Məhkəmə qərarları › İş №2-1(112)-3780/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3780/2021

30.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3780/2021 30.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və sair” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 09.10.2020-ci il tarixli **********8663 nömrəli Qərarın ləğv edilməsi, iddiaçıya hesablanmış maliyyə sanksiyasının məhkəmə işinin yekunu üzrə hər gün üzrə 0,1 faiz həcmində maddi ziyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X4 izahatında bildirdi ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 18.08.2020-ci il tarixli **********3814 nömrəli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” Qərarı əsasında Cəmiyyətin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ünvanda yerləşən anbarda operativ vergi nəzarəti tədbiri keçirilmiş və qanunsuz olaraq 21.08.2020-ci il tarixli DVX seriyalı 001109 nömrəli aktın tərtib edildiyi və həmin akt üzrə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 09.10.2020-ci il tarixli **********8663 nömrəli Qərarı ilə Cəmiyyət barəsində 62390,12 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuş və Vergi Məcəlləsinin norması düzgün tətbiq edilməmişdir. Belə ki, vergi orqanı əməkdaşları operativ yoxlama ilə əlaqədar anbara gələrkən iddiaçı tərəfindən bütün lazımi sənədlər təqdim edilmişdir. Bundan sonra yoxlama əməkdaşları heç bir sənəd götürmədən anbarı tərk etmişlər. Daha sonra cavabdehin əməkdaşları iddiaçıya akt təqdim edərək iddiaçı tərəfindən Vergi Məcəlləsinin 58.13-cü maddəsinin və 71-1-ci maddəsinin tələblərinin pozulduğu və elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə görə məsuliyyətə cəlb edilməli olduğunu bildirmişlər. İddiaçı isə hansı əsasa görə vergi orqanı əməkdaşlarının bu nəticəyə gəldiklərini soruşanda onlar iddiaçı tərəfindən pərakəndə qaydada çox mal təqdim edildiyini bildirmişlər. Həmçinin eyni əməliyyat çərçivəsində böyük məbləğdə mal təqdim edildiyini və bunun pərakəndə ticarət qaydasına zidd olduğunu bildirmişlər. İddiaçı bundan sonra qanunvericilikdə pərakəndə qaydada hansı həcmlə limitləşdirmə ilə bağlı qanunvericilik normasını göstərmələrini xahiş etmişdir. Lakin nə vergi orqanı əməkdaşları, nə də inzibati şikayət zamanı bununla bağlı heç bir münasibət bildirilməmişdir. Halbuki Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə uyğun olaraq pərakəndə satış - malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Vergi Məcəlləsinin 13.2.63-cü maddəsinə uyğun olaraq topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Göründüyü kimi Vergi Məcəlləsində hansı həcmdə malların təqdim edilməsi ilə əlaqədar elektron qaimə fakturanın tətbiq edilməli olması müəyyən edilməmişdir. İddiaçının dövriyyəsinin 90-92 faizi qaimə faktura ilə həyata keçirilmişdir. Qanunverici bu müddəanı Vergi Məcəlləsinə əlavə edərkən o səbəblə etmişdir ki, əgər hər hansı şəxs malları müqavilə əsasında fərdi sahibkara və ya hüquqi şəxsə satarsa, o zaman elektron qaimə təqdim edilməlidir. Yəni hər hansı şəxs malı heç bir müqavilə olmadan almaq istədikdə iddiaçı tərəfindən onun həcmindən asılı olmayaraq pərakəndə satış kimi həyata keçiriləcəkdir. Həmçinin iddiaçının satışını təşkil etdiyi məhsul kənd təsərrüfatında istifadə edilir, kənd təsərrüfatının əksər hissəsi isə hüquqi şəxs yaratmadan çalışa bilər. Həmçinin vergi orqanı qəbul etməlidir ki, malların pərakəndə və ya topdan satış qaydasında satışı iddiaçı üçün hər hansı fərq yaratmır. Əksinə topdan satış qaydada rəsmiləşdirmə iddiaçının vergitutma bazasını azaldır. Belə ki, iddiaçı bütün təqdim etdiyi malları bazardan deyil, rəsmi olaraq idxal əsasında həyata keçirir. Yəni iddiaçı tərəfindən malların gizlədilməsi qeyri-mümkündür. Həmçinin iddiaçı tərəfindən malların pərakəndə satışı zamanı qiymətlər pərakəndə satış qiymətləri ilə aparılır ki, bu da son nəticədə iddiaçının vergi öhdəliklərinin artırılmasına səbəb olur. Bundan başqa hər hansı şəxs (hüquqi və ya fərdi sahibkar) tərəfindən malların pərakəndə satış qaydasında malların alınması onun xərclərinin azaldılmasına, həmçinin vergi yoxlaması zamanı malların sənədinin olmaması səbəbindən maliyyə sanksiyasına səbəb olacaqdır. Belə ki, Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 71- 1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesabfaktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda - alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında. Bu maddənin müddəaları istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal edilən hazır məhsullara münasibətdə tətbiq edilmir. Göründüyü kimi vergi orqanı tərəfindən heç bir qanunvericilik normasına istinad etmədən və öz subyektiv fikirlərinə uyğun olaraq qanunvericiliyin müddəalarının şərh edilməsi nəticəsində iddiaçıya əsassız vergilər hesablanmışdır. İddiaçı bu pozuntu ilə əlaqədar olaraq yuxarı inzibati orqana da müraciət etmişdir, lakin onlar tərəfindən də heç bir araşdırma aparılmadan iddiaçının bildirdiklərinə münasibət bildirmədən 13.01.2021-ci il tarixli, **********837600 nömrəli qərar qəbul edilmişdir. Bu cür qərarların qəbul edilməsi ümumilikdə dövlət və sahibkarlar üçün çox təhlükəlidir. Çünki vergi orqanı əməkdaşları öz subyektiv fikirlərinə görə hərəkət etməməli, yalnız qanunvericilikdə nəzərdə tutulmuş göstərişlər üzrə hərəkət etməlidir. Bu cür qərarların qəbulu sonda hər vergi ödəyicisinə fərqli qərarların çıxarılmasına və qanunsuzluqların artmasına gətirib çıxardacaqdır. Göstərilənələrə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 izahatında bildirdi ki, cavabdehin 18.08.2020-ci il tarixli **********3814 nömrəli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” Qərarı əsasında Cəmiyyətin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ünvanda yerləşən anbarda 21.08.2020-ci il tarixdə həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı ümumilikdə 623901,20 manat dəyərində malların elektron qaimə-faktura verilmədən təqdim edilməsi faktı aşkar edilərək, 21.08.2020-ci il tarixli DVX seriyalı 001109 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” akt tərtib edilmişdir. Vergi ödəyicisi hər hansı üzrlü səbəb göstərmədən aktın bir nüsxəsini qəbul etməkdən və onu imzalamaqdan imtina etmişdir. Həmin akt əsasında Baş İdarənin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 09.10.2020-ci il tarixli **********8663 nömrəli Qərarı ilə iddiaçı barəsində 62390,12 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Həmçinin 30.12.2020-ci il tarixli məktubunda vergi ödəyicisi satılmış malların soya paxlasının yağı çıxarıldıqdan sonra qalan hissənin yenidən istehsal edilərək nəticədə əmələ gələn yüksək proteinli yem komponenti soya şrotu olduğunu, bu malın kənd təsərrüfatının südçülük, quşçuluq və iribuynuzlu heyvanların kökəltməsində istifadə edildiyini, malın alıcıları arasında təşkilatlar və fermer təsərrüfatı ilə məşğul olan şəxslərin olduğunu, aktda qeyd edilən məbləğin kənd təsərrüfatı ilə məşğul olan şəxslərə satılan mallara görə əldə olunan məbləğlərin nəzarət-kassa aparatına daxil edildiyi səbəbi ilə əlaqədar olduğunu bildirmişdir. Göründüyü kimi, iddiaçı özü də qeyd edilən malların son istehlak məqsədi ilə deyil, alıcıların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar təqdim edildiyini etiraf etmişdir. Vergi Məcəlləsinin 58.13-cü maddəsinə görə bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış dedikdə malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaimə-faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti nəzərdə tutulur. Həmin Məcəllənin 13.2.63-ci maddəsinə əsasən topdansatış dedikdə malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti nəzərdə tutulur. İddiaçının digər tələbi (məhkəmə işinin yekunu üzrə hər gün üzrə 0,1 faiz həcmində maddi ziyanın ödənilməsi) ilə bağlı qeyd edilməlidir ki, iddiaçının mübahisələndirdiyi qərar əsaslı olduğuna görə vergi ödəyicisinə hər hansı maddi ziyan vurulmamışdır. Həmçinin, Vergi Məcəlləsinin 51.4-cü maddəsinə əsasən vergi orqanlarının vəzifəli şəxslərinin qanuni hərəkətləri nəticəsində vergi ödəyicisinə vurulan ziyan qanunla müəyyən edilmiş hallar istisna olmaqla, ödənilmir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Qurumunun Dövlət Qeydiyyatı haqqında Şəhadətnamənin surətindən görünür ki, İddiaçı (VÖEN: **********) 20.09.2018-ci ildə qeydiyyata alınmışdır (ünvan AZ 1089, ünvan 1arında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 18.08.2020-ci il tarixli **********3814 nömrəli Qərarının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı MMC-yə (VÖEN **********) məxsus olan obyektdə (ünvan: AZ 1053, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi; obyektin adı: ANBAR (**********-10001); fəaliyyət növü: saxlama və anbarlara yığma) Malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi(ləri) üzrə 18.08.2020-ci il tarixdən 16.09.2020-ci il tarixədək (16.09.2020 tarixi daxil olmaqla) operativ vergi nəzarəti 1-ci dərəcəli müfəttiş X6, 3-cü dərəcəli müfəttiş X2 tərəfindən həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan 21.08.2020-ci il tarixli DVX seriyalı 001109 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” aktın təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 18.08.2020-ci il tarixli **********3814 nömrəli qərarına əsasən İddiaçı MMC-yə (VÖEN **********) məxsus olan anbarda (ünvan: AZ 1053, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi) operativ vergi nəzarəti tədbiri keçirilmiş, nəticədə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda mallara elektron qaimə-faktura verilmədən təqdim edilməsinə görə vergi ödəyicisi barəsində Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 62390,12 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 09.10.2020-ci il tarixli **********8663 nömrəli Qərarının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı MMCdə keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında 21.08.2020-ci il tarixli 001109 nömrəli akta və digər sənədlərə baxılmış, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3-cü, 58.13-cü və 71-1-ci maddələrinin pozulması müəyyən edilmiş və İddiaçı MMCnin (VÖEN: **********) 62390,12 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi və 19.10.2020 tarixədək 62390,12 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 13.01.2021-ci il tarixli **********837600 nömrəli Qərarından görünür ki, İddiaçı MMC-nin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi təsərrüfat subyektlərində keçirilmiş operativ vergi nəzarətinin nəticələrindən Dövlət Vergi Xidmətinə verdiyi 13.10.2020-ci il və 20.12.2020-ci il tarixli inzibati şikayətləri araşdırılmışdır. İddiaçı MMC şikayətində Cəmiyyət tərəfindən malları həm vergi ödəyiciləri olan fiziki və hüquqi şəxslərə e-qaimə vasitəsilə, həm də vergi ödəyicisi olmayan fiziki şəxslərə pərakəndə qaydada nəzarət-kassa aparatı vasitəsilə nağd satışı həyata keçirdiyini, vergi ödəyicisi olmayan fiziki şəxslərə satılmış mallara görə elektron qaimə-faktura tərtib etməli olmadıqlarını bildirərək, vergi orqanı tərəfindən Cəmiyyət barəsində qəbul olunmuş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 09.10.2020-ci il tarixli **********8663 nömrəli Qərarın ləğv olunmasını və tətbiq edilmiş maliyyə sanksiyasının silinməsini xahiş etmişdir. Həmin qərar ilə İddiaçı operativ vergi nəzarətinin nəticəsi barədə Dövlət Vergi Xidmətinə daxil olmuş 13.10.2020-ci il və 30.12.2020-ci il tarixli şikayətlərinin təmin edilməməsi, 21.08.2020-ci il tarixli DVX seriyalı 001109 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” akt əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 09.10.2020-ci il tarixli **********8663 nömrəli Qərarın qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti; 13.2.63-cü maddəsinə əsasən topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti; 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur; 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludurlar; 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır; 50.2-ci maddəsinə əsasən operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda; 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir; 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir; 58.13-cü maddəsinə əsasən bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın: 1.1-ci bəndinə əsasən bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 130.1- 1-ci maddəsinə əsasən hazırlanmışdır və pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması ilə bağlı münasibətləri tənzimləyir; 1.2-ci bəndinə əsasən bu Qaydanın məqsədi pərakəndə ticarət sahəsində fəaliyyət göstərən vergiödəyicilərinin gəlirlərinin və xərclərinin müəyyən edilməsi ilə bağlı malların mədaxilinin və məxaricinin sənədləşdirilməsini, habelə bu sahədə şəffaflığın, uçot və hesabatlılığın artırılmasını təmin etməkdən ibarətdir; 1.3-cü bəndinə əsasən bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.3.1. pərakəndə satış – malların alıcıya son istehlak məqsədilə və yalnız qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə onların tələbi ilə elektron qaimə-faktura) təqdim edilməklə satışının (təqdim edilməsinin) həyata keçirildiyi ticarət fəaliyyəti; 4.1-ci bəndinə əsasən pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Belə təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaiməfaktura) verilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaimə-faktura) ilə yanaşı, POS-terminaldan çıxarış verilir; 4.2-ci bəndinə əsasən vergiödəyicisinin təsərrüfat subyektində (obyektdə) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə, bu fəaliyyətlər üzrə malların mədaxilinin və məxaricinin (satışının) uçotu ayrılıqda aparılır; 4.3-ci bəndinə əsasən pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergiödəyicisinin anbarlarında olan malların ticarət obyektlərinə verilməsi “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 18.08.2020-ci il tarixli **********3814 nömrəli Qərarına əsasən İddiaçı MMC-yə (VÖEN **********) məxsus olan obyektdə (ünvan: AZ 1053, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi; obyektin adı: ANBAR (**********- 10001); fəaliyyət növü: saxlama və anbarlara yığma) Malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi(ləri) üzrə 18.08.2020-ci il tarixdən 16.09.2020-ci il tarixədək (16.09.2020 tarixi daxil olmaqla) operativ vergi nəzarəti həyata keçirilmişdir. Bundan sonra 21.08.2020ci il tarixli DVX seriyalı 001109 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” akt tərtib edilmişdir və həmin akt əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 09.10.2020-ci il tarixli **********8663 nömrəli Qərarına əsasən İddiaçı MMC-nin 62390,12 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, parakəndə və topdansatış ticarət fəaliyyətləri üzrə vergi tutulan əməliyyatın məbləğ həddi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Hazırkı halda parakəndə satış növü ilə məşğul olan təsərrüfat subyektində bir malın eyni vaxtda toplu halında satılmasını topdansatış ticarət fəaliyyəti kimi qəbul edilməsi üçün cavabdeh tərəfindən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir, bununla bağlı cavabdehin dəlilləri əsassızdır. Vergi qanunvericiliyi ilə topdansatış və pərakəndə satış üzrə vergi tutulan əməliyyatın məbləğ həddi, başqa sözlə hədd meyarı müəyyən edilməmişdir. Belə olan halda vergi orqanı tərəfindən iddiaçının nəzarət kassa aparatına bir əməliyyat çərçivəsində böyük miqdarda məbləği mədaxil etməsinin topdansatış kimi qiymətləndirməsi, başqa sözlə ona məxsus olan malları elektron qaimə faktura əsasında təqdim etməli olması kimi qiymətləndirilməsi əsassız sayılmalıdır. Cavabdeh qəbul etdiyi inzibati aktla iddiaçını vergi məsuliyyətinə cəlb edərkən Vergi Məcəlləsinin 58.13-cü maddəsinə istinad etmişdir. Parakəndə ticarət satışını həyata keçirən iddiaçı malların satışı zamanı elektron qaimə-faktura təqdim etmək vəzifəsi daşımamış və hər hansı alıcının (sahibkarın) elektron qaimə-faktura tələb etməsi işdə olan sənədlərlə təsdiq olunmur. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, mübahisələndirilən qərar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi qərarın ləğv edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbinin «iddiaçıya hesablanmış maliyyə sanksiyasının məhkəmə işinin yekunu üzrə hər gün üzrə 0,1 faiz həcmində maddi ziyanın ödənilməsi» hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri (hərəkətsizliyi) və qərarları nəticəsində ona maddi ziyanın dəyməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədi. Ona görə də iddia tələbi həmin hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı MMC-nin barəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən tərtib edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 09.10.2020-ci il tarixli **********8663 nömrəli Qərar ləğv edilsin. İddia digər hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar