Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3793/2023 10.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzil növbəsinə alınma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzil növbəsinə alınma” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, X3 iştirakçısı kimi İİ qrup əlildir, hal-hazıradək mənzillə təmin edilməmişdir. Mənzil növbəsinə alınma barədə cavabdehə müraciət etsə də uçot qaydalarının aparılmaması əsası ilə onun müraciəti təmin edilməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə, 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. İşin faktiki hallarından da göründüyü kimi cavabdehin imtinasının əsasında Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməməsi dayanır. Məhkəmə hesab edir ki, həmin əsasla imtina qanunsuz olsa da, iddiaçının müraciətindən imtina qanunidir. Doğrudur, Qaydaların hal-hazıradək hazırlanmaması iddiaçının təqsiri ilə bağlı deyil və həmin hal iddiaçının uçota alınmasından imtinanın qanuni dəlili qismində qiymətləndirilə bilməz. Lakin, həmin imtinanın həmin dəlillə bağlı qanunsuzluğu iddiaçının müraciətinin təmininə münasibətdə vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Belə ki, məhkəmənin işin mahiyyəti üzrə qiymətləndirilməsinə münasibətdə tam və obyektiv araşdırmanın aparılması cavabdehin imtina dəlillərindən asılı deyil. Eyni zamanda, inzibati məhkəmə icraatı üzrə məhkəmə təcrübəsinin formalaşdırılması ilə bağlı əhəmiyyət daşıyan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/2020 saylı İcmal məktubunda da qeyd edilmişdir ki, cavabdehin imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətinin dəyişdirilməsində nə dərəcə haqlı olduğu da müəyyən edilməlidir. Bu səbəbdən də yalnız həmin dəlillərin araşdırılması ilə kifayətlənilməməlidir. Məhkəmə də hazırkı iş üzrə də imtinanın dəlili ilə kifayətlənməmiş və apardığı araşdırma zamanı müəyyən etmişdir ki, iddia rədd edilməlidir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi iddiaçı ailə üzvləri nəzərə alınmaqla mənzil növbəsinə götürülmə xahişi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə də yaşayış sahəsinə ehtiyac meyarının araşdırılması ilə bağlı vermiş olduğu sorğulara cavab məktubları ilə müəyyən etmişdir ki, iddiaçı X1 adına hər hansı daşınmaz əmlak qeydiyyatdan keçməsə də arvadı G.Əliyeva Samux rayonu Ziyalı kəndində yerləşən 0,24 ha, 1,44 ha və 0,12 ha torpaq sahələrinin mülkiyyətçidir. Bundan savayı isə, həmin şəxslərin 28 sentyabr 2009-cu il təvəllüdlü övladı X2 adına mənzil daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmişdir ki, iddiaçı da həmin mənzil üzrə qeydiyyatdadır. Məhkəmə üçün şübhə doğurmur ki, həmin mənzil iddiaçı və onun ailə üzvlərinin istifadəsindədir və ailə üzvü kimi iddiaçının övladının mülkiyyətində həmin əmlakın olması faktiki baxımından iddiaçının istifadəçi, məntiqi baxımından isə real mülkiyyətçi olması halına təsir etmir. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçıya müddətsiz əmək pensiyası və Prezident təqaüdü təyin edilmiş, iddiaçının övladı A.Vəlizadə də müavinət almaqdadır. Göründüyü kimi hazırkı iş üzrə işin faktiki halı odur ki, ailə üzvləri ilə mənzil uçotuna alınma tələb edən iddiaçı və ailə üzvlərinin istifadəsində 3 torpaq sahəsi, 1 ədəd üç otaqlı Bakı şəhərində yerləşən mənzil vardır, o cümlədən iddiaçının özü və ailə üzvünə müavinət ödənilməkdədir. Məhkəmə hesab edir ki, işin həmin halları iddiaçı və ailə üzvlərinin mənzilə ehtiyac meyarının qiymətləndirilməsi baxımından əhəmiyyət daşımaqla, hazırkı iş üzrə iddianın təminin istisna edir. Azərbaycan Respublikasının İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-3793/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3793/2023
10.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver