Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3788/2022 28.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “aparılmış yenidənqurma işlərinin sökülməsi və s.” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “aparılmış yenidənqurma işlərinin sökülməsi və s.” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ:
1. İşin halları
İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehlərin üzərinə 5 (beş) iş günü müddətində Cəmiyyətin mülkiyyəti yerləşən Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 31 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının fasadında aparılmış yenidən qurma işlərinin sökülməsi, binanın və müvafiq olaraq əmlakın əvvəlki vəziyyətə gətirilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, b 31, yeni qaydalarla: Yasamal rayonu, İnşaatçılar prospekti 83, ünvanında yerləşən həmin 16 mərtəbəli yaşayış binasının 1-ci və 2-ci mərtəbələrindəki qeyri-yaşayış sahəsi İddiaçı ASC-nin mülkiyyətindədir (xx.xx.2016-cı il tarixli RX ******* saylı reyestrdən çıxarış, daşınmaz əmlakın reyestr nömrəsi **********66-05301-083004, qeydiyyat nömrəsi **********). Cəmiyyətin mülkiyyətində olan daşınmaz əmlakın yerləşdiyi Yasamal rayonu, İnşaatçılar prospekti 83, ünvanında 16 mərtəbəli yaşayış binasında Bakı şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə 2010-cu ildə yenidənqurma (fasad) işləri aparılmışdır. 2010cu ildə 16 mərtəbəli yaşayış binasında Bakı şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə yenidənqurma (fasad) işləri aparılarkən binada olan digər sahələrlə yanaşı ASC-nin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin də ölçüləri dəyişmişdir. Bakı şəhər İcra Hakimiyyətinin sifarişi ilə yenidənqurma işləri aparan podratçı şirkət olan "xxxx" MMC-nin (hazırda şirkət mövcud deyil) AZ/440 saylı xx.xx.2013-cü il tarixli məktubuna əsasən, yenidənqurma işləri Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 18/04-444 saylı xx.xx.2009-cu il tarixli razılaşdırılmış layihə əsasında aparılmışdır. Aparılan dəyişikliklər nəticəsində Cəmiyyətin mülkiyyətində olan daşınmaz əmlakın faktiki ölçülərinin qeydiyyat sənədlərinə nisbətən dəyişməsinin nəticəsi olaraq Cəmiyyət mülkiyyətinə sərbəst sərəncam vermək, onu ipoteka qoymaq, digər sənədləşmə işlərinin aparılmaq imkanından məhrum olmuşdur. Bakı şəhər İcra Hakimiyyətinə müraciət edərək 16 mərtəbəli yaşayış binasında aparılmış yenidən qurma (fasad) işlərinin hansı əsaslarla aparılması və buna dair layihə və.s bu kimi sənədlərin surətlərinin bizə təqdim edilməsini xahiş etmişik. Bakı şəhər İcra Hakimiyyətinin 7- 2360/17 saylı 24 avqust 2020-ci il tarixli məktubu ilə müraciətimizə cavab olaraq bildirilmişdir ki, razılaşmalar, layihələr və.s bu kimi sənədlər Bakı Şəhəri İcra Hakimiyyətinin arxivində saxlanılmadığı bildirilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək Bakı Şəhəri İcra Hakimiyyətinin sifarişi ilə aparılmış dəyişikliyin qeydiyyata alınmasını xahiş etmişik. Qeyd edilən idarənin xx.xx.2020-ci il tarixli **********32 saylı məktubu ilə cavab verilərək bildirilmişdir ki, qeyd edilən dəyişikliklə bağlı hər-hansı hüquq müəyyənedici sənədlər və o cümlədən qüvvəyə minmiş yekun məhkəmə qərarı təqdim edilmədiyindən hüquqlarımızın qeydiyyatından imtina edilir. Qeyd edilən idarənin müraciətimizə cavabından belə müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 31 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının fasadında aparılan yenidənqurma işləri Bakı şəhər İcra Hakimiyyətinin sifarişi ilə qanunsuz olaraq aparılmışdır. Yuxarıda qeyd etdiklərimizlə bağlı 27 oktyabr 2021-ci il tarixdə cavabdehlərə müraciət edərək 5 gün ərzində Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 31 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının fasadında aparılmış yenidən qurma işlərinin sökülməsi, binanın və müvafiq olaraq əmlakımızın əvvəlki vəziyyətə gətirilməsi və bunun nəticəsində Cəmiyyətimizə dəymiş ziyanın ödənilməsi barədə təxirəsalınmaz tədbir görülməsi tələb olunmuşdur. Tələbə əməl olunmadığı təqdirdə aparılmış yenidən qurma işlərinin sökülməsi, binanın və müvafiq olaraq əmlakın əvvəlki vəziyyətə gətirilməsi və bunun nəticəsində Cəmiyyətə dəymiş ziyanın ödənilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalacaqlarını bildirilmişdir. Müraciətlərindən on dörd gündən artıq müddət keçməsinə baxmayaraq cavabdehlər müraciətlə bağlı hər-hansı bir tədbir görməmişdilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mümkün sayılmamışdır.
2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar olunmuş tərəflər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehlər iddiaya dair yazılı etiraz təqdim etməmişdirlər.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
- Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2016 qeydiyyat tarixli Çıxarışın surəti. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinə, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyətinə, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi ünvanlanmış xx.xx.2021-cil tarixli məktubun surəti və həmin məktubun çatdırılmasına dair poçt xəbərnamələrinin surəti. - məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2022-ci il tarixli məktubu və həmin məktubla məhkəməyə göndərilmiş Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2009-cu il tarixli 18/04-444 nömrəli məktubu ilə razılaşdırılmış eskiz layihəsinin təsdiq edilmiş surəti.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən) Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəflərin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edilməsini mümükün saymışdır. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, mahiyyəti baxımından iddia tələbi əsassızdır və iddia tələbi təmin edilməməlidir. İşin faktiki hallarından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, b 31, yeni qaydalarla: Yasamal rayonu, İnşaatçılar prospekti 83, ünvanında yerləşən həmin 16 mərtəbəli yaşayış binasının 1-ci və 2-ci mərtəbələrindəki qeyri-yaşayış sahəsi İddiaçı ASC-nin mülkiyyətindədir. Cəmiyyətin mülkiyyətində olan daşınmaz əmlakın yerləşdiyi Yasamal rayonu, İnşaatçılar prospekti 83, ünvanında 16 mərtəbəli yaşayış binasında 2010-cu ildə yenidənqurma (fasad) işləri aparılmışdır. Hazırda iddiaçı cavabdehlərin üzərinə 5 (beş) iş günü müddətində Cəmiyyətin mülkiyyəti yerləşən Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 31 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının fasadında aparılmış yenidən qurma işlərinin sökülməsi, binanın və müvafiq olaraq əmlakın əvvəlki vəziyyətə gətirilməsini tələb edir. İş materiallaından görünür ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məhkəmənin sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2009-cu il tarixli 18/04-444 nömrəli məktubu ilə razılaşdırılmış eskiz layihəsinin təsdiq edilmiş surətini məhkəməyə göndərmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və tikinti Məcəlləsinin 3.0.9-cu maddəsinə əsaəsn tikinti fəaliyyəti – tikinti obyektlərinin tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası) və ya sökülməsi məqsədi ilə həyata keçirilən fəaliyyətdir. Həmin Məcəllənin 3.0.21-ci maddəsinə əsasən tikinti obyektinin bərpası – istismara yararsız vəziyyətə düşmüş obyektin müvafiq layihə əsasında tikinti-quraşdırma işləri yerinə yetirilməklə ilkin vəziyyətə qaytarılmasıdır. Həmin Məcəllənin 39-cu maddəsinə əsasən abadlaşdırma tədbirləri müəyyən ərazidə sağlam yaşayış, iş və istirahət şəraitinin yaradılması, həmin ərazidə yaşayan və ya işləyən insanların təhlükəsizliyinin təmin edilməsi, müvafiq ərazinin və həmin ərazidə yerləşən tikinti obyektlərinin və onların ayrı-ayrı hissələrinin fasadlarının zahiri görkəminin yaxşılaşdırılması, habelə bununla bağlı mövcud şəraitin daha da yaxşılaşdırılması məqsədi daşıyan tədbirlər məcmusudur. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 9 noyabr tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (bundan sonra – Komitə) şəhərsalma, ərazi planlaşdırılması, arxitektura və bununla bağlı layihələndirmə sahələrində (bundan sonra – müvafiq sahədə) dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 dekabr tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyi haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyi (bundan sonra - Agentlik) ölkə ərazisində qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində tikinti sahəsinə aid fəaliyyətin bütün mərhələlərində təhlükəsizlik tələbləri ilə bağlı dövlət siyasətinin hazırlanmasında iştirak edən, bu siyasətin həyata keçirilməsini təmin edən və həmin sahədə dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 8.34-cü bəndinə əsasən istismar olunan yaşayış evlərində, binalarda, qurğularda uçma və dağılma təhlükəsi yaradan icazəsiz yenidənqurma və söküntü işlərinin aparılmasının qarşısının alınması üçün tədbirlər işləyib hazırlamaq və onların həyata keçirilməsinə nəzarət etmək Agentliyin vəzifələrinə aiddir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 31 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının fasadında aparılmış yenidən qurma işləri qanunvericilikdə nəzərdə tutulan tələblərə uyğun aparılmışdır. Məhkəmə qeyd edir ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 31 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının fasadında aparılmış yenidən qurma işlərinin sökülməsi, binanın əvvəlki vəziyyətə qaytarılması üçün qanunvericilikdə nəzərdə tutulmuş hər hansı əsasın olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmadığından, hazırkı iddia tələbi əsassızdır və təmin olunmamalıdır. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı cavabdehlərin üzərinə 5 (beş) iş günü müddətində Cəmiyyətin mülkiyyəti yerləşən Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 31 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının fasadında aparılmış yenidən qurma işlərinin sökülməsi, binanın və müvafiq olaraq əmlakımızın əvvəlki vəziyyətə gətirilməsinə dair iddia tələbi təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev