Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3783/2021 14.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (Bakı şəhəri, Yasamal rayonu, A.Mə.Şərifzadə küçəsi, ev 181E, mənzil 3), Cavabdehin nümayəndəsi X1 (hüquqşünas, ünvan 1 ünvanda qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" MTK) çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə "xxxx" MTK-nın Ümumi Yığıncağının qərarı ilə payçı qəbul edildiyi ünvan 2 ünvanında yerləşən mənzilə dair mülkiyyət hüquqlarının Dövlət Reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə "xxxx" MTK hazırkı iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Sosial Rifah Partiyası üçün ünvan 3 ünvanında, 12 mərtəbəli (+mansard) yaşayış və qərargah binası "xxxx" MTK tərəfindən tikilmişdir. Tərəflər arasında imzalanmış 3 iyul 2006-cı il tarixli müqavilədə razılaşdırılan qaydada binanın 2 mərtəbəsi Azərbaycan Sosial Rifah Partiyasına verilib. Mənzillər isə, paylarına müvafiq olaraq MTK-nın üzvlərinə təhvil verilmişdir. Hazırda, binanın istismara qəbul edilməsi aktının Bakı şəhəri İcra Hakimiyyətinin 30 oktyabr 2014cü il tarixli, 523 saylı sərəncamı ilə təsdiq olunub. 27 noyabr 2014-cü ildə həmin akt MTK tərəfindən cavabdehə təqdim olunub. 26 noyabr 2020-cu il tarixli ərizə ilə (Mənzilə dair MTK tərəfindən verilmiş Protokoldan Çıxarış və maliyyə arayışı əlavə edilməklə) cavabdehə müraciət edilib. Lakin, cavabdeh Reyestr Xidməti 25 dekabr 2020-cu il tarixli (№ **********87) məktubu ilə əmlak üzərində hüquqlarını dövlət qeydiyyatına almaqdan imtina edib. Buna səbəb kimi isə, həmin binada mənzillərin "xxxx" MMC-nin adına Dövlət Reyestrdə qeydə alınmamasıdır. İlk öncə onu qeyd edir ki, "xxxx" MMC artıq təşkilati hüquqi formasını dəyişərək MTK-ya çevrilib. Buna dair sənədin surəti Reyestr Xidmətinə təqdim edilmiş ərizəyə əlavə edilib. Bundan əlavə, sözü gedən binada iddia təqdim etdiyi sənədlərə uyğun sənədlər əsasında bir neçə sakinin mənzili artıq qeydiyyata alınmışdır. Həmin sakinlərdən 2 nəfəri onunla bənzər problemlə üzləşərək məhkəməyə müraciət ediblər. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddiaları təmin edilib, apellyasiyanın və Ali Məhkəmənin qərarı ilə birinci instansiya məhkəməsinin qərarları qanuni hesab edilib. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə bildirilir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 523 saylı sərəncamına əsasən verilmiş tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktında sifarişçi Azərbaycan Sosial Rifah Partiyası, podratçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti göstərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 10-cu maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 55-ci və 56-cı maddələrində hüquqi şəxsin yenidən təşkili və hüquqi şəxslər yenidən təşkil edilərkən hüquq varisliyi məsələsi öz əksini tapmışdır. Azərbaycan Sosial Rifah Partiyası ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında sifarişçi və podratçı hüquqi münasibətləri olmuş (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür), tikiltisi başa çatmış çoxmərtəbəli yaşayış binasının Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq "xxxx" Mənzil Tikinti Kooperativinin balansına verilməsinə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 57.2-ci maddəsinə əsasən təhvil aktı və bölünmə balansı hüquqi şəxsin yenidən təşkili haqqında qərar qəbul etmiş onun təsisçiləri (iştirakçıları) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanı tərəfindən təsdiq edilir və nizamnamələrlə birlikdə yeni yaranmış hüquqi şəxslərin dövlət qeydiyyatına alınması və ya mövcud hüquqi şəxslərin nizamnamələrində dəyişikliklər edilməsi üçün təqdim olunur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.6-cı maddəsinə əsasən mənziltikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənziltikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur; 8.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında üçüncü şəxsin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan öz imtinasını onunla əsaslandırmışdır ki, tikintisi başa çatmış çoxmərtəbəli yaşayış binasının Azırbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq “”İlkin-Y MTK-nın balansına verilməsinə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Sosial Rifah Partiyası (sifarişçi) ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət (podratçı) arasında bağlanılmış xx.xx.22006-cı il tarixli 02 saylı Podrat Müqaviləsinə əsasən podratçı Bakı şəhəri, Yasamal rayonunun, Şərifzadə küçəsindəki 3152-3156 saylı məhəllələrində sifarişçinin qərargah binasının layihələşdirilməsi və tikintisi üçün ayrılmış 0,9 ha torpaq ərazidə 1 girişli, 12 mərtəbəli yaşayış və qərargah binasını və həmin binaların infrastrukturasını öz vəsaiti və riski hesabına layihələşdirməyi və inşa etməyi sifarişçi isə bunun müqabilində inşa edilməsi nəzərdə tutulan binadan razılaşdırılmış həcmdə tikinti sahəsini və həmin sahə üzrə bütün hüquqları podratçının xeyrinə güzəşt etməyi öz öhdəsinə götürmüşdür. Qeyd edilən Podrat Müqaviləsinin 2.2-ci bəndinə əsasən muzd, tikiləcək binadan 3 (üç) mərtəbə (1-ci və 2-ci mərtəbələr mütləq və istənilən 3-cü mərtəbə) və zirzəmi texniki mərtəbəsində 5 ədəd avtomobil qarajı istisna edilməklə, ərazidə inşa edilməsi nəzərdə tutulan ümumi tikinti sahəsinin qalan hissəsi üzərində bütün hüquqların Podratçıya güzəşt edilməsi yolu ilə icra olunur. Qeyd edilən Podrat Müqaviləsinin 3.5-ci bəndinə əsasən Podratçı sifarişçinin qərargahı üçün ayrılacaq 3 (üç) mərtəbə (1-ci və 2-ci mərtəbələr mütləq və istənilən 3-cü mərtəbə) və zirzəmi texniki mərtəbəsində 5 ədəd avtomobil qarajı istisna olmaqla ərazidə inşa edilməsi nəzərdə tutulan ümumi tikinti sahəsinin qalan hissəsi üzərində bütün hüquqlarını (maliyyə- təsərrüfat, tikiləcək mənzillərin alqı-satqısı, dəyişdirilməsi, bağışlanması) sifarişçinin müdaxiləsi olmadan həyata keçirir. Qeyd edilən Podrat Müqaviləsinin 4.2-ci bəndinə əsasən Sifarişçi özünün qərargahı üçün ayrılacaq 3 (üç) mərtəbə (1-ci və 2-ci mərtəbələr mütləq və istənilən 3-cü mərtəbə) və zirzəmi texniki mərtəbəsində 5 ədəd avtomobil qarajı istisna olmaqla podratçının tikinti, maliyyə-təsərrüfat, mənzillərin alqı-satqısı, dəyişdirilməsi, bağışlanması sahəsindəki fəaliyyətinə, əldə edilən gəlirinə müdaxilə etməyəcəkdir. İş materiallarında olan Azərbaycan Sosial Rifah Partiyası və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli Aktdan görünür ki, Azərbaycan Sosial Rifah partiyası ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 03 iyul 2006-cı il tarixli 1 saylı podrat müqaviləsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Yasamal rayonu, Şərifzadə küçəsi, 31 52 -31 56 -cı məhəlləsində yerləşən və Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1998 - ci il tarixli sərəncamı üzrə inşa edilmiş 0,9 ha torpaq sahəsində qərargah və yaşayış binası tikilmiş, təhvil verilmişdir. Həmin müqaviləyə əsasən, Azərbaycan Sosial Rifah Partiyası ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (yeni adı: "xxxx" Mənzil Tikinti Kooperativi) arasında bütün öhdəliklər tam icra olunmuş, yuxarıda göstərilən tərəflərin biri-birinə qarşı, yaxud da həmin işlərin icra olunmasında məsuliyyət daşıyan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdən bilavasitə asılı olan heç bir iddia və tələbləri yoxdur. İş materiallarından görünür ki, "xxxx" MTK-nın xx.xx.2008-ci il tarixli 015 saylı protokolundan çıxarışa əsasən İddiaçı "xxxx" MTK üzvlüyünə qəbul edilmiş, İddiaçı razılıq yolu ilə "xxxx" MTK-nın ünvan 4 ünvanında tikilən 12 mərtəbəli yaşayış binasının “İ” girişinin 3-cü mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 116,8 m2 olan 03 saylı mənzilə payçı qəbul edilmişdir. İşin materiallarında olan "xxxx" MTK tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli Maliyyə arayışına əsasən ünvan 5 ünvanda yerləşən yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Bu binanın 1-ci girişinin 3-cü mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 116,8 m2 olan 03 saylı mənzilin pay haqqı vətəndaş İddiaçı tərəfindən tam ödənilmişdir. Kooperativə borcu yoxdur. İş materiallarından görünür ki, xx.xx.2014-cü il tarixli “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının Aktı”na əsasən ünvan 4 ünvanında tikilən 12 mərtəbəli (+mansarda) 1 girişli yaşayış və qərargah binası istismara qəbul edilmişdir (Poçt ünvanı: Bakı şəhəri, Yasamal rayonu, 3152-3156-cı məhəllə, A.M.Şərifzadə, 181E). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 178.9-cu maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Göründüyü kimi, İddiaçı "xxxx" MTK -ya məxsus Bakı şəhəri, Yasamal rayonu, 3152-3156-cı məhəllə, A.M.Şərifzadə, 181E ünvanda yerləşən yaşayış binasının İ girişinin 3-cü mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 116,8 m2 olan 03 saylı mənzilinə pay haqqını tam ödəməklə, mənzilə mülkiyyət hüququ əldə etmişdir. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 9-cu maddəsinə əsasən hər bir şəxs konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tətəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 140.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqlar müvafiq icra hakimiyyəti orqanının tərtib etdiyi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır. Həmin Məcəllənin 146-cı maddəsinə əsasən daşınmaz əmlaka hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat tarixindən əmələ gəlir. Qeydə alınmış hüququn məzmunu sənədlərlə və ya başqa şəkildə təsdiqlənə bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Həmin Qanunun 13.1-ci maddəsinə dövlət reyestri kağız üzərində və elektron formada aparılır. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Məhkəmə sadalanan qanunvericilik aktlarının müddəalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, mübahisə predmeti olan mənzilə dair pay dəyərinin iddiaçı tərəfindən tam ödənilməsi, həmçinin mənzilin yerləşdiyi binanın istismara qəbul edilməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından və hazırkı halda Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə, 181E ünvanda yerləşən yaşayış binasının İ girişinin 3-cü mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 116,8 m2 olan 03 saylı mənzilinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatından imtina əsasları mövcud deyil və cavabdeh inzibati orqanın imtinası iddiaçının bir mülkiyyətçi kimi hüquqlarının pozulması ilə nəticələnmişdir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli və Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə, 181E ünvanda yerləşən 3 nömrəli mənzilə İddiaçı daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə, 181E ünvanda yerləşən 3 nömrəli mənzilə dair İddiaçı daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulur. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-3783/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3783/2021
14.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver