bağların və bağlararası yolun ərazidir. Digər şəxs B.Məmmədrzayevin adına olan 827 nömrəli bağ sahəsi ilə bir hissədə üst-üstə düşür. 827 saylı bağ sahəsi isə sxematik xəritəyə uyğundur. 1001 saylı bağ sahəsi kimi iddia edilən sahə faktiki qərb hissədəki torpaq yoldan istifadə edir. Həmin hissədə 827 saylı bağ sahəsinə giriş-çıxış üçün maneə yoxdur. Şərq hissədə isə bir hissədə 827nömrəli qeydiyyata alınmış sahə ilə üst-üstə düşür. Torpağın kateqoriyası yaşayış məntəqələrinin kateqoriyasıdır. Ekspert rəyindən görünür ki, həm rəy mütəxəssis rəyinə əsaslanmaqla mütəxəssis tərəfindən müəyyən edilmiş halları təkrarlamışdır. Ekspert və mütəxəssis rəyində üst-üstə düşən hissənin nə qədər olması ilə bağlı məhkəmə sorğusuna cavab məktubundan görünür ki, üst-üstə düşən hissə 442 kv.m təşkil edir. Kürdəxanı Bələdiyyəsinin məktubundan görünür ki, ayrılmış torpaq sahəsi müqavilə əsasında M.Daşdəmirov və İddiaçı faktiki istifadəsində olmuşdur. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamədə isə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Sadalanan normaların birgə təhlilindən görünür ki, ümumiyyətlə, bağ sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının yaranması əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər - hüquqmüəyyənedici sənədlər hesab olunur. Əgər şəxs əmlak ilə bağlı bu sənədlərdən hər hansı birinə malik olarsa, onun həmin əmlak üzərində mülkiyyət hüquqları yaranmış olur və o, həmin əmlakın özəlləşdirilməsini tələb etmək hüququna malik olur. Nəzərə alınmalıdır ki, işin müəyyən olunmuş hallarından görünür ki, torpaq sahəsinin ayrılması icarə müqaviləsi əsasında həyata keçirilmişdir ki, həmin müqavilə hüquqmüəyyənedici sənəd qismində çıxış edir və müqavilənin qüvvədə olduğu görünür. Şəxsə torpaq sahəsinin ayrıldığı və həmin sahənin onun istifadəsində olduğu müddətdə qeyd olunan hüquqmüəyyənedici sənədlərin hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin sənədlər qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdiriməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. Lakin, məhkəmə hesab edir ki, iddiaçının mərhum həyat yoldaşı ilə X12 arasında bağlanılmış müqavilənin qüvvədə olmasına münasibətdə cavabdehin müqavilənin müddətinin uzadılmaması ilə əlaqədar müqaviləyə dair qovluqda olan ərizəyə münasibət bildirilməsi zərurəti vardır. Belə ki, adıçəkilən ərizədən də göründüyü kimi 6 aprel 1982-ci il tarixdə Bakı şəhər Bağlar Təsərrüfatı İdarəsinin rəisinə 4 saylı sahənin nümayəndəsi ərizə verərək 1001 nömrəli bağ sahəsində yoxlama zamanı bağın həmin şəxs tərəfindən istifadə edilməməsinə istinad edərək müqavilənin müddətinin uzadılmasının mümkün olmamasını bildirmişdir. Lakin, nəzərə alınmalıdır ki, adıçəkilən qovluqda həmin ərizəyə nə Trestin, nə də müqavilənin digər tərəfi olan M.Daşdəmirovun iradə ifadəsi, müqavilənin müddətinin uzadılıb-uzadılmamasına münasibət müəyyən edilməmiş, ərizə 4 saylı sahə nümayəndəsinin şəxsi mövqeyini ifadə etməkdən kənara çıxmamışdır ki, məhkəmə hesab edir ki, həmin ərizə mülkiyyət hüququnun realizəsindən imtina əsası qismində çıxış edə bilməz. Qovluqda olan sənədlərdən də göründüyü kimi Ləhiş bağ massivi ünvanında yerləşən 1478 saylı, 0,25 ha bağ sahəsinin icarəyə verilməsi barədə müqavilənin müddətinin uzadılmasından müqavilə iştirakçıları tərəfindən imtina olunduğu, bununla bağlı aidiyyəti orqan tərəfindən hər hansı icraatın aparıldığı və müvafiq qərar qəbul edildiyi iş materialları ilə təsdiq olunmur. Cavabdeh tərəfindən də bunu təsdiq edən hər hansı sübut (xüsusilə də bağçılıq təsərrüfatlarına aid sənədlərin cavabdehə təhvil verildiyi nəzərə alındıqda) məhkəməyə təqdim olunmamışdır. Təqdim edilən ərizə isə yuxarıda göstərildiyi kimi müqavilənin müddətinin uzadılmasından imtina sayılmır. Həmçinin icarədar tərəfindən müqavilə şərtlərinin tam və ya qismən yerinə yetirilmədiyinə dair də iş materiallarında hər hansı sübut yoxdur. Əksinə qovluqda olan mübahisəli ərizənin verilməsindən 2 ay əvvəl mərhum müqavilə müddətinin uzadılmasına dair iradə ifadəsini nümayiş etdirmiş, müqavilə müddətinin uzadılmasından imtinaya dair isə hər hansı icraat aparılmamışdır. Bundan əlavə, iş materiallarına əlavə edilən bələdiyyənin məktubundan da görünür ki, bağ sahəsi iddiaçı və onun mərhum həyat yoldaşının müqavilə bağlanılan vaxtdan istifadəsində olmuş, həmin sahədə tikili mövcuddur. Qeyd olunmalıdır ki, Mülki Məcəllə (01.09. 2000-ci ilədək qüvvədə olmuş): Maddə 272. Əmlak kirayə müqaviləsi Əmlak kirayə müqaviləsinə görə kirayədar, əmlakı haqq ilə müvəqqəti istifadə üçün kirayəçiyə verməyi öz öhdəsinə götürür. Maddə 274. Əmlak kirayə müqaviləsinin müddəti Əmlak kirayə müqaviləsinin müddəti tərəflərin razılığı ilə, on ildən artıq olmayan müddətə müəyyən edilir. Dövlət, kooperativ və sair ictimai təşkilatlar arasında tikintilərin və ya qeyri-yaşayış binalarının kirayə müqaviləsinin müddəti beş ildən, avadanlığın və sair əmlakın kirayə müqaviləsinin müddəti isə bir ildən artıq olmamalıdır. Müqavilə bu maddədə göstərildiyindən daha uzun müddətə bağlandıqda, müvafiq olaraq on il, beş il və ya bir il müddətinə bağlanmış hesab olunur. Maddə 275. Qeyri-müəyyən müddətə bağlanan əmlak kirayə müqaviləsi Əmlak kirayə müqaviləsi müddət göstərilmədən bağlandıqda, bu Məcəllənin 274-cü maddəsi ilə müəyyən edilən müddətlər dairəsində, qeyri-müəyyən müddətə bağlanmış hesab olunur. Tərəflərdən hər biri, digər tərəfi: tikinti və qeyri-yaşayış binaları kirayəyə verildikdə — üç ay əvvəl, sair əmlak kirayəyə verildikdə isə — bir ay əvvəl bu barədə yazılı formada xəbərdar etməklə, istədiyi vaxt müqaviləni xitam etməyə haqlıdır. Maddə 276. Müqavilənin müddəti keçdikdən sonra əmlakdan istifadənin davam etdirilməsi Müqavilə müddəti keçdikdən sonra kirayədarın etirazı olmadan əmlakdan istifadə davam etdirildiyi halda müqavilə qeyri-müəyyən müddətə təzələnmiş hesab olunur. Bu qayda dövlət, kooperativ və sair ictimai təşkilatlar arasındakı müqavilələrə, habelə məişət burovuz müqavilələrinə tətbiq edilmir Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Oxşar imtina əsasları qeyd edilmiş Ali Məhkəmənin 2-1(102)-2600/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il il tarixli qərarında qeyd edilmişdir ki: İcarədar tərəfindən müqavilə şərtlərinin tam və ya qismən yerinə yetirilmədiyinə dair də iş materiallarında hər hansı sübut yoxdur. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan və hazırki qərarın 21-ci bəndində sadalanan qanunvericiliyin tələbi baxımından müqavilənin müddətinin bitməsindən sonra müqavilə tərəflərinin müddətin uzadılmasından imtinasını yaxud müddətin uzadılmasına hər hansı etirazını özündə əks etdirən hərəkətlərin edilməsi müəyyən olunmadığından və iddiaçı tərəfindən torpaq sahəsindən istifadə davam etdirildiyindən, həmin müqavilə qeyrimüəyyən müddətə təzələnmiş sayılır. Digər bir oxşar iş üzrə 2-1(102)-1634/2022 saylı xx.xx.2022-ci il qərarında isə qeyd edilmişdir ki, Ləhiş bağ massivi ünvanında yerləşən 157 saylı, 0.25 ha bağ sahəsinin icarəyə verilməsi barədə müqavilənin müddətinin uzadılmasından imtina olunduğu, bununla bağlı aidiyyəti orqan tərəfindən hər hansı icraatın aparıldığı və müvafiq qərar qəbul edildiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdeh tərəfindən də bunu təsdiq edən hər hansı sübut (xüsusilə də bağçılıq təsərrüfatlarına aid sənədlərin cavabdehə təhvil verildiyi nəzərə alındıqda) məhkəməyə təqdim olunmamışdır. Eləcə də icarədar tərəfindən müqavilə şərtlərinin tam və ya qismən yerinə yetirilmədiyinə dair hər hansı sübut iş üzrə materiallara əlavə edilməmişdir. Əksinə, iş üzrə materiallardan görünür ki, icarə müqaviləsinin müddəti bitdikdən sonra T.H.Əliyeva onun müddətinin uzadılması barədə 3 mart 1982-ci il tarixli ərizə ilə Bakı şəhər XDS-nin İcraiyyə Komitəsinin X12nə müraciət etmiş, işdə olan Trestə aid məktublarda həmin bağın icarəyə verilməsi ilə bağlı sənədlərin yenilənməsi üçün T.H.Əliyeva həmin idarəyə dəvət olunmuşdur. Bu baxımdan tərəflərin qeyd olunan davranışları onların icarə müqaviləsinin müddətinin uzadılmasına yönəlmiş iradə ifadəsi kimi qiymətləndirilməlidir. Eyni zamanda yuxarıda istinad olunan normalar baxımından müqavilənin müddətinin bitməsindən sonra müqavilə tərəflərinin müddətin uzadılmasından imtinasını yaxud müddətin uzadılmasına hər hansı etirazını özündə əks etdirən hərəkətlərin edilməsi müəyyən olunmadığından və X9 tərəfindən torpaq sahəsindən istifadə davam etdirildiyindən, həmin müqavilə qeyri-müəyyən müddətə təzələnmiş sayılmalıdır. Belə ki, həmin dövrdə qüvvədə olmuş Mülki Məcəllənin 276-cı və 291-ci maddələrinin tələbinə görə, müqavilə müddəti keçdikdən sonra kirayədarın etirazı olmadan əmlakdan istifadə davam etdirildiyi halda müqavilə qeyri-müəyyən müddətə təzələnmiş hesab olunur. Yuxarıda istinad olunan normalara görə, torpaq üzərində mülkiyyət hüququna, torpağa sahiblik, torpaqdan istifadə və torpağın icarəsi hüquqlarına rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən qərar qəbul edildiyi gündən, torpaq sahibləri, istifadəçiləri, icarəçiləri torpaqdan və ya onun bir hissəsindən könüllü imtina etdikdə isə ərizə verilən gündən xitam verilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, 4 saylı sahənin nümayəndəsinin şəxsi mövqeyini əks etdirən ərizə bütünlükdə Bağlar Təsərrüfatının mövqeyini əks etdirməmiş, müqavilənin müddətinin uzadılmasından imtina edilməmiş, əksinə həmin bağ sahəsi mərhum və iddiaçının istifadəsində həmin tarixdən sonra da qalmış, müqavilə müddətinin uzadılması ilə əlaqədar da iddiaçının mərhum yoldaşı tərəfindən müvafiq xahişlə müraciət edilmişdir. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 3.0.20-ci maddəsində isə təsbit edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək DƏDKR-in vəzifəsidir. Bəhs edilən maddələrin normalarından aydın olur ki, hətta sxematik xəritə ilə hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Formalaşmış məhkəmə təcrübəsinə əsasən, bu qəbildən olan işlərdə cavabdeh inzibati orqan tərəfindən imtina əsası kimi “bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi” göstərilsə də, bu istiqamətdə cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Qeyd olunmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin hallar mövcud deyil. Sxematik xəritə ilə uyğunsuzluq da həmin imtina əsaslarından biri qismində çıxış etməməklə cavabdeh tərəfindən aradan qaldırılmaqla iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə bağlı müraciətinin təminindən imtina əsası qismində çıxış etməməli, əksinə sxematik xəritə ilə uyğunsuzluğun aradan qaldırılması təmin edilməlidir. Digər bağ sahəsi ilə üst-üstə düşmə ilə bağlı isə məhkəmə hesab edir ki, həmin iddianın mümkünlüyü baxımından qiymətləndirmə zamanı araşdırılmış və 442 kv.m üstüstə düşən hissədə iddianın mümkün sayılmaması qərara alınmışdır. Məhkəmə həmçinin məhkəmə prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Nəzərə alınmalıdır ki, AR İPM-nin: 110.1. Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 111.1. Proses iştirakçısının tələbinin qismən təmin edildiyi hallarda prosessual xərclər üzrə qarşılıqlı hesablaşma aparılır və ya xərclər proses iştirakçıları arasında müvafiq nisbətdə bölüşdürülür. Xərclər üzrə qarşılıqlı hesablaşmanın aparıldığı hallarda, hər tərəf məhkəmə xərclərinin yarısını ödəyir, zəruri xərclər isə tərəflərin öz hesabına ödənilir. İPM-nin 115.1-ci maddəsinin tələbinə görə mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, 2500 kv.m ölçüdə iddia onun bağ sahəsinə münasibətdə iddia 2058 kv.m ölçüdə təmin edildiyindən 50 manat məbləğində ekspertiza xərci də buna münasib olaraq tərəflərə aid edilməlidir. Odur ki, 50 manat ekspert xərcinin 41,16 manat hissəsi cavabdeh, digər 8,84 manat hissəsi iddiaçı tərəfindən ödənilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mahiyyəti üzrə baxılan hissədə təmin edilsin. Bakı şəhəri Ləhiş bağlar massivi ünvanında yerləşən 0,2058 ha ölçüdə 1001 saylı bağ sahəsinə mülkiyyət hüququnun X4 məxsus olması haqqında arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində prosessual xərcin 41,16 manat hissəsinin cavabdeh tərəfindən, 8,84 manat hissəsinin iddiaçı tərəfindən X5, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** hesaba ödənilməsi vəzifəsi həmin şəxslərə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar