Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3796/2024 26.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil, 3-cü şəxslər X5, X9, X6 və "xxxx" Kiçik Müəssisəsinin nümayəndəsi, vəkil Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı (3-cü şəxslər: X5, X9, X6, "xxxx" MMC və "xxxx" Kiçik Müəssisəsi) “texniki şərtin ləğv edilməsi və qaz xətlərinin çıxarılması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh tərəfindən X1 verilmiş TŞ 14849 saylı, xx.xx.2013-cü il tarixli, X2 verilmiş TŞ 26276 saylı, xx.xx.2015-ci il tarixli, X7 verilmiş TŞ 28975 saylı, xx.xx.2017-ci il tarixli texniki şərtlərin, həmçnin "xxxx" Kiçik Müəssisəsinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş texniki şərtlərin ləğv edilməsi, həmin texniki şərtlər əsasında icarə hüququ ilə iddiaçıya məxsus olan torpaq sahəsindən keçirilməklə çəkilmiş olan qaz xətlərinin ona məxsus olan torpaq sahəsinə düşən hissəsinin müvafiq olaraq sökülərək çıxarılması və torpaq sahəsinin həmin qaz xəttlərindən boşaldılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə X5, X9, X6, "xxxx" MMC və "xxxx" Kiçik Müəssisəsi (bundan sonra – üçüncü şəxslər) zəruri cəlbetmə qaydasında 3-cü şəxs qismində hazırkı inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud yaşayış massivi ərazisində yerləşən sahəsi 1 ha təşkil edən torpaq sahəsi dövlət mülkiyyətində olmaqla xx.xx.2013-cü il tarixdən başlayaraq 99 illik müddətinə icarə hüququ ilə iddiaçının xeyrinə yüklü edilmişdir. Həmin torpaq sahəsi üzərində həm dövlətin mülkiyyət hüququ, həm də torpaq üzərində iddiaçının xeyrinə icarə hüququ ilə yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Əmlakın ünvanı Abşeron rayonu, 1 nömrəli X4 ərazisi kimi qeyd edilsə də, bu qeyd həmin ərazinin fəaliyyəti dövründə Abşeron rayonuna tabe olan 1 nömrəli Zeytunçuluq Sovxozuna düşdüyü səbəbindən edilmişdir. Bu daşınmaz əmlak ilkin olaraq 4 saylı Abşeron Ərazi İdarəsində qeydiyyata alınmışdır. Hal-hazırda həmin ərazilər Bakı şəhəri Suraxanı rayonu ərazisi hesab olunur və daşınmaz əmlak üzərində qeydiyyat da 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən həyata keçirilir. Torpaq sahəsi hal-hazırda iddiaçı tərəfindən istifadə olunmur. Torpaqda müəyyən işlər görülməsi üçün bu ilin əvvəlində əraziyə getdiyində orada ona məxsus ərazidən keçirilməklə çəkilmiş qaz xəttinin olduğunu müşahidə edib, dərhal aidiyyatı üzrə cavabdehə müraciət etmişdir. Ərizəsi üzrə mütəxəssislər cəlb edilmiş və əraziyə birlikdə baxış keçirilmişdir. Bu zaman məlum olmuşdur ki, o, aşkar etdiyi xəttlərdən başqa xəttlər də mövcudddur. Daha dörd xətt yer altı olmaqla çəkilmişdir. Ümumilkdə beş qaz xətti aşkar edilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, qaz xəttləri qeyri-əhali qaz xəttləri olmaqla fərdi şəxslərə məxsusdur. Bundan sonra yenidən cavabdehə xx.xx.2020-ci il tarixli ərizə ilə müraciət edərək, çəkilmiş qaz xəttlərinin yerinin dəyişdirilməsini xahiş etmişdir. Lakin, problem həllini tapmamışdır. Belə olduqda iddiaçı ilk növbədə həmin qaz xəttlərinin çəkilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada texniki şərt alınıbalınmamasını müəyyən etmək məqsədilə yenə də cavabdehə ərizə ilə müraciət etmişdir. Cavab məktubunda cavabdeh tərəfindən verilmiş üç texniki şərt - iddia tələbləri üzrə cavabdeh olan fiziki şəxslərə aid olan texniki şərtlərin kodları haqqında məlumat almışdır. Məktubda “digər iki obyekt barədə bazada heç bir məlumat tapılmaması” bildirilmişdir. İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin 03 aprel 2023-cü il tarixli, 2(010)-25/2023 saylı qətnaməsi ilə iddiaçı iddia tələbi təmin edilərək cavabdehlər Cavabdeh, X5, X9, X6, "xxxx" MMC və "xxxx" Kiçik Müəssisəsi tərəfindən İddiaçı icarəyə verilmiş Abşeron rayonu, 1 nömrəli X4 ərazisində yerləşən 1 ha torpaq sahəsində çəkilmiş beş qaz xəttinin həmin sahədən cavabdehlərin hesabına çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4956/2023 saylı, 16 oktyabr 2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işin icraatına mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilməsi qərara alınmışdır. Beləliklə, icarə hüququ ilə iddiaçıya məxsus olan torpaq sahəsindən qaz xəttlərinin keçirilməsinə hüquqi əsas vermiş texniki şərtlər ləğv edilməlidir. Belə ki, verilmiş texniki şərtlər digər şəxslərin hüquqlarına toxunmamalı olduğu halda, buna əməl edilməmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Üçüncü şəxslər X5, X9, X6 və "xxxx" Kiçik Müəssisəsinin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etirazda göstərilmişdir ki, iddia tam əsassız olduğundan rədd edilməlidir. İşin faktiki halları ondan ibarətdir ki, iş üzrə üçüncü şəxslər qanunla müəyyən edilmiş qaydada, yəni Abşeron rayon İcra Hakimiyyətinin sərəncamları ilə hazırki iş üzrə mübahisəli hesab edilən ərazilərdə torpaq sahəsini icarəyə götürmüş və həmin torpaq sahələrində torpağın təyinatına uyğun olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlamışlar. Sahibkarlıq fəaliyyəti ilə məşğul olduqları dövrdə üçüncü şəxslər sahibliklərində və istifadələrində olan obyeklərə təbii qaz xətti çəkilməsi zərurəti yarandığından qanunla müəyyən edilmiş qaydada müvafiq orqana, yəni Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, Dövlət Neft Şirkətinin Azəriqaz İB-yə və digər aiddiyatı qurumlara müraciət edərək obyektlərə təbii qaz xəttinin çəkilməsini xahiş etmişlər. Bundan sonra mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehin tabeliyində olan və İqtisadiyyat Nazirliyinin lisenziyası əsasında fəaliyyət göstərən "xxxx" MMC-nin layihə konstruktor bürosu tərəfindən işçi layihəsi hazırlanmış, Fövqəladə Hallar Nazirliyinin Sənayedə işlərin təhlükəsiz görülməsi və X8 Agentliyinin lisenziyası əsasında təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılmasını həyata keçirən "xxxx" MMC-nin iştirakı ilə Azərbaycan Respublikası Standartlaşdırma, Meterologiya və Patent üzrə Dövlət Komitəsinin verdiyi uyğunluq sertifikatı əsasında materiallardan istifadə edilməklə qaz xəttlərinin çəkilməsinə dair işçi layihə hazırlanmışdır. Bundan sonra məhz cavabdeh tərəfindən xüsusi razılıq lisenziya almış təşkilat tərəfindən aparılmışdır. Çoxsaylı sənədlər, rəylər, lisenziyalar, sertifikatlar və sənədlər əsasında verilmiş texniki şərtlərlə tam sübut edilir ki, üçüncü şəxslər iş üzrə mübahisəli hesab edilən qaz xəttlərinin çəkilməsi zamanı heç bir qanunsuzluğa yol verməmişlər. Belə ki, torpaq sahəsi icarəyə verilərkən mövcud qaydalara əsasən həmin torpaq sahəsinin yüklü olub-olmaması, torpaq sahəsindən kommunikasiya xəttlərinin keçib-keçməməsini aydınlaşdırmaq icarəyə verənin birbaşa vəzifə borcudur. Belə ki, icarəyə verən, yəni Abşeron rayon icra hakimiyyəti müvafiq dövlət qurumlarından, o cümlədən Fövqəladə Hallar Nazirliyi, Azəriqaz İB, “Azərsu” Səhmdar Cəmiyyəti, "xxxx" ASC və digər xidmət təşkilatlarından icarəyə verdiyi torpaq sahəsinin yüklü olmaması barədə mütəxəssis rəylərini aldıqdan sonra torpaq sahəsinin icarəyə verilməsi barədə sərəncam verə bilərdi. Halbuki, mövcud qanunvericiliyin bu tələblərinə əməl edilmədən, oxşar qanunsuzluqlara və digər cinayətlərə yol verdiyinə görə hazırda həbsdə olan Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin sabiq müdiri Akif Əliyev iddiaçıya torpaq sahənin verilməsinə dair sərəncamın verilməsini və bu sərəncam əsasında icarə müqaviləsinin bağlanmasını təşkil etmişdir. Bu fakt onunla təsdiq edilir ki, göstərilən sərəncam verildikdən sonra torpaq sahəsi öz təyinatı üzrə istifadə edilməmiş, torpaq sahəsi hissələrə bölünüb ayrı-ayrı vətəndaşlara satılmışdır. Torpaq sahəsini alan vətəndaşlar torpaq sahəsinin təyinatına zidd olaraq həmin sahələrdə yaşayış evləri inşa etməyə başlamışdır. Bu barədə ərazi üzrə Suraxanı rayon İcra Hakimiyyəti aparatı xəbər tutduqdan sonra həmin qanunsuz tikililər sökülmüşdür. Söküntü ilə bağlı torpaq sahəsi tam yararsız hala düşmüş, həmin torpağın kənd təsərrüfatı məqsədləri ilə istifadə edilməsi üçün əhəmiyyətsiz torpaq sahəsinə çevrilmişdir. Mövcud qanunvericliyin tələblərinə əsasən iddiaçının icarəsinə verilmiş torpaq sahəsindən təyinatdan kənar məqsədlərlə istifadə etdiyindən, həmin torpaqlarda özbaşına əsaslı tikinti apardığına, fərdi yaşayış evlərinin, istehsal və xidmət obyektlərinin tikintisi üçün istifadə etdiyinə, yəni kənd təsərrüfatı təyinatlı torpaqlardan qeyri-qanuni şəkildə istifadə etdiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247 və Cinayət Məcəlləsinin 188-ci maddəsi ilə məsuliyyətə cəlb edilməli idi. Üçüncü şəxslərə məxsus qeyri-yaşayış obyektlərinə quraşdırılmış qaz xəttlərinin hansı dövrdə quraşdırılmasından və bu məqsədlə texniki şərtlərin hansı tarixdə verilməsindən asılı olmayaraq məhkəmə iclasında araşdırılmış sübutlarla tam təsdiq edilmişdir ki, iddiaçının icarəsinə hazırki iş üzrə sözügedən torpaq sahəsi verilərkən tam qanunsuzluğa yol verilmiş, həmin torpağın, üçüncü şəxslərin qeyriyaşayış sahələrinə çəkilmiş qaz xəttləri ilə yüklü olması nəzərə alınmamış, bu barədə müvafiq qurumlardan sorğular edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər X5, X9, X6 və "xxxx" Kiçik Müəssisəsinin nümayəndəsi iddia ərizəsinə yazılı etirazla oxşar məzmunlu izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehə və üçüncü şəxs "xxxx" MMC-yə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxs "xxxx" MMC-nin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-25/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər X5, X9, X6, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Kiçik Müəssisəsi tərəfindən İddiaçı icarəyə verilmiş Abşeron rayonu, 1 nömrəli X4 ərazisində yerləşən 1 ha torpaq sahəsində çəkilmiş beş qaz xəttinin həmin sahədən cavabdehlərin hesabına çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4956/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)- 25/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, işin icraatına mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilmiş, İddiaçı Cavabdehnə qarşı müvafiq iddia tələbi ilə İnzibati Məhkəməyə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli çıxarışdan görünür ki, xx.xx.2013-cü il tarixli, 457 nömrəli icarə müqaviləsinə əsasən həmin tarixdən başlayaraq 99 il müddətinə Abşeron rayonu, 1 nömrəli X4 ərazisində yerləşən 1.00 ha torpaq sahəsi üzərində iddiaçının icarə hüququ daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh 18 iyul 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Abşeron rayonu 1 nömrəli Zeytunçuluq sovxozu ərazisində torpaq sahəsindən, daxilindən və ətrafından Azəriqaz İB-nin Bakı Regional Qaz İstismarı Departamentinə məxsus qaz xəttləri keçmir. Torpaq sahəsinin sayğaclardan sonra özəl təşkilatlara məxsus yeraltı yerüstü qaz xəttləri keçir. İş materiallarından görünür ki, cavabdeh tərəfindən X7 xx.xx.2012-ci ildə Abşeron rayonu X4 ərazisində quşçuluq fermasına qaz xətinin çəkilişi üçün texniki şərt verilmişdir. xx.xx.2017-ci il tarixində isə X7 yeni texniki şərt verilmişdir. İşdə olan çıxarışdan görünür ki, Abşeron rayonu 1 nömrəli X4 ərazisində 1,20 hektar torpaq sahəsi xx.xx.2011-ci ildən başlayaraq X3 icarəsindədir. İş materiallarından görünür ki, cavabdeh tərəfindən “”Beyləqan-Q” kiçik müəssisəsinə xx.xx.2011-ci ildə Abşeron rayonu X4 ərazisində qaz xətinin çəkilişi üçün texniki şərt verilmişdir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində üçüncü şəxslər tərəfindən icarə hüququ ilə iddiaçıya məxsus olan torpaq sahəsindən keçirilməklə çəkilmiş olan qaz xətlərinə dair verilmiş texniki şərtlərin ləğv edilməsi, qaz xətkərinin iddiaçıya məxsus olan torpaq sahəsinə düşən hissəsinin müvafiq olaraq sökülərək çıxarılması və torpaq sahəsinin həmin qaz xəttlərindən boşaldılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı qeyd olunan tələblə bağlı cavabdehə müraciət etmişdir. Bu səbəbdən məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, qaz təchizatı sahəsində fəaliyyət — qazın istehsalı, emalı, saxlanması, nəqli, paylanması, satılması, mayeləşdirilməsi, istifadəsi, həmçinin qaz qurğularının quraşdırılması, boru kəmərlərinin tikintisi, istifadəsi, nəzarəti, sınağı və sertifikatlaşdırılmasıdır. Texniki şərtlər – tikinti obyektlərinin qaz təchizatı üçün layihələndirilməsinə əsas olan və qazın verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəddir. Texnoloji qoşulma – qaz paylayıcısı ilə bağlanılmış qoşulma müqaviləsinə və verilmiş texniki şərtlərə uyğun olaraq, tikinti obyektindən qazpaylayıcı şəbəkənin qoşulma nöqtəsinədək qaz xətlərinin tikintisinə (çəkilməsinə) və ya əlavə qaz həcmi alınmasına dair layihənin hazırlanması və tikinti-quraşdırma işlərinin görülməsi, tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə fiziki qoşulması və qoşulma aktının tərtib edilməsinə dair göstərilən xidmətdir (1). Energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və sаtılmаsını təşkil etməlidir. Bu Qanunun 12-ci maddəsinin 1-ci, 2-ci, 4-cü, 5-ci və 6cı hissələri eyni qaydada qazın paylanmasına da tətbiq edilir (12.1). Qazın istehsalını, alınmasını və topdansatış təchizatını etibarlı və müvafiq qiymətlərlə təşkil və təmin etmək məqsədilə qaz paylayıcılarına assosiasiya və müəssisələrlə birləşməyə icazə verilir. Bu Qanunun 12-ci maddəsinin 6-cı hissəsi eyni qaydada müvafiq sazişlərə tətbiq edilir (12.2). İş materialları ilə müəyyən edilir ki, X7 xx.xx.2012-ci ildə Abşeron rayonu X4 ərazisində quşçuluq fermasına qaz xətinin çəkilişi üçün texniki şərt verilmişdir. xx.xx.2017ci il tarixində isə X7 yeni texniki şərt verilmişdir. Cavabdeh tərəfindən “”Beyləqan-Q” kiçik müəssisəsinə xx.xx.2011-ci ildə Abşeron rayonu X4 ərazisində qaz xətinin çəkilişi üçün texniki şərt verilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, cavabdeh tərəfindən iddiaçının müraciətinə əsasən verilmiş cavabdeh X1 məxsus qeyri-yaşayış sahəsinin qazlaşdırılması üçün xx.xx.2013-cü il tarixində, X2 məxsus qeyri-yaşayış sahəsinin qazlaşdırılması üçün xx.xx.2015-ci ildə texniki şərt verilmişdir. İddiaçı icarə hüququ əsasında onun istifadəsində olan Abşeron rayonu X4 ərazisində yerləşən torpaq sahəsindən çəkilmiş üçüncü şəxslərə məxsus qaz xətlərinə dair cavabdeh tərəfindən verilmiş texniki şərtlərin ləğv edilməsini və həmin qaz xətlərinin sökülərək ərazidən çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Azərbaycan Respubliklası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri” Qaydalarında göstərilmişdir ki, qaz təchizatı sistemlərinin, habelə ayrı-ayrı qaz kəmərlərinin və qaz təchizatı obyektlərinin layihələndirilməsi, tikilməsi, quraşdırılması, sazlanması, təmiri, istismara qəbulu və istismarı üzrə daxili texniki şərtlər və təlimatlar bu Qaydaların tələblərinə uyğun olmalıdır (1.3.). Şəhərlərin, qəsəbələrin, kənd yaşayış məntəqələrinin qaz təchizatı sistemləri, qaz kəmərləri, QPM, qaz yanacağından istifadə edən sənaye, kənd təsərrüfatı və kommunal müəssisələrinin, ictimai təyinatlı və əhaliyə məişət xidməti müəssisələrinin, yaşayış binalarının və başqa obyektlərin qaz avadanlıqları, QDS, AQDS, QDM, onların quraşdırılması və ya əsaslı təmiri qurtardıqdan sonra komissiya tərəfindən qəbul edilməlidirlər. Quraşdırma işləri qurtarmadan, yaxud komissiya tərəfindən qəbul edilməyən obyektlərin hüquqi və fiziki şəxslər tərəfindən “Qaz təchizatı” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən hallarda və qaydada lisenziya və ya icazə alınmadan istismara buraxılması qadağan edilir (7.1.). Qaz təchizatı sistemi obyektlərinin istismara qəbul edilməsi bu Qaydaların və Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq edilmiş müvafiq Tikinti Norma və Qaydalarının (TN və Q) tələblərinə uyğun olaraq aparılmalıdır. 7.1 bəndində adları çəkilən obyektlərin qəbul edilməsi üçün sifarişçi, qəbul komissiyası təyin edir, onun tərkibinə sifarişçinin, layihə və tikinti-quraşdırma təşkilatının qaz təsərrüfatı müəssisəsinin və Fövqəladə Hallar Nazirliyinin nümayəndələri daxil olunur (7.2.). Hər bir istismara qəbul edilən qaz kəmərinə pasport tərtib edilməlidir və oraya qaz kəmərini xarakterizə edən əsas göstəricilər qeyd olunmalıdır. Sonralar isə oraya istismar prosesində təmir üzrə aparılan bütün işlər barədə məlumatlar əlavə edilir. Yeraltı və yerüstü qaz kəmərlərinin texniki xidməti üzrə bütün işlər müəyyən olunmuş qaydada işlənib hazırlanmış və təsdiq olunmuş təlimatlara əsasən, cədvəldə nəzərdə tutulan müddətlərdə aparılmalıdır (7.28.). İşdən göründüyü kimi Abşeron rayonu 1 nömrəli X4 ərazisində yerləşən 1.00 ha torpaq sahəsi xx.xx.2013-cü il tarixli, 457 nömrəli icarə müqaviləsinə əsasən Abşeron rayon İcra hakimiyyəti tərəfindən iddiaçıya icarəyə verilmiş və iddiaçının hüququ xx.xx.2014-cü il qeydiyyat tarixli çıxarışla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Üçüncü şəxslərə verilmiş texniki şərtlər isə bundan daha əvvəl X7 xx.xx.2012-ci ildə, "xxxx" kiçik müəssisəsinə xx.xx.2011-ci ildə, X1 isə xx.xx.2013-cü il tarixində verilmişdir. Qaz xətləri isə həmin ərazidə daha əvvəllər mövcud olmuşdur. Həmçinin qaz xətlərinin çəkilişi qanunvericiliyin tələblərinə uyğun aparılmış və müvafiq işçi layihələr əsasında aparılmış, səlahiyyətli dövlət orqanlarının rəyi alınmışdır. Eyni zamanda qaz xətlərinin dördünün yeraltı qaz xətləri olduğu tərəflərin izahatları ilə müəyyən edilmişdir. İddiaçı isə həmin torpaq sahəsini icarəyə götürərkən sahədə qaz xətlərinin mövcudluğunu bilməli idi. Üçüncü şəxslərdən "xxxx" MMC-yə texniki şərtin verilməsi isə iş materialları ilə müəyyən edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, yüklü torpaq sahəsinin mülkiyyətçisi öz mənafelərinin ədalətlə nəzərə alınması hüququna malikdir. Yerüstü xətlərin çəkildiyi hallarda, əgər fövqəladə hallar əsas verirsə, o, tələb edə bilər ki, həmin xəttin keçdiyi ağlabatan həcmdə torpaq sahəsi tam əvəzi ödənilməklə ondan ayrılsın (169.3.). Servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir (255.1.). Servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər (255.4.). Məhkəmə hesab edir ki, üçüncü şəxslərdən X7 xx.xx.2012-ci ildə, "xxxx" kiçik müəssisəsinə xx.xx.2011-ci ildə, X1 isə xx.xx.2013-cü il tarixində verilmiş texniki şərtlərin iddiaçının Abşeron rayonu X4 ərazisində yerləşən həmin torpaq sahəsini icarəyə götürməsindən daha əvvəl verilməsi, həmçinin üçüncü şəxslərə verilmiş texniki şərtlərin qanunvericiliyin tələblərinə uyğun verilməsi, iddiaçının həmin torpaq sahsəini icarəyə götürdükdən sonra həmin sahədən təyinatına uyğun istifadə etməməsi, torpaq sahəsini icarəyə götürdükdən sonra təxminən 10 il keçdikdən sonra hazırkı tələbi irəli sürməsi nəzərə alınaraq iddiaçının tələbi təmin edilə bilməz. Belə ki, iddiaçı həmin torpaq sahəsindən keçən qaz xətlərinə münasibətdə üçüncü şəxslərin servitut hüququnun qeydə alınmasını xahiş edə və bunun üçün onlardan servitut haqqı tələb edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “texniki şərtlərin ləğv edilməsi və qaz xətlərinin çıxarılması” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-3796/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3796/2024
26.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver