Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3795/2020 21.05.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “riyaziyyat kitablarının məktəblilərdən geri götürülməsi və digər tələblərə” dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 2020-ci ilə qədər olan müddətdə nəşr edilmiş və təhsil sistemində məktəblilərə və müəllimlərə paylanmış Riyaziyyat dərsliklərinin təcili olaraq məktəblərdən geri götürülməsi; 2020-ci ildə keçirilmiş Respublika Riyaziyyat olimpiadalarının nəticələrinin ləğv edilməsini; Azərbaycan Respublikasının təhsil sistemində baş verən proseslərin fövqəladə hal hesab edilməsinin təmin edilməsini; Azərbaycan Respublikasında təhsil sistemində fövqəladə hal haqqında Azərbaycan Respublikası Prezidentinin xəbərdar edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3795/2020 saylı 10 mart 2020-ci il tarixli qərradadı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdində olan Təhsil İnistitutu 3-cü şəxs qismində işə cəlb edilmişdir. İş üzrə məhkəmə hazırlıq icraatının iclası 21 may 2020-ci il tarixə təyin edilmişdir. Məhkəmə İPM-in 13-cü (Məhkəmənin yardım etmək vəzifəsi) maddəsini rəhbər tutaraq iddiaçıya “hüquqi yardım” məktubu göndərərək, iddia tələbinin aydın olmadığından, tələb üzrə dəqiqləşmənin təqdim edilməsi bildirmiş, lakin iddiaçı tərəfindən iş üzrə iddia tələbinin dəqiqləşməsi təqdim edilməmişdir. 21 may 2020-ci il tarixə təyin edilmiş məhkəmə hazırlıq icraatının iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, riyaziyyat kitabları nəşrə verilməmişdən qabaq Təhsil Nazirliyi tərəfindən o, rus və azərbaycan bölməsinin 7ci sinif riyaziyyat kitablarının qiymətləndirilməsi üçün dəvət olunmuş, həmin kitablara baxış keçirdikdən sonra, dərslik vəsaitlərinin şagirdlərin bilik əldə etməsi üçün mənfi təsir edəcəyini bildirdiyi halda, Təhsil Nazirliyi tərəfindən onun rəyinə münasibət bildirilməmiş və həmin kitablar nəşrə buraxılmışdır. Odur ki, iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb aşağdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi 4 apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir.Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür.Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir.Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ.Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır.Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır.Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Subyektiv hüquq və ya başqa sözlə «subyektin hüququ» - bu konkret şəxsə məxsus olan hüquq olur. Subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. Məhkəmə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtləri yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Həmçinin nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki,işin faktiki hallarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə 2020-ci ilə qədər nəşr olunmuş riyaziyyat kitablarının mənfi təsir göstərdiyini, həmçinin 2020-ci ildə keçirilmiş olimpiadalarının nəticələrinin ləğvini tələb edir. Halbuki, iddiaçı öz izahatında ekspert kimi dəvət olunduğunu və həmin kitablara baxış keçirərək mənfi rəyi verdiyini bildirsə də, onun Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə aralarında hər hansı bir müqavilə münasibəti olmamış, onun cavabdeh tərəfindən ekspert kimi dəvət olunduğu barədə sübut, o,cümlədən sözügedən kitablar barəsində iddiaçı tərəfindən ekspert rəyi təqdim olunmamışdır. Göründüyü kimi, iddiaçının hazırki iddia tələbi ilə riyaziyyat kitablarının geri qaytarılmasına, həmçinin 2020-ci ilə qədər keçirilmiş olimpiadalarının ləğvinə dair iddia irəli sürmək səlahiyyətində deyildir. Beləliklə, Məhkəmə qanunvericiliyinin müddəalarını, eləcə də işin hallarını nəzərə alaraq hesab edir ki, hazırki mübahisə üzrə İddiaçı hər hansı bir subyektiv hüququ yaranmamışdır. Həmçinin, iddiaçı tələbində Azərbaycan Respublikasının təhsil sistemində baş verən proseslərin fövqəladə hal hesab edilməsini də tələb edir ki, bu iddiası da iddiaçının aydın deyildir. Göstərilənlərə əsasən Məhkəmə belə nəticəyə gəlir ki, iddia buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığına görə iddia mümkünsüz sayılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati-iqtisadi məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “riyaziyyat kitablarının məktəblilərdən geri götürülməsi və digər tələblərə” dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim : Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-3795/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3795/2020
21.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver