Məhkəmə qərarları › İş №2-1(112)-3790/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3790/2021

16.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3790/2021 16.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 02 dekabr 2019cu il tarixindən, yəni 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, 02 dekabr 2019-cu il tarixindən hazırki vaxta qədər yaranmış pensiya məbləği fərqinin hesablanaraq birdəfəlik ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X2 izahatında bildirdi ki, iddiaçı 1997-ci ildən hazırki vaxta qədər N nömrəli hərbi hissədə Üzən Tərsanə “ÜT-74”-də elektrik vəzifəsində işləyir. İddiaçının 02 dekabr 2019-cu ildə 57 yaşı tamam olmuş və həmin vaxtdan da onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respiublikası Qanununun 9.8-ci maddəsində deyilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İddiaçı bununla əlaqədar cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Cavabdehin 15 dekabr 2020-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) dəniz və çay donanması bəndində (21.2) elektrik mexanikləri, onların köməkçiləri, böyük elektrik mexanikləri, onların köməkçiləri, böyük elektrik mexanikləri vəzifələri nəzərdə tutulmuşdur. Cavabdehin cavabından məlum olmuşdur ki, iddiaçının vəzifəsi, yəni elektrik vəzifəsi həmin siyahıda nəzərdə tutulmadığından ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi mümkün deyil. Cavabdehin 15 dekabr 2020-ci il tarixli cavab məktubunda həm də ikinci səbəb kimi göstərilmişdir ki, iddiaçının pensiya kapitalı minimum pensiya məbləğinin təyin edilməsinə imkan vermədiyindən ona əmək pensiyası təyin edilə bilməz. Cavabdeh iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsində qanunvericiliyin zamana görə tətbiqində səhv etmiş və nəticədə iddiaçının pensiya hüququnu pozmuşdur. İddiaçının güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajı 1997-ci ildə başlamış və hazırki vaxta qədər davam edir. 2006-cı ildə qəbul edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində deyilir ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin vaxt Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərar ilə təsdiq olunmuş 2 nömrəli siyahı var idi ki, həmin siyahının 23003000 kodunda dəniz və çay donanması nəzərdə tutulur. 23003010 kodu üzrə Üzən heyət göstərilir və həmin kod üzrə konkret olaraq göstərilir ki, dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla) güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajı əldə edən şəxslər qrupuna daxildir. 2007-ci ildə bu siyahı ləğv edilmiş və Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işlərin yeni siyahısı qəbul edilmişdir. Həmin vaxt iddiaçı 12 il zəruri olan stajın 10 ilini, hazırda isə 22 ilini toplamışdır. İş yerindən verilən arayışda da qeyd edilmişdir ki, iddiaçının çalışdığı vəzifə ona güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ verir. Lakin cavabdeh tamamilə qanunun tələbinə zidd olaraq iddiaçının pensiya işinə 1993-cü ilin qərarını deyil, vəziyyəti ağırlaşdıran qanunun geriyə qüvvəsini tətbiq etməklə iddiaçının pensiya hüququnu məhdudlaşdırmışdır. Pensiya kapitalının minimum pensiya təyinatına imkan vermə məsələsinə gəldikdə isə cavabdeh tərəf bu halda da qanunun zamana görə tətbiqində səhv etmiş və nəticədə iddiaçının pensiya hüquqlarını pozmuşdur. Belə ki, iddiaçının güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajı 2009-cu ildə tamamlanaraq 12 il olmuşdur. Həmin vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunda əmək pensiyasının minimum məbləğini müəyyən edən maddə yox idi. Əmək pensiyasının minimum məbləğini müəyyən edən 6-1-ci maddə Qanuna 10 mart 2017-ci il tarixində daxil edildi və həmin maddənin tələbinə görə əmək pensiyasının minimum məbləği 2017-ci il 1 iyul tarixindən 110 manat məbləğində müəyyən olunmuşdur. Daha sonra 2019-cu il 19 fevral tarixli Qanunla 6-1-ci maddə yeni redaksiyada verilmiş və həmin maddədə qeyd edilmişdir ki, 2019-cu il 1 oktyabr tarixindən əmək pensiyasının minimum məbləği 200 manat müəyyən edilsin. İddiaçının güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajını tam olaraq əldə etdiyi vaxt, yəni 2009-cu ildə qüvvədə olan Qanunun 9.1-ci maddəsində pensiya kapitalı anlayışı nəzərdə tutulmamışdı. Bu anlayış Qanuna 2017-ci il tarixində daxil edildi və 9.1-ci maddəyə dəyişiklik edilərək “57” yaş “60” yaşla əvəz edilmiş və həmin maddəyə “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. Göründüyü kimi pensiya hüququ verən güzəştlər sahəsində vəziyyət daha pisləşmişdir. Birinci, ona görə ki, 57 yaş 60 yaşla əvəz edilmişdir. İkinci ona görə ki, pensiya təyinatı üçün tək staj deyil, minimum pensiya təyinatına imkan verən pensiya kapitalının olması tələb edilmişdir. Qanunun zamana görə qüvvəsinə əsasən qanunun vəziyyəti ağırlaşdıran bu göstərişinin geriyə qüvvəsi tətbiq edilə bilməz və bu hal “Əmək pensiyaları haqqında” Qanunun 2009-cu ildə qüvvədə olan 9.5-ci maddənin tələbinə (hazırda 9.8-ci maddə) birbaşa ziddir. Belə ki, həmin maddədə deyilir ki, “bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir”. Qanunun məzmununa görə qanuna sonradan edilən dəyişikliklərin, xüsusilə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən hüquqları məhdudlaşdıran şərtlərinin geriyə qüvvəsi yoxdur. İddiaçının əmək pensiyasının hesablanmasında minimum pensiya təyinatına imkan verən pensiya kapitalı anlayışı tətbiq edilə bilməz, tətbiq edilsə belə, 2019-cu ildən qüvvəyə minən “200 manat” anlayışı deyil, 2017-ci ildən 2019-cu ilədək qüvvədə olan “110 manat” anlayışı pensiya təyin edilməsində tətbiq edilməlidir. Daha sonra Qanunun 6-1-ci maddəsində deyilir ki, bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Deməli, ümumi araşdırmaya əsasən belə məlum olur ki, Qanunun tələbinə görə «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinin 2009-cu ildə qüvvədə olan redaksiyası iddiaçının pensiya təyinatına tətbiq edilməli, həmin vaxt qüvvədə olan pensiya hesablanması qaydasına uyğun iddiaçıya pensiya təyin edilməli və əgər bu məbləğ minimum pensiya məbləğindən aşağı olarsa, 6-1-ci maddənin tələbinə əsasən minimum pensiya məbləğinə çatdırılmaqla ödənilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 izahatında bildirdi ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativhüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X6 qərarlarını, X6 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) dəniz və çay donanmasa bəndində (21.2) elektrik mexanikləri, onların köməkçiləri, böyük elektrik mexanikləri vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən iddiaçının 09 sentyabr 1980-cı il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında 08.12.1997-01.03.2011ci il tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikası Müdafiə Nazirliyi 328 №-li Hərbi Hissə “ÜT-74”də elektrik, 15.07.2002-01.01.2006-cı il tarixləri arasındakı dövr ərzində isə həmin idarədə baş elektrik vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifə yuxarda qeyd olunan Qərarla müəyyən olunmuş Siyahı üzrə nəqliyyat bölməsində qeyd olunan vəzifələrə uyğun deyil. Bu səbəbdən iddaçının 1 yanvar 2006-cı il tarixinə qədər güzəştli iş stajı yoxdur. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 45600,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 37693,51 manat təşkil edir. Əlavə olaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1.1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 15.12.2020-ci il tarixli **********5 saylı məktubda qeyd edilir: Ərizənizə və ona əlavə olunmuş sənədlərə baxaraq bildiririk ki, ‘Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında" Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X6 qərarlarını, X6 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın nəqliyyat bölməsinin (21) dəniz və çay donanması bəndində (21.2) elektrik mexanikləri, onların köməkçiləri, böyük elektrik mexanikləri vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz 09 sentyabr 1980-cı il tarixli İT-İ ******* nömrəli əmək kitabçanızda 08.12.1997-01.03.2011-ci il tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikası Müdafiə Nazirliyi 328 №-li Hərbi Hissə “ÜT-74”də elektrik, 15.07.2002- 01.01.2006-cı il tarixləri arasındakı dövr ərzində isə həmin idarədə baş elektrik vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyiniz vəzifə yuxarda qeyd olunan Qərarla müəyyən olunmuş Siyahı üzrə nəqliyyat bölməsində qeyd olunan vəzifələrə uyğun deyil. Bu səbəbdən Sizin 1 yanvar 2006-cı il tarixinə qədər güzəştli iş stajınız yoxdur. Bundan başqa Sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq Sizə münasibətdə 45600,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 37693,51 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin 02.09.2020-ci il tarixli 864 saylı arayışından görünür ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı həqiqətən N nömrəli hərbi hissədə 08.12.1997-ci il tarixdən 01.03.2011-ci il tarixədək Üzən Tərsanə "ÜT-74”-də elektrik və 15.07.2002-ci il tarixdən hal-hazıra kimi Üzən Tərsanə ÜT-74-də baş elektrik vəzifəsində işləyir. Azerbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı ilə güzəştli şərtlərə görə pensiya 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarının 21-ci bölməsinin 21.2 bəndinin Dəniz donanması: b) Üzən heyyət elektrik mexanikləri, onların köməkçiləri, böyük elektrik mexanikləri (21.2. səhifə 74 Koduna uyğun olaraq) 22 (iyirmi iki) il 8(səkkiz) ay 24(iyirmi dörd) gün iş stajı ilə İddiaçı güzəştli şərtlə pensiya çıxmaq hüququ verir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin 02.08.2021-ci il tarixli 933 saylı arayışından görünür ki, İddiaçı 08.12.1997-ci ildən (08.12.1997-ci il tarixli 82 saylı əmr) hal-hazıra kimi Üzən Tərsanə ÜT-74-də elektrik vəzifəsində işləyir. Zərərli iş şəraitinin müəyyən edilməsinə əsas: Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı ilə güzəştli şərtlərə görə pensiya 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarının 21-ci bölməsinin 21.2 bəndinin Dəniz donanması: b) Üzən heyət: elektrik mexanikləri, onların köməkçiləri, böyük elektrik mexanikləri. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış 13.10.2021-ci il tarixli **********5 saylı məktubda qeyd edilir: Məktubunuza baxaraq bildiririk ki, vətəndaş İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 18929,34 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan 20696,96 manat olmaqla cəmi pensiya kapitalı 39626,90 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bununla əlaqədar olaraq İddiaçı 1 yanvar 2006-cı il tarixinədək olan 20 il 11 ay 17 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 18929,34 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında 20696,96 manat pensiya kapitalı qeydə alınmışdır. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla nəzərdə tutulmuş digər şərtlərin mövcud olacağı təqdirdə onun Mərkəzi Filiala müraciətində qeyd etdiyi kimi 57 yaşının tamam olduğu 02.12.2019-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 43600,00 manat məbləğində hesablanmışdır. Əlavə olaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. İş materiallarında olan İddiaçı məxsus İT-İ seriyalı ******* saylı əmək kitabçasının tərcümə edilmiş və təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 01.09.1979-cu ildən 23.07.1980-cı ilədək 62 saylı ŞTPM-də oxumuş, 09.09.1980-cı ildə 23-Gəmir təmiri zavodunda 10 №-li sexə 1 dərəcəli gəmi elektromontajçısı qəbul edilmiş, 15.04.1981-ci ildə həqiqi hərbi xidmətə çağırıldığı üçün Azərbaycan SSR Əmək Məcəlləsinin 36 maddəsinin “p” bəndinə əsasən işdən azad edilmiş, 21.04.1981-ci ildən 19.05.1983-cü ilədək Sovet ordusunda xidmət etmiş, 26.07.1983-cü ildə üç dəfə Lenin ordenli, Oktyabr inqilabı ordenli, X7 ordenli Moskva Lixaçov adına avtomobil zavodunda Press korpusuna elektrik avadanlığının təmiri üzrə 4-cü dərəcəli elektromontyor işinə qəbul edilmiş, 01.06.1986-cı ildə elektrik avadanlığının təmiri üzrə 5-ci dərəcəli elektromontyor adı verilmiş, 14.07.1989-cu ildə öz xahişi ilə işdən azad edilmiş, 05.08.1989-cu ildə “Qismət” kooperativində xarrat-dəzgahçı şagirdi vəzifəsinə qəbul edilmiş, 05.11.1989-cu ildə öz xahişi ilə işdən azad edilmiş, 18.12.1989-cu ildə “Azelektroterm” EİB-nin Bakı elektrotermik avadanlığı zavodunda elektrik təmiri sexinə elektrik avadanlığının təmiri üzrə elektromontyor işinə qəbul edilmiş, 18.03.1991-ci ildə elektrik avadanlığının təmiri üzrə 6cı dərəcəli elektromontyor adı verilmiş, 22.07.1991-ci ildə öz xahişi ilə işdən azad edilmiş, 05.08.1991-ci ildə Gəmi təmiri zavoduna 10 saylı sexə 3-cü dərəcəli elektromontyor qəbul edilmiş, 02.12.1991-ci ildə 4-cü dərəcəli elektromantajçı adı verilmiş, 15.07.1994-cü ildə öz xahişi ilə işdən azad edilmiş, 28.07.1994-cü ildə Paris Kommunası adına “X9 Təmiri Zavodu” İB-nin baş istehsalat vahidi elektromontaj sahəsinə 4-cü dərəcəli gəmi elektromontajçısı qəbul edilmiş, 02.12.1997-ci ildə öz xahişi ilə işdən azad edilmiş, 08.12.1997-ci ildə N saylı hərbi hissəyə MD-74 elektrik vəzifəsinə işə qəbul edilmiş, 15.07.2002-ci ildə 4-cü dərəcəli baş elektrik vəzifəsinə keçirilmiş, 01.03.2011-ci ildə hərbi hissədə ştat struktur dəyişiklikləri ilə əlaqədar olaraq Üzən Tərsanədə 4-cü dərəcəli baş elektrik vəzifəsinə təyin edilmiş, 25.02.2015-ci ildə Azərbaycan Respublikasının Müdafiə Nazirinin 07.02.2015-ci il tarixli müvafiq əmrinə əsasən hərbi hissənin ştat strukturun dəyişilməsini nəzərə alaraq “Üzən Tərsanə-74” 5-ci dərəcəli baş elektrik vəzifəsinə keçirilmiş və hal-hazıra kimi (02.09.2020-ci il) işləyir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qazanmış olsunlar. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.1962-ci ildə doğulmuşdur. İddiaçı 01.09.1979-cu ildən 23.07.1980-cı ilədək 62 saylı ŞTPM-də təhsil almış, 21.04.1981-ci ildən 19.05.1983-cü ilədək həqiqi hərbi xidmət keçmiş, 09.09.1980-cı ildə 23-Gəmir təmiri zavodunda 10 №-li sexə 1 dərəcəli gəmi elektromontajçısı qəbul edilmiş, 15.04.1981-ci ildə həqiqi hərbi xidmətə çağırıldığı üçün işdən azad edilmiş, 26.07.1983-cü ildə Moskva Lixaçov adına avtomobil zavodunda Press korpusuna elektrik avadanlığının təmiri üzrə 4-cü dərəcəli elektromontyor işinə qəbul edilmiş, 01.06.1986-cı ildə elektrik avadanlığının təmiri üzrə 5-ci dərəcəli elektromontyor adı verilmiş, 14.07.1989-cu ildə öz xahişi ilə işdən azad edilmiş, 05.08.1989-cu ildə “Qismət” kooperativində xarrat-dəzgahçı şagirdi vəzifəsinə qəbul edilmiş, 05.11.1989-cu ildə öz xahişi ilə işdən azad edilmiş, 18.12.1989-cu ildə “Azelektroterm” EİB-nin Bakı elektrotermik avadanlığı zavodunda elektrik təmiri sexinə elektrik avadanlığının təmiri üzrə elektromontyor işinə qəbul edilmiş, 18.03.1991-ci ildə elektrik avadanlığının təmiri üzrə 6-cı dərəcəli elektromontyor adı verilmiş, 22.07.1991-ci ildə öz xahişi ilə işdən azad edilmiş, 05.08.1991-ci ildə Gəmi təmiri zavoduna 10 saylı sexə 3-cü dərəcəli elektromontyor qəbul edilmiş, 02.12.1991-ci ildə 4cü dərəcəli elektromantajçı adı verilmiş, 15.07.1994-cü ildə öz xahişi ilə işdən azad edilmiş, 28.07.1994-cü ildə Paris Kommunası adına “X9 Təmiri Zavodu” İB-nin baş istehsalat vahidi elektromontaj sahəsinə 4-cü dərəcəli gəmi elektromontajçısı qəbul edilmiş, 02.12.1997-ci ildə öz xahişi ilə işdən azad edilmiş, 08.12.1997-ci ildə N saylı hərbi hissəyə MD-74 elektrik vəzifəsinə işə qəbul edilmiş, 15.07.2002-ci ildə 4-cü dərəcəli baş elektrik vəzifəsinə keçirilmiş, 01.03.2011-ci ildə hərbi hissədə ştat struktur dəyişiklikləri ilə əlaqədar olaraq Üzən Tərsanədə 4-cü dərəcəli baş elektrik vəzifəsinə təyin edilmiş, 25.02.2015-ci ildə Azərbaycan Respublikasının Müdafiə Nazirinin 07.02.2015-ci il tarixli müvafiq əmrinə əsasən hərbi hissənin ştat strukturun dəyişilməsini nəzərə alaraq “Üzən Tərsanə-74” 5-ci dərəcəli baş elektrik vəzifəsinə keçirilmiş və hal-hazıra kimi (02.09.2020ci il) işləyir. Göründüyü kimi, iddiaçının təhsil müddəti (10 ay 23 gün), həqiqi hərbi xidmət keçdiyi müddət (2 il 29 gün) və işlədiyi dövr (22 il 9 ay 12 gün) nəzərə alınmaqla, o, 01.01.2006-cı il tarixədək 25 il 9 ay 4 gün ümumi sığorta stajına malikdir. Məhkəmə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı ilə əlaqədar qeyd edir ki, iddiaçının Üzən Tərsanə “ÜT-74”-də işlədiyi 08.12.1997-ci ildən 15.07.2002-ci ilədək elektrik, 15.07.2002-ci ildən 01.01.2006-cı ilədək baş elektrik vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı»nda nəzərdə tutulmuşdur (Bölmə XXVİİİ Nəqliyyat, 3. Dəniz və çay donanması, 1) Üzən heyət, kod 23003020—25410 elektrik mexanikləri, onların köməkçiləri, böyük elektrik mexanikləri). İddiaçının həmin vəzifələrdə iş stajı 01.01.2006-cı ilədək 8 il 22 gün təşkil edir. Göründüyü kimi, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı 12 il 6 aydan azdır. Bu səbəbdən də onun əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı 57 yaşının tamam olduğu tarixdən - 02 dekabr 2019-cu il tarixindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasının əsaslarından biri fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsidir. Lakin məhkəmə tərəfindən araşdırılmış sübutlarla müəyyən edildi ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi iddiaçıya münasibətdə 45600,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 37693,51 manat təşkil edir. Göründüyü kimi, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı qanunvericiliyə uyğun olaraq hesablanmış pensiya kapitalından az təşkil edir. İddiaçı 02.12.2019-cu ildən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir, qeyd olunan norma isə “Əmək pensiyaları haqqında” Qanuna 10 mart 2017-ci il tarixdə əlavə edilmişdir və 01.07.2017-ci il tarixdən qüvvəyə minmişdir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə» 10.03.2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu). Ona görə də məhkəmə hesab edir ki, həmin şərt iddiaçıya münasibətdə tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə pensiyalar təyin edilməsini yalnız iki şərtə münasibətdə müəyyən edir - yaş və staj. Bu, pensiya təyin edilərkən digər hallara şamil edilə bilməz. Bu baxımdan məhkəmə iddiaçının onun pensiya hüququnun 2009-cu ildə yaranması, 2017-ci ildə edilmiş dəyişiliklərin ona şamil edilməli olmaması, eləcə də əmək pensiyası təyin edilərkən pensiya kapitalının tələb edilməli olmaması ilə əlaqədar dəlillərini əsassız hesab edir. Göründüyüy kimi, həm iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı 12 il 6 aydan azdır, həm də iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Bu səbəbdən də iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar