Məhkəmə qərarları › İş №2-1(112)-3781/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3781/2022

06.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3781/2022 06.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “əmrin ləğv edilməsi və rütbənin bərpa edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) qapalı məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməsi, onun hərbi xidmətdən buraxılmağını qanunsuz hesab etməklə, 1-ci dərəcəli kapitan rütbəsinin bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində uzun müddət xidmət etmişdir. Göstərdiyi xidmət ərzində dəfələrlə müxtəlif mükafatlar almış, 1-ci dərəcəli kapitan dərəcəsinə qədər yüksəlmişdir. 16 iyun 2021-ci il tarixdə növbəti məzuniyyətə buraxılmışdır. Məzuniyyətdə olduğu vaxt, yəni 15 iyun 2021-ci il tarixdə ona məlum olmuşdur ki, AR Sərhəd Xidmətinin xx.xx.2021-ci il tarixində onun rütbəsi 1-ci dərəcəli kapitan rütbəsindən 2-ci dərəcəli kapitan rütbəsinə endirilmişdir. Bundan sonra cavabdeh onu 13 sentyabr 2021-ci il tarixdən şəxsi heyətin siyahısından çıxarmaqla silahlı qüvvələrin ehtiyatına buraxmışdır (əmr xx.xx.2021ci il). O, qüsursuz xidmətə görə müxtəlif medallarla təltif edilmişdir. Qarabağ Müharibəsi veteranıdır. Lakin cavabdeh heç bir əsas olmadan, hətta ona xəbər vermədən, qeyriqanuni olaraq onun rütbəsini aşağı salmışdır. Hərbi xidmətdən ehtiyata buraxılmağından yalnız 2021-ci ilin iyun ayının 15-də növbəti məzuniyyətdə olarkən xəbərdar olmuşdur. Dövlət Sərhəd Xidmətinin rəisinin bu barədə xx.xx.2021-ci il tarixli əmri ona elan edilməmiş və həmin əmrin surəti ona verilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı kapitan rütbəsinə endirilməsi barədə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisinin xx.xx.2021-ci il tarixli 0122 №-li əmrinin ləğv edilməsi və onun 1-ci dərəcəli kapitan rütbəsinin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixdə protokol qaydasında qəbul etdiyi qərardadla, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilərək, iddia tələbinin “İddiaçı kapitan rütbəsinə endirilməsi barədə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisinin xx.xx.2021-ci il tarixli, 0122 nömrəli əmrinin ləğv edilməsi və onun 1-ci dərəcəli kapitan rütbəsinin bərpa edilməsi barədə qərar qəbul edilsin.” kimi göstərilməsi qərara alınmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı tərəflərin fikirləri dinlənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın mümkün sayılmasını xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, tərəfindən iddia müddəti ötürülməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, əmr iddiaçıya elan olunmuş və əmrlə tanış olması üçün Sahil Mühafizəsinə dəvət edilmişdir. İddiaçıya Sahil Mühafizəsinin nəzarət buraxılış məntəqəsində təyinat vərəqəsi təqdim edilmiş və bu barədə təyinat kitabına imza etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin, xx.xx.2021-ci il tarixli, 0122 nömrəli əmrindən görünür ki, xidməti vəzifələrinin icrasına məsuliyyətsiz yanaşaraq hərbi qulluqçuya yaraşmayan hərəkətlərə yol verdiyinə görə Dövlət Sərhəd Xidməti rəisinin sərəncamında olan 1-ci dərəcəli kapitan İddiaçı hərbi rütbəsi Azərbaycan Respublikası Silahlı X1 67-ci maddəsinin “e” bəndinə müvafiq olaraq bir pillə aşağı endirilmiş, Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrinin ehtiyatına buraxılması üçün müvafiq sənədlərin hazırlanması qərara alınmışdır; İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2021-ci il tarixli, 934 ş/h nömrəli əmrindən görünür ki, İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.2-ci maddəsinə (yaşa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır; Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti N №-li hərbi hissə X3 şöbəsinin rəisi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə Sahil Mühafizəsinin sabiq hərbi qulluqçusu 2-ci dərəcəli kapitan İddiaçı ilə telefon əlaqəsi saxlanılaraq ona Silahlı Qüvvələrin ehtiyatına buraxılması barədə əmr elan olunmuş və əmrlə tanış olması üçün Sahil Mühafizəsinə dəvət edilmişdir. 2-ci dərəcəli kapitan İddiaçı xx.xx.2021-ci il tarixdə Sahil Mühafizəsinə gəlmiş və Sahil Mühafizəsinin nəzarət buraxılış məntəqəsində kontr-admiral X5 tərəfindən təyinat vərəqəsi ona təqdim olunmuşdur. Onun tərəfindən bu barədə təyinat kitabına imza edilmişdir. O, sənədlərinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov rayon İdarəsinə göndərilməsini xahiş etmişdir. Onun sənədləri SHXÇDX-nin Nərimanov rayon İdarəsinə göndərilmişdir. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adışəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi, iddia müddətlərinə riayət edilməsi iddianın mümkünlüyü komponentlərindən biridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2001ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə xx.xx.2000-ci il tarixli qərarında qeyd edilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 885 saylı Qanunu ilə təsdiq edilmiş, “Azərbaycan Respublikası Silahlı X2”nin: 67-ci maddəsinə əsasən, zabitlərə: a) məzəmmət; b) töhmət; v) şiddətli töhmət; q) hauptvaxtda saxlanılmaqla kiçik zabitləri 10 sutkayadək, baş zabitləri 5 sutkayadək həbs etmə; ğ) vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq; d) aşağı vəzifəyə keçirmə; e) hərbi rütbəsini bir pillə aşağı salma intizam cəzaları verilə bilər. 98-ci maddəsinə əsasən, verilmiş intizam cəzaları: ... zabitlərə, generallara və admirallara — şəxsən, yazılı göstərişlə və ya müşavirədə (baş zabitlərə — baş zabitlərin iştirak etdikləri müşavirədə, generallara və admirallara — generalların və admiralların iştirak etdikləri müşavirədə) elan edilməlidir; Adları çəkilən bütün hərbi qulluqçulara verilən intizam cəzaları şifahi surətdə, yaxud yazılı əmrlə elan oluna bilər. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2021-ci il tarixli, 0122 nömrəli əmri xidmətin xüsusiyyətləri baxımından iddiaçıya qəbul edildiyi tarixdə məlum olmuşdur. Eyni zamanda, iddiaçı iddia ərizəsində rütbəsinin endirildiyinin ona xx.xx.2021-ci il tarixdə məlum olduğunu və daha sonra xx.xx.2021-ci il tarixdən şəxsi heyətin siyahısından çıxarılmaqla silahlı qüvvələrin ehtiyatına buraxıldığını qeyd etmişdir. Bundan başqa, iddiaçının qeydiyyat kitabına xx.xx.2021-ci il tarixdə imza etməklə qəbul etdiyi təyinat vərəqəsində də 2-ci dərəcəli kapitan hərbi rütbəsində olması qeyd edilmişdir. İddiaçının dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericilik normalarından göründüyü kimi, intizam cəzası verilmiş şəxslərə bu barədə əmrin təqdim edilməsi nəzərdə tutulmamışdır. Nəzərə alınmalıdır ki, qüvvədə olan qanunvericilik (İPM-in 38.1-ci maddəsi) belə aktların mübahisələndirilməsi (ləğv edilməsi) ilə bağlı iddiaların irəli sürülməsi üzrə 30 gün müddət müəyyən etmişdir. İddiaçı isə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etməklə həmin iddia müddətini ötürmüşdür. Məhkəmə həmçinin vurğulayır ki, əmrin ləğv edilməsinə dair oxşar mübahisə ilə bağlı digər işlər üzrə də Ali Məhkəmənin kollegiyasının hüquqi mövqeyi hazırkı məzmunda olmuşdur (Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının 2-1(102)- 1712/2020 №-li iş üzrə xx.xx.2020-ci il tarixli Qərarı). “Məhkəmələr və Hakimlər haqqında” Qanunun 79-1-ci maddəsinə əsasən, vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Məhkəmə bir daha vurğulayır ki, iddianın mümkünlüyü şərtlərinin mövcudluğu tərəflərin tələbindən asılı olmayaq məhkəmə tərəfindən öz xidməti vəzifəsinə uyğun olaraq yoxlanılmalıdır. Belə olan halda isə, iddianın mümkünlük şərtlərinin mövcudluğunun sübuta yetirilməsi iddiaçını üzərinə düşür. Lakin iddiaçı prosessual müddətin tərəfindən ötürülməməsinə istinad etsə də, iş materialları ilə tam təkzib edilmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “əmrin ləğv edilməsi və rütbənin bərpa edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar