Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3796/2022 25.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, iddiaçı-İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında qərarın ləğv edilməsi və artıq hesablama adı ilə tutulmuş pul məbləğinin geri qaytarılması, artıq ödəmə adı altında pul məbləğinin tutulmasının qadağan edilməsi, pensiyanın azaldılanadək olan məbləğinin bərpa edilməsi və bərpa edilmiş pensiya məbləğinin təhsil aldığı müddət nəzərə alınmaqla yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona 09.09.2016-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin vaxtdan təyin edilmiş əmək pensiyası heç bir şərt qoyulmadan ona qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilmiş və ödənişlərlə bağlı da cavabdeh və DSMF-nin hər hansı digər qurumu tərəfindən heç bir qeyd şərt göstərilməmişdir. Lakin təhsil aldığı müddəti nəzərə alınaraq, əmək pensiyasının yenidən hesablanması barədə müraciətindən bir müddət keçdikdən sonra ona ödənilən pensiya məbləğindən tutulmaların aparılması ona məlum olmuş, bununla əlaqədar olaraq aidiyyət üzrə cavabdehə tərəfindən müraciət edilmişdir. Cavabdeh məktubla məlumat verərək qeyd etmişdir ki, ali təhsil müddəti nəzərə alınmaqla 01.01.2006-cı tarixinədək 31 il 1 ay sığorta stajına uyğun olaraq əmək pensiyası hesablanaraq, 248,08 manat təyin edilmişdir. Araşdırma zamanı əmək pensiyası məbləğinin artıq ödənildiyi aşkar edilmişdir. Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı düzgün hesablanmamış, pensiya sözügedən dövr üçün 246,14 manat hesablanmalı olduğu halda 268,63 manat hesablanmışdır. Pensiyanın sığorta stajı 35 il 1 ay hesablanmış və 16.06.2021-ci il tarixli ərizəyə əsasən yenidən hesablanmışdır. 30.12.2017-ci il tarixdən 01.01.2021-ci il tarixinədək artıq ödənilmiş 830 manat vəsait aylıq pensiyasından tutulmuşdur. Hesab edir ki, nə hüquqi, nə faktiki əsası olmadan qəbul edilmiş cavabdehin hərəkətləri pensiya hüququnun pozulmasına gətirib çıxarmaqla qanunvericiliyin kobud pozuntusudur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının adından DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən təqdim olunmuş iddia tələbinə dair 02 fevral 2022-ci il tarixli **********6 saylı yazılı etirazda göstərilmişdir ki, İddiaçı təhsil illərinin sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının yenidən hesablanmasına dair 16.06.2021-ci il tarixli müraciətinə əsasən, ona təyin olunmuş pensiya yenidən hesablanmışdır. Həmin hesablanma zamanı məlum olmuşdur ki, ilkin təyinat zamanı sosial sığorta stajı düzgün hesablanmamış və nəticədə artıq ödəmə aşkar edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən, Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən İddiaçı təyin olunmuş əmək pensiyasının məbləği dəyişdirilərək 30.12.2017-ci il tarixdən 01.01.2021-ci il tarixədək artıq ödənilmiş 830,76 manat məbləğin bölünərək aylıq əmək pensiyasından tutulmaqla Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa edilməsi barədə 07.07.2021-ci il tarixli **********8 nömrəli qərar qəbul edilmişdir. Pensiya işində olan 064609 nömrəli pensiyaçının uçot vərəqinə əsasən, Fondun Binəqədi rayon şöbəsi tərəfindən İddiaçı 09.09.2016-cı il tarixdə ilkin pensiya təyinatı zamanı onun əmək pensiyasının sığorta hissəsi 18.06.1975-08.04.1982-ci illər üzrə, 08.04.1982- 12.09.1988ci illər üzrə, 12.09.1988-24.04.1990-cı illər üzrə, 24.04.1990-19.07.1994-cü illər üzrə, 19.07.1994-01.01.2006-cı illər üzrə əmək fəaliyyəti dövrü, 19.05.1972-07.05.1974-cü illərdə hərbi xidmətdə oluğu dövr nəzərə alınmaqla 32 il 10 ay 6 gün sığorta stajı (hüququnun yarandığı tarixə indeksləşdirilməklə 10769,76 manat pensiya kapitalı SH= 10769,76:144=74,79) və 01.01.2006-cı il tarixindən 01.01.2016-cı il tarixinədək toplanmış 3777,84 manat sığorta kapitalı əsasında (SH=3777,84:144=26,74) hesablanmışdır: (SH=14547,6 P=BH+SH; PH 10+74,79+26,74=211,83 manat). 064609 nömrəli pensiyaçının uçot vərəqinə əsasən, İddiaçı 30.12.2017-ci il tarixdə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar olaraq əmək pensiyasının yenidən hesablanması zamanı 01.01.2016-cı il tarixdən 01.12.2017-ci il tarixədək fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı (2.430,32 manat) səhvən 72-yə bölünərək 45,07 manat hesablanmış və əmək pensiyasının sığorta hissəsinə əlavə edilmişdir. İddiaçı yaşa görə əmək pensiyası hüququ 09.09.2016-cı il tarixdə yaranmışdır. Həmin tarixdən sonra vətəndaşın 30.12.2017-ci il tarixədək işlədiyi dövr 15 ay təşkil etmişdir. Bu səbəbdən vətəndaşın fərdi hesabının sığorta hissəsində 01.10.2016-cı il tarixdən 30.12.2017-ci il tarixədək toplanmış pensiya kapitalı 144-15=129-a bölünməlidir. İddiaçı 16.06.2021-ci il tarixli ərizəsinə əsasən əsasən, onun əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən 01.09.1970-07.04.1975ci illərdə təhsil aldığı dövr və hərbi xidmət dövrü nəzərə alınmaqla (dövrlər üst-üstə düşdüyü üçün) 01.01.2006-cı il tarixədək 35 il 1 ay 19 gün sığorta stajı əsasında yenidən hesablanaraq 348,79 manat müəyyən edilmişdir: Beləliklə, 30.12.2017- 01.01.2018-ci illər üzrə pensiya məbləği - 01.01.2006-cı il tarixədək pensiya kapitalı 35 il 1 ay 19 gün sığorta stajı və Qanunun 29.1-ci maddəsinə əsasən 01.01.2017-ci il tarixdən indeksləşdirilmə nəzərə alınmaqla 12.931,2 manat (SH=12931,2:144=89,8 manat); 01.01.2006-cı il tarixdən 01.09.2016-cı il tarixədək fərdi hesabın sığorta hissəsində toplanmış sığorta kapitalı 4659,84 manat (SH=4659,84:144=32,36 manat) , 01.10.2016-cı il tarixdən 01.12.2017-ci il tarixədək toplanmış pensiya kapitalı 1803,42 manat (SH=1803,42:129=13,98); buradan P=BH+SH düsturuna əsasən P=110+89,8+32,36+13,98=246,14 manat. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iddianın təmin olunmaması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək və etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: “ASAN 1” tərəfindən 24.05.2019-cu ildə verilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsii barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1953-cü ildə İsmayıllı rayonu, Basqal kəndində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçıya aid 014327 №li pensiya işinin materiallarından görünür ki; - DSMF Binəqədi rayon şöbəsi tərəfindən İddiaçı 09.09.2016-cı il tarixdən yaşa görə əməl pensiyası təyin olunmuşdur. - 064609 nömrəli pensiyaçının uçot vərəqinə əsasən, Fondun Binəqədi rayon şöbəsi tərəfindən İddiaçı 09.09.2016-cı il tarixdə ilkin pensiya təyinatı zamanı onun əmək pensiyasının sığorta hissəsi 18.06.1975-08.04.1982-ci illər üzrə, 08.04.1982- 12.09.1988ci illər üzrə, 12.09.1988-24.04.1990-cı illər üzrə, 24.04.1990-19.07.1994-cü illər üzrə, 19.07.1994-01.01.2006-cı illər üzrə əmək fəaliyyəti dövrü, 19.05.1972-07.05.1974-cü illərdə hərbi xidmətdə oluğu dövr nəzərə alınmaqla 32 il 10 ay 6 gün sığorta stajı (hüququnun yarandığı tarixə indeksləşdirilməklə 10769,76 manat pensiya kapitalı SH= 10769,76:144=74,79) və 01.01.2006-cı il tarixindən 01.01.2016-cı il tarixinədək toplanmış 3.777,84 manat sığorta kapitalı əsasında (SH=3777,84:144=26,74) hesablanmışdır: (SH=14547,6 P=BH+SH; PH 10+74,79+26,74=211,83 manat). - 064609 nömrəli pensiyaçının uçot vərəqinə əsasən, İddiaçı 30.12.2017-ci il tarixdə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar olaraq əmək pensiyasının yenidən hesablanması zamanı 01.01.2016-cı il tarixdən 01.12.2017-ci il tarixədək fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı (2.430,32 manat) 72-yə bölünərək 45,07 manat hesablanmış və əmək pensiyasının sığorta hissəsinə əlavə edilmişdir. - DSMF SÖTÜMF-nın **********8 №li 07.07.2021-ci il tarixli qərarı ilə İddiaçı təhsil illərinin sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının yenidən hesablanmasına dair 16.06.2021-ci il tarixli müraciətinə əsasən, ona təyin olunmuş pensiya yenidən hesablanmışdır - Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən İddiaçı təyin olunmuş əmək pensiyasının məbləği dəyişdirilərək 30.12.2017-ci il tarixdən 01.01.2021-ci il tarixədək artıq ödənilmiş 830,76 manat məbləğin bölünərək aylıq əmək pensiyasından tutulmaqla Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa edilməsi barədə 07.07.2021ci il tarixli **********8 nömrəli qərar qəbul edilmişdir. DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 07.07.2021-ci il tarixli **********8 saylı Qərarının surətindən müəyyən olunur ki, İddiaçı 01.01.2017-ci il tarixindən 01.01.2021-ci il tarixinədək artıq ödənilmiş 830.76 manat məbləğində əmək pensiyasının artıq ödənilməsinə dair sənədlər nəzərdən keçirilərək, xx.xx.1953-cü il tarixində Bakı şəhərində anadan olmuş, ünvan 2 ünvanında yaşayan İddiaçı ödənilmiş 31.01.2017-ci il tarixindən 01.01.2021-cl il tarixinədək 830.76 manatın hər ay əmək pensiyasından tutulması qərara alınmışdır. İddiaçının müraciətinə cavab olaraq inzibati orqan tərəfindən verilmiş 21.09.2021-ci il tarixli **********1 saylı cavab məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə 09.09.2016-cı il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Sözügedən Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Müraciəti və təqdim etdiyi sənədlər ilə əlaqədar olaraq, ali təhsil illəri də nəzərə alınmaqla 01.01.2006-cı il tarixinədək 31 il 1 ay sığorta stajına əsasən yaşa görə əmək pensiyası yenidən hesablanaraq 248,08 manat təyin edilmişdir. Əmək pensiyasının yenidən hesablanmasına dair müraciətininin araşdırılması zamanı ona təyin olunmuş əmək pensiyasının məbləğinin artıq hesablanaraq, ödənildiyi aşkar edilmişdir. 30.12.2017-ci il tarixində pensiyası yenidən hesablanan zaman fərdi hesabının sığorta hissəsində qeyd alınmış pensiya kapitalı düzgün hesablanmamış və pensiya sözügedən dövr üçün 246,14 manat hesablanmalı olduğu halda 268,63 manat hesablanmışdır. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın qərarı ilə ona pensiyanın sığorta stajı 35 il 1 ay hesablanmış və 16.06.2021-ci il tarixli ərizəsinə əsasən yaşa görə əmək pensiyası məbləği təqdim etdiyi sənədlər əsasında verilmiş cədvələ uyğun olaraq yenidən hesablanmışdır. Bu səbəbdən, 30.12.2017-ci il tarixindən 01.01.2021-ci il tarixinədək artıq ödənilmiş 830,76 manat vəsait bölünərək onun aylıq əmək pensiyasından tutulmaqla Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa olunacaqdır. İş materiallarından görünür ki, hazırkı iş üzrə inzibati məhkəmə mübahisəsinin əsası artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılmasının qanuni hesab edilibedilməməsi ilə bağlıdır ki, məhkəmə hesab edir ki, bu zaman məhkəmə inzibati icraatla bağlı qanunvericiliyin tələblərinə və işin hallarına uyğun olaraq əmək pensiyasının təyin edilməsi barədə inzibati aktın qanuni və qanunsuzluğundan əvvəl həmin inzibati aktın əlverişsiz və ya əlverişli inzibati akt olmasını araşdırmalıdır. Əmək pensiyasının təyin edilməsi barədə qərarın və pensiya məbləğinin yenidən hesablamaları barədə qərar və sərəncamların qanuni və ya qanunsuz olması hazırkı iş üzrə inzibati məhkəmə icraatının predmetini təşkil etmir ki, hazırkı iş üzrə mübahisə bununla bağlı olmayıb, artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması barədə qərarın qanuni və ya qanunsuz olması ilə bağlıdır. Başqa sözlə hazırkı iş üzrə mübahisələndirilən artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması barədə qərarın ləğv edilib-edilməməsi, əmək pensiyasının təyin edilməsi və əmək pensiyasının yenidən hesablanması barədə qərar və sərəncamların, o cümlədən cavabdehin faktiki xarakterli digər hərəkətlərinin əlverişli və ya əlverişsiz olmasından asılıdır. Belə ki, pensiyanın məbləği ilə bağlı səhv hesablama, məhkəmə hesab edir ki, hər bir halda 07.07.2021-ci il tarixli artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması qərarın qanuni olmasına əsas yaratmır. Məhkəmə gəlmiş olduğu nəticəni inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq əsaslandırmaq zərurəti ilə bağlı aşağıdakıların qeyd edilməsini labud hesab edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: - 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; - 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; - 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: - 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; - 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; - 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; - 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Yuxarıda qeyd edildiyi kimi hər nə qədər hazırkı mübahisənin həlli ilə bağlı qərarın qanuniliyi baxımından həll edici əhəmiyyət daşımasa da pensiya təyini qərarının və pensiyanın yenidən hesablanması barədə qərar, sərəncam və faktiki xarakterli hərəkətlərinin hüquqi nəticələrinin mövcudluğu baxımından əhəmiyyət daşıyır. Qanunvericiliyin tələbindən də göründüyü kimi, qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Qanunsuz inzibati aktın ləğvi isə onun əlverişli və əlverişsiz inzibati akt olmasından və maraqlı şəxsin etimadın qorunması hüququna istinad edib-edə bilməməsindən asılıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun yuxarıda adıçəkilən müddəalarından görünür ki, Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qanunsuz əlverişli inzibati aktın ləğv edilməsində isə vəziyyət başqa formada tənzimlənmişdir ki, yuxarıda adıçəkilən müddəaların tələbindən də görünür ki, qanunsuz əlverişli inzibati aktın ləğvindən sonra onun hüquqi nəticələrinin aradan qaldırılıbqaldırılmaması maraqlı şəxsin etimadın qorunması hüququna istinad etmək imkanına mövcud olub-olmamasından asılıdır. Belə ki, maraqlı şəxsin etimadın qorunması hüququna istinad edilməsini istisna edildiyi hallarda qərarın ləğvi onun hüquqi nəticələrinin aradan qaldırılmasına səbəb olur ki, hazırkı iş üzrə qeyd olunan hallardan hər hansı birinin mövcudluğu artıq ödənişin geri qaytarılmasına səbəb olacaqdır. Başqa sözlə, iddiaçı rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə əmək pensiyası məbləğinin artıq alınmasına nail olubsa və ya pensiya məbləğinin artıq hesablanmasının qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda onun barəsində artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması barədə qərar qəbul edilə bilər. Lakin işin faktiki hallarından göründüyü kimi qeyd olunan halların heç biri mövcud olmamışdır ki, cavabdehin iddiaçıdan asılı olmayan hallar nəticəsində hesablamada səhv etməsi məhkəmə hesab edir ki, iddiaçıdan artıq ödənişin tutulmasına əsas yarada bilməz. Belə ki, nə artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması barədə qərarda, nə də məhkəmə sorğusuna əsasən məhkəməyə daxil olmuş iddiaçıya aid pensiya işinin materiallarında iddiaçının pensiya məbləğinin səhv hesablanmasına hər hansı təsirinin olması barədə heç bir qeyd edilməmişdir. Qərarın məzmunundan aydın olur ki, qərar yalnız onunla əsaslandırılmışdır ki, “artıq ödəmə müəyyən edilmişdir”. Göründüyü kimi araşdırma nəticəsində artıq ödəmə müəyyən edildiyi qeyd edilsə də, iddiaçı tərəfindən pensiya məbləği ilə bağlı hər hansı qanunsuz hərəkət göstərilməmişdir və artıq ödənişin cavabdehin riyazı hesablamada səhv etməsi ilə bağlılığı qeyd edilmişdir. Həmin sənədlərdən də görünür ki, burada da səhv hesablamaya iddiaçının hər hansı müdaxiləsinin mövcud olduğu qeyd edilməmişdir. Göründüyü kimi, rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə iddiaçı onun pensiya məbləğinə müdaxilə etməmişdir. Eləcə də, inzibati aktın qanunsuz olduğunu bilinməsi və ya bilməli olmasının iddiaçıdan gözlənilməsi məntiqsiz olar. Belə ki, müvafiq bazaya və mütəxəssis heyətinə malik cavabdeh tərəfindən əmək pensiyasının ehtimal olunan səhv hesab edilməsi illər sonra müəyyən edilə bilirsə, həmin halların hesablamanına aparılması ilə bağlı müvafiq ixtisasa malik olmayan iddiaçıdan səhv hesablamanın müəyyən edilməsinin gözlənilməsi əsassızdır. Beləliklə, maraqlı şəxs kimi iddiaçı etimadın qorunması hüququna istinad etməsinə istisna müəyyən edilməmişdir ki, qeyd olunan hal onun barəsində pensiya təyin edilməsi, pensiya təyini ilə yenidən hesablama barədə qərar, sərəncam qəbul edilərək, faktiki xarakterli hərəkətlər edilərək həmin qərarların hüquqi nəticəsi kimi artıq məbləğ ödənilməsi, cavabdehin səhvi səbəbindən artıq hesablanan məbləğin geri qaytarılmasına əsas vermir. Belə ki, pensiya təyini və səhv hesablamalarla bağlı cavabdehin hərəkətlərini, qəbul edilmiş qərar və sərəncamları qanunsuz hesab etsək belə, həmin hərəkətlər iddiaçı üçün daha artıq ödənişlərin həyata keçirilməsi ilə nəticələndiyindən, yəni onun üçün əlverişli xarakterə malik olduğundan pulun geri qaytarılması əsası da mövcud olmacaqdır. İnzibati icraat haqqında qanunvericiliyin tələbindən də göründüyü kimi maraqlı şəxsin etimad hüququna istinadı istisna etmirsə qanunsuz inzibati akt əlverişli inzibati akt hesab edilsə belə onun hüquqi nəticələrinin aradan qaldırılmasından söhbət gedə bilməz. Məhkəmə də ehtimal olunan artıq ödənişi pensiya təyini barədə qərarın və həmin qərar əsasında yenidən hesablama barədə qərar, sərəncam qəbul edilməsinin, faktiki xarakterli hərəkətlərin hüquqi nəticəsi kimi gördüyündən artıq ödənişin aradan qaldırılmasına qanunvericiliklə müəyyən edilmiş məhdudiyyət olduğunu nəzərə alaraq geri qaytarılması barədə cavabdehin hərəkətlərini qanunsuz hesab edir. Eyni zamanda, məhkəmə cavabdehin artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması barədə qərarının qəbulu ilə bağlı prosessual pozuntulara yol verilməsi ilə bağlı da aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: - 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; - 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; - 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; - 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; - 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; - 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 51.1. İnzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Qanunvericiliyin tələblərinin təhlili nəticəsində aydın olur ki, inzibati icraat barədə inzibati orqan maraqlı şəxsə məlumat verməyə borcludur. Adıçəkilən Qanun məlumatlandırmanın həyata keçirilməsindən imtinaya dair inzibati orqana səlahiyyət versə də, qeyd olunan imtinanın hansı hallarda nəzərdə tutulduğu konkret olaraq adıçəkilən Qanunun 21.3-cü maddəsində qeyd edilmişdir. İddia ərizəsindən və cavabdehin qeyd olunan halları təkzib edən sübut təqdim edə bilməməsindən aydın olur ki, adıçəkilən 07.07.2021-ci il tarixli qərarın qəbul edilməsi ilə nəticələnmiş inzibati icraat aparılarkən isə işin faktiki hallarından, inzibati orqanın təqdim etdiyi materiallarla da təsdiq edilir ki, inzibati orqanın səlahiyyətli əməkdaşları tərəfindən ümumiyyətlə göstərilən normanın tələbləri nəzərə alınmamış, iddiaçının qərarın qəbul edilməsinə münasibəti öyrənilməmiş, araşdırma onun iştirakı olmadan aparılmışdır, sonda artıq ödənişin geri qaytarılması barədə qərar qəbul edilmişdir. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, faktiki xarakterli hərəkətlərin qanuniliyinin yoxlanılması inzibati aktların qəbulu, dəyişdirilməsi, ləğvi, icrasının qanuniliyinin yoxlanılması ilə bağlı olduğu kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun müəyyən etdiyi şərtlər çərçivəsində həyata keçirilməlidir. Belə ki, adıçəkilən Qanunun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Qanunun 1.2-ci maddəsində isə qeyd edilmişdir ki, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Göründüyü kimi inzibati aktla bağlı inzibati orqanların həyata keçirmiş olduğu fəaliyyətin aparılmasının qanuniliyini müəyyən edən adıçəkilən Qanunla nəzərdə tutulmuş şərtlər inzibati orqanların faktiki xarakterli fəaliyyətinin də həyata keçirilməsində məcburi qüvvəyə malikdir. Beləliklə inzibati orqanın həm inzibati akt xarakteri daşıyan qərarları, həm də faktiki xarakterli digər hərəkətləri ilə bağlı inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan prinsip və qaydalarına (məlumatlandırma, tam və obyektiv araşdırma, inzibati akt və faktiki xarakterli hərəkətin qanuniliyi, əlverişlilik meyarları və s) əməl edilməsi zəruridir. Qeyd olunanları nəzərə almaqla, məhkəmə hesab edir ki, 07.07.2021-ci il tarixli **********8 №li qərar əlverişli inzibati aktların və ya inzibati orqanın əlverişli xarakter daşıyan hərəkətlərinin iddiaçıya ehtimal olunan artıq pul ödənişinin həyata keçirilməsi ilə nəticələnən hüquqi nəticəsinin aradan qaldırılmasına yönəldiyindən, əlverişli inzibati aktın isə hazırkı işin faktiki halları nəzərə alınmaqla hüquqi nəticələrinin aradan qaldırılmasına yol verilmədiyindən, o cümlədən adıçəkilən artıq ödənişin geri qaytarılması barədə qərarın qəbulu zamanı inzibati orqanın tərəfindən məlumatlandırma və araşdırma ilə bağlı prosessual pozuntulara yol verildiyindən adıçəkilən qərar ləğv edilməlidir. Qeyd olunanları nəzərə almaqla, məhkəmə hesab edir ki, cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş “artıq ödənilmiş əmək pensiyasının tutulması haqqında” 07.07.2021-ci il tarixli, **********8 nömrəli qərar ləğv edilməli, qeyd olunan qərar əsasında İddiaçı əmək pensiyasından qanunsuz tutulmuş pul məbləğinin onun pensiyasına bərpa olunmaqla, geri qaytarılması öhdəliyi cavabdehə həvalə edilməli və məhkəmə qərarı və ya iddiaçının razılığı olmadan sonuncunun pensiyasından tutulmalarla bağlı hərəkətlərin edilməsi cavabdehə qadağan edilməlidir. İddiaçının pensiyasının azaldılanadək olan məbləğinin bərpa edilməsi tələbinə gəldikdə isə məhkəmə hesab edir ki, iddia həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunan tələblə bağlı məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır (26.1.). 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən - əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır (26.2.). Həmin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Həmin Qanunun 29.1-1-ci maddəsinə əsasən sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Məhkəmə araşdırması zamanı iş materiallarından və cavabdehin nümayəndəsinin izahatından müəyən olunmuşdur ki, İddiaçı yaşa görə əmək pensiyası hüququ 09.09.2016-cı il tarixdə yaranmışdır. Həmin tarixdən sonra iddiaçının 30.12.2017-ci il tarixədək işlədiyi dövr 15 ay təşkil etmişdir. Bu səbəbdən onun fərdi hesabının sığorta hissəsində 01.10.2016-cı il tarixdən 30.12.2017-ci il tarixədək toplanmış pensiya kapitalı 144-15=129-a bölünməlidir. İddiaçı 16.06.2021-ci il tarixli ərizəsinə əsasən onun əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən 01.09.1970-07.04.1975-ci illərdə təhsil aldığı dövr və hərbi xidmət dövrü nəzərə alınmaqla (dövrlər üst-üstə düşdüyü üçün) 01.01.2006-cı il tarixədək 35 il 1 ay 19 gün sığorta stajı əsasında yenidən hesablanaraq 348,79 manat müəyyən edilmişdir. Beləliklə, cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq, 30.12.2017- 01.01.2018-ci illər üzrə pensiya məbləği - 01.01.2006-cı il tarixədək pensiya kapitalı 35 il 1 ay 19 gün sığorta stajı və Qanunun 29.1-ci maddəsinə əsasən 01.01.2017-ci il tarixdən indeksləşdirilmə nəzərə alınmaqla 12.931,2 manat (SH=12931,2:144=89,8 manat); 01.01.2006-cı il tarixdən 01.09.2016-cı il tarixədək fərdi hesabın sığorta hissəsində toplanmış sığorta kapitalı 4.659,84 manat (SH=4659,84:144=32,36 manat), 01.10.2016-cı il tarixdən 01.12.2017-ci il tarixədək toplanmış pensiya kapitalı 1.803,42 manat (SH=1803,42 : 129=13,98); buradan P=BH+SH düsturuna əsasən P=110+89,8+32,36+13,98 = 246,14 manat məbləğində hesablanmışdır. İşin yuxarıda qeyd olunan halları nəzərə alınmaqla Bakı İnzibati Məhkəməsinin 25.02.2022-ci il tarixli qərardadı ilə İddiaçı iddiası pensiya məbləğinin təhsil aldığı müddət nəzərə alınmaqla yenidən hesablanması hissəsində mümkün sayılmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci, 69-cu, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş “artıq ödənilmiş əmək pensiyasının tutulması haqqında” 07.07.2021-ci il tarixli, **********8 nömrəli qərarı ləğv edilsin, qeyd olunan qərar əsasında İddiaçı əmək pensiyasından qanunsuz tutulmuş pul məbləğinin onun pensiyasına bərpa olunmaqla, geri qaytarılması öhdəliyi cavabdehə həvalə edilsin və məhkəmə qərarı və ya iddiaçının razılığı olmadan sonuncunun pensiyasından tutulmalarla bağlı hərəkətlərin edilməsi cavabdehə qadağan edilsin. İddia İddiaçı ödənilən yaşa görə əmək pensiyasının azaldılanadək olan məbləğin bərpa edilməsi hissəsində təmin olunmasın. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-3796/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3796/2022
25.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver