Məhkəmə qərarları › İş №2-1(112)-3795/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3795/2022

24.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3795/2022 24.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı nümayəndəi Nümayəndə (Naxçıvan MR, Sədərək rayonunda qediyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri Xətai rayonu üzrə mənzil növbəsinə alınmağı ilə əlaqədar olan hərəkətlərin icra edilməsi öhdəliyinin Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək məhkəmədən onun mənzil növbəsinə götürülməsi ilə bağlı sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 24 may 2022-ci il tarixli Qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bildirir ki, o xx.xx.1992-ci il tarixdə X3 ilə nikaha girmişdir. Həyat yoldaşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərə qatılmış, nikahdan cəmi iki ay sonra 1992-ci il 18 may tarixində Sədərək rayonu ərazisində güllə yarası alaraq şəhid olmuşdur. Bildirir ki, Sədərək Rayon Xalq Məhkəməsi həyat yoldaşına şəhid statusunun verilməsi ilə bağlı 12 iyul 1994-cü il tarixli qətnaməsi vardır. Qeyd edir ki, o ünvan 1 ünvanında xx.xx.2015-ci il tarixindən etibarən qeydiyyatdadır. Hazırda isə o ünvan 2 ünvanında yaşayır. İddiaçı bildirir ki, şəhid ailəsi kimi yaşayış yeri üzrə güzəştli mənzil növbəsinə alınmağı ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinə müraciət etmiş, lakin onun müraciətinə xx.xx.2021-ci il tarixli imtina məktubu verilmişdir. Cavabdeh imtinanın əsası olaraq Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinə istinad edərək imtinanı “yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol verilmiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən 5 ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülə bilərlər” məzmununda əsaslandırmışdır. Halbuki o 2015-ci ildən etibarən, artıq altı ildir ki, Bakı şəhəri Xətai rayonun ərazisində qeydiyyatdadır və həqiqətən, yaşayış sahəsinə ehtiyacı olduğunu əsaslandıracaq yetərli sübutları vardır. Belə ki, adına heç bir daşınmaz əmlak yoxdur, həmçinin torpaq sahəsi ayrılmamışdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmişdir. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin Başçısı 1323 nömrəli xx.xx.2021-ci il tarixli məktubla bildirilmişdir ki, İddiaçı ərizə ilə Xətai rayon İcra Hakimiyyətinə müraciət edərək mərhum həyat yoldaşı Hərbi əməliyyatlar zamanı şəhid olduğunu bildirərək, şəhid ailəsi kimi yaşayış yeri üzrə mənzil növbəsinə alınmağını xahiş etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 21-də yerləşən 4 otaqlı, yaşayış sahəsi 63.72 kv.m olan mənzil, 55-də daimi qeydiyyatda olmuş və xx.xx.2021-ci il tarixdən Gen Şıxlinski küçəsi, ev 38-də yerləşən 30.05 kv.metr yaşayış sahəsi olan 2 otaqlı mənzil, 106-a daimi qeydiyyata düşməklə mənzil şəratini süni sürətdə pisləşdirmişdir. Məlumat üçün iddiaçıya bildirilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol verilmiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verildikləri gündən 5 ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülə bilərlər və bu səbəbdən vətəndaş İddiaçı xahişi cavabdehin imkanı xaricində olduğu nəzərinə çatdırılmışdır. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh şifahi məhkəmə baxış iclasının vaxtı və yeri barədə məhkəmə bildiriş göndərilsə də, cavabdeh məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məktubdan görünür ki, iddiaçının mənzil növbəsinə qəbul olunması barədə ərizəsinə baxılmış və bildirilmişdir ki, iddiaçı Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 21-də yerləşən 4 otaqlı, yaşayış sahəsi 63.72 kv.m olan mənzil, 55-də daimi qeydiyyatda olmuş və xx.xx.2021-ci il tarixdən Gen Şıxlinski küçəsi, ev 38-də yerləşən 30.05 kv.metr yaşayış sahəsi olan 2 otaqlı mənzil, 106a daimi qeydiyyata düşməklə mənzil şəratini süni sürətdə pisləşdirmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol verilmiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verildikləri gündən 5 ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülə bilərlər. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Belə ki, işdə olan, - İddiaçıya məxsus AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1969-cu ildə doğulmuşdur. - Sədərək rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilən 003595 №li Vəsiqənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçıya xx.xx.1994-cü il tarixdən ömürlük əlillik təyin edilmişdir. - Sədərək rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilən 081154 №li Vəsiqənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçıya xx.xx.2007-ci il tarixdən ömürlük İ qrup əlillik təyin edilmişdir. - Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 89 saylı MKİS-i tərəfindən verilən xx.xx.2015-ci il tarixli 1483 №li arayışdan görünür ki, İddiaçı M.Rüstəmov küçəsi, ev 21, mənzil 55 ünvanda qeydiyyatdadır. - Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 87 saylı MKİS-i tərəfindən verilən xx.xx.2021-ci il tarixli 16 №li arayışdan görünür ki, Əliyeva X4 Şıxlinski küçəsi, ev 38, mənzil 106 ünvanda qeydiyyatdadır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin Daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı adına daşınmaz əmlak aşkar edilməmişdir. - Azərbaycan Respublikası Bakı şəhəri Xətai Bələdiyyəsinin 03ƏƏ-1077 saylı xx.xx.2021-ci il tarixli arayışında qeyd edilmişdir ki, ünvan 4 ünvanda qeydiyyatda olan İddiaçı adına Xətai Bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılmamışdır. -Naxçıvan MR VVADQ Şöbəsi tərəfindən verilən 11 mart 1992-ci il tarixli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə X3 arasında nikah bağlınmışdır. -Sədərək Rayon Xalq Məhkəməsinin 2-16-1994 saylı Qətnamədən Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X1 şəhid hesab edilməsi faktı müəyyən edilmişdir. -Naxçıvan MR Sədərək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən 06 mart 2019-cu il tarixli, AZ-İ№496591 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 xx.xx.1992-ci il tarixdə kəlləni və döş qəfəsi dəlib keçən güllə yarası səbəbindən vəfat etmişdir. Məhkəmə araşdırması dövründə Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 21 ünvanında yerləşən 55 saylı mənzilin və ünvan 6 ünvanında yerləşən 106 saylı mənzilin hal-hazırda kimin mülkiyyətində olması barədə məlumatın və mülkiyyət hüququnu təsdiq edən sənədlərin təsdiq edilmiş surəti sorğu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən tələb edilmişdir. Sorğuya cavab olaraq tələb olunan sənədlərin təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir. Təqdim olunan sənədlərdən müəyyən edilir ki, ünvan 6 ünvanı X2 mülkiyytindədir. Sorğuya cavab məktubunda Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 21 ünvanında yerləşən 55 saylı mənzilin dövlət reyestrində qeydə alınmasına dair hər hansı məlumatın aşkar edilmədiyi qeyd edilmişdir. İşin müəyyən edilmiş hallarında görünür ki, iddiaçıya xx.xx.2007-ci ildə ömürlük İ qrup əlillik təyin edilmişdir. İddiaçı şəhid ailəsi kimi güzəştli mənzil növbəsinə götürülməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçıya Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinə istinadən imtina edilmişdir. Belə olan halda onun İ qrup əlil olaraq mənzil siyahısına alınması barədə müraciət etmək hüququ yaranmışdır. O cümlədən tədqiq olunan iş materialları ilə müəyyən edilir ki, iddiaçı şəhid ailəsidir, həmçinin onun adına Bakı şəhəri üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 20 iyun 2014-cü il tarixli 569№li Azərbaycan Respublikasi Prezidentinin Sərəncamına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində olan məsələlərdən olduğu, 2014-cü ilədək bu kateqoriyadan olan 4278 əlilliyi olan şəxs və şəhid ailəsinin mənzillə təmin edildiyi, 5731 nəfər yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığı öz əksini tapmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planının hazırlanıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirilməsi qərara alınmışdır. Qeyd olunan Sərəncamın birinci bəndində göstərilən tələbdən irəli gələrək məhkəmə qeyd edir ki, iddiaçı şəhid ailəsi statusu olan kateqoriyalı şəxslərin sırasına aid olduğundan və bununla da həmin şəxslərin yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığı müəyyən edildiyindən, iddiaçının qeydiyyat ünvanının dəyişərək General Şıxlinski küçəsi, ev 38, mənzil 106 ünvana qeydiyyata alınması cavabdehin imtina ərizəsində qeyd olunduğu kimi mənzil şəraitinin süni şəkildə pisləşməsi halı kimi qiymətləndirilməsinə əsas vermir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinə istinad etməklə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi sosial ədalət və bərabərlik prinsipi baxımından yolverilməzdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının müraciətinin təmin olunmasından imtina edilməsinə dair cavabdehin arqumenti onun hüquqlarının pozulması ilə nəticələnmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərindən biri kimi müəyyən olunmuşdur. Məhkəmə cavabdehin imtinasını həmçinin aşağıda qeyd olunanlara əsasən əsassız hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən məhkəməyə və inzibati orqana şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Həmin Məcəllənin 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Həmin Məcəllənin 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Həmin Məcəllənin 51.5-ci maddəsinə əsasən uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Həmin Məcəllənin 51.6-cı maddəsinə əsasən uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. Həmin Məcəllənin 51.7-ci maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: - (maddə 53.1.1) bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; - (maddə 53.1.2) müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; - (maddə 53.1.3) bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanunun 43-cü maddəsinə görə əlillərin, sağlamlıq imkanları məhdud uşağın ailələrinin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər hesab edilməsinin əsasları, onlara mənzil verilməsinin növbəliyi Azərbaycan Respublikasının mənzil qanunvericiliyi ilə müəyyən edilir. Bu zaman İ qrup əlillər, sağlamlıq imkanları məhdud uşağın ailələri, habelə İİ və İİİ qrup müharibə əlilləri ailədə adambaşına 9 kvadratmetr və daha az yaşayış sahəsi ilə təmin edilmiş olduqda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər sayılırlar. Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota durmuş müharibə əlili vəfat etdiyi halda güzəştli mənzil uçotu onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının Xətai RİH tərəfindən yaşayış sahəsi ilə təmin olunmağı üçün mənzil növbəsinə qəbul edilməsi üçün kifayət qədər əsasların mövcud olduğu halda, cavabdehin əsassız imtinası nəticəsində iddiaçının hüquqları pozulmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı mənzil növbəsinə götürülməsi ilə bağlı sərəncam verilməsi öhdəliyi Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68-69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı mənzil növbəsinə götürülməsi ilə bağlı sərəncam verilməsi öhdəliyi Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar