Məhkəmə qərarları › İş №2-1(112)-3797/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3797/2022

16.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3797/2022 16.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Bakı Şəhəri Xətai Rayon Xidmət Nümayəndəliyinə qarşı əlilliyə görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respblikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Bakı Şəhəri Xətai Rayon Xidmət Nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona əlilliyə görə əmək pensiyasını təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik olaraq qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o cavabdehə ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq sənədlərlə müraciət etmişdir. Cavabdeh tərəfindən verilmiş 10 noyabr 2021-ci il tarixli, **********0 №-li rəsmi imtina məktubu ilə tələbinin təmin olunmamasının mümkünsüz olması bildirilib və bu mümkünsüzlük belə izah edilib ki, qanunvericiliklə tələb olunan pensiya kapitalının olmaması ona minimum pensiya təminatına imkan vermir. O cavabdehin tələbindən imtinasının qanuni, əsaslı olduğunu qəbul etmir və hesab edir ki, imtina əsassızdır, tələbin icrası bu cavabdehə vəzifəsi olaraq həvalə edilməlidir. Onun 61 yaşının olduğunu nəzərə alınsa ona əlilliyinə görə pensiya təyin olunması üçün 10 il 8 ay iş stajının tələb olunduğu görünər. (61- 15)x4ay=184ay=16 il. Onun isə ümumilikdə 23 ildən artıq iş stajı vardır ki, bu barədə ona məxsus əmək kitabçasında qeyd olunubdur. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı 23 ildən çox sığorta stajının olduğunu və əlilliyə görə əmək pensiyası hüququnun yarandığını iddia edərək pensiya təyin edilməsini tələb edir. İddiaçı Fondun Bakı şəhəri Xətai rayon xidmət nümayəndəliyinə əlilliyə görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Cavabdeh orqanın **********0 nömrəli, 10.11.2021-ci il məktubunda iddiaçının qanunvericiliklə tələb olunan pensiya kapitalına malik olmaması səbəbindən əlilliyə görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Cavabdeh orqan tərəfindən verilən imtina əsaslıdır və iddiaçının iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçıya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının (bundan sonra – “TSEK”) 11.06.2021-ci il tarixli qərarı ilə əlillik səbəbi “Ümumi xəstəliklə əlaqədar” olmaqla 5 il müddətinə (11.06.2026-ci il tarixədək) İİ dərəcəli əlillik müəyyən edilmiş və o, əlillik statusu qazanmışdır. Bundan sonra vətəndaşa “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əlilliyə görə müavinət təyin olunmuşdur. İddiaçıya əlillik 11.06.2021-ci il tarixdə təyin edilmiş, başqa sözlə iddiaçının qanunvericilikdə əlilliyi olan şəxslər üçün nəzərdə tutulan hüquqları 11.06.2021-ci il tarixdə yaranmışdır. Bu isə o deməkdir ki, onun İİ dərəcəli əlil kimi pensiya hüququnun yaranıb-yaranmadığı məsələsinə həmin vaxt qüvvədə olan qanunvericiliyə görə qiymət verilməlidir. 01.07.2017-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Burada qanunun qeyd edilən müddəasına əsasən İİ qrup əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyasının təyin olunması üçün 10 mart 2017-ci il tarixindən etibarən (bu tarixdə maddəyə dəyişiklik edilərək yeni redaksiyada verilib) 2 şərtə uyğun gəlməsi tələb olunur. 1) 5 ildən az olmamaq şərtilə və əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda, 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə. Bu iki şərti eyni zamanda mövcud olmalı, başqa sözlə qeyd olunan şərtlərdən birinə cavab verməyən ərizəçinin İİ qrup əlilliyə görə əmək pensiyası almaq hüququ yaranmır. İddiaçının təqdim etdiyi sənədlərə əsasən əlilliyə görə əmək pensiyasının təyin edilməmə əsasları iddiaçıya ünvanlanan 10.11.2021-ci il tarixli, **********0 nömrəli məktubda öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü hissəsinə əsasən, on beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. İddiaçıya münasibətdə tələb olunan sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 11.12.2017-ci il tarixli, 17 saylı qərarının 4.3.3-cü bəndinə əsasən: 61 il (yaş) - 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 46 il (əmək qabiliyyətli yaş dövrü) 46 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 184 ay 184 ay : 12 ay = 15 il 4 aydır. İddiaçıya əlillik təyin olunarkən 61 yaşı tamam olduğu üçün əlilliyə görə əmək pensiyası təyini üçün 15 il 4 ay sosial sığorta stajı və 26496.0 manat pensiya kapitalı tələb olunur. İddiaçının təqdim etdiyi əmək kitabçasına və hərbi biletinin surətinə əsasən. 01.06.1992-ci il tarixdən 05.01.2006-cı il tarixədək olan dövrə aid əmək fəaliyyəti öz təsdiqini tapacağı halda iddiaçının sığorta stajı 23 il 9 ay olmaqla qanunvericiliklə tələb olunan sığorta stajını (15 il 4 ay) ödəyəcək, lakin buna baxmayaraq iddiaçının fərdi hesabının sıqorta hissəsində qeydə alınmış 20840.77 manat pensiya kapitalı qanunvericiliklə tələb olunan pensiya kapitalını (26494 manat) ödəmədiyindən və minimum pensiya təminatına imkan vermədiyindən iddiaçının əlilliyə görə əmək pensiyası hüququ yaranmayacaqdır. “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinin tələbinə görə hər iki şərt eyni vaxtda ödənildiyi halda şəxsin əlilliyə görə əmək pensiyası almaq hüququ yaranır. Lakin iddiaçının təqdim etdiyi sənədlərə əsasən tələblərinin sadəcə 1-ci hissəsini ödənilir. İddiaçının cəmi 20840.77 manat pensiya kapitalı olduğu ücün əlilliyə görə əmək pensiyası almaq hüququ yoxdur. Göründüyü kimi iddiaçının əmək pensiya hüququ yaranmadığından iddiaçıya İİ dərəcəli əlilliyə görə əmək pensiyasının hesablanıb ödənilməsindən ibarət iddia tələbi əsassız və qanunsuz hesab olunmalı və məhkəmə tərəfindən təmin edilməməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3iddia ərizəsinə yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə Ağdam şəhərində doğulmuşdur. - İddiaçı məxsus NZ ******* №-li hərbi biletin surətindən görünür ki, 28.04.1980-cı ildən 23.04.1982-ci ilə kimi Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. - “X6 X4 adına” Bakı Neft Texnikumu tərəfindən verilmiş 17.08.1979-cu il tarixli, BT 607684 №-li diplomun surətindən görünür ki, İddiaçı 1975-ci ildə texnikuma daxil olmuş və 1979-cu ildə neft və qaz quyularının qazmaçısı ixtisası üzrə tam kursu bitirmiş və Dövlət Atesstasiya Komissiyasının 09 iyul 1979-cu il tarixli qərarı ilə ona neft-texniki ixtisası verilmişdir. - İddiaçı məxsus İT-İ ******* №-li, 16.11.1978-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 11.06.1978-ci ildən 11.10.1978-ci ilədək, 01.02.1979-ci ildən 19.03.1979-ci ilədək, 21.08.1979-cu ildən 16.04.1980-cı ilədək, 08.07.1982-ci ildən 04.08.1982-ci ilədək, 06.08.1982-ci ildən 15.02.1983-cü ilədək, 11.04.1983-cü ildən 16.12.1983-cü ilədək, 15.02.1984cü ildən 15.05.1984-cü ilədək, 08.06.1984-cü ildən 14.06.1985-ci ilədək, 24.06.1985-ci ildən 27.09.1985-ci ilədək, 24.02.1986-cı ildən 05.10.1987-ci ilədək, 2.10.1985-ci ildən 05.10.1987-ci ilədək, 09.11.1987-ci ildən 12.07.1988-ci ilədək, 15.05.1989-cu ildən 20.03.1991-ci ilədək, 01.06.1992-ci ildən 02.01.1999-ci ilədək, 02.03.1999-ci ildən 05.01.2006-cı ilədək, 01.01.2007-ci ildən 01.01.2013-cü ilədək müxtəlif müəssisələrdə, müxtəlif vəzifələrdə işləmişdir. - Sığortaolunan hesabından çıxarışdan görünür ki, İddiaçı 2007-ci ilin yanvar – 2013-cü il dövründə 1793,95 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir, pensiya kapitalı 2889,82 manat təşkil edir. - Elektron sistemdən çıxarışdan görünür ki, İddiaçı 11.06.2021-ci il tarixdə 5 il müddətinə ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlillik təyin edilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiy yanında Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış 15.02.2022-ci il tarixli, **********3 №-li məktubdan görünür ki, iddiaçıya əlillik təyin olunarkən (11.06.2021) 61 yaşı tamam olduğu üçün əlilliyə görə əmək pensiyası təyini üçün 15 il 4 ay sosial sığorta stajı və 26496.0 manat pensiya kapitalı tələb olunur. İddiaçının təqdim etdiyi əmək kitabçasına və hərbi biletinin surətinə əsasən 01.06.1992-ci il tarixdən 05.01.2006-cı il tarixədək olan dövrə aid əmək fəaliyyəti öz təsdiqini tapacağı halda iddiaçının sığorta stajı 23 il 9 ay olmaqla qanunvericiliklə tələb olunan sığorta stajını (15 il 4 ay) ödəyəcək, lakin buna baxmayaraq iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış 20840.77 manat pensiya kapitalı qanunvericiliklə tələb olunan pensiya kapitalını (26494 manat) ödəmədiyindən və minimum pensiya təminatına imkan vermədiyindən iddiaçının əlilliyə görə əmək pensiyası hüququ yaranmayacaqdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”n 4.3.3-cü bəndinə əsasən əlilliyə görə pensiyanın təyin olunması fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərti ilə təyin edilir. Qanunun 13.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı 01 iyul 2017-ci il tarixdən sonra əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir. Belə ki, iddiaçının 23 il 9 ay stajına münasibətdə (2006-cı ilə qədər) “Əmək pensiyaları haqqında” Qanunun 27.1ci maddəsinə əsasən hesablandıqda 20840.77 manat pensiya kapitalı yaranır: (23 il x 306 manat)+ (306 manat: 12ay x 9ay) = 7267.5. 7267.5+8,3%+16,7%+20,8%+1,5%+5,7%+7,9%+1,1%+2,4%+1,4%+4%+12, 4%+5,7%+3%+16,6%=20840.77 manat. İddiaçının 2006-cı ildən sonrakı dövr üçün fərdi hesabın sığorta hissəsində mövcud olan pensiya kapitalı 2889.82 manat məbləğində təşkil edir. İddiaçı hazırki dövrə mövcud olan pensiya kapitalı 23730.59 manat (20840.77+2889.82) təşkil edir. 1). 61 il (yaş) — 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 46 il (əmək qabiliyyətli yaş dövrü). 2). 46 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 184 ay. 3). Tələb olunan sığorta stajı 192-ə bölünməklə sığorta davamiyyəti əmsalı tapılır: 184/192=0,9583. 4). Sığortaolunanın sığorta davamiyyəti əmsalı gözlənilən pensiya ödənişi müddəti aylarının sayına vurulur: 0,9583x144=138. 5). Pensiya sığorta kapitalı (PSK=23730.59) alınmış rəqəmə bölünərək (23730.59: 138= 171.96 manat) pensiyanın məbləği 171.96 manat məbləğində müəyyən edilir. Göründüyü kimi iddiaçıya təyin olunan aylıq pensiya ödənişi 171.96 manatdır ki, bu da “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən əmək pensiyasının minimum məbləğindən (01.01.2020-ci il tarixindən 200 manat məbləğindən) aşağıdır. Belə olan halda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Beləliklə yuxarıdakıları ümumiləşdirərək qeyd edilir ki, İddiaçı tələb olunan pensiyanın minumum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına malik olmadığından onun əlilliyə qörə əmək pensiya almaq hüququ yaranmayacaqdır. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 10 noyabr 2021-ci il tarixli, **********0 №-li məktubdan görünür ki, ərizəsinə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Təqdim etdiyi əmək kitabçası və hərbi biletinin surətlərinə əsasən bildirilmişdir ki, əmək kitabçasında qeyd olunmuş 01.06.1992-ci il tarixindən 05.01.2006-cı il tarixinədək olan dövrə aid əmək fəaliyyətini öz təsdiqini tapacağı halda, onun sığorta stajı 23 il 9 ay olmaqla qanunvericiliklə tələb olunan müddətdən (15 il 4 aydan) çox olmasına baxmayaraq, fərdi hesabının sığorta hissəsində qeydə alınmış 20840,77 manat pensiya kapitalı qanunvericiliklə tələb olunan pensiya kapitalından (26496 manatdan) azdır və minimum pensiya təminatına imkan vermir. Qeyd olunanlara nəzərə alaraq bildirilmişdir ki, ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildirilmişdir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1.3-cü maddəsinə əsasən ona İİ dərəcə əlilliyə görə 11.06.2021-ci il tarixindən 130 manat məbləğində müavinət təyin edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq aşağdakı hüququ əsaslara görə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı – əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. - 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilmişdir. - 6-1-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2022-ci il yanvarın 1-dən 240 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. - 11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik dərəcələri, əlilliyin, o cümlədən 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. - 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.1-cı maddəsinə əsasən əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasıdır. - 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı 11.06.2021-ci il tarixdə 5 il müddətinə ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlillik təyin edilmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən 01.07.2017-ci il tarixdən sonra İİ və İİİ dərəcə əlilliyi müəyyən edilən şəxslərə əlilliyə görə əmək pensiyası təyin olunması üçün iki şərtin mövcud olması mütləqdir: 1) ümumilikdə sığorta stajı 5 ildən az olmamaqla, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajının olması; 2) əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması. Bu şərtlərdən hər hansı birinin olmaması, 01.07.2017-ci il tarixdən sonra İİ və İİİ dərəcə əlilliyi müəyyən edilən şəxslərə əlilliyə görə əmək pensiyasının təyin olunmasını istisna edir. Məhkəmə qeyd edir ki, iddiaçının pensiya hüququnun yaranması üçün tələb olunan sığorta stajı yetərlidir. Yəni, təqdim edilmiş əmək kitabçasındakı, hərbi biletdəki və təhsil haqqında diplomdakı qeydlərə əsasən iddiaçının ona münasibətdə tələb olunan sığorta stajının 15 il 04 ay olması müəyyən edilir. Cavabdeh də iddiaçının sosial sığorta stajının yetərli olmamasını mübahisə etmir. Cavabdehin mövqeyinə görə, eləcə də qanunvericiliyin tələbinə əsasən iddiaçıya pensiya təyin olunması üçün onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 26496,0 manat təşkil etməlidir. Lakin iddiaçının fərdi hesabının sığorta hissəsində inzibati orqan tərəfindən hesablanmış pensiya kapitalı 23730.59 manat təşkil edir. Göründüyü kimi iddiaçının fərdi hesabında olan kapitalın məbləği ona pensiya təyin olunması üçün zəruri olan məbləğdən azdır. Belə olan məhkəmə hesab edir ki, iddiaçıya İİ qrup əlilliyi olan şəxs kimi əlilliyə görə pensiya təyin edilməsi üçün tələb olunan pensiya kapitalının məbləği yetərli olmadığından cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar