Məhkəmə qərarları › İş №2-1(112)-3785/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3785/2025

21.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3785/2025 21.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı “pasport qeydiyyatına alınma” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı yaşayış yeri üzrə qeydiyyata alınma tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə (bundan sonra mətndə Binəqədi RPİ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 103 ünvanında yerləşən 237 saylı mənzilə qeydiyyata alınmaları öhdəliyinin cavabdeh Binəqədi RPİ-nin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. İddiaçıların əsaslandırması: İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3, hazırda Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 103 ünvanında yerləşən 237 saylı mənzildə qeydiyyatsız yaşayırlar. Belə ki, qeyd olunan mənzili İddiaçı1 "xxxx" MTK ilə bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən almışdır. Qeyd olunan mənzilin ödənişi tam icra edilmiş və iddiaçıya bu barədə xx.xx.2022-ci il tarixində 40 №-li maliyyə arayışı verilmişdir. İddiaçı1 əri İddiaçı2 və oğlu İddiaçı3 ilə birlikdə 2022-ci ildən qeyd olunan mənzildə yaşayır. Lakin əmlakın çıxarışı olmadığına görə, iddiaçılar həmin ünvana qeydiyyata alına bilmirlər. Qeyd olunan mənzildə bütün kommunal xidmətlər İddiaçı1 adınadır. İddiaçı1 ailəsi ilə Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 103 ünvanında yerləşən 237 saylı mənzilə qeydiyyata alınmaları üçün cavabdeh Binəqədi RPİyə müraciət edilmişdir. Lakin cavabdeh inzibati orqan tərəfindən xx.xx.2024-cü il tarixli imtina məktubu verilmişdir. İmtina məktubunda qeyd edilmişdir ki, qeydiyyata alınmaq üçün zəruri sənədlər təqdim edilmədiyinə görə, qeyd olunan şəxslərin həmin ünvana qeydiyyata alınması imkan xaricindədir. Həmin məktubda məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Onlar məhkəməyə müraciət etmək qərarına gəlmişlər və hesab edirlər ki, cavabdeh inzibati orqan məsələyə düzgün hüquqi qiymət vermədiyinə görə iddia tələbi məhkəmə tərəfindən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın iddia ilə bağlı yazılı etirazı məhkəməyə təqdim olunmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh inzibati orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məktubla məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə gəlməyən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçılar iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı1 xx.xx.1954-cü ildə Bakı şəhərində doğulmuşdur. Son qeydiyyat ünvanı Bakı şəhəri, Ə.Naxçıvani küçəsi, ev 36, mənzil 50 qeyd olunmuşdur. AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı2 xx.xx.1953-cü ildə Göyçay rayonunda doğulmuşdur. Son qeydiyyat ünvanı Bakı şəhəri, Ə.Naxçıvani küçəsi, ev 36, mənzil 50 qeyd olunmuşdur. AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1976-cı ildə Bakı şəhərində doğulmuşdur. Son qeydiyyat ünvanı Bakı şəhəri, Ə.Naxçıvani küçəsi, ev 36, mənzil 50 qeyd olunmuşdur. İddiaçı1 ünvan 8 ünvanında yerləşən 237 saylı mənzili "xxxx" MTK ilə bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən almışdır. Qeyd olunan mənzilin ödənişi tam icra edilmiş və iddiaçıya bu barədə xx.xx.2022-ci il tarixində 40 №-li maliyyə arayışı verilmişdir. xx.xx.2024-cü il tarixli, 07/24 saylı arayışa əsasən İddiaçı1 (AZExxxxxxx) həqiqətən Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 103, 3-cü giriş, 7-ci mərtəbə, mənzil 237-nin sahibidir və o, əri İddiaçı2 (AZE xxxxxxx), oğlu İddiaçı3 Fizuli oğlu (AA xxxxxxx) ilə birlikdə həmin mənzildə qeydiyyatsız yaşayır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5779/2024 №li xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, qeyd olunan qərarla İddiaçı1, İddiaçı2 və İddiaçı3 Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxşıvani küçəsi, ev 36, mənzil 50 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları vəzifəsi Bakı şəhəri Binəqədi RPİ-yə həvalə olunmuşdur. Məhkəmə tərəfindən verilmiş müvafiq sorğulara əsasən: Azrərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-52508/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, ünvan 12 ünvan rekviziti ilə dövlət qeydiyyatına alınmış daşınmaz əmlak obyekti barədə idarənin arxiv və elektron bazasında məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 18/2-34644/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, ünvan 13 ünvanında İddiaçı1 xx.xx.2005-ci il tarixdən, İddiaçı2 xx.xx.2005-ci il tarixdən, İddiaçı3 xx.xx.2005-ci il tarixdən yaşayış yeri üzrə qeydiyyatda olmuş, lakin 2-1(112)-5779/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məhkəmə qətnaməsinə əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmışlar. Binəqədi rayonu, Ə. Naxçıvani küçəsi, ev 103, mənzil 237 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan şəxs müəyyən edilməmişdir. Qeyd olunan şəxslərin yaşayış yeri üzrə qeydiyyata alınmalarına əsas olmuş sənədlərin saxlanma müddəti bitdiyi üçün məhv edildiyindən göndərilməsi mümkün olmamışdır. İddiaçıların hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan Binəqədi RPİ-nin 3-13-46/2-Ə-42730 saylı xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, yaşayış yeri üzrə qeydiyyata alınması üçün vətəndaş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən Yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd: (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, icarə və kirayə müqaviləsi, vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) təqdim etməlidir. Əks təqdirdə müraciətlə bağlı qeydiyyata alınma tərəflərindən mümkün deyildir. Bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət edilməsi məqsədəmüvqafiqdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi. Məhkəmə iddiaçıların izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddia əsassızdır. Belə ki, iddianın hüquqi əsasını təşkil edən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun şərh edilən maddəsindən məlum olur ki, yalnız qanuni əsaslarla yaşayış hüququ əldə edildikdə şəxsin həmin yerə qeydiyyata alınma hüququ yaranmış olur. Ona görə də, Mülki Məcəllənin 27.1-ci maddəsində “fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır” anlamında “yaşayış yeri” dedikdə, məhz şəxsin, yuxarıda xüsusi qaunvericilikdə qeyd edilən əsaslarla “yaşadığı yer” başa düşülməlidir. Həmin Qanunun 5-ci maddəsi vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı müddəaları özündə əks etdirir. Bu müddəalar qarşılıqlı və bir-birinə sıx əlaqəli olan iki hissədən ibarətdir. Birinci hissədə nəzərdə tutulur ki, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Bu müddəalardan göründüyü kimi, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində yaşayış yeri məlum olan vətəndaşların qeydiyyata alınması halları nəzərdə tutulur. Bu hallar vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi, sonradan isə onun, yaşayış yerinin dəyişdirməsi ilə əlaqədardır. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaşdan yaşayış yerinə köçmək üçün əsas verən sənədlərin hamısı deyil, onlardan müvafiq qaydada hər hansı biri tələb edilir. Qeydiyyata almanın məhdudlaşdırılması halları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 8-ci maddəsində dəqiq göstərilmişdir: 1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə; 2) bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda; 3) şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə; 4) şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçıların yaşayış yeri üzrə qeydiyyata alınmaq istədikləri Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 103 ünvanında yerləşən 237 saylı mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır və dəqiq ünvan göstəricilərinə malik deyildir. Buna görə də hazırkı vəziyyətdə cavabdeh inzibati orqanın imtinası yuxarıda şərh edilən qanunvericiliyin tələblərinə uyğun hesab edilir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 103 ünvanında yerləşən 237 saylı mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmaları tələbinə dair iddiaları əsassız olduğundan təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və İPM-nin 68, 69 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar