Məhkəmə qərarları › İş №2-1(112)-3791/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3791/2025

15.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3791/2025 15.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv olunması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv olunması” tələbinə dair iddiası üzrə inzibati işə 15 may 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3- 21-2-3/2-127294/2024 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 3-21-2-3/2- 10492/2025 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-127294/2024 nömrəli qərarı ilə iddiaçıya 2023-cü il üzrə kameral vergi yoxlaması ilə 40243,46 manat gəlir vergisi hesablanmışdır. Həmin hesablama əsassızdır və qərar ləğv edilməlidir. Belə ki, Lokal Gəlirlər Baş idarəsi tərəfindən göndırilmiş xx.xx.2024-cü il tarixli 3-212-3/2-107998/2024 nömrəli uyğunsuzluq məktubunda bunlar bildirilmişdir: “tərəfinizdən təqdim edilmiş 2023-cü il mənfəət (gəlir) vergisi tədiyyəsi üzrə bəyannamənin araşdırılması zamanı aşağıdakı risklər müəyyən olunmuşdur: - 201217,3 manat güzəşt və azadolmalara dair təsdiqedici sənədləri ilə birgə ətraflı izahın təqdim edilməsinə zərurət yaranmışdır.” Qeyd edilən məktuba cavab verilməsinə baxmayaraq vergi orqanı tərəfindən 40243,46 manat Gəlir vergisi hesablanmışdır. 2023-cü il üzrə tədim edilmiş gəlir vergisi bəyannaməsində uçot metodu olaraq hesablama metodu seçilmişdir. 2023-cü ildə təqdim edilmiş e-QF məbləği 15000 manat təşkil etmişdir. Bundan əvvəlki dövrlər üzrə uçot metodu kassa metodu seçildiyinə həmin illərdə daxil olan vəsait əsasında gəlir vergisi hesablanmışdır. 2021-2022 illərdə təqdim edilmiş, mal, iş xidmətin dəyəri 200000 manatdan aşağı olmuş və mikrosahibkarlıq hüququndan istifadə etmişdir. Kassa metodunun tələblərinə uyğun olaraq təqdim edilmiş mallara görə daxil olan vəsait vergiyə cəlb edilmişdir. 2023-cü ildə uçot metodu olaraq hesablama metodu seçilmiş və köhnə dövrdə təqdim edilmiş qaimələr də uçot metodunun dəyişməsi ilə əlaqədar olaraq gəlirə tanınmışdır. Yəni 2023-cü ildə təqdim edilmiş e-qf 15000 manat olmuş və 2023-cü il Gəlir vergisi bəyannaməsində 15000 manat gəlir əks etdirilmişdir. 2023-cü ilədək uçot metodunun dəyişməsindən gəlir 253389,83 manat olmaqla, cəmi gəlir 268389,83 manat əks etdirilmişdir. Cavabdehin etirazı: Cavabdeh etirazında göstərmişdir ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2023cü il gəlir vergisi bəyannamənin 3 nömrəli əlavəsinin 2-ci hissəsində göstərilmiş 201217,3 manat güzəşt və azadolmalara dair təsdiqedici sənədləri ilə birgə ətraflı izahın təqdim edilməsinə zərurət yaranmışdır. Qeyd edilənlərə əsasən vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********185300 nömrəli uyğunsuzluq məktubu göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmişdir. Vergi ödəyicisi tərəfindən yaranmış kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83cü maddələrinə əsasən vergi ödəyicisinin gəlirlərinin 200000 manatdan çox olduğu üçün mikro sahibkarlıq üzrə 75% güzəşt hüququ silinərək 2023-cü ilin gəlir vergisi bəyannaməsi üzrə 40243,46 manat əlavə vergi məbləği hesablanaraq, bu barədə vergi ödəyicisinə müvafiq olaraq xx.xx.2025-ci il tarixli **********491900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar göndərilmişdir. İddia ərizəsində qeyd edilənlərlə bağlı qeyd edilir ki, 2023-cü ilin gəlir vergisi üzrə hesablamalar vergi ödəyicisinin bəyannamə üzrə qeyd etdiyi gəlirləri nəzərə alınmaqla hesablanmışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-2-3/2- 10492/2025 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarından görünür ki, 2023-cü il üzrə 40243,46 manat əlavə vergi məbləği hesablanmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. 83.3. Vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq yenidən hesablamaq hüququ vardır. 102.1.30. Bu Məcəllənin 102.1.30-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizi. Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir. Vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən edilən şərtlərə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə fərdi sahibkarın mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş gəlir vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrlərdə gəlir vergisi öhdəliyindən çıxılır. 102.1.30. bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi (5 dekabr 2023-cü il tarixədək qüvvədə olan redaksiya) Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Vergi Məcəlləsinin müddəalarına əsasən, rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir və mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır (VM-nin 96.1 və 102.1.30-cu maddələri). Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-2-3/2- 10492/2025 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarından görünür ki, 2023-cü il üzrə 40243,46 manat əlavə vergi məbləği hesablanmışdır. İddiaçı özünün mikro sahibkar kimi 75 faiz güzəşt hüququndan istifadə etmək səlahiyyətinin olduğu qənaətindədir və cavabdehin ona əlavə vergi hesablanmasını qanunsuz hesab edir. Cavabdeh də öz növbəsində iddiaçı barədə qəbul edilmiş qərarın əsaslı olduğunu, iddiaçıya münasibətdə həmin güzəşt tətbiq olunmamalı olduğunu göstərir. Məhkəmə iddia tələbi ilə bağlı cavabdehin mövqeyini əsaslı hesab edir. Məhkəmə qeyd edir ki, iddianın əsaslı olması üçün, ilk növbədə, iddiaçı mikrosahibkar kateqoriyasına aid olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”na əsasən işçilərinin orta sayı 1-10 olan və illik gəliri 200000 manata qədər olan şəxslər mikro sahibkar hesab edilir. İddiaçının cavabdeh orqana təqdim etdiyi gəlir vergisi üzrə dəqiqləşdirilmiş bəyannamənin 1223-cü sətrində ümumi gəlir 268389,83 manat qeyd edilmişdir. Bu da limitdən, yəni 200000 manatdan çox olduğundan iddiaçı mikro sahibkar sayıla bilməz. Belə olan halda 75 faiz güzəşt hüququ ona şamil edilə bilməz. Odur ki, cavabdeh vergi orqanı tərəfindən güzəştə salınmış məbləğ üzə hesablama aparılması qanuni və əsaslı olmuşduir. Beləliklə, məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, İPM-in 14.1-ci maddəsinin tələbləri baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etdiyindən, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv olunması” tələbinə dair iddiası təmin еdilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv olunması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar