Məhkəmə qərarları › İş №2-1(112)-3792/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3792/2023

08.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3792/2023 08.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyata alınma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Bakı şəhəri, Xətai rayonu, Qafqaz küçəsi, ev 47B ünvanı üzrə qeydiyyata alınmaq vəzifəsinin cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin üzərinə qoyulması tələbi irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1983-cü ildə Sabirabad rayonunda anadan olmuşdur. Hal-hazırda ünvan 2 ünvanda yaşadığına baxmayaraq, həmin ünvan üzrə qeydiyyatda deyildir. ünvan 3iyyata alınmağında Xətai Rayon Polis İdarəsinə müraciət etmişdir. Xətai Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixdə ünvanladığı müraciətinə cavab olaraq xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, yaşayış yeri üzrə qeydiyyata alınması üçün vətəndaş "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən Yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, icarə və kirayə müqaviləsi, vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) təqdim etməlidir. Qeyd olunan sənədləri təqdim etdikdən sonra göstərilən ünvana qeydiyyata alınma məsələsi öz müsbət həllini tapacaqdır. Lakin diqqətə çatdırılır ki, tələb edilən sənədlərin təqdim edilməsi mümkün deyildir. Belə ki, qeyd edilən ünvanda yerləşən yaşayış sahəsinə mülkiyyət dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış mövcud deyildir. Ailə üzvləri uzun müddətdir həmin ünvanda yaşayır və eyni zamanda həmin yaşayış yeri üzrə qeydiyyatdadırlar.

3. Nikah haqqında şəhadətnaməyə əsasən X8 və X3 arasında nikah xx.xx.2007-ci ildə qeydiyyata alınmış, nikahdan sonra arvada “Qocayeva” soyadı verilmişdir.

4. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Qafqaz küçəsi, ev 47B saylı fərdi yaşayış evinin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir.

5. Şifahi məhkəmə dinləmələri zamanı iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun olaraq izahat verərək iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi.

6. Cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsi tərəfindən məhkəməyə təqdim edilən ərizədə iddiaya yazılı etiraz təqdim edilmədən işə cavabdeh qurumun iştirakı olmadan baxılması xahiş edilmişdir.

II. İddianın növü və mümkünlüyü

7. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.

8. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

9. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPMin 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.

10. İddiaçının cavabdeh orqana etdiyi müraciətə cavab olaraq verdiyi xx.xx.2022-ci il tarixli cavabında bildirilmişdir ki, yaşayış yeri üzrə qeydiyyata alınması üçün vətəndaş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, icarə və kirayə müqaviləsi, vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) təqdim edilməlidir. Qeyd olunan sənədləri təqdim etdikdən sonra göstərilən ünvana qeydiyyata alınma məsələsi öz müsbət həllini tapacaqdır.

11. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

12. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən X17, X22, X5, X28, X29, X18, X6, X2, X4, X19, X7, X9, X11, X12, X23, X24 və X13 Bakı şəhəri, Xətai rayonu, Qafqaz küçəsi, ev 47B ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar.

13. Bakı şəhəri, Xətai rayonu, Qafqaz küçəsi, ev 47B ünvanında qeydiyyatda olan X8 və X1 orqanlara təqdim olunması üçün imzaladığı ərizəyə əsasən İddiaçı Bakı şəhəri, Xətai rayonu, Qafqaz küçəsi, ev 47B ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyata düşməsinə etiraz etməmişdirlər.

14. Cavabdeh qurumun imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Belə ki, həmin ünvanda X8 və uşaqları-X25 və X29 bir ailənin üzvüdürlər və pasport qeydiyyatındadırlar. İddiaçının yaşayış yeri üzrə qeydiyyata alınmaq istədiyi evdə birlikdə faktiki olaraq yaşayırlar.

15. "xxxx" ASC tərəfindən abonent X17 ünvan Bakı şəhəri, Xətai rayonu, Qafqaz küçəsi, ev 47B göstərilməklə **********4047V abonent kodu verilmiş və çoxsaylı ödəniş qəbzləri təqdim edilmişdir.

16. "xxxx" ASC tərəfindən abonent X8 ünvan Bakı şəhəri, Xətai rayonu, Qafqaz küçəsi, ev 47B göstərilməklə **********036 abonent kodu verilmiş və çoxsaylı ödəniş qəbzləri təqdim edilmişdir.

17. "xxxx" ASC tərəfindən abonent X17 ünvan Bakı şəhəri, Xətai rayonu, Qafqaz küçəsi, ev 47B göstərilməklə **********001000 abonent kodu verilmiş və çoxsaylı ödəniş qəbzləri təqdim edilmişdir.

18. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.

19. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir.

20. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.

21. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir.

22. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə (Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması) əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir.

23. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının əri qeyd edilən mənzildə uzun müddətdir ki, yaşayır və kommunal xidmətlərdən istifadə edir. İddiaçı qeyd edilən mənzildə əri və uşaqları birlikdə yaşayır. Məhkəmə hesab edir ki, işin faktiki hallarına fərdi yanaşmaqla qeyd edilənlər iddiaçının həmin evlə kifayət qədər yetərli və sabit dərəcədə davamlı bağlılığını (əlaqəni) ifadə edir və həmin evdə onunla bir yerdə yaşayan şəxs(lər)in razılığı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən “Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd” hesab oluna bilər.

24. Odur ki, məhkəmə hesab edir ki, müvafiq qeydiyyat “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmanın məqsədlərinə uyğun olmaqla iddiaçıların uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmağa xidmət etdiyindən iddia təmin edilməlidir.

25. Qeyd edilən yanaşma X35 məhkəməsinin təcrübəsinə də əsaslanır. X35 Konvensiyasının 8-ci maddəsinin 1-ci hissəsinə əsasən, hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. X35 Konvensiya orqanlarının məhkəmə təcrübəsinə görə, 8-ci maddənin mənası daxilində "mənzil" anlayışı qanuni əsaslarla yaşanılan və ya hüquqi olaraq rəsmiləşdirilmiş yaşayış sahələri ilə məhdudlaşmır. "Mənzil" daxili qanunvericiliyə uyğun olaraq müəyyən edilməyən müstəqil (avtonom) bir anlayışdır. Müəyyən bir yaşayış yerinin 8-ci maddənin 1-ci bəndinin təminatlarının qüvvədə olduğu bir "mənzil" olub-olmaması faktiki hallardan, yəni müəyyən bir yerlə kifayət qədər və sabit əlaqələrin mövcudluğundan asılıdır. (Bax Prokopovich v. Russia xx.xx.2004, ərizə №58255/00, § 36, Buckley v. the United Kingdom, qərar xx.xx.1996 г., Qərar və qərardadlar toplusu 1996- İV, §§ 52-54 и Komissiyanın xx.xx.1995-ci il hesabatı § 63; Gillow v. the United Kingdom, xx.xx.1986, Seriya А №109, § 46; Wiggins v. the United Kingdom, № 7456/76, Komissiyanın xx.xx.1978-ci il tarixli qərarı, Qərarlar və məruzələr (DR) 13, səh. 40).

26. Digər tərəfdən həmin evdə yaşayan şəxslə müqayisədə fərqli yanaşma iddiaçılara münasibətdə ayrı-seçkilik və X35 Konvensiyasının 8-ci maddəsi ilə qorunan mənzilinə hörmət hüququnun pozulması ilə nəticələnə bilər. Odur ki, iddiaçılara münasibətdə fərqli rəftarın X35 Konvensiyasının (AİHK) 14-cü maddənin (ayrı-seçkiliyin qadağan olunması) tələblərinə uyğun olduğu qənaətinə gəlmək üçün iddiaçıların fərdi situasiyası nəzərə alınmaqla "ağlabatan mütənasiblik əlaqəsi" mövcud olmuş olmalıdır. Konvensiyanın 14-cü maddəsi ilə ayrı-seçkiliyə qoyulan qadağanın yalnız o halda mənası ola bilər ki, ərizəçinin fərdi situasiyası olduğu kimi qəbul edilsin. Məhkəmə qeyd edir ki, cavabdeh qurumun hərəkətsizliyi həmin evdə yaşayan şəxslər arasındakı ailə bağları nəzərə alınaraq X35 Konvensiyasının 8-ci maddəsi ilə qorunan ailə həyatına hörmət hüququ və mənzilinə hörmət hüququnun tətbiq dairəsinə düşür. Odur ki, məhkəmə hesab edir ki, işin hallarına və iddiaçıların fərdi situasiyasına uyğun olaraq cavabdeh orqan tərəfindən iddiaçılara münasibətdə tətbiq olunan fərqli yanaşma ilə bağlı "ağlabatan mütənasiblik əlaqəsi" mövcud deyil. X35 Məhkəməsi dəfələrlə qərarlarında qeyd etmişdir ki, istifadə olunmuş vasitələr və qarşıya qoyulmuş məqsəd arasında proporsionallığın olmaması, ərizəçinin məruz qaldığı fərqli davranışın obyektiv və ağlabatan əsaslarının olmaması ayrı-seçkilik hesab olunur (bax digərləri ilə yanaşı Fabris Fransaya qarşı [BP] - 16574/08 Qətnamə xx.xx.2013-cü il tarixli qərar [Böyük Palata]; X14rşı (Muñoz Díaz v. Spain), ərizə № 49151/07, xx.xx.2009-cu il tarixli qərar). Odur ki, iddiaçıların fərdi situasiyası nəzərə alınmaqla başqa cür yanaşma AHİK-in 8-ci maddəsi ilə birgə götürülmüş Konvensiyanın 14-cü maddəsinin pozuntusu hesab edilə bilər.

27. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

28. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

29. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh qurumun imtinası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 13, 17, 19, 24-cü maddələrinə zidd olduğundan qanunsuz hesab edilməlidir.

30. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Xətai rayonu, Qafqaz küçəsi, ev 47B ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar