Məhkəmə qərarları › İş №2-1(112)-3796/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3796/2023

17.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3796/2023 17.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən 295,7 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın və texniki sənədlərin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı hesab edir ki, ünvan 1 ünvanda yerləşən 295,7 kv.m torpaq sahəsinin iddiaçıya ayrılmasını təsdiq edən sərəncam mövcud olduğundan, onun həmin əmlak üzərində mülkiyyət hüquqları yaranır. İddiaçı sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, sözügedən torpaq sahəsinin coğrafi mövqeyi göstərilən razılaşdırılmış yerləşmə cizgisi sənədlər toplusuna əlavə edilməmişdir. Həmçinin təqdim edilmiş etibarnamədə Həsənov Talehin adı qeyd edilməmişdir. Belə ki, həmin etibarnamə ilə səlahiyyətlər digər şəxsə verilmişdir. Həmçinin bildiririk ki, Suraxanı Rayon İcra Hakimiyyətinin 1916 nömrəli xx.xx.1998-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində 700 kv.m torpaq sahəsi İddiaçı adına ayrılmışdır və həmin sərəncam əsasında İddiaçı adına ümumi birgə payda 700 kv.m torpaq sahəsinə aid ləğv edilmiş DTXK tərəfindən tərtib edilmiş JN- 3235D nömrəli xx.xx.2002-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Bakı şəhəri 34 saylı DNK-nın 4Ə-3/406 reyestr nömrəli xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən torpaq sahəsi digər şəxsin adına özgəninkiləşdirilmişdir. Eyni zamanda bildiririk ki, Suraxanı Rayon İcra Hakimiyyətinin 769 saylı xx.xx.1999-cu il tarixli sərəncamında qeyd olunan 295.7 kv.m torpaq sahəsi İddiaçı istifadə məqsədi ilə verilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Əlavə olaraq Məhkəmə qeyd edir ki, hazırda edərək ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və onun altındaki torpaq sahəsi üzərində digər fiziki şəxsin mülkiyyət hüquqları qeydə alınsa da, bu hal iddiaçının hazırki tələbi irəli sürməkdə subyektiv hüququnun olmaması qənaətinə gəlinməsinə əsas vermir. Belə ki, xüsusi ilə vurğulamaq lazımdır ki, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqları yerli icra hakimiyyətinin sərəncamları və texniki inventarlaşdırma orqanı tərəfindən verilmiş texniki pasport əsasında yaranmış, daha sonra o, torpaq sahəsinin bir hissəsini (700 kv.m) və onun üzərindəki fərdi yaşayış evini özəlləşdirərək, həmin daşınmaz əmlak üzərində olan mülkiyyət hüquqlarının digər fiziki şəxsi adına keçməsində iradə ifadəsini nümayiş etdirmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı torpaq sahəsinin bir hissəsini, yəni 700 kv.m hissəsini özəlləşdirmiş, digər 295,7 kv.m hissəsi ilə bağlı isə hər hansı hərəkət görməmişdir. Nəticə etibarı ilə iddiaçı hüquqmüəyyənedici sənəd əsasında yalnız hazırki məğzdə və formada (özəlləşdirilməmiş torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması) iddia qaldırmaq hüququna malikdir. Odur ki, Məhkəmə hesab edir ki, iddia həm subyektiv hüquq baxımından, həm də öhdəliyin icrası haqqında iddia olması ilə digər mümkünlük şərtlərini ödəyir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, cavabdeh inzibati orqanın imtinasından və iddiaya münasibətdə təqdim olunmuş yazılı etirazdan görünür ki, cavabdeh iddiaçının tələbinin təmin olunmaması üçün iki əsas gətirir:

1. Alqı-satqı müqaviləsinə əsasən sözügedən torpaq sahəsinin digər şəxsin adına özgəninkiləşdirilməsi;

2. Suraxanı Rayon İcra Hakimiyyətinin 769 saylı xx.xx.1999-cu il tarixli sərəncamında qeyd olunan 295.7 kv.m torpaq sahəsinin İddiaçı istifadə məqsədi ilə verilməsidir. İddiaçının müraciətinin təmin olunmamasının əsası kimi yuxarıda göstərilmiş halların torpaq sahəsinin özəlləşdirilməsinə dair maneənin yaradıb-yaratmamasına qiymət verilməsi üçün torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin əhatə dairəsi müəyyən edilməlidir. Daşınmaz əmlaka, o cümlədən torpaq sahəsinə dövlət reyestrində hüququn qeydə alınması, ondan imtina edilməsi və digər hallar aşağıdaki qanunvericiliyin müddəaları ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında,yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6.mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahı:

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. kənd yaşayış məntəqələrinin və qəsəbələrin torpaqlarından torpaq sahələrinin ayrılması barədə kənd və qəsəbə zəhmətkeş deputatları sovetlərinin qərarları; 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26dək bağlanmış müqavilələr; 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr; 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları; 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd; 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı. 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki invetarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar. Bəhs edilən qanunvericiliyin müddəalarından göründüyü kimi, torpaq münasibətlərinin tənzimlənməsinə tətbiq olunan mülki hüquqi normaların ümumi xarakter daşıdığı nəticəsinə gəlmək olar. Başqa sözlə, torpağa mülkiyyət münasibətlərinin və digər əşya hüquqlarının tənzimlənməsi zamanı mülki qanunvericiliyində olan əsas prinsip və normalardan istifadə etmək lazımdır. Bu istiqamətdə irəli çıxaraq nəzərə alınmalıdır ki, vətəndaşın daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının yaranması üçün o, Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi və ya “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında nəzərdə tutulmuş sənədlərdən birinə malik olmalıdır. Hazırki işin faktiki hallarından görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və onun altındaki 0,07 ha torpaq sahəsi üzərində X1 mülkiyyət hüquqları qeydə alınmış və müvafiq çıxarış ilə rəsmiləşdirilmişdir. Doğrudur ki, iddiaçı hal-hazırda həmin əmlakın mülkiyyətçisi hesab edilmir. Belə ki, yuxarıda adı çəkilən əmlak mülki əqdlər (alqı-satqı müqaviləsinə) əsasında ilkin olaraq İddiaçı daha sonra isə X1 mülkiyyətinə keçmişdir. Nəzərə alınmalıdır ki, həmin ünvanda yerləşən torpaq sahəsinin artıq digər fiziki şəxsin adına özəlləşdirilməsi hazırki mübahisə üzrə həmin ünvanda yerləşən torpaq sahəsinin özəlləşdirilməmiş hissəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasını tələb etmək hüququnu istisna etmir. İlk növbədə qeyd olunmalıdır ki, Bakı şəhər Suraxanı rayonu İcra Hakimiyyətinin 03 noyabr 1998-ci il tarixli sərəncamına əsasən vətəndaş İddiaçı fərdi yaşayış evi tikmək üçün Qaraçuxur qəsəbəsi, 8 №-li qərb hissəsində yerləşən 700 kv.m torpaq sahəsi ayrılmışdır. Daha sonra həmin torpaq sahəsi DTXK tərəfindən tərtib edilmiş JN-3235D nömrəli xx.xx.2002-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında iddiaçının paylı mülkiyyətinə verilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının həmin ünvanda yerləşən 700 kv.m torpaq sahəsindən başqa həmçinin həmin ərazidə yerləşən 295,7 kv.m torpaq sahəsinə dair hüquqarı yaranmışdır ki, bu hüquqlarının əsasında Bakı şəhər Suraxanı rayonu İcra Hakimiyyətinin 12 aprel 1999-cu il tarixli sərəncamı dayanır. Adı çəkilən sərəncama nəzər yetirdikdə görünür ki, həmin sərəncam ilə əlavə olunmuş 295,7 kv.m torpaq sahəsinin İddiaçı istifadəsində saxlanılması və əmlakın 995,7 kv.m (700 kv.m + 295,7 kv.m) torpaq sahəsində yerləşdiyi müəyyən olunmuşdur. Həmin sərəncamdan sonra 1999-cu ilin may ayında iddiaçının adına texniki pasport verilmiş və torpaq sahəsinin ölçüsü kimi 995,7 kv.m göstərilmişdir. Göründüyü kimi iddiaçının ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin məhz 995,7 kv.m hissəsinə münasibətdə hüquqları yaranmış, onun tərifindən həmin ərazinin 700 kv.m hissəsi mülki əqd əsasında digər fiziki şəxsin adına özgəninkiləşdirilmiş, özgəninkiləşdirilməyən 295,7 kv.m hissəsinə isə hüquqları saxlanılmışdır. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan imtina əsası kimi torpaq sahəsinin alqı-satqı müqaviləsinə əsasən digər şəxsin adına özgəninkiləşdirildiyini qeyd etsə də, həmin torpaq sahəsinin yalnız bir hissəsinin, yəni 700 kv.m olan hissəsin X1 adına özgəninkiləşdirildiyini, digər hissəsi üzərində iddiaçının hüquqlarının saxlanıldığını nəzərə almamışdır. Eyni zamanda qeyd olunmalıdır ki, X2 ünvan 2 ünvanında yerləşən 295,7 kv.m torpaq sahəsinin İddiaçı adına özəlləşdirilməsinə dair etirazının olmadığını bildirmiş və bu halı notarial qaydada təsdiq olunmuş ərizə ilə təsdiq etmişdir. Məhkəmə hesab edir ki, ünvan 2 ünvanında yerləşən 295,7 kv.m torpaq sahəsi digər fiziki şəxsin adına özəlləşdirilmədiyindən, həmçinin onun həmin torpaq sahəsinə hüquqları saxlanıldığından, cavabdehin imtina əsası kimi göstərdiyi birinci dəlil formal xarakter daşıyır və imtina əsası qismində qiymətləndirilə bilməz. Məhkəmə cavabdehin imtinasının ikinci hissəsi ilə də razılaşmır və hesab edir ki, həmin hal iddiaçının mülkiyyət hüquqlarına müdaxiləsi kimi qiymətləndirilməlidir. Belə ki, doğrudur ki, Bakı şəhər Suraxanı rayonu İcra Hakimiyyətinin 12 aprel 1999cu il tarixli sərəncamına əsasən əlavə olunmuş 295,7 kv.m torpaq sahəsinin İddiaçı istifadəsində saxlanılması qərara alınmış və əmlakın 995,7 kv.m (700 kv.m + 295,7 kv.m) torpaq sahəsində yerləşdiyi müəyyən olunmuşdur. Nəzərə alınmalıdır ki, həmin sərəncam əsasında iddiaçıya 1999-cu ilin may ayında texniki pasport verilmişdir ki, həmin texniki pasport iddiaçının 295,7 kv.m torpaq sahəsinə gözlənilən mülkiyyət hüquqlarının yarandığına dəlalət edir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.4-cü bəndinə nəzər yetirsək görünür ki, üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki invetarlaşdırma orqanları tərəfindən tərtib olunmuş texniki pasport yalnız aşağıda sadalanan şərtlər olduqda vətəndaş üçün mülkiyyət hüquqlarının qeydiyyatını həyata keçirmək üçün əsas hesab olunur: - Texniki pasportun 01 yanvar 2001-ci il tarixədək tərtib olunması; - Həyətyani torpaq sahəsinin göstərilməsidir. Göründüyü kimi texniki inetarlaşdırma orqanları tərəfindən verilmiş texniki pasport yuxarıda göstərilən hər iki əlamətə malik olduğu halda vətəndaş üçün torpaq sahəsinə (yalnız üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə) mülkiyyət hüquqlarının qeydiyyatını xarakterizə edən sənəd qismində çıxış edir. Məhkəmə hesab edir ki, texniki inetarlaşdırma orqanı tərəfindən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair texniki pasport 01 yanvar 2001-ci il tarixdən əvvəl (1999cu ilin may ayında) tərtib olunduğundan, həmçinin həmin dövrdə İddiaçı fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları qeydə alındığından, (05.xx.xx.1999-cu il tarixli qeydiyyat vəsiqəsinə əsasən) o cümlədən torpaq sahəsinin ümumi ölçüsü 995,7 kv.m (700 kv.m + 295,7 kv.m) göstərildiyindən, həmin texniki pasport hal-hazırda iddiaçının torpaq sahəsinin 295,7 kv.m hissəsinə münasibətdə mülkiyyət hüquqlarının reallaşdırılmasına əsas verir. Belə olan halda Məhkəmə hesab edir ki, cavabdehin imtina əsası kimi göstərdiyi ikinci dəlil imtina əsası qismində çıxış edə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, texniki inventarlaşdırma işlərinin aparılmasının əsas məqsədi daşınmaz əmlak obyektinin, o cümlədən torpaq sahəsinin mövcudluğunu, faktiki vəziyyətini, texniki göstəricilərini, tərkibini müəyyən etmək və texniki sənədləri hazırlamaqdır. İnventarlaşdırma işlərinin aparılması nəticəsində daşınmaz əmlakın texniki pasportu tərtib edilir. Beləliklə, iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüquqları təsdiq olunduğundan, həmçinin əmlakın inventarlaşdırılmasının aparılmasını və texniki sənədlərin tərtib edilməsi Nizamnaməyə görə cavabdeh inzibati orqanın vəzifəsi olduğundan, hazırki iddia tələbi texniki pasportun verilməsi hissəsində də təmin olunmalıdır. Göründüyü kimi hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin hallar mövcud deyil. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi təmin edilsin. ünvan 1 ünvanda yerləşən 295,7 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın və texniki sənədlərin verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar