Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3782/2025 13.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiаçı “Bank Olmayan Kredit Təşkilatı “İnternational”” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndələri və vəkilləri Vəkil və Nümayəndə cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı “Bank Olmayan Kredit Təşkilatı “İnternational”” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair dair iddiası üzrə inzibati işə 13 iyun 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı “Bank Olmayan Kredit Təşkilatı “İnternational”” ASC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2024-cü il tarixli **********187760 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli aktına əsasən xx.xx.2024-cü il tarixli **********187760 nömrəli məsuliyyət qərarı çıxarılmışdır. Qərara əsasən 2020. 2021 və 2022-ci illər üzrə 301847,11 manat mənfəət vergisi və ona uyğun olaraq 150931,02 manat maliyyə sanksiyası hesablanmışdır. Vergi orqanları tərəfindən yoxlama zamanı iddiaçının xidmət aldığı şəxslərin riskli vergi ödəyicisi olması səbəbindən həyata keçirilən əməliyyatlar vergidən yayınma sxemi kimi qiymətləndirilmiş və xidmətlərin dəyəri bazar qiyməti çıxarılmaqla həyata keçirilmişdir. Əməliyyatların sxem olması əsası kimi həmin ödəyicilərin təsərrüfat subyektinin olmaması, işçisinin olmaması olmuşdur. İddiaçı tərəfindən iş və xidmətlər əldə edilmişdir. Həmin iş və xidmətlər əldə edərkən həmin dövrdə qarşı tərəflərdən hər hansı məlumatın araşdırılması və ya işçilərinin təsərrüfat subyektinin müəyyənləşdirilməsi həmin dövrdə qanunvericilikdə nəzərdə tutulmamışdır. İddiaçıya iş və xidmət alan şəxs kimi qarşı tərəfin kim vasitəsi ilə hansı qaydada iş və xidmətin göstərilməsi maraqlı olmamışdır. İddiaçı üçün əsas məqsəd iş və xidmətlərin həyata keçirilməsi olmuşdur. Cavabdehin etirazı: Cavabdeh etirazla məhkəməyə müraciət edərək, bildirmişdir ki, yoxlamaya xx.xx.2023-cü il tarixdə başlanılmış və xx.xx.2024-cü il tarixdə başa çatdırılmışdır. Yoxlamanın nəticələri xx.xx.2024-cü il tarixli **********175870 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. İddiaçının rəhbəri X2 aktın nəticələri ilə razı olmamış, onu imzalamaqdan imtina etmiş və bu barədə aktda müvafiq qeyd edərək bir nüsxəsini qəbul etmişdir. Yoxlama materiallarına İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aidiyyəti strukturları tərəfindən baxılaraq xx.xx.2024-cü il tarixli **********960000 nömrəli birgə rəy verilmişdir. Birgə rəydə göstərilən nöqsanlar aradan qaldırılmaqla Vergi Məcəlləsinin 49.1-ci maddəsinə uyğun qərar çıxarılmasının mümkün olması qeyd edilmişdir. Göstərilənlərlə əlaqədar, Baş İdarə tərəfindən xx.xx.2024-cü il tarixli **********187760 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar çıxarılmışdır. Yoxlama ilə əhatə olunan dövrdə cəmiyyət faktiki olaraq bank olmayan kredit təşkilatı və lombard tərəfindən kreditlərin verilməsi fəaliyyəti ilə məşğul olmuşdur. Vergi yoxlaması vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatları, vergi ödəyicisinin bank hesabı barədə hesabın yerləşdiyi banklardan alınmış rəsmi məlumatlar, ekspert rəyi, vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilmiş sənədlər və məlumatlar əsasında aparılmışdır. Yoxlama ilə 2020-ci, 2021-ci və 2022-ci illər üzrə mənfəət vergisi bəyannamələri əhatə olunmuşdur. Yoxlama ilə müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 108-ci və 109-cu maddələrinin tələbləri pozulmuşdur. Vergi ödəyicisi tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə "xxxx" MMC-dən (VÖEN **********), "xxxx" MMC-dən (VÖEN **********), “Universal Satış və Servis" MMC-dən (VÖEN **********), "xxxx" MMCdən (VÖEN **********), Biləsuvar Aqro MMC-dən (VÖEN **********) və "xxxx" ASC-dən (VÖEN **********) alınmış və mənfəət vergisi bəyannamələri üzrə gəlirin əldə edilməsi ilə bağlı xərclərə (232-ci sətirdə digər xərclər və 221.10-cu sətirdə su və kanalizasiya xərclərinə) aid edilmiş cəmi dəyəri 8262,90 manat (ƏDV ilə) təşkil edən mallar və xidmətlər (ərzaq malları, içməli su və onun çatdırılması xidmətləri) yoxlama ilə Vergi Məcəlləsinin 109.2-ci maddəsinin tələblərinə müvafiq olaraq qeyri-kommersiya fəaliyyəti ilə bağlı olan xərclər kimi qəbul edilərək gəlirin əldə edilməsi ilə bağlı xərclərə aid edilməmişdir. Vergi Məcəlləsinin 109.2-ci maddəsinə əsasən qeyri-kommersiya fəaliyyəti ilə bağlı olan xərclərin gəlirdən çıxılmasına yol verilmir. Bundan başqa iddiaçı tərəfindən "xxxx" MMCdən (VÖEN **********), "xxxx" MMC-dən (VÖEN **********), "xxxx" MMC-dən (VÖEN **********), "xxxx" MMC-dən (VÖEN **********), "xxxx" MMC-dən (VÖEN **********), "xxxx" MMC-dən (VÖEN **********), "xxxx" MMC-dən (VÖEN **********), "xxxx" MMC-dən (VÖEN **********), "xxxx" MMC-dən (VÖEN **********) və “Sivas-SS" MMC-dən (VÖEN **********) reklam məqsədli malların və reklam xidmətlərinin alınması ilə əlaqədar ümumi dəyəri 1773130,00 manat təşkil edən elektron qaimə-fakturalar əldə edilmişdir. Yoxlama ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən vergi üstünlüyü əldə etmək məqsədilə qeyd olunan vergi ödəyicilərinin hər biri ilə ayrı-ayrılıqda cəmi dəyəri 200000,00 manatdan artıq olmayan əməliyyatlar həyata keçirilmişdir. Yoxlama ilə qeyd olunan vergi ödəyicilərinin araşdırılması zamanı müəyyən edilmişdir ki, həmin vergi ödəyicilərinin təsərrüfat subyekti (istehsalat yeri) və işçisi, iddiaçı ilə olan əməliyyatlardan başqa heç bir fəaliyyəti, həmçinin təqdim edilmiş mal və xidmətlərlə əlaqədar hər hansı mal və xidmət alışları mövcud olmamışdır. Qeyd olunan əməliyyatlar Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə müvafiq olaraq azadolmadan istifadə etmək yolu ilə iddiaçının xərclərinin əsassız artırılması və nəticədə mənfəət vergisinin azaldılması məqsədilə həyata keçirilmişdir. Buna görə də vergi ödəyicisi tərəfindən vergidən yayınma sxemi yaratmaqla aparılmış həmin əməliyyatlar yoxlama ilə gəlirin əldə edilməsi üçün çəkilən xərclərə 14-cü və 108-ci maddələrinin tələblərinə müvafiq olaraq aid edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndələri və vəkilləri iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazı müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermiş və iddianın mümkün sayılmamasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********187760 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə 2020, 2021 və 2022-ci illər üzrə ümumilikdə 301.772,16 manat əlavə mənfəət vergisi və onlara münasibətdə 150.886,09 manat maliyyə sanksiyası, 2021 və 2022-ci illər üzrə 89,85 manat əlavə əmlak vergisi və onlara münasibətdə 44,93 maliyyə sanksiyası hesablanmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 13.2.82. Riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 iş günündən çox olmayan müddətə uzadıla bilər: - nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; - səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. 175.11. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə bildirir ki, mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üstüstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). İş materiallarında olan səyyar vergi yoxlaması aktından, mübahis predmeti qərardan və cavabdehin etirazından görünür ki, 2020, 2021 və 2022-ci illər üzrə əlavə mənfəət vergisi hesablanmasının əsası iddiaçının "xxxx" MMC-dən (VÖEN **********), "xxxx" MMCdən (VÖEN **********), "xxxx" MMC-dən (VÖEN **********), "xxxx" MMC-dən (VÖEN **********), "xxxx" MMC-dən (VÖEN **********), "xxxx" MMC-dən (VÖEN **********), "xxxx" MMC-dən (VÖEN **********), "xxxx" MMC-dən (VÖEN **********), "xxxx" MMC-dən (VÖEN **********) və “Sivas-SS" MMC-dən (VÖEN **********) reklam məqsədli malların və reklam xidmətlərinin alınması ilə əlaqədar ümumi dəyəri 1773130,00 manat təşkil edən elektron qaimə-fakturaların həmin vergi ödəyicilərinin təsərrüfat subyekti (istehsalat yeri) və işçisi, iddiaçı ilə olan əməliyyatlardan başqa heç bir fəaliyyəti, həmçinin təqdim edilmiş mal və xidmətlərlə əlaqədar hər hansı mal və xidmət alışları mövcud olmaması səbəbindən xərc sənədi kimi nəzərə alınmaması, həmçinin "xxxx" MMC-dən (VÖEN **********), "xxxx" MMC-dən (VÖEN **********), “Universal Satış və Servis" MMC-dən (VÖEN **********), "xxxx" MMC-dən (VÖEN **********), Biləsuvar Aqro MMC-dən (VÖEN **********) və "xxxx" ASC-dən (VÖEN **********) alınmış və mənfəət vergisi bəyannamələri üzrə gəlirin əldə edilməsi ilə bağlı xərclərə (232-ci sətirdə digər xərclər və 221.10-cu sətirdə su və kanalizasiya xərclərinə) aid edilmiş cəmi dəyəri 8262,90 manat (ƏDV ilə) təşkil edən mallar və xidmətlərin (ərzaq malları, içməli su və onun çatdırılması xidmətləri) qeyrikommersiya fəaliyyəti ilə bağlı olan xərclər kimi qəbul edilərək gəlirin əldə edilməsi ilə bağlı xərclərə aid edilməməsi olmuşdur. Məhkəmə qeyd edir ki, təqdim edilmiş materiallardan müəyyən edilir ki, aparılan əməliyyat tam şəkildə qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilmişdir. Tərəflər arasında iş, xidmət və mal alışı müqavilələri bağlanmış və təhvil-təslim aktları əsasında işlər görülmüş, iddiaçıya elektron qaimə-faktura təqdim olunmuşdur. Vergi orqanı tərəfindən həmin əməliyyatlar əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək xərc sənədləri nəzərə alınmamışdır. İddiaçının qarşılıqlı əməliyyat etdiyi ödəyicilərin fəaliyyətini araşdırmaq öhdəliyi olmadığından və mallar, xidmətlər faktiki olaraq alınaraq qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirildiyindən, vergi orqanı tərəfindən aparılmış hesablama əsassız olmuşdur. Cavabdeh vergi orqanı iddiaçı ilə "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və “Sivas-SS" MMC arasında baş tutmuş alqı-satqı və iş, xidmətə dair əməliyyatlarının faktiki olaraq baş tutub-tutmadığını və malların faktiki olaraq təqdim edilib-edilmədiyini araşdırmadan və həmin əməliyyatların başqa əməliyyatı pərdələmək məqsədilə həyata keçirilibkeçirilmədiyini müəyyən etmədən, təsərrüfat subyekti (istehsalat yeri) və işçisi, iddiaçı ilə olan əməliyyatlardan başqa heç bir fəaliyyəti, həmçinin təqdim edilmiş mal və xidmətlərlə əlaqədar hər hansı mal və xidmət alışları mövcud olmamasını əsas götürərək, iddiaçı tərəfindən mənfəət bəyannaməsində bəyan edilmiş xərcləri nəzərə almamışdır. Məhkəmə qeyd edir ki, cavabdeh vergi orqanının əsas götürdüyü hallar, o cümlədən təsərrüfat subyektlərinin uçota qoyulmaması, işçilərin müqaviləsiz işə cəlb edilməsi və sair bu kimi hallarla bağlı yaranan risklərə görə iddiaçıya əlavə vergi məbləğləri hesablana bilməz. Belə ki, bu hal həmin şəxslərin məsuliyyət kateqoriyasına aiddir və hər bu pozuntulara görə özləri fərdi şəkildə məsuliyyət daşıyırlar. Vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların və iş, xidmətin faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji mübahisələr üzrə vahid məhkəmə təcrübəsini əks etdirən xx.xx.2023-cü il tarixli 2-1(102)-2208/2023 saylı iş üzrə Qərarında qeyd olunmuşdur ki, “...vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqinin tapması zəruridir”. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-10/2024 saylı Qərarında qeyd olunmuşdur ki, “...Başqa sözlə, vergi orqanı tərəfindən əməliyyatın əmtəəsiz və ya riskli hesab olunması üçün şəxsin yalnız həmin qrupda olması yetərli deyil, bunun üçün həm də əməliyyatın faktiki olaraq əmtəəsiz və ya riskli olduğu sübuta yetirilməlidir. Hazırkı iş üzrə cavabdeh əməliyyatın əmtəəsiz olduğuna dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir”. Həmçinin, cəmi dəyəri 8262,90 manat (ƏDV ilə) təşkil edən mallar və xidmətlərin (ərzaq malları, içməli su və onun çatdırılması xidmətləri) qeyri-kommersiya fəaliyyəti ilə bağlı olan xərclər kimi qəbul edilməsi cavabdeh tərəfindən əsalandırılmamışdır. Nəzərə alınmalıdır ki, bu cür hallarda subutetmə yükü İPM-in 14.1-ci maddəsinə əsasən cavabdeh inzibati orqanının üzərindədir. Belə ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2,53.3 və 54.0.1-ci maddələri) Eyni zamanda, vergi orqanı inzibati orqan kimi inzibati icraat apararkən “İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almalıdır. Belə ki, inzibati orqan kimi vergi orqanı inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli Qərarın qəbul olunması zamanı mənfəət vergisinə münasibətdə cavabdeh həmin qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Əmlak vergisi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəf tələbində qərarın tam ləğvini tələb etsə də, nə iddia ərizəsində, nə də məhkəmə iclaslarında izahatlarında həmin hissəni mübahisələndirməmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********187760 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı 2020, 2021 və 2022-ci illər üzrə ümumilikdə 301.772,16 manat mənfəət vergisi və onlara münasibətdə hesablanmış 150.886,09 manat maliyyə sanksiyası hissəsində ləğv edilməli, iddia qalan hissədə təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia qismən təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********187760 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı 2020, 2021 və 2022-ci illər üzrə ümumilikdə 301.772,16 manat mənfəət vergisi və onlara münasibətdə hesablanmış 150.886,09 manat maliyyə sanksiyası hissəsində ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-3782/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3782/2025
13.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver