Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3795/2024 11.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı «iddiaçının mənzil növbəsinə götürülməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı «iddiaçının mənzil növbəsinə götürülməsi və mənzillə təmin olununadək kirayə haqqı ilə təmin olunması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, P.Həşimov küçəsi, 29 saylı evin 59 saylı mənzilində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. O, birinci dərəcə gözdən əlil olmaqla Prezident təqaüdçüsüdür. Onun güzəştli mənzil növbəsinə alınması və ona mənzillə təmin olunanadək kirayə haqqı ödənilməsi ilə bağlı müraciətə baxaraq qaldırılan məsələ ilə bağlı cavabdeh Bakı şəhəri Xətai RİH tərəfindən 23 oktyabr 2023-cü il tarixdə imtina verilmişdir. Hesab olunur ki, verilən imtina qanunsuz və əsassızdır. Bu baxımdan İddiaçı konstitusion hüquqları pozulmuş olur. Belə ki, «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq onun hüquqları bərpa edilməlidir. Hesab olunur ki, İddiaçı mənzil növbəsinə götürülməsi və mənzillə təmin olununadək Azərbaycan Respublikası Nazirlər kabinetinin 174 nömrəli 6 avqust 2012-ci il tarixli qərarına uyğun olaraq kirayə haqqı ilə təmin olunması vəzifəsi Bakı şəhəri Xətai RİH-ə həvalə olunmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasnın 13, 29-cu maddələrinə, «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 6.4, 31-ci maddələrinə, İPM-in 2, 8, 33-cü maddələrinə əsaslanaraq, İddiaçı mənzil növbəsinə götürülməsi və mənzillə təmin olununadək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 nömrəli 6 avqust 2012-ci il tarixli qərarına uyğun olaraq onun kirayə haqqı ilə təmin olunması öhdəliyinin cavabdeh Bakı şəhəri Xətai RİH-in üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Cavabdeh Bakı şəhəri Xətai RİH-in iddia ilə bağlı məhkəməyə ünvanlanmış yazılı münasibətində bildirilir ki, Xatai RİH iddia ilə razılaşmır. İddiaçı iddia ərizəsində 1-ci dərəcə gözdən əlil kimi yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 nömrəli 6 avqust 2012-ci il tarixli qərarına əsasən aylıq kirayə xərcləri ilə təmin olunması vəzifəsinin cavabdeh Xətai RİH-ə həvalə olunmasını xahiş etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı 10 may 2023-cü il tarixdən P.Həşimov küçəsində yerləşən vətəndaş X2 məxsus yaşayış sahəsi 37.09 kv.m olan, 29 nömrəli evin 3 otaqlı 59 saylı mənzilinə daimi qeydiyyata düşməklə mənzil şəraitini süni sürətdə pisləşdirmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol verilmiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən 5 ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülə bilərlər və bu səbəbdən vətəndaş İddiaçı xahişinin təmin edilməsinin RİH-in imkanı xaricində olduğu nəzərinə çatdırılmışdır. İddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 nömrəli 6 avqust 2012-ci il tarixli qərarına əsasən aylıq kirayə xərcləri ilə təmin olunmasına gəldikdə isə, bildirilir ki, həmin qərara əsasən aylıq kirayə xərcləri ilə yalnız 15 təqvim ilindən az olmayaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmiş və ehtiyata, eyni zamanda istefaya buraxılmış hərbi qulluqçulara şamil olunur. Yuxarıda qeyd olunanlara və qüvvədə olan qanunvericiliyin tələblərini nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmənin qərardadı ilə iddia “iddiaçının mənzillə təmin olununadək kirayə haqqı ilə təmin olunması” hissəsində mümkün sayılmamışdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı və onun nümayəndəsi gəlmişlər, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddianı müdafiə etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə (mənzil hüququ) görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz, Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə görə əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 1.1-ci maddəsinə görə mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. Həmin Məcəllənin 51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 51.2-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Həmin Məcəllənin 51.3-cü maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Həmin Məcəllənin 51.7-ci maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında» Əsasnamənin 4.6.9-cu bəndinə görə əlillərin yaşayış səviyyəsinin yaxşılaşdırılması sahəsində tədbirlər görmək, onların bərpa müəssisələrinin fəaliyyətinə və inkişafına, əlillərin reabilitasiya proqramlarının icrasına və əlillərin həyat fəaliyyəti üçün əlverişli mühitin yaradılmasına dəstək vermək yerli icra hakimiyyəti başçılarının səlahiyyətləri sırasına aiddir. Həmin Əsasnamənin 6.8-ci bəndinə görə yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ hüquqi aktlar qəbul edir. Qeyrinormativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qydiyyat haqqında 8 iyul 2023-cü il tarixli ******* nömrəli arayışından görünür ki, 8 dekabr 2003-cü il tarixdə doğulmuş İddiaçı yaşayış yeri ünvan 2-dur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 29 saylı evin 3 otaqlı 59 saylı mənzili daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ üzrə X1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın surətindən görünür ki, 8 dekabr 2003-cü il tarixdə doğulmuş İddiaçı 12 fevral 2023-cü il tarxdə 1-ci dərəcə müddətsiz əlillik (gözdən əlil) verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 5 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş 11 iyul 2023-cü il tarixli arayışda qeyd olunmuşdir ki, X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan ümumi səbəblərdən 1-ci dərəcə gözdən əlilliyə görə 300 manat məbləğində Prezident təqaüdü alır. Təyinatın bitmə tarixi müddətsizdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 21 iyul 2023-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestrindən arayış”da qeyd olunmuşdur ki, İddiaçı adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair 13 iyul 2023-cü il tarixli müraciətə əsasən daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai bələdiyyəsinin 3/N-540 nömrəli 13 iyul 2023-cü il tarixli arayışında qeyd olunur ki, ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı və X2 və X3 Xətai bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılmamışdır. İş materiallarında olan Bakı şəhəri Xətai RİH-in İddiaçı ünvanlanmış 23 oktyabr 2023-cü il tarixli məktubunda bildirilmişdir ki, ərizənin araşdırılması zamanı onun (İddiaçı) 10 may 2023-cü il tarixdən Bakı şəhəri, P.Həşimov küçəsində yerləşən vətəndaş X2 məxsus yaşayış sahəsi 37.09 kv.m olan 29 saylı evin 59 saylı mənzlinə daimi qeydiyyata alındığı müəyyən edilmişdir. “Bakı şəhərində mənzi şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların hüququ və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 8-ci bəndinə əsasən mənzilə ehtiyacı olan şəxs hesab edilmiş vətəndaşlar mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna bu şərtlə gütürülür ki, azı son 5 il ərzində Bakı şəhərində yaşamış olsunlar. Yaşayışın müddəti Bakı şəhərində pasport qeydiyyatında olması ilə müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, müraciətdəki xahişi (qaldırılan məsələni) təmin etmək imkan xaricindədir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materialları əsasında aparılmış məhkəmə araşdırılması ilə müəyyən edilir ki, iddiaçı X5 2003-cü il təvəllüdlüdür, ünvan 4 ünvanında qeydiyyatdadır. İ dərəcə müddətsiz gözdən əlilidir. O, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsi ilə bağlı hazırkı cavabdeh Bakı şəhəri Xətai RİH-ə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İmtina olunla əsaslandırılmışdır ki, iddiaçı 10 may 2023-cü il tarixdən Xətai rayonu, P.Həşimov küçəsi, 29 saylı evin 59 saylı mənzilinə daimi qeydiyyata düşməklə mənzil şəraitini süni sürətdə pisləşdirdiyindən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən onun yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması mümkün deyil. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. «İnzibati icraat haqqında» Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Qanunun 31.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Həmin Məcəllənin 53.1-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: (53.1.1) bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə, (53.1.2) müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə, (maddə 53.1.3) bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Həmin Məcəllənin 53.2-ci maddəsinə görə uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Məhkəmə qeyd edir ki, İddiaçı anası X1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, P.Həşimov küçəsi, 29 saylı evin 59 saylı mənzilində qeydiyyatdadır və qanunvericilik şəxsə mülkiyyətçinin razılığı ilə yaşadığı ünvana qeydiyyata alınmasını mümkün, hətta zəruri sayır. İddiaçının öz ailəsi ilə birlikdə yaşadığı və ailəsinə məxsus mənzilə qeydiyyata alınması (onun mülkiyyətində başqa yaşayış sahəsi, eləcə də torpaq sahəsinin olmaması da nəzərə alınmaqla), yaşayış şəraitinin qəsdən pisləşdirilməsi kimi qiymətləndirilə bilməz. Odur ki, məhkəmənin qənaətə görə cavabdeh inzibati orqan Xətai RİH tərəfindən iddiaçının müraciəti üzrə inzibati icraatda onun ailəsinin yaşadığı və mülkiyyətində olan mənzilə 2023-cü ildə qeydiyyata alınmasını əsas gətirərək mənzil növbəsinə götürülməsindən imtina edilməsi «İnzibati icraat haqqında» Qanunun 12.2, 15, 16.1, 17, 24-сü maddələrinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan Bakı şəhəri Xətai RİH-in imtina üçün gətirdiyi dəlili formal xarakterlidir və iddiaçının müraciəti üzrə inzibati icraat tam, hərtərəfli və obyektiv aparılmamışdır. İddiaçı İ qrup əlil kimi müvafiq siyahıda ayrıca uçota alınmalıdır. Odur ki, cavabdehin imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilir. İPM-in 68-ci məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli və İddiaçı yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması öhdəliyi cavabdeh Bakı şəhəri Xətai RİH-in üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması öhdəliyi cavabdeh Bakı şəhəri Xətai RİH-in üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-3795/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3795/2024
11.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver